İman Abdulla (1961)

İman Abdulla (1961) İman Abdulla (İmanxan Mirzəli oğlu Abdullayev ) - Cəlilabadın qədim dilbər guşəsi olan Seyidbazar, qədim adı (Sədəbazar) kəndində, 1961-ci il noyabrın 22-də dünyaya göz açıb. O, doğulduğu kənddə böyüyüb, boya-başa çatıb. İlk təhsilini doğulduğu kənddə alıb. Ali təhsillidir, Azərbaycan İdman İnstitutunun Yüngül gimnastika metodisti ixtisasını bitirib. Uzun müddət Yüngül gimnastika üzrə idman metodisti vəzifəsində çalışıb.
Eyni zamanda gözəl tar ifaçısıdır.
Gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olur.
AYB-nin üzvüdür.
3 kitab müəllifidir və eyni zamanda "Cəlilabad şəhidləri" kitabının müəllifidir.
Respublika və region mətbuatında uzun müddətdir ki, çeşidli ədəbi nümunələri çap olunur.
Bu gün də Cəlilabad rayonunda yaşayır və fəallığını davam etdirir.
Ümümrespublika Teatrları festivalında Xocalı faciəsinə həsr edilmiş "Əsirlər" mənzum nikbin-faciəli dram əsəri 2-ci yerə layiq görülüb.
30 ildir ki, Cəlilabad "Xalq teatrı" onun dram əsərləriylə mövsümə başlayır və yekun vurur.
Ailəlidir, 4 övladı var, 2 oğul və 2 qız atasıdır.

Biz də İman Abdullaya bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlahət SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü,
“Borçalı” nəşriyyatının redaktoru.


turan.info.az



TƏBRİZ

Yetər torpağında axıtdılar qan,
Min-min şəhidlərin dillərdə dastan.
Hanı Uzun Həsən, hanı Sətdar xan?
Çəkilsin dağlardan duman, Təbrizim!
Bakını tək qoyma oyan, Təbrizim!

Bir olsun əbədi, intizarımız,
Olmasın bir daha ahuzarımız.
Oyansın, qalxsın qoy Şəhriyarımız,
Yazsın yeni dastan,divan Təbrizim!
Bakını tək qoyma oyan,Təbrizim!

Babək qalasında ocaq yandırın,
Yağı düşmənləri siz dayandırın.
Yatmış igidləri tez oyandırın,
Tutsunlar yağıya divan,Təbrizim!
Bakını tək qoyma oyan,Təbrizim!

Neçə yürüş oldu üstünə sənin,
Yanan tapılmadı tüstünə sənin.
Dönsə də Xətayi büstünə sənin,
Olubdur ona da əyan,Təbrizim!
Bakını tək qoyma oyan,Təbrizim!

İgid ərənləri asdı yağılar,
Ac-susus zindana basdı yağılar,
Başların ayırıb, kəsdi yağılar,
Şəhidlik bizlərə şayan,Təbrizim,
Bakını tək qoyma oyan,Təbrizim!

Kürsülər dil olub öyüşür bu gün,
Qudurğan mollalar söyüşür bu gün.
Düşmənlə igidlər döyüşür,bu gün,
Yoxdur qanımızdan doyan,Təbrizim!
Bakını tək qoyma oyan,Təbrizim!

Nadir Şah əfşarın oyanıb, durub,
Savalan arxanda dayanıb, durub.
Səbrimiz daralıb, usanıb durub,
Qürurun itirmə, dayan!Təbrizim!
Bakını tək qoyma oyan, Təbrizim!


***
Yenə küçələrin qan içindədir,
Dik tut sən hər zaman başını,Təbriz!
Alacaq qoynuna Azərbaycanın,
Axıtma gözünün yaşını, Təbriz!

Qəlblərdə tüfan var,bir daha sönməz.
Ayağa qalxanlar,geriyə dönməz.
Tarixin böyükdür sənin, bilinməz,
Səngər et dağını, daşını Təbriz!

Qılınclar qınından sıyrılsın gərək,
Tikanlı məftillər qırılsın gərək.
Sevinək,şənlənək, Ürəkdən gülək,
Qovaq məmləkətdən naşını Təbriz!


MƏN DƏLİN OLUM

Qapısın döymə könlümün,
Sən gəl keç yuxarı başa!
Ürəyimdi səni sevən,
Ürəyimi qucub yaşa!

Gözlərində yaşa dönüm,
Axım amma silmə məni..
Düşüm dodağından öpüm,
Sən sök ilmə-ilmə məni!

Gəl qonaq et badamına,
Dadım, yeyim, qucum səni.
Başımın tacı eyləsin,
Məhəbbətim, sucum səni!

Girim sənin qucağına..,
Üşüməsin qucağımız.
Dodaq*lar*dan od götürək,
Alışsın qoy ocağımız!

Sən qulu ol eşqimizin,
Ağası mən olum, gülüm.
Sən dəlini sevmək üçün,
Mən, dəlin olum!
Mən ölüm!

***

Şəhid Baş Leytinant Asif Məmmədağa oğlu Kərimovun anım günündən görüntülər...
Allah bütün şəhidlərimizi rəhmət eləsin.Amin!!!!!!


Torpağına bağlı oldun,
Ağuşunda yatdın igid!
Zirvələri fəth elədin,
Elləri oyatdın, igid!

Söndü neçə çırağların,
Susuz qaldı dodağların.
Çeşmələndi bulağların,
Yenidən boy atdın, igid!

Vətən deyə sən döyüşdün,
Əbədiyata qovuşdun.
Hər gün günəş tək alışdın,
Günəş kimi batdın, igid!

Səninlə bir oldu yurdun,
Yurdun keşiyində durdun.
Zəfərə yol açdı ordun,
Bayrağın ucaltdın, igid!


***
Ömrümü bəxş elədim sevgili cananım üçün,
Viranə qəlbim ilə can aradım canım üçün.

Bir kəsim olmadı ki, bu dərdi onunla bölüm,
Tapmadım,yol aradım, gizlicə dövranım üçün.

Yaşadım dərdim ilə sözümü pünhanə dedim,
Ömrümü zay elədim,aşiqi-pünhanım üçün.

Külüngə döndü qələm,hey qazıdı qəlbim evin,
Mənim arzum, diləyim sızladı sahmanım üçün.

Mülkü talan, evi bərbad, yurdu viran kim ola,
Oxusun qəzəllərin,ağlasın İmanım üçün.


***
Gözəlim, aşiqini aləmə car eyləmisən,
Nə qəm zülfün darayıb məstixumar eyləmisən!

Şərafət aşiqinə sən bu qədər meyl eləmə,
Deməsinlər gözəlim yarını xar eyləmisən!

Zalimin hiyləsi var,tilsiminə düşmə,gülüm,
Məni ağuşə çəkib sən ki, yazar eyləmisən!

Yandırma eşqin odunda bu qədər aşiqini,
Talayıb könlüm evin,həftəbazar eyləmisən!

İman aşiqlərinin zülmünü çək, incimə sən,
Aşiqin şamə çəkib, sonra nahar eyləmisən!


***
Pis olar aqibətin,məndən uzaq dur,adə hey,
Başını mən yararam,bircə sözümlə,gədə, hey!

Qudurub çıxma cızından bu qədər, özünə dön,
Peşiman eyləyərəm,sən də deyərsən:- dədə, hey!

Adam ol,əxlaqın olsun özünü dartma,yetər,
Hələ rast gəlməmisən dünyada mən tək bədə,hey!

Qələmimdən asaram,dilini murdarlayaram,
Kürsünü burcudaraq sən kimə gəldin hədə,hey!

İman*a,zaliminin adını çək,biz də bilək,
Dərsini biz verərik, bir də demə sən, nə də hey!


***
Canından ayrılan bir candır oğul,
Torpağın işğalda haçandır oğul!
Vətənin yolunda qurbandır oğul,
Qələbən mübarək ana Vətənim!

Qəlbində təpəri,əldə yarağı,
Ellərdən-ellərə gəzdi sorağı.
Göyərti qanıyla şəhid torpağı,
Qələbən mübarək ana Vətənim!

Qovdun sən it kimi iblis yağını,
Aldın düzənini,aldın dağını.
Cənnətə döndərdin Qarabağını,
Qələbən mübarək ana Vətənim!

Ruhunu oyatdı Turan elləri,
Çıraqban eylədi hər könülləri.
Qurudu gözlərin axan selləri,
Qələbən mübarək ana Vətənim!


***
Şəklini mən bəbəyimdən asmışdım,
Gözlərimdən girdə-girdə töküldün.
Köynək kimi geyinmişdim eşqini,
Əl vurmamış sən süzülüb söküldün!

Ağlatmışdın ovuc-ovuc sən məni..
İndi səni damla-damla atıram!
Nə özümü Məcnuna tay tuturam,
Nə də səni Leylalara qatıram!

Unud getsin özünü də,məni də,
Sən dəlinin,mən dəliylə nə işin..
Süpürürəm dodağımdan öpüşün..,
Ürəyimdən mən silirəm keçmişin!

Yaxşı ki sən yaraşmadın əynimə,
Şəklin cırıb atdım sənin,gözümnən.
Eşq köynəyin yandı bir an içində,
Alovlanıb külə döndü közümnən!

Gözlərimdən üzr istədim və susdum,
Dodağının izin yudu gözlərim..
İndi həmən İman ki ha deyiləm,
İnciməsin qələmimdən sözlərim!

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: