23 fevral 1954-cü ildə Cəlilabad rayonun Alar kəndində anadan olmuşdur.
Orta məktəbi boya-başa çatdığı doğma kənddə bitirmişdir.
1972-ci ildə Azərbaycan Tibb İstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır.
Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxasında həkim-terapevt kimi fəaliyyətə başlamışdır.
İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmiş və Alar sahə xəstəxanasının baş həkimi təyin edilmişdir.
Hal-hazırda da həmin sahə xəstəxanasının baş həkimidir.
Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakını gecə lövhəsi" şeri ilə gəlmisdir Sonralar onun imzasına dövri mətbuatda tez-tez rast gəlmişik, səsi radio - efir dalğalarında eşıdilib. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin ("Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan, məşhur "Həkimlərin söz dünyası" kitabının tərtibçisidir.
Şeirləri Türkiyədə çap olunan "Altun kalemler" kitabında yer alıb və qardaş ölkənin oxucuları tərəfindən rəğbətlə qarşılanıb.
2001-ci ildən AYB-nin üzvüdür.
Şairin şerlərinə müxtəlif illərdə T. Bayram, N. Kəsəmənli, B. Bağırli və başqa tanınmış ədəbiyyat adamları rəy yazmışdir.
Əfrahim Huseynli istedadlı şair olmaqla bərabər, həm də insanların rəğbətini qazanmış gözəl bir həkimdir.
Rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olan Əfrahim neçə-neçə ailəyə sevinc bəxş etmişdir.
Dəfələrlə fəxri-fərmanlarla, "NƏRİMAN NƏRİMANOV", "XƏMSƏ", "CƏSARƏTLİ QƏLƏM", "İBN-SİNA" mükafatlarına və Fəxri diplomlarına layiq görülüb.
Ailəlidir. Bir övladı var.
Əsərləri: "Səni gözləyə-gözləyə" (şeirlər), "Yollar qayadan asılır" (şeirlər və poemalar), "Ömrü hamıtək yaşasan" (şeirlər və poemalar), "Məni axtaran varsa" (şeirlər və poemalar), "Nə yaman çətinmiş məni tanımaq" (şeirlər və poemalar), "Yağan yağış yollarını döydümü" (şeirlər və poemalar) ,"Ürəyi aldatmaq olmur" (şeirlər və poemalar), "Həkimlərin söz dünyası"(Həkim-yazarların ilk poetik toplusu).
VƏTƏN...
...Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim.
***
Gözü mənə baxan Vətən,
Mən sənə baxa bilmədim.
Dərdi su yerinə axan Vətən,
Damla olub
Suyunda axa bilmədim.
Oduna yandığım Vətən,
Yandın,
Su olub
Üstünə çilənə bilmədim.
***
Üşütdu şaxtalar səni,
Bir ocaqlıq od olub
Üstünə ələnə bilmədim.
Sənə quyu qazdılar,
Kəsilmədi kəndirin.
Dar ağacı qurdular,
Tapa bilmədilər kəndiri.
İkiyə böldülər,
Bölünmədi ürəyin.
Çörəyindən yeyənin
Dizi üstəymiş çörəyi.
***
Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim
SEVGİ VƏTƏN SEVGİSİDİR
Ömrün bahar fəsli də var,
Nə çox alagözlü də var...
Kərəm də var, Əsli də var,
Sevgi - Vətən sevgisidi!
Səcdə qılmağa dur dayan!
Göz baxıb ürək doymayan,
Bizi ölməyə qoymayan
Sevgi - Vətən sevgisidi!
Hamının yazısı da var,
Qardaşı, bacısı da var,
Qəlb ağrı, acısı da var...
Sevgi - Vətən sevgisidi!
Nəğmədi, şeirdi, sözdü,
Külə çevrilməıyən közdü.
Biçilsək də, biçilməzdi,-
Sevgi - Vətən sevgisidi!
Anam dinəndə, dərd yalan!-
Yuxu olur olub-olan.
Anam üçün də and olan
Sevgi - Vətən sevgisidi!
ANA TORPAQ
Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!
Çölündə, düzündə otun olaram,
Doğma ocağında odun olaram.
Şərəfin, qeyrətin, adın olaram,
Babamın vüqarı, dözümü torpaq!
Sənə əyilibdir, çalıb-çapan da,
Səni parçalayıb, alıb-satan da.
Səndən ayrılanda, səni tapanda
Əyilib öpərəm üzünü, torpaq!
Ətrini duymuşam beşiyimdə mən,
Dadınla evimdə, eşiyimdəsən.
Dayana bilməsəm keşiyində mən,
Saxlama sinəndə izimi, torpaq!
Dərdin, kədərin var bu dünya boyda,
Əyilməz olubsan namərdə, yada.
Məni harayına çağırmasan da,
Eşidib gələrəm səsini, torpaq!
Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!
TANIYA BİLMƏDİM HEÇ ADAMLARI
Önümdə sel-sular axan olursa,
Qaya-dağ qarşıma çıxan olursa,
Dost-doğma uzaqdan baxan olursa,
Tanıya bilmədim heç adamları.
Kim keçdi yazılan sərhədi, səddi,-
Bilməz sonsuz bildi bu ömrü, nədi?
Hələ imtahana çəkə bilmədi
Hər gün neçə-neçə köç adamları.
Yanmadım nə günə, nə aya, ilə,-
Daşıdım hər yükü mən bilə-bilə.
Bilən-bilməyənə demədim belə
Nə yaman tanıdım geç adamları?!
Susummu, gözümü mən də döyümmü,-
Dağlara, daşlara baş da əyimmi?
Bu nahaqq önündə bəlkə deyimmi
Boyu - buxunuyla ölç adamları?
Heç məhəl qoymadım doğmaya, yada,-
Günəşli gündüzə bir ömür yadam.
Mənə naşı demə, qəlbidaş adam,
"Mən seçə bilmədim", seç adamları.
28.08.2016.
ÖMÜRDƏN KÜSMƏYİN HEÇ YERİ YOXMUŞ
Qızım Afaqa
Bu günü günlərin padşahı bildim,-
Haqsız gileyləri günahım bildim.
Mən ki, başım üstə Allahı bildim,-
Ömürdən bezməyin heç yeri yoxmuş!
Zəhranın, Zeynəbin, Salehin səsi
Gətirib bu evə bir yaz nəfəsi...
Dağıldı həsrətin o daş qəfəsi,-
Ömürdən küsməyin heç yeri yoxmuş!
Günləri qınadım hər kəlməbaşı,
Ötən də bilmədim hər gələn qışı.
Əriyə bilərmiş yolların daşı,-
Asmağın-kəsməyin heç yeri yoxmuş!
Tanrının yazdığı yazı da varmış,
Qışa qənim olan yazı da varmış,
Günəşli günlərdən, yazıda varmış,
Əlini üzməyin heç yeri yoxmuş!
Allahım illərin gör harasında
Pay verdi qaş ilə göz arasında.
Yüz giley-güzarlı söz arasında
Gümanı gəzməyin heç yeri yoxmuş!
24-25.08.2016
QALMIŞAM PAYIZLA QIŞ ARASINDA
Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf...filan...
Şaxtaya, soyuğa, sazağa batmaz.
Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.
Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!
Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.
Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.
Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir "qəlbiidaş"a...
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.
27.08.2016
BİRİNİ BİLİRSƏN, BİRİNİSƏ YOX...
Gecələr açılmaz qıfılbənd olub,
Zülmətin sorğusu, sualları çox.
Vaxt-zaman əlində qaldım gileyli.
Birini bilirsən, birinisə yox.
Ömrü bölə-bölə sürdüm, nə xeyri?!
Umanlarsa hələ giley-güzarda.
Yaşaya bilmədim ömrü özümə,-
Üzdüm əllərimi ötən bahardan.
Keçilməz dağları aşmaq hədərsə,
Gedim o yuxuya dönüm təzədən!
Döysün yollarımı qar da, yağış da,-
Düşsün qayalara yönüm təzədən!
Məni tanımağa üzül...üzülmə...
Dərd-sərin əlindən göyərən daşam.
Oxuyub yazdığım şeirlərimi
Nahaqq deməmisən "...gözəl olmuşam!"
Tələsdim...günaha yazıldı bu da,-
Bir səs də eşitdim "Urəyimdən çıx!"
Bu da bəxt yazısı?... mən vaxt girinci,-
Birini bilirsən, birinisə yox!
ÖLÜM, SƏNNƏN QURTARMIŞAM
Azdırdın, azdırdın məni,-
De, kimlər qorxuzdu səni?
Demədin ürək deyəni,
Dilim, sənnən qurtarmışam.
Ələnirsən üzümə də,
Tökülürsən gözümə də.
Qısqanırsan közümə də,
Külüm, sənnən qurtarmışam.
Dərdə əlactək gəlmədin,
Gülənlə belə gülmədin,
Məni mənimtək bilmədin,
Günüm, sənnən qurtarmışam.
Ömür gözəldi deyirsən,
Bəlkə düzəldi deyirsən,
Dağ aşıb daşa dəyirsən,
Ünüm, sənnən qurtarmışam.
Tanrı versə də, bu canı,
Qayalar üstə dolanır...
Gəzirsən səndən qaçanı,
Ölüm, sənnən qurtarmışam.
Haça-haça olan sevinc,
Ünyetməzdə qalan sevinc,
Məndən uzaq dolan, sevinc,
Bilim, sənnən qurtarmışam!
SAĞOLLAŞAQ
Yolları uçuran qar var, yağış var,-
Bir mələk yanında min qəlbidaş var.
Mənimlə dərd adlı bağrıbadaş var,
Sevinc ver əlini, ver, sağollaşaq.
...
Umduğum ürəklər daş olub, gedim,
Yol çəkən - o gözlər yaş olub, gedim.
Köçən durnalara qoşulub gedim,
Dumana bürünən Yer, sağollaşaq.
Keçmədik, sulara dayaz dediksə,
Yolları kəsibdi ayaz dediksə,
Uzaqdan uzağa Araz dediksə,
Uzat əllərini, Kür, sağollaşaq!
Ömrü başdan başa qış deməmişdik,
Yolçu ol, qayadan aş deməmişdik.
Yeri yağış yuyar, yaş deməmişdik,
Dünya, bu yaylığı sər, sağollaşaq!
Yollar körpüsü yox, qalıb gözləyir,
Göz yuma bilməyən qürub gözləyir.
Dünya dar ağacı qurub gözləyir,
Ömür, köhlənini sür, sağollaşaq!
MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ
Bir az dinən daşın dilini öyrən,
Bir az göz yaşının sirrini öyrən,
Bir az da kədərin yerini öyrən,
Dərdi daşımağı öyrədim sənə.
Qadı uzaqlarda, ünyetməzdə yaz,-
Qalan ömür-günü qar-sazağa yaz!
Yolların çovğunu, dumanında az,-
Qaya-dağ aşmağı öyrədim sənə.
Bir arzudan ötrü yollar seçimdə,
Ulduzlar yox olsun bulud köçündə.
Uzun gecələrdə güman içində
Azıb dolaşmağı öyrədim sənə.
Bu ömür yollara göz dikməkdisə,
Axırı arzudan əl çəkməkdisə,-
Beləcə yaşamaq bir küsməkdisə,
Bəlkə barışmağı öyrədim sənə.
Çox şeyi demədik, qaldı gizlicə,
Yollar uzaq düşdü buz əriyincə.
Gedim uzaqlara, gedim bir gecə,
Mənsiz yaşamağı öyrədim sənə.
MƏNİ APARMADIN
(Ömür-gün yoldaşıma)
Görən pozularmı yazılan yazı,
Gələrmi bir daha o yurdun yazı?
Məni aparmadın, a zalım qızı,
Sizin o yerləri görüb qayıdım.
Bu dünya neylədi Sarı - Yaxşını,-
Üstünə ələdi qarı Yaxşının.
Barı o aşığın, barı Yaxşının
Qəbri haradadı...bilib qayıdım.
Bizdən dönübdümü üzü dağların,
Görən yol çəkirmi gözü dağların?
Şerimi xalıtək, sizin dağların
Ayağı altına sərib qayıdım.
Duymadıq, bilmədik olub-olanı,-
Doğmalar qəribtək yurdda dolanır...
Barı təsəllimlə Firəng xalanın
Gözünün yaşını silib qayıdım.
Günəş əyilincə, axşam gəlincə
Baxardım dağlara göz dincəlincə.
Qayalar özünə biləydim necə
Suları hörüktək hörüb, qayıdım.
...Dumana bürünüm, yolları seçim,
Həkəri çayının suyundan içim.
Sizin çiçəklərdən bir-iki əlçim
Görməyənlər üçün dərib qayıdım.
Görən pozularmı yazılan yazı,
Gələrmi bir daha o yurdun yazı?
Niyə aparmadın, a zalım qızı,
Sizin o yerləri görüb qayıdım.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.