1972-ci ildə Hamarkənd kənd tam orta məktəbini tərifnamə ilə bitirib.
Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və oranı əla qiymətlərlə başa vurduqdan sonra, 1978-ci ildən oxuduğu orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
Qısa müddətdə “Metodist müəllim”, “Ali dərəcəli müəllim” adlarını alıb.
Bir neçə ildən sonra rayon təhsil şöbəsində aparıcı mütəxəssis kimi işə cəlb olunub.
Çox gənc yaşlarında, on ilə yaxın təhsil şöbəsində çalışdıqdan sonra öz xahişi ilə yenidən pedaqoji fəaliyyətə qayıdaraq bir daha bu işindən ayrılmayıb.
Rus, türk, fars, ərəb dillərini və qismən alman dilini bilir.
Keçən əsrin 70-ci illərindən elmi, elmi-metodik, bədii, publisistik yazılarla müntəzəm olaraq dövri mətbuatda çıxış edir.
Publisistik yazıları, xalqımızın həyat tərzini, milli dəyərlərimizi təsvir və təbliğ edən hekayələri çox sevilir. Ara-sıra şeirlər də yazır.
“Yarımçıq qalmış nəğmə”, “Düşüncələr”, “Bir budağın üç yarpağı”, “Həyatdan hekayələr”, “Həsrət nəğmələri” kitablarının müəllifidir.
İlahi sevgi
Bir sevgi uzaqdan
mənə boylanır .
Xəyal dünyasından
mənə səslənir.
İlahi sevgi.
Sonsuz kainatın
ənginliyində
Ölçüsüz zamanın
dərinliyində.
İlahi sevgi.
Gözdən çox uzaqdır
gözüm görməyir
Səsdən çox uzaqdır
səsim yetməyir.
Axan ulduz kimi
süzüb gedərək
ardınca çağırıb
mənə əl edir.
İlahi sevgi.
Uzaqlaşır məndən
çata bilmirəm.
Onun sürətiylə
qaça bilmirəm.
Bədənin getdikcə
uzaqlaşsa da,
ruhun mənə qaçır,
İlahi sevgi.
Qəlbimiz çox yaxın -
biri-birində.
Məsafə onları
heç ayırmadı.
Müqəddəs zaman da
bacaramadı,
biri birimizdən
qoparamadı,
İlahi sevgi.
" İraq olar könüldən
Uzaq olanlar gözdən. "
Söyləmişdir atalar.
Amma çıxmır könüldən
Daha da doğmalaşır,
daha da yaxınlaşır
getdikcə uzaqlaşan
İlahi sevgi.
03. 09. 2016.
Mehriban düşmən
Mən sənə ömrümü, günümü verdim,
Həyatımın şirin dövrünü verdim,
Bağçamın qiymətli gülünü verdim.
Çəkdiyim acıdan başqa nə gördüm?
Mən sənə dost oldum, sən mənə düşmən.
Dost əlim həmişə uzalı qaldı.
Qayğısız zirvədən endirdin birdən
Bu qədər ağrılar, acılar gördüm.
Mühəqqəq, Rəbbimin imtahanıdır.
Sevdiyi qulları sınağa çəkir
Mənəvi zirvədə kamilləşdirir ,
Sonra öz yanına aparır, gördüm.
Bilirəm işvənə aldandım bəzən.
Səhvlər insanın təbiətində.
Bütün acılara, zorluğa rəğmən
Dünya, nə şirinsən, dadlısan , gördüm.
04. 09. 2016.
Qonaq olmayan qonaq
Gecə düşüb yığışanda çöldən əl - ayaq
Pəncərəmdən oğrun - oğrun girər xəyalın.
Sevincindən pərvaz edib qanadlanaraq
Gözlərimin qarasına dolar xəyalın.
Ehtirasla pıçıldayar : “Gəldim mən yenə!
Yaşamaram bir gün belə görməsəm səni”.
Nəvazişlə oxşayaraq, baxıb gözünə
Söylərəm : “Qal həmişəlik! Tərk etmə məni!”
Səhər olub söküləndə şərqdə dan yeri
Həzin - həzin otağımdan çıxar xəyalın.
Asimandakı yerinə qayıdıb geri
Yenə məni xəyalınla qoyar xəyalın.
02. 09. 2016.
Acı-şirin
Şirin xəyallara dalıram bəzən
Acılar nurlu bir dünyaya dönür.
Bu şirin dünyanın dərinliyindən
Mənalı gözlərin üzümə gülür.
30. 08. 2016
Minacat
Görüb bu dünyanın gözəlliyini
Üzümü tuturam Uca Allaha -
Laməkan, layəmut, ləmyəzəl olub
Narda İbrahimi qoruyan gücə ,
Adəmə torpaqdan həyat verənə,
Ramazan ayını bizə bəxş edib
Aparan bu ayda günahımızı ,
Lütf edən Rəhmətən lilaləmini ,
Tövrat, Zəbur, İncil, Sühuf, Quranı,
Uca məqamında müsafir edən
Büraqın belində gələn Xatəmi,
Anaya Musanı təslim edənə ,
Yusifi quyuda, Nuhu tufanda ,
Eyyubu zillətdə , Yunisi suda ,
Var edib qoruyan sonsuz qüdrətə ,
Axirət gününün tək sahibinə ,
Müqəddəs və məsum əhli - beytinə
İhsan edən "səfinətünnicatı " :
Rəhmət nəzərini bizdən üzməsin !
Zamin dursun xeyir işlərimizə !
Etsin lütf bizə sevdiyimizi !
28 iyul 2016
Fikrin qanadlarında
Gözlərim önündə eşsiz mənzərə
İntəhasız vadi, ormanlar, dağlar.
Baxdıqca doymuram. Üzümdə sevinc,
Köksümün altında kədər gizlənir.
Başımın üstündə səma mas - mavi
Məsum simasında hər şey izlənir.
Yerlərin üzəri bağlı - bağatlı
Bağların altında nələr gizlənir?
Burada zirvələr ucadan - uca
Əzəmətli dağlar qocadan qoca.
Zirvənin başında bəyaz bir örpək
Örpəyin altında ismət gizlənir.
Sıx, tarım çəkilmiş tikanlı tellər
Bir ata yurdunu ikiyə bölür.
Zorla bir - birindən ayrılmış ellər
" Gülüstan " altında qəhər gizlənir.
Sifətlər müxtəlif, adlar müxtəlif,
Gülüşlər müxtəlif, dillər müxtəlif,
Fərman imzalayan əllər müxtəlif.
Şirin dil altında zəhər gizlənir.
Bu halımız qurd və quzu misalı
Qurd basan arxalı köpəklər kimi
Tülkü düşmənimiz insan libaslı
Mələk maskasında şeytan gizlənir.
Müqəddəs məqsədlə tökülən qanlar
Zirvəyə ucalan şəhid cavanlar.
Elçi simasında ara vuranlar.
Çoxdan gözümüzdə nisgil gizlənir.
Özgə qayçılarla biçilən Vətən,
Tarix meydanında kiçilən Vətən,
Zaman sınağına çəkilən Vətən,
Sınağın ardında zəfər gizlənir!
15 aprel 2016-cı il
Ruhani səfər
Bu səhər mənimçün özəl bir səhər...
Sübh tezdən yataqdan qalxıb bu səhər
Şirin yuxu kimi gəlib yanına
Dolub gözlərinin dərinliyinə
Bir ömür orada qalmaq istərəm.
İlıq yaz küləyi olub bu səhər
Yerini, yurdunu tapıb bir təhər
Girib otağının pəncərəsindən
Həvəslə oxşayıb qumral saçını
Barmaqlarım olsun daraq istərəm.
Narın yaz dumanı olub bu səhər
Keçib çölü, dağı, aşıb dənizi
Son verib hicrana, çatıb vüsala
Alaraq qoynuma, basıb bağrıma
Səni busələrə boğmaq istərəm.
Günəşə çevrilib bu qış səhəri
Aşıb baryerləri, qırıb sədləri
Süzülüb şüşədən, dolub otağa
Oğrun - oğrun yaxınlaşıb yatağa
Səni qucaqlayıb yatmaq istərəm.
Ruhumu göndərdim sənə bu səhər
Qoyub bir qırağa hüznü, kədəri
Unudub həsrəti, qəmi, qəhəri
Dinləyib laylaya bənzər səsini
Şirin nəfəsini duymaq istərəm.
Saxla yaddaşında bu qış səhərin
Xəyalımda oldum sənin qonağın
Çoxdur ürəyimdə sənə sözlərim -
Qoynunda yüz sənə, min sənə deyil,
Əbədi olaraq qalmaq istərəm.
.