Günəş göründükdə, daha doğrusu, heç də xoş olmayan o səhər havasında hər kəs yatırdı. Balaca Sevincin səsinə tək otaqda yatan bütün ailə oyandı. Nərgiz qızını sakitləşdirməyə çalışır, ona öz gözəl nəğmələrindən səsləndirirdi. Lakin, qızcığaz susmaq bilmirdi. Sanki, axşam olacaqlardan xəbər almışdı. Ana övladlarına söylədi:
- Uşaqlar, məktəbə gecikərsiniz, gedin səhər yeməyini yeyin. Əhməd, çayı keçəndə ehtiyyatlı olun, qardaşlarına kömək edərsən.
Əhməd mətbəxə daxil olduqdan sonra gördü ki, cəmi dörd yumurta qalıb. Bu isə anasına və bacı-qardaşlarına çatacaq. Yazıq uşaq fikirləşdi: ”Bircə gün səhər yeməyini yeməsəm, heç nə olmaz. Əgər gözəl ailəm ac deyilsə və xoşbəxtdirsə, deməli, həmçinin mən də xoşbəxtəm. Öz canımı belə onlara fəda edərəm.” Elə bu an bir- birindən ayrılmayan ortancıllar – Orxan və Kənan içəri daxil oldu.Əhməd yumurtaları hazırladı. Uşaqlar masanın üzərində iki yumurtanı görüb bir-birinə baxdılar. Kənan Əhməddən soruşdu:
- Dadaş, bəs sən nə üçün özünə də yumurta hazırlamamısan?
- Mən ac deyiləm. Öz payımı da axşam yemişəm.
Uşaqlar yeməyə başladılar. Sonra da məktəbə yollandılar.
Əhməd dərin xəyallara getmişdi. İlk dərs riyaziyyat idi və bu fənni Əhmədgilin sinfinə atası Fərhad müəllim öyrədirdi. Fərhad müəllim Əhmədin dərsə qulaq asmadığını gördü və soruşdu:
- Əhməd, nə üçün dərsə qulaq asmırsan?!
Lakin, Əhməddən cavab gəlmədi. Bu dəfə Fərhad müəllim xətkeşi masaya vurdu:
- Əhməd!
Əhməd sanki, yuxudan ayıldı.
-Eşidirəm, müəllim!
-Əhməd nə səbəbdən belə bikefsən, səhər yeməyini yemisənmi?
Gözləri dəniz kimi su ilə dolmuş Əhməd təsdiqlədi:
- Bəli, müəllim…
- İndi isə dərsinə diqqət yetir,əks halda, aşağı qiymət alacaqsan.
Əhməd çox ac idi. Dili-damağı qurumuşdu. Amma, nə etmək olar, evə qayıdana qədər dözməli idi .
Axşam üç qardaş məktəbdən gəldilər. Onlar hər dəfə çayı keçdikdə analarının tapşırığını xatırlayırdılar. Bu uzun çay daha böyük və gözəl kəndlərdən keçirdi, üzəri ilə uçan quşlar cəh-cəh deyirdi, ətrafı yaşıl meşəlik idi.
Uşaqlar qapını açdıqda çox qəribə və heç də xoş olmayan mənzərə ilə qarşılaşdılar- böyükləri evi boşaltmış yükləri qapının ağzında yerləşdirmişdilər. Anaları övladlarını görcək söylədi:
- Uşaqlarım, düşmən qonşu kəndlərə hücum edib. Bir azdan sonra isə bizim kəndimizə gələcək. Tələsin, gedirik…
Ailə çətin də olsa, evdən çıxdı. Çayın kənarı ilə irəlilədilər. Elə bu an geridən qorxunc, güclü atəş səsi eşidildi. Düşmən yaxınlaşırdı. Orxan ağlamağa başladı. Əhməd onu qucağına aldı. Artıq onlar qaçmağa başlayırdılar. Onlar qaçdıqca, düşmən də onlara yaxınlaşırdı. Yazıq ana ağlayaraq söylədi:
- Belə olmayacaq. Heç olmasa, Sevinc qurtulsun.
Bunu deyib Nərgiz övladını, tək qızını iri taxta parçasının üzərinə qoyub azca itələdi. Sevinc hər şeydən xəbərsiz böyük kəndlərə tərəf irəlilədi. Qəhrəman ana elə ağlayırdı ki, meşə, çay ona qoşulmuşdu. Fərhad kişi ailəsini təsəlli edib söylədi:
- Əmin olun, sizə söz verirəm ki, biz Sevincə yenidən qovuşacağıq. İndi isə tələsin, qaçın…
Onlar şir sürəti ilə qaçırdılar. Elə bu zaman atəş səsi eşidildi və Əhməd yerə yıxıldı. Nərgiz haray çəkib oğlunun üstünə atıldı. Onun üz-gözündən öpdü, dizini döydü.Fərhad kişi digər iki oğluna sarılıb onları qolları arasına aldı. Yaxından düşmənlər göründü. Lakin, onlar qaçmaq üçün heç bir cəhd göstərmirdilər. Tək dərdləri oğullarını itirməkləri idi. Düşmən artıq xoşbəxt olmayan bu ailəni əsir götürdü. Onlara aylarla zülm etdilər- ağacı yandırıb köz üzərində oynamağa məcbur etdilər,saçlarını kəsdilər…Əsgərlərimiz bu ailəni düşmən əlindən qurtarmazdan bir gün əvvəl həyatdan küsmüş, saçları pambıq kimi ağarmış, gözləri həyətlərindəki qızılgüllər kimi solmuş Nərgiz söyləyirdi:
- Mən hələ də inanıram ki, bir gün oğlum Əhməd, qızım Sevinc gələcək, biz əl-ələ tutub öz evimizə qayıdacağıq…
Amma nə Əhməd, nə də Sevinc geri qayıtmadı. O günə qədər…
20 il sonra…
Nərgizi oğulları Kənan ilə Orxan bu ədalətsiz dünyaya bağlamışdı. O, iyirmi il bundan əvvəl olan faciəni bütün ölkə ilə, bütün dünya ilə paylaşmaq üçün televiziyada çıxış edəcəkdi. Burada çoxlu insanlar var idi. Hər birinin üzündə düşmənlərə qarşı nifrət, həyata küskünlük, bir o qədər də, güc , hirs mübarizə istəyi hiss olunurdu. Onların arasında fərqlənən gənc, gözləri yaz meşəsi kimi yaşıl olan bir qız var idi. Nərgizin yanaqları islandı:” Əgər yaşasaydı, Sevinc də onun kimi gözəl gənc qız olacaqdı. Bəlkə də yaşayır.Mən qızım üçün çox darıxmışam…” - Elə bu zaman qız çıxış etməyə başladı:
- Mən də bu faciəni yaşamışam, amma xatırlamıram. Çünki, həmin vaxt çox balaca idim. Kimsə məni qurtarmaq üçün taxta parçasının üzərinə qoyub çaya itələyib.Məni çox uzaqlardan tapıblar. Bir ailəyə veriblər. Kim olduğumu, necə qurtulduğumu heç kim bilmir. Adımı isə məni sudan tapdıqları üçün Dəniz qoyublar.Mən öz ailəmi , xüsusilə də anamı tapmaq, ona doya-doya sarılmaq istəyirəm…”
Qızın gözlərindən damcılar düşməyə başladı. Nərgiz ağlayaraq qızının üstünə atıldı və onu bağrına basdı:
- Qızım, Sevincim!
Sevinc söylədi:
- Sən belə daha gözəlsən, analı dünyam!
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.