Elşən ALAR: ...xatirələrimin yağışa düşməsini istəmirəm...

 Elşən ALAR: ...xatirələrimin yağışa düşməsini istəmirəm... Dəniz

Çiçəyi çırtlayıb sanki dənizin
Sevgi pıçıltısı dodaqlarında.
Dəniz sevgisini gizlədə bilmir:
döşənib limanın ayaqlarına.

Dalğalar dənizin avtoqrafımı,
Nədəndir sahildə saxlamır izin?!
Bu necə nəvaziş, ilahi sevgi?
Dəniz hey oxşayır limanın üzün?!

Könül,bu sevgini heç dilə tutma,
Eşqin sahilində izi qalacaq.
Əlimi uzatsam, o günə çatar:
Sevgimin şahidi Liman olacaq.


“Kədərin fərdi sərgisi”.

Dərdin sonuncu düyməsi,
Həsrətin ürəyə dəyməsi.
Bal kimi zəhər,
Sərxoş gecə, çılpaq səhər.
Şəkil səbri,
Hadinin qəbri.
Samanlıqda iynə tapmaq sevdası.
Qəm ədası.
Akif İslamzadənin batan səsi ...
. . . Kədərin fərdi sərgisi.


“Belə - belə işlər”....

Dəliyə dönüb hava...
şüşə qırıntıları kimi yağiş...
Kürəyimdə xəyanət nəfəsi,
yaxamda ölü damlalarin əksi.
... Belə hava başıma düşür,
ürəyim götürmür bu havanı...
İçimdə kötük kimi sevinc,
köpük-köpük qəm.
... Belə havada
şəklindən düşüb getməyini –
xatirələrimin yağışa düşməsini istəmirəm...


Sonsuz bibim üçün

Mavi gözlü qadının
Üzü çilik-çilik.
Qarıyıb güzgüsü.
Kimsə bilməz nə çəkir
güzgüsü hər dəfə
mavi gözlü qadını görəndə.

Hər gecə qollarını
Qucaqlayıb yatır
üzü uşaq şəkillərinə sarı.
Kimsə bilməz nə çəkir
uşaq şəkilləri
mavi gözlü qadına baxanda.

Hər gecə üstündə
mələklərin sinəsi açıq
şam işığının
sümükləri çıxana kimi.
Kimsə bilməz nə çəkir
şam işığı mavi gözlü qadının
üzünə düşəndə.

Mavi gözlü qadının.
əli üzüylə dolu,
evi şam işığının
sümükləriylə.

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: