31 dekabr 1958-ci ildə
Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub.
1985-ci ildən A.S.Puşkin adına
Tovuz şəhər orta məktəbində
müəllimə işləyib. Ailəlidir.
Dərya Qılıc "Qəmli səadət", "Cəhənnəmə gedən yol", "Bir qapılı iki məhəllə", "Tale yolları", "İtkin arzular", "Daglardan gələn səda" və "Cinayət və məhəbbət" romanlarının müəllifidir.
Aşağıda Dərya xanımın "SÖNMÜŞ OCAQ" adlı hekayəsini dərc edir və ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
turan.info.az
SÖNMÜŞ OCAQ
(Hekayə)
Teymur işdən çıxıb evə tələsirdi, iki gün bundan əvvəl evdə olmalı idi. Amma neft daşlarında baş verən qəzaya görə növbədə iki gün də artıq qalmalı olmuşdu. Həmişəki kimi evə çatmağa tələsirdi, lakin blokun qarşısına çatanda son dəfə etdikləri davanı xatırlayıb, kədərləndi. Axır vaxtlar belə davalar tez- tez təkrar olurdu. Əslində onlar çox xoşbəxt idilər, amma anası Teymurun tək bir qız övladı olmağı ilə razılaşmayıb, durmadan dava salırdı. Oğlun, yəni varisin yoxdur deyib dururdu, necə deyərlər Kamilənin gününü göy əsgiyə bükmüşdü. Kamilə isə əməliyyatdan sonra ana olmaq iqtidarında deyildi. Evdən çıxanda qızın yanağı uzunu axan göz yaşlarını gözünün önündə çanlandırır ,qapıya yaxınlaşdıqca ürəyinin döyüntüsü artırdı. Halbuki növbədən gələndə Kamilə onu böyük məhəbbətlə qarşılayıb ,həvəslə hazırladığı ləzzətli yeməklərdən süfrəyə düzüb, ətirli çay dəmləyərdi. Hövsələsi daralan Teymur ciblərini axtarıb açarları çıxartdı. Qapını açıb elə dəhlizdə donub yerində qaldı. Lələ köçüb yurdu qalmışdı, asılqan və ayaqqabı dolabı boş idi. Ayaqqabısını soyunmadan bir başa qonaq otağına keçdi. Otağın baş tərəfində süfrəsiz masa, aşağıda isə divan və qoltuqdan başqa otaqda heç nə yox idi. Xalça, pərdə dolab, qablar hətta çilçıraq sökülmüşdü. Dabanı üstə fırlanıb yataq otaqlarını və mətbəxi gəzdi. Gülnarın otağı tamamı ilə boş idi. Döşəmədə bir qolu olmayan gəlincik atılıb qalmışdı. Öz yataq otağında isə üzərinə onun paltarları qalaqlanmış ütü stolundan başda heç nə yox idi. Mətbəx daha pis təsir bağışladı. Həmişə yan- yana düzülən qazanların və çaydanın yeri boş idi. Mətbəxdən gələn ləzzətli qoxunun əvəzinə bir küncdə qalaqlanıb qalan kartof, soğanın çürümüş qoxusu gəlirdi. O, keçib divanda oturub ilk əvvəl anasına zəng etdi. Güllü xanım Teymura ağzını acmağa imkan verməyib bir nəfəsə danışmağa başladı:
Axır ki, rədd edə bildim. Atasına zəng edib gəl soyu qurumuş qızını mənim ocağımdan apar, - dedim. Oğlum sizə görə varissiz qalası deyil. Onsuz da mən oğlumu evləndirəçəm, hətta qız tapdığımı da dedim.
Teymur ömründə birinci dəfə var səsi ilə bağırıb dedi:
Sən nə etdin, ana?
Güllü xanım dəstəyi çoxdan asmışdı.
Təkcə o gecə deyil aylarla Teymurun gözünə yuxu getmədi. Qızının sərgidə qalmış yeganə paltarını sinəsinə sıxıb onunla yatırdı. Ən pisi o idi ki, Kamiləni Rusiyada işləyən atası gəlib oraya aparmışdı. Teymurun zənglərinə cavab verən yox idi. Yenicə onların arxasınca getməyə hazırlaşırdı ki, qayınatası zəng edib Kamiləni ərə verdiyini söylədi. Bu dəhşətli xəbər Teymur üçün gülləyə bərabər oldu. Əməlli başlı yatağa düşdü. Özünə gəlməyi bir ilə qədər çəkdi. Yeni - yeni özünə gələn kimi anasının təkidi ilə yenidən ailə qurdu. İlk təəccübünə səbəb olan dənizə getməyə hazırlaşdığı gün oldu. Kəmaləni xatırlayırdı. Növbəyə gedəndə Kamilə iki, üç növ xörək, on günlük azuqə və xırda para lazım olan şeylərdən ibarət çantanı Teymura verib işə yola salardı. Yola düşməyə hazırlaşan Teymura Mehrinin ilk sözü mən sən gələnə qədər nə yeyəcəm?- oldu. Teymurun təəccüblə baxdığını görən qız yaxşı narahat olma yemək sifariş edərəm, - dedi. Beləcə də bu ailənin təməli belə quruldu. Teymur nə növbəyə gedəndə, nə də geri dönəndə o gündən sönmüş olan ocağında bişən yeməklərə həsrət qaldı. Zaman keçdikcə bu həyat tərzinə vərdiş etdi. Dalbadal iki oğlu gəldi dünyaya . Qayğısı daha da artdı, çünki bütün problemlər onun üzərində idi. Paltarları quru təmizləməyə aparmaq, xalçaları yudurtmaq, yemək sifariş etmək və daha nələr, nələr...Vəzifəsi qalxandan sonra evdə işləməyə bir qadın tapdı, amma evinin növrağı düzəlmədi ki, düzəlmədi. Bir dəfə olsun işdən dönüb rahatlıq tapa bilmədi. Çay istəməyi çoxdan unutmuşdu. Masanın üstü müxtəlif şirələrlə ,qazlı sularla dolu olurdu. Uşaqlar böyüdükcə hər şey daha da pisləşirdi. Teymur oğlanlarını küçələrdən yığa bilmirdi. Çünki Mehri Teymuru ağzını açmağa qoymurdu. Uşağın xətrinə dəymə , dərs oxumaqları lazım deyil, - deyirdi. Bir sözlə evdə küçələrdən yığılmayıb, evə gecə yarısı dönən iki avara böyüyürdü. Hər şey bir yana musiqi dinləməyə həsrət idi. Mehri yalnız xarici musiqi dinləyirdi. Evdə səsdən qulaq batırdı, lakin musiqi Teymurun ruhunu oxşamırdı. Ona elə gəlirdi ,dəmirçixanada yaşayır.
Oğluna varis axtaran Güllü xanım dünyasını dəyişəndən sonra , Teymur özünü daha da yalnız hiss etdi. Çünki bu dünyada ruhuna yaxın kimsə yox idi. Axır günlər özünü çox pis edirdi. Düzdür onun bu halı ilə maraqlanan yox idi. İşdən çıxanda dəmirçixana səsi gələn evinə dönmək istəmədiyi üçün maşını sakit bir guşəyə sürüb dincəlmək istəyirdi, lakin gözünü xəstəxanada acdı. Başının üstündə dayanan həkim nə isə soruşurdu. Cavab verə bilməyib yenidən huşunu itirdi.
Ertəsi gün özünə gəlib yataqda oturmuşdu. Huşunu itirməzdən əvvəl Kamilə deyə pıçıldadığını yaxşı xatırlayırdı. Gənc yaraşıqlı bir həkim onun kim olduğunu adını ,soyadını soruşub yazırdı. Həkim müalicə təyin edəndən sonra dedi:
-Müəllim, ailənizə xəbər verin, çünki huşunuzu itirəndə maşınınızı ağaca çırpıbsınız.
Teymur həkim qıza baxıb susdu. Uzun sükutdan sonra dedi:
Ailəm yoxdur qızım, iyirmi ilə yaxındır ki, ocağım sönüb. Anam söndürüb, tək tənha ailəmin həsrəti ilə yaşayıram.
Teymurun müalicəsi uzun müddət davam etdi. Xəstəxanadan çıxmaq vaxtı çatanda könülsüz - könülsüz hazırlaşırdı. Həkim qızla vidalaşıb aşağı düşdü. Ayaqlarını sürüyə -sürüyə xəstəxananın darvazasına yaxınlaşdı. Düz darvazanın önündə dayanmış maşınını görüb təəccüb etdi. Təmir edilmiş maşınına baxıb xəyala getmişdi, ağlına heç nə gəlmirdi. Ətrafa boylanıb düz yanında dayanmış həkimi görüb sual dolu gözünü ona dikdi. Qız ona cavab vermədən , müəllim məni evə apararsınızmı?- dedi. Yol boyu heç biri danışmadı. Mənzil başına çatmaq çox vaxt tələb etmədi. Maşından düşən həkim qız israrla Teymuru evlərinə dəvət etdi. Kiçik bir qapıdan keçib içəri girdilər. Çəmi üç, dörd pilləkəni olan kiçik köhnə mənzilin pilləkəninin solunda qoyulmuş samovarın xoş qoxusuna plovun ləzzətli ətri qarışmışdı. İçəridən muğamat səsi gəlirdi. Düşdüyü abu hava Teymuru süst salmışdı. Gözünün önünə Kamilə gəlirdi, ürəyi sıxılırdı. Həkimə təşəkkür edib geri dönmək istəyirdi .Kəmalənin səsini eşidib diksindi. Başını qaldırıb donub yerində qaldı. Dönüb həkimə bir də baxdı. Bu necə gündə ona doğma gələn qara gözlərin sahibini indi tanıdı. Gülnar, deyib özünü qızının üstünə atdı. Maşının kim tərəfindən təmir olduğunu da elə indi anladı.
Bir necə saatdan sonra onun yaxınlığında yaşayan Kamilədən xəbəri olmadığı üçün yanıb tökülürdü. Onu ən çox yandıran isə Kamilənin onun sualına verdiyi cavab oldu:
Mən səndən başqası ilə ailə qura bilməzdim.
turan.info.az
.