(Sabir İdris oğlu Mahmudov)
O gecə gözümə yuxu getmədi. Səbrsizliklə səhəri gözləyirdim. Axşamdan hər şey hazır idi-bağ qayçısı, atamın ucu əyri peyvənd bıçağı, budaqları aşağı əymək üçün qarmq. Bağın hansı tərəfindən başlayacağımı da əvvəlcədən götür-qoy eləmişdim. Dəmir yol tərəf vağzal uşaqlarının əlindən qan ağlayırdı. Kolların başında heç yarpaq da qalmamışdı. Ortalara tərəf getmək lazım olacaqdı. Oralara gedib çıxmaq hər adamın işi deyildi. Kol-kos, budaqlar bir-birinə elə dolaşmışdi ki... Bizim isə oz gizli yollarımız-tunüllərimiz var idi. Qarovulçu Nəbi babanın da bilmədiyi həmin yollarla Xan arxı tərəfdən girib atamın işlədiyi avtokalonun yanından çıxırdıq. Bizim bu gizli yollarımızın memarları bizdən əvvəlki dəcəl uşaqlar olub. Biz də sonrakı nəsillərə miras qoyacağıq.
Allah bilir bu qızılgül bağının neçə yaşı var. Deyilənə görə Bolqarıstandan gətiriblər. Gül yağı almaq üçün yetişdirilmiş xüsusi növdür. Bizim evdən bir az aralı, Xan arxının sağ sahilindəki bu cənnət bağından qar yağana qədər gül ətri əskik olmurdu. Bu bağ həm də məktəblilərin qazanc yeri idi. Payızda şagirdləri ləçək yığımına gətirirdilər. Hər kıloya 10-20 qəpik qazqnmaq mümkün idi. Nəzərə alsaq ki, söhbət XX əsrin 60-cı illərindən gedir qazancımız o qədər də pis deyildi. O illər müharibənin təsiri hələ də hiss olunurdu. Böyüklərimiz bilmirdi qarnımızı doydursun, yoxsa əyin-başımızı, dəftər-qələmimizi alsın. Evimiz yaxın olduğu üçün gün çıxmamış torbamı götürüb baş vururdum qızılgül dəryasına. Tarpın qaşından baxanda bu cənnət guşəsi doğrudan da gül-çiçək dəryaçasına bənzəyirdi. Yuxuma haram qatmağımın başqa səbəbi də var idi- danüzü yığılan ləcək sehli olduğu üçün çəkiyə ağır gəlirdi. Məhsulu tərəzidə çəkib qəbul edən kolxozun xəzinədarı Suleyman dayı hər dəfə xəbardarlıq etsə də xətrimizə dəyməz, pulumuzu heç vaxt kəsməzdi. Onda anam sağ- salamat idi. Ev işlərini qurtarandan sonra mənə köməyə gəlirdi. Gün çıxana kimi torbaları doldururduq, anam evə qayıdırdı. Birazdan şagirdlər gələcək, çəyirtkə zəmiyə daraşan kimi güllüyün altını üstünə şevirəcəklər. Gündəlik normanı artıqlaması ilə yerinə yetirirdim(əlbətdə anamın hesabına). Yazıq anam bundan sonra hələ tənbəki yığmağa gedəcəkdi. Uşaqlar mənə həsəd aparırdılar-qazancım hamıdan çox olurdu. Suleyman dayı pulumuzu çox vaxt gündəlik verirdi. Zəhmət haqqımı götürb dəmir yolu vağzalına üz tuturdum. Otar dayının dükanından əlimə keçən şiniyyatdan alıb sevinə- sevinə evə, qardaşlarımın yanını qaçırdım. Otar dayı, yoldaşı Mariya xala mehriban və halal insanlar idi. Hərdən ya bir dəftər, ya rəngli karandaş, ya da o zamanlar hləm-hələm tapılmayan qələm ucluğu- daş pero hədiyyə edərdi.-“Şvilo, al bu da yaxşı oxuduğun üçün müküfat.” Yəqin hər dəfə gətirdiyim gül dəstəsinin əvəzini çıxmaq istəyirdi. Onun nurani, həmişə gülümsəyən siması indi də xəyalımdan silinməyib. Ömrünün axırına kimi kəndimizdə işlədi. Hamının məhəbbətini qazanmışdı, əsasən də uşaqların. Kasıbçılığın üzü qara olsun, hər adamın konfet, şirniyyat almağa imkanı yox idi. Pulu olmayan, dükanın piştaxtasındakı ala-bəzək kağızlı konfetlərəri marıtlayan uşaqların bir-iki noğulla da olsa könlünü alırdı...
Təcili yardım maşını anamı aparanda o qədər ağlamışdım ki... Atamla dayım xərəkdə anamı maşına qoyanda dayım ağlamsınmış,- “Ruqiyə, söz verirəm, evinizə, uşaqlarının yanına öz ayaqlarınla qayıdacaqsan”. Xeyli vaxt keçmişdi, anam qayıtmırdı ki, qayıtmırdı. Şəhərə xəstəxanaya gedəndə atama yalvarırdım ki, məni də aparsın. O isə hər dəfə bir bəhanə gətirirdi. Günlərin bir günü: “Hazırlaş, sabah şəhərə gedirik, anan sənı görmək istəyir”. Eşitdiyimə inanmadım, əvvəlcə key-key gözlərimi döydüm, söhbətin nə yerdə olduğunu başa düşəndən sonra götürüldüm nə götürüldm. Bir-neçə dəqiqəyə bütün məhlə uşaqları bilirdi ki, mən şəhərə, anamın yanına gedirəm. Mahmud əmimin qızları paltarımı yuyub ütülədilər, xalam su qızdırıb çimizdirdi, anamı görəndə ağlamamağımı tapşırdı. Xəstəxanada anam kimi çoxlu xəstənin olduğunu, Tinatin adlı gözəl-göyçək bir gürcü qızının anama öz doğması kimi qulluğundan danışdı. Eşitdiklərimin hamısını atam da danışmışdı. Onu da söylədi ki, şəhərlilər xəstənin yanına gələndə gül də gətirirlər. Vallah qəribə adalardı bu şəhərlilər, görəsən gül xəstənin nəyinə lazımdır? Elə xəstələr də var həftələrlə yanlarına gələn olmur. Eşitdiklərim uşaq təxəyyülümdə çoxdan iz qoymuşdu. Axşamlar yatağıma uzananda anamla danışa-danışa yuxuya gedirdim.
-Nənəni incitməyin, yazıq arvadın işi onsuz da başından aşır. Hümmət babanın kürluyünü götürmək hər arvadın işi deyil. Sən qardaşlarından böyüksən, nənənə kömək elə.
Qardaşım Zakir ikinci, Şakir birinci sinfə gedirdi. Onları məktəbə aparıb-gətirmək, dərslərinə fikir vermək mənim öhdəmdə idi. Səhərlər bizi yedizdirəndən sonra atam işə gedirdi. Atamın şəhərdən aldığı kakao tozunu südlə bişirməyi mən də öyrənmişdim. Onu da deyim ki, kakao həm uşaqların , həm də mənim çox xoşuma gəlirdi. Kiçik qardaşım Tahir hələ məktəbə getmirdi. Ən kiçiyimiz, anamın sonbeşiyi Nailə iki yaşına təzəcə adlamışdı. Nailəni çox vaxt Pəri mamam saxlayırdı. Hər axşam anamla “söhbət edəndə” onun nə boyda olduğunu soruşurdu. Onun dəcəlliyindən, anam kimi gözəlliyindən, ona çöx oxşamağından həvəslə danışırdım.
Uşaqlıqdan rəssamlığa, ədəbiyyata meyilli olsam da nəyə görəsə həmişə həkim olmaq arzusunda olmuşam. Bu istək bəlkə də anamın xəstəliyi ilə əlaqədar idi. Anam yatağa düşəndə 28 yaşına təzəcə qədəm qoymuşdu. Uşaq təsəvvürümlə elə bilirdim dünyada ən gözəl, ən mehriban ana mənim anamdır. Bacım, dünyaya təzəcə göz açmışdı. Sevincimizin həddi-hüdudu yox idi. Dörd qardaşdan sonra anam bizə bacı hədiyyə etmişdi. Sevincimiz uzun sürmədi-anamın ayaqları iflic oldu. Yatağının yanından bir addım da olsun uzaqlaşmaq istəmirdim. Hamı bizə ürək-dirək vermək istəyirdi: “Çox keçməz, el yaylağa köçəndə ananız ayağa durar”.
Yayın necə gəldiyindən xəbərim olmadı. Bürkülər düşmüş, çəmənlər həmişəkindən tez saralmağa başlamışdı. Elə bilirdim anamın ayağa durması üçün təbiət yayı vaxtından tez gətirib. El yaylağa köçdü. Dəyələr yamyaşıl çəmənlərdə yan-yana düzüldü, sürülərin, mal-heyvanın səs-küyü bir birinə qarışdı. Aranın bürküsündən canlarını qurtarmış uşaqların şən gülüşləri mürgülü dağları oyatdı. Gül-çiçək ətri adamı bihuş edirdi. Hamı kef-damaqda idi. O il anam yaylağa gedə bilmədi. Bizi yaylağa Sultan nənəm aparmışdı. Yazıq nənəm yaşının ağbirçək cağında beş uşağa, bir də babamın mal-heyvanına baxmağa məhkm idi. Anamın yeri görünürdü. Yaxşı ki, Pəri mamamla Hürü mamamgil də bizim yurda-Sarı bulağa düşmüşdülər. Biz bir yana, dağlardan mal-qoyun sağına enəndə Hümmət babamın səs-küyü Suqarışanda eşidilirdi. Onda elə bilirdik babam zülümkar adamdı, sonralar başa düşdük ki, kişi qayda-qanunu, səliqə-səhmanı sevən ciddi təsərrüfatçı imiş. Ona görə də bizim heyvanlar uzaqdan seçilirdi. Sürünü aşağılara endirib çox yormamaq üçün dağların başında, Nayfıllı təpəsi deyilən yrdə xalxal düzəltmişdi. Babam bizə, uşaqlara da iş tapırdı. Hər axşam qaraağız qoyun itlərini xalxalın dörd tərəfinə bağlayir, sonra sürünün qabağına çıxır, babamı arxaca qədər ötürürdük. Bir dəfə itlər mixçaları çıxarıb qaçmışdılar. Di gəl dur babamın qabağında: “Yaramazlar, fərəsətsizlər, belə də it bağlayarlar? Sizi it yrrinə bağlayacam”... Elə də etdi- yapıncıya bürünüb dan yeri sökülənə qədər sürüyə keşik çəkdik. Qardaşım Zakir, Şakir bir də yurd qonşumuzun oğlu İsmayıl məndən bir-neçə yaş kiçik idilər. Xalxalın külək tutmayan tərəfində babam onların altına keçə saldı, üstlərini də yapıncı ilə örtdü. Dağların başı sis-duman olur, xüsusən də gecələr hər tərəf zülmətə bürünür, bir addımlıqdan heç nəyi seçmək olmur. Deyəsən kişi bizi saxladığına peşman olmuşdu, özü də bilirdi ki, yaxınlıqda kürsəyə gələn qancıq varsa, heç bir qüvvə itləri saxlaya bilməz. Artıq gec idi, onsuz da dumana düşüb dəyələrimizi tapa bilməzdik. O gecə səhərə kimi babamın nərəsindən dağ-daş lərzəyə gəldi. Sübh şəfəqləri görünər-görünməz duman karvanını quzeyə tərəf çəkdi. Təbiət zülmətdən işıqlığa çıxdı. Babam zarafatyana: “İndi sürükün budan”, deyərək bizi dəyələrimizə tərəf qovdu. O gecə biz sonralar heç bir təhsil ocağında ala biməyəcəyimiz həyat dərsi aldıq. Həm də çoban həyatının çətinliyini, ağrı-acısını bircə gecəliyinə də olsa yaşadıq.
Yaylaqda hava gün ərzində tez-tez dəyişir. Bir də görürsən mavi səmadakı pambıq kimi ağappağ buludlar görkəmini dəyişdi, böyüdü, qara- bözumtul rəng alaraq ağır-ağır aşağılara enməyə başladı. Qeybdən peyda olan kimi beyqafıl dərələr çən-dumanla doldu, ətrafı zülmətə qərq edərək dağlara tərəf süründü. Üfüqlərdən o tərəflərdə şimşək parlıtısı göründü, ildırım öz-özünə deyinərək qara buludları şaqqaladı. Tərəkəmə həyatına alışmış yaylaqlılar özlərini itirmədən buzovları, quzuları döşlərdən xalxala qovur, çölə sərdikləri paltar-palazı dəyələrə yığır, uşaqlar da qaçaraq dəyələrə doluşurdular. Bir az keşmiş yer-göy lərzəyə gəlir, şimşək ətrafı bir anlığa şəfəqə boyayır, dölu qarışıq yağış damcıları dəyələrin belində təbiətin çadır simfoniyasını məharətlə ifa edir. Bu möhtəşəm “Tərəkəmə simfoniyası”nı Tanrı özü yazıb, özü də necə yazıb! Süvari qoşunun ayaq səsləri, bir-birinə dəyən qılınc saqqıltısı, sellər qabağına çıxan daş-qayanı dərələrə qovqrkən çıxan gurultu, sərkarların dağlardan eşidilən qıyyaları o qədər mükəmməldi ki! İlahinin bu bəstəsinə heç bir əlavə mümkün deyil.
Hər adamın içındə heç kəsin təkrarlaya bilməyəcəyi bir yurd, bir el, bir Vətən tablosu, Vətən sevgisi var. Uşaq dünyamızın el-obası, Vətəni beləcə həkk olunub, ilişib qalıb yaddaşlarımızda. Bu dünyamızı baba-nənəsiz, ata-anasız, bacı- qardaşsız təsəvvür etmək mümkün deyil. Bizim ocaq, “müasir” insanlar demişkən, köhnəlmiş də olsa öz əxlaq qanunları ilə yaşayıb və heç vaxt bu yazılmamış qanunlar adımıza xələl gətirməyib, dost-düşmən yanında başımızı aşağı eləməyib. Babalarımızin öyünc yeri halallıq olub, halal mayalarına heç vaxt haram qatmayıblar, Gözəgörünməz də var-dövləti yetərincə verib. Ulularımız gözü-könlü tox yaşayıb, aza qane olub, çoxun dalınca qaçmayıb, özgə malına göz dikməyiblər. Keçmiş- keçənlərimizin mərdliyi, halallığı, təmizliyı bizə baş ucalığı gətirib. Elə xeyir-bərəkət də o qocalarımızın halal-bərəkətli əllərindən miras qalıb bizlərə. Halal yavanımızı heç vaxt haramla murdarlamyıb əcdadlarımız. Aılə, nəsil, tayfa tərzi bu yaxınlara kimi hökm sürürdi nəslimizdə. Babamın bircə kəlməsi böyüklü-kiçikli hamıya qanun idi. Qardaşı oğullarının hamısını ayrıca yurd eləyəndən sonra özü təzə yurda çıxdı. Onun sağlığında icma qanunlarını pozmağa heç kimin cürəti çatmazdı. Yaltaqlıq, yalançılıq, ikiüzlülük yad idi o kişilərə. Elə ona görə də hara gedilər getsinlər bizimkilərin yolu geriyə öz dədə-baba yurduna dönüşlə qurtarır. Bəlkə elə onun nəticəsidir ki, ən böyük nəsillərdən biri olmağına baxmayaraq bizimkilərdən cəmi iki-üç ailə Bakını özünə daimi yaşayış yery seçib. Əmilərim yaxşı oxuyan, savadlı olublar. Ziyəddin əmim Bakıya oxumağa gedəndə babam bir-iki ilə oxuyub geri qayıtmağı tapşırdi. O da böyüyünün sözündən çıxmadı- ali məktəbdə yox texnikumda oxuyaraq doğma kəndinə qayıtdı. Eldə- obada hörmət-izzət sahibi oldu, nəslin ağsaqqallığını uzərinə götürdü, şərəfli bir ömür yaşadı. Haram yolla var-dövlət qazanıb yaltaq məclislərinin başında oturmadı ocağımızın kişiləri. Kasıb, mərdi-mərdanə süfrələrində oturmağı daha üstün tutdular.
Yay necə tez gəldisə, elə tezcə də getdi. Böyüklər arana köçmək üçün hazırlıq işlərinə başladılar. Avqust ayının sonu buralarda yayın qurtarması demək deyil. Ümumiyyətlə, buralarda baharla yayı bir-birindən ayırmaq çətindir. Payız isə, demək olar ki, bircə ay-sentyabr ayı olur. Avqustun axırlarında cavan oğlan və qızların bulaqlarla vida mərasimi başlayırdı. Hər gün bir bulağın üstündə qızlar yığışır, ocaq qalanır, quymaq çalınır, evdən gətirdikləri əllərinə keçən, allah verən yemək-içməkdən süfrəyə düzülür, yeməyə başlar-başlamaz bir dəstə oğlan da qonaq gəlir qızların süfrəsinə. Ən çox sevinən uşaqlar olurdu belə yığnaqlara. Sonralar başa düşdük cavanların “fırıldağını”-bulaq başı bəhanə imiş. Böyüklər etiraz etməzdi belə şeylərə. Az qala mərasim halı almışdı belə yığıncaqlar. Elə onların özləri qoymamışdımı bu adət-ənənələri. Böyüklərimizin əksəriyyəti elə beləcə sevib-seçmişdi, gözaltı eləmişdi gələcək ömür-gün yoldaşlarını. Gənclərin qəh-qəhəsi, çal-çağırı dağlara-dərələrə şuxluq gətirir, təbiət də , bulaqlar da qoşulurdu onların sevincinə. Heyif, çox heyif o günlərdən. Cavanların oxuduğu o mahnılar da, sevinc də, o paklıq da dağlarda qaldı...
Gün Babakərin arxasından boylanmamış yatağımdan durdum. Əl-üzümü yuyub Tarpın qaşına tərəf çıxdım. Qızılgül dəryaçasına gündüzlər saatlarla tamaşa etməkdən doymurdum. Bu səhərki mənzərə heç əvvəlkilərə bənzəmirdi. Dünyada heç bir rəssamın yarada bilməyəcəyi bir tablo, bir gəvə salınmışdı Xan arxından o tərəfə. İlahinin yaratdığı bu misilsiz gözəllikdən ətrafa minlərlə qızılgülün ətri yayılırdı. Bax elə buna görə də Ana Təbiətin özündən mahir rəssam yoxdur. Təbiətin yaratdığı tablolar canlıdır-güllər ətir saçır, quşlar cəh-cəh vurur, çayların, bulaqların zümzüməsi ətrafa yayılır.
Yaxın olsun deyə körpüdən yox çaydan keçməyi qərara aldım. Xan arxının sahilinə endim, şalvarımın balaqlarını dizimdən yuxarı çırmaladım, bumbuz suyu yararaq o biri sahilə adladım. Güllüyün qıraq tərəflərində əlimə bir şey keçmədi. Öz gizli yollarımızla bağın içərilərinə doğru getməli oldum. “Bəni-insan” ayağı dəyməmiş bir sahəyə gəlib çıxdım. Onu da deyim ki, burada hələ alatoran idi. Qarmağı, qayçını, bıçağı işə saldım. Bir saat keçmədi qucaq-qucaq, rəngarəng qönçələr üst-üstə qaland. Gülləri səliqə ilə özümlə gətirdiyim kisəyə yığdım. Gün çıxmamış aradan çıxmaq lazım idi. Gəldiyim “tunel”lə geri qayıtmağa başladım. Yolu yarı eləmişdim ki, qabaqdan bağın qoruqçusu Nəbi babanın səsi gəldi. Yolumu dəyişməyə, üzüm bağına tərəf sürünməyə məcbur oldum. O tərəflərdə çayın qırağı qalınlıqdır. Çay da yuxarılara nisbətən dərindir. Çox çətinliklə çayın sahilinə çatdım, moruqluğu yarıb kisə qarışıq özümü çaya atdım, birtəhər üzüb o biri sahilə keçə bildim. Kisə suya düşüb ağırlaşmışdı, əl-ayağımı moruq, gızılgül kolları al qana boyamışdı. Kisəni sürüyə-sürüyə birtəhər gətirib evə çıxardım. Evdə məni yaxşı ki, birinci atam yox, nənəm qarşıladı. Əl-ayağıma batmış tikanları çıxartdı. Qoyun qırxınında babm qoyunların yarasına basdığı dərmanla yaralarımı dərmanladı. Atamın qorxusundan səsimi çıxartmadım. Atamdan qabaq nənəm məni danlamağa başladı.
-Ay bala, bu qədər gül nəyinə lazımdır? İnanmıram bu boyda kisəni şəhərə aparmağa atan razılıq verə.
Atam söhbətimizin üstünə gəlib çıxdı.
-Əlbəttə razı olmayacam, hələ gör əl-ayağı, üz-gözü nə gündədir.
Mahmud əmimin həyat yoldaşı Həcər bibim olmasaydı mənim Tiflis səfərim baş tutmayacaqdı. Dünyagörmüş, ziyalı qadın idi.
-Uşağın ürəyini sındırma, vağzala qədər uşaqlarla köməkləşib apararlar. Qatardan düşən kimi onsuz da taksiyə minəcəksiniz.
Atamın deməyə sözü qalmadı.
Xəstəxananın səliqə-səhmanlı həyəti, palatalardakı təmizlik, bir də qulaqbatırıcı sükut indi də yadımdan çıxmayıb. Palatalardakı solğun çohrəli əlac gozləyən adamlar(xəstələr deməyə dilim gəlmir) onlara şəfa verən həkimlər haqqında düşüncələr bütün ömrüm boyu məni qaraba-qara izlədi və bu müqəddəs mövzuya nə vaxtsa qayıdacağım haqda düşüncələr məni heç vaxt tərk etmədi. Xəstəxanaya daxil olanda özümü tamam başqa dünyada hiss etdim. Ölüm sükutu çökmüş palatalar, solğun bənizli adamlar uşaq dünyama tamamilə yad idi. Anam ayrıca birnəfərlik palatada yatırdı. Qapıya yaxınlaşanda atam yenə tapşırdı ki ağlamayım. Həmin qeyri-sağlam abu-hava anamın palatasında da hökm sürürdü. Anamın sifətindəki ağlıq mələfənin rəngindən seçilmirdi. Atamın tapşırığını yadıma salıb hürkək bir baxışla gah atama, gah da anama baxdım. Anam məni bağrına basdı, başımı anamın sinəsinə sıxdım ki, ağlamağımı görməsinlər. İçin-için ağladım, göz yaşlarım hələ körpəlikdən sındırılmış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryasına töküldü. Atam bu səhnəyə dözə bilməyərək dıhlizə çıxdı. Anamın döğma ağuşundan uzun müddət ayrıla bilmədim. Palatanın qapısı açıldı, içəri ağ xalatlı bir qız daxil oldu. Tibb bacısının gözəlliyi otağa həm işıq, həm də xoş əhval gətirdi. Mən bu qızı çoxdan tanıyırdım. Atam, xalam bu gözəl qız haqqında o qədər danışmışdılar ki. Məni görüb gürcü dilində:
-Sənin oğlundur?- soruşdu.Yazıq anam qısa müddətdə gürcü dilini müəyyən qədər öyrənmişdi.
-Bəli, mənim oğlumdur.-Özünəməxsus bir ləhcə ilə cavab verdi. Tibb bacısının gəlişi məni xəyallardan ayırdı, qaçaraq zənbilimin ağzını açdım, qucağım tutacaq qədər gül dəstəsini tibb bacısına verdim. Qızın onsuz da gözəl olan sifəti sevincdənmi, yoxsa təəccübdənmi daha da gözəlləşdi.
-Ay Allah, indiyənəcən mənə heç kəs bu qədər gül bağışlamayıb. Çox sağ ol oğlan, indi ananı daha tez sağaldacam. Sevincimdən uçmaq istəyirdim. Söhbətin üstünə atam da gəlib çıxdı.”Bu qədər gülü neyləyirsə, kim aparacaq bu boyda şələni?”- deyə məni danladığına deyəsən peşman olmuşdu.
Qönçələr tibb bacısının əliində açılmağa başladı. Elə bil insan nəfəsi duymuşdular. Bir dəstə də anamın masasının üstünə qoydum. Qızılgüllər otağa yeni həyat, yeni nəfəs gətirdilər. Hamının üzü gülürdü.
-Ata, olar o biri xəstələrə də paylayım güllərdən?
-Əlbəttə olar,-deyə atam fərəhlə anama baxdı.
Tibb bacısı söhbətin nə yerdə olduğunu başa düşdü.
-Ruqiya, sənin oğlunun tayı-bərabəri yoxdur,-dedi, sonra əyilib üzümdən öpdü.
-Mən də kömək edərəm,-dedi.
-Bu boyda gülü təkbaşına dərib, özü də təkcə məni nəzərdə tutmayıb,-deyə anam fərəhlə dilləndi.
Tibb bacısı ilə palataları bir-bir gəzir, xəstələrə gızılgül bağışlayır, teziklə sağalıb doğma ocaqlarına getmək arzulayırdıq. Bunları, əlbəttə, mənim əvəzimə gürcü qızı deyirdi. Gətirdiyim güllər baş həkimdən tutmuş qapının ağzında duran növbətçi qadına kimi hamıya çatdı.
Az müddət ərzində qönçələr açıldı, xəstəxanada əhval-ruhiyyə tamamilə dəyişdi, palatalar işıqlndı, solğun çöhrələrə təbəssüm qondu, həkimlərin uzun müddət edə bilmədiklərini Loğman təbiət öz üzərinə götürdi. Mənə elə gəlirdi ki, xəstələrin könlünü azca da olsa aldıqlarına, ümidsizlərə zərrə qədər də olsa ümid verdiklərinə görə güllər də sevinirdilər. Onlar tamam başqa aləmə düşmüşdülər. Elə bil ana təbiət onlara yeni bir missiya, yeni bir tapşırıq vermişdi...
Axşama kimi anamın yanında qaldım. Bir-neçə saat əvvəlki abu-havadan əsər-əlamət qalmamışdı. Xəstələrin zarafatı, deyib-gülməyi xəstəxananı başına götürmüşdü. Həkimlər”sakit saat” vaxtı heç kimi yatlrda bilmədilər. Çoxdandır boğazından bir qurtum sudan başqa heç nə keçməyən xəstələr illərin acı kimi yeməyin üstünə düşmüşdülər. Bəzi palatalardan həzin (biraz da qəmli) mahnı səsləri gəlməyə başlamışdı. Tinatin anama yaxınlaşıb,
-Ruqiya, oğlun böyüyəndə hökmən həkim olacaq. Onun gətirdiyi güllər möcüzə yaratdı. Xəstələr sağalmağa başlayıb, bəziləri hətta evə getmək istəyir. İcazə ver oğlun xəstələrlə sağollaşsın. Palataları bir-bir gəzdik, hamı ilə vidalaşdım. Onların çoxu məni öz doğma balası kimi bağrına basdı, xoşbəxtlik arzuladı.
Anamın yanına qayıtdım. Başımı yenə sinəsinə sıxdım, göz yaşlarım yenə də təzəcə yaralanmağa başlamış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryaçasına töküldü.
Ayrılanda hamıya söz verdim ki, mövsümün sonuna kimi sizi gızılgülsüz qoymayacağam.
Atam hər dəfə şəhərə gedəndə birinci tapşırığı,...
-Gülləri hazırla!- olurdu...
.