Düzə, həqiqətə heç kim inanmır,
Allah, bu ürəyi dəyiş mənimçün.
Ürəyim saflığa, sevgiyə yanır,
Allah, bu ürəyi dəyiş mənimçün.
Ağlımı, ruhumu yerində saxla,
Başımı, qolumu yerində saxla.
Közümü, odumu yerində saxla,
Allah, bu ürəyi dəyiş mənimçün
Bir az biganə et, bir az qəddar et,
Duyğuların yerin kiçik et, dar et.
Gözün kor, dilin lal, qulağın kar et,
Allah, bu ürəyi dəyiş mənimçün.
HƏQİQƏT BÖLÜNMÜR TƏRİQƏTLƏRƏ
Hamı öz qəlbində özün düz sanır,
Hamı yaxın imiş həqiqətlərə.
Niyə başa düşmür axı insanlar,
Həqiqət bölünmür təriqətlərə.
HƏRƏ BİR CÜRƏ
Arzular ürəkdə qalır,
Sözlər dillərdə qıfıllı.
Hərə bir cürə dəlidi,
Hərə bir cürə ağıllı.
Göylər bir cürə qışqırır,
Yerdəsə yer başqa cürə.
Varlı bir cürə qudurur,
Kasıbsa bir başqa cürə.
Kim yürüyər, kim sürünər,
Kimi gedər başqa cürə.
Sevənlər eyni cür sevər,
Şair sevər başqa cürə.
ALOV OLUB YANDIRIR
Dərd içimi alov olub yandırır,
Hər günümdə üşüyürəm, ay adam.
Səbr məni həmişə borclandırır,
Sevinc üçün yaşayıram, ay adam.
Allah verən bir ömürə sən hakim,
İstəyini daşıyıram, ay adam.
Mən də bir gün yaşayacam deyərək,
Ümidimi qaşıyıram, ay adam.
DÜŞÜNÜRƏM ADAMLARI
Düşünürəm adamları,
İtkin düşür ümidlərim.
Anaların çiy südündən,
Haqq qazanır əməllərim,
Özümdən yada düşürəm.
Adamları mən yığıram,
Sevgi dolu bir ürəyə.
Elə düşünüb sevirəm,
Yanıram eşqə, sevgiyə,
Sonunda oda düşürəm.
Çox sevirəm insanları,
Ucaldıram qəlbdə, sözdə.
Düşünürəm adamları,
Azıram sifətdə, gözdə,
Şifrəyə, koda düşürəm.
Ceyhun Ağabəy
Azərbaycan Yazıçılar Birliyinin üzvü
turan.info.az
.