Biz də Xəlil Zakirə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
turan.info.az
VƏTƏNİ YAŞATMALIDI!
Ərsəyə çatmadı arzum,
Nadan yerdə cığır salıb.
Gəlib,dolub "bicbalalar",
Əlimdən haqqımı alıb.
Torpağımda barıt iyi,
Şimşəktəki çaxacammı?
Aram-aram gedərək mən,
Haq yoluma çatacammı?
Göyçə oğul harayında,
Çətin anda bişməliyəm.
Tam əbədi zəfər çalıb,
Könüllərə düşməliyəm.
Haqqım üçün can səfərbər,
De, bu hələ harasıdır?
Vətənimi bütövləyən,
Göyçəmidə alasıdır.
Turan oğlu ayıq ol sən !
Səndən dünya çox halıdır.
Düşmənə çəpər qeyrətim,
Vətəni yaşatmalıdır !
Bakı 25.01.2022
QUCAĞINDA
Bahartək axdın qanımdan,
Sinəm yanır dağlarından.
Səni çox sevdim canımdan,
Vətən,sənin qucağında.
Qəmlənəndə,sən yananda,
Damarımda qan donanda.
Ağlayıram,el o yanda,
Vətən,sənin qucağında.
Tərifləndik biz öyündük,
Haq dedikcə hey söyüldük.
Yalan-gerçək çox döyüldük,
Vətən,sənin qucağında.
Yox qazancım,halal tikəm,
Yoxsullaşıb yaman süfrəm.
Heç bir evdə olmasın qəm,
Vətən,sənin qucağında.
Övladınam gəl,san məni,
Ana Vətən,duysan məni.
Sıxıb zalım zaman məni,
Vətən,sənin qucağında.
Keşik çəkir gecələr ay,
Haq yolundu,sən haqqı say.
Gözəlliyə nə qış,nə yay,
Vətən,sənin qucağında.
Qibləgahım-şəhid qəbrim,
Məzarlıqda dondu səbrim.
Məkkəm,Mədinəm bu yerim,
Vətən,sənin qucağında.
Bakı 05.11.2021
KOMANDAN
Boranla savaşan bahardır qəlbin,
Bilirik,alınmaz qaladır Vətən!
Qaralmış üfüqü yarmısan orda,
Nazını çəkdiyin baladır Vətən!
Bu savaş haqqımın yoludur ancaq,
"Dron"lar atdıqca dəydi hədəfə.
Yurdu xilas etdin qəmdən,kədərdən,
Nahaq üz çevirdi,haqqım tərəfə.
Komandan!Alqışlar şöhrətə,şana,
Millətin yumruqdur bəlli cahana.
Bütövlədin paralanmış vətəni,
Hər zaman mayaksan Aərbaycana.
Azəri oğlunun hər əsgər qəlbi,
Günəştək parlaqdır, su tək təmizdir.
Sökülməz qaladır-qeyrət qalası,
Vətənin qoynunda coşan dənizdir.
Vətən sinəsində zülmət qəmini,
Komandan! Yandırdın zəfər günəşi.
Namərdlər başına dəydi yumruğun,
Saçdı Qarabağda səngər günəşi.
Çiçəkləyər bu baxçalar,bu bağın,
Gözündən öpürəm İsa bulağın.
Bir ovuc götürüb ana torpağın,
Çəkirəm sinəmə,çəkirəm Vətən.
Dünyaya yayıldı vətənin səsi,
Zəfərlə qol-boyun Turan ölkəsi.
Sizə kömək olsun Quran ayəsi,
Gəldi obamıza sevinc zamanı.
05..09.2021
BÜLBÜL
Helikopter qəzasında həlak olmuş, şəhidlərimizin əziz xatirəsinə
Aşiq ömrüm çox qısadır,
Gəl,eyləmə nalan, bülbül.
Sinəmdə dərd ,qəmim vardır,
Könlüm olar talan, bülbül.
Ürəyimdə həsrət dindi,
Sayma daha,qəmim mindi.
Lal olub, yollar qəmgindi,
Məni məndən alan, bülbül.
On dörd mərdi qucdu torpaq,
Vüqarına baş əydi dağ.
Soldu güşən,virandı bağ,
Şəvə telim yolan bülbül.
Kimi deyim,kimi anım,
Həsrət qəmi alır canım.
Qəmimdən çətin oyanım,
Gəl,laylamı çalan bülbül
Küləklər telini yoldu,
Neçə ulduz birdən soldu.
Vətən gözü yaşla doldu,
Qulağımda nalan bülbül.
Bakı 01.12.2021
ŞƏHİDİM
Şəhidimiz Piriyev Raul Zabit oğluna
həsr olunur
Parlayan günəşə,üşüyən yerə,
Qeyrət ləkəsini əkdi şəhidim.
Könlündə sevdiyi Vətən eşqini,
Üç rəngli bayrağa çəkdi şəhidim.
Aşdı dağlar,yardı dumanı,çəni,
Unutmaz ellərim,unutmaz səni.
İllərlə tikilmiş bəndi,bərəni,
Bağlanmış yolları açdı şəhidim.
Qoşuldu savaşa Turan adından,
Qorxmadı savaşın atəş,odundan.
Aldı torpağını naqis yadından,
Şuşaya bayrağın sancdı şəhidim.
O qəmli günlərin dərinliyindən,
Bir ana ağlayar,saçlarında dən.
Yerin köbəyindən,yerin bətnindən,
Güllənib boy atdı, bitdi şəhidim.
BAXIR
Buludlar savaşıb göylər dinəndə,
Yamaclar gizlənir dumada,çəndə
Xəyala dalıram hərdənbir mən də,
Şimşəklər çaxanda zirvəyə çaxır.
Çaylar,dərələr də nəğmə oxuyur,
Sarmaşıq yollara ilmə toxuyur.
Göyçə göl lal olur,gecələr uyur,
Onun da suları qəlbimdən axır.
Torpağı yaşadan,yeri yaşadan,
Günəşdir can verən,ilhamı oddan.
Güldən də gözəldir gülşən yaradan,
Eşqi,məhəbbəti cahana yaxır.
Dünyada heç kimə olmasın zülüm,
Çəmənə çən enib üşüyür gülüm.
Qəribəm,bağlıdır Vətənə yolum,
Xəlil qəmli-qəmli yollara baxır.
MƏNİ XATİRƏLƏR KƏNDƏ APARDI
Bir gün yolum düşdü orta məktəbə,
Gördüm hər baxışda bir ocaq yanır.
Hər oğlan,hər qızın baxışlarında,
Ötən illər -öz gəncliyim dayanır.
Qarşımda canlandı keçən illərim,
Gözlərim nəmləndi qayğısız günə.
Müəllim önündə,xəyalən yenə,
Keçmişə baş əydim mən dönə-dönə.
Hər baxışda keçmişləri anırdım,
Gəncliyimin həsrətinə yanırdım.
Xəyallar içində hərdən donurdum,
Görən indi yerindəmi o məktəb?
Çinarın şivi tək boy atırdıq biz,
Torpaqdan isinib pöhrələnirdik.
Qızlar gözəlləşir,oğlanlar isə,
Bığ yeri tərləyib şirələnirdik.
Könüldən ,könülə sevinc süzərdi,
Yormazdı qayğısız o illər bizi.
Nağıllı dünyada arzu gəzərdi,
Göynədir bağrımı keçmişin izi.
Sanki çölə uçan bal arıları,
Səsimiz yayılar ətraf udardı.
Nəğməyə dönərdi məktəb illəri...
Məni xatirəkər kəndə apardı.
Bakı 08.10.2019
YOXDUR
Elim,obam pərən-pərən,
Haqsızlığı varmı görən?
Qürbət eldə ömür sürən,
Yurd-yuvamı alan yoxdur.
Başım olub qalmaqallı,
Bölündük cənub, şımallı.
Qərib düşən el zavallı,
"Göyçə"mdə bir qalan yoxdur.
Namərd mənə həmlə qurub,
Zəli tək qanımı sorub.
Qoşun çəkib yolda durub,
Dayanmağa dalan yoxdur.
Taxta sandıq yeşiyimdə,
İstərəm ev-eşiyimdə.
Mən yataram beşiyimə,
"Şirin layla çalan yoxdur".
Günüm qara,hərdən ağlı,
Sinəm olub çarpaz dağlı.
Ay Xəlil,eh Vətən oğlu,
De, könlünü alan yoxdur.
MÜŞFIQ BORÇALIYA
Möhtərəm salamlar, Borçalı oğlu,
Ləlvər vüqarlısan, buludtək dolu.
Hər insan gedəmməz sən gedən yolu,
Bir addım atana, beş addım atdın,
Hamıya əl tutdun, karına çatdın.
İşguzar, zəhmətkeş mən səni gördüm,
Elimə, obaya yananı gördüm.
Çiçəklər bəzəyən ümmanı gördüm,
Bir addım atana, beş addım atdın,
Hamıya əl titdum, karına çatdın.
Vətən oğlu, zəhmətindən halıyam,
Vətəndə qəribəm qəlbi doluyam.
Ulu Quran, mən haqqımın yoluyam,
Bir addım atana, beş addım atdın,
Hamıya əl tutdun karına çatdın.
Bənzətdim sud telin zirvə qarına,
Ay Xəlil, baş əydim söz xridarına.
Təmiz səman olsun yaz-baharına,
Bir addım atana, beş addım atdın,
Hamıya əl tutdun karına çatdın.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.