1980-ci ildə Bakı şəhərindəki 1 N-li fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1986-cı ildə isə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib.
"Kimin yoxsa məhəbbəti", "Əngirəvan kəndinin şəcərələri", "Mən gözəllik aşiqiyəm", "Açıl, sabahım, açıl", " Sevgisiz ömür olmur" adlı kitabların müəllifidir.
Şeirləri "Zirvə" poeziya antologiyasında, "Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Sazlı-sözlü Başkeçid", "Xarıbülbül" və s. ədəbi məcmuələrdə, almanaxlarda və dövrü mətbuatda mütamadi çap olunmaqdadır.
"Dirili Qurbani” və “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Biz də şair Qəzənfər Məsimoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dərc edirik.
turan.info.az
SƏN YANIRSAN,
CANIM YANIR, TÜRKİYƏM
Dünya bilir türk cəfaya dözəndi,
Bərəsində namərd başı üzəndi.
Düşmən-saqi, alov dolan -kuzəndi,
Mey içdiyin anın yanır, Türkiyəm,
Sən yanırsan, canım yanır, Türkiyəm.
Qurd ağızlı ərənlərin ad alıb,
Zaman-zaman şikarından dad alıb.
İndi yaşıl ormanların od alıb,
Gül-çiçəkli anım yanır, Türkiyəm,
Sən yanırsan, canım yanır, Türkiyəm.
Qurban olum, ayaqda dur, əyilmə,
Pozulmasın nə bir çeşnən, nə ilmən.
Goyərəcək, "Göy türk", "Göy ər" deyilmən,
Damarımda qanım yanır, Türkiyəm,
Sən yanırsan, canım yanır, Türkiyəm.
Qəzənfərəm, əyri yonan rəndəyəm,
Mənimləsən, səninləyəm, səndəyəm.
Gecə, gündüz -Allah- deyən bəndəyəm,
Sübhüm yanır, danım yanır, Türkiyəm,
Sən yanırsan, canım yanır, Türkiyəm.
SƏN FIRÇANLA, MƏN QƏLƏMLƏ
Neftlə çəkdiyi rəsm əsərləri dünyanı dolaşan,
tanınmış rəssam Sabir Çopuroğlunun
bu gün doğum günüdü.
Fəxrimizi bu şeirimlə təbrik edir, ona can sağlığı və
daha böyük yaradıcılıq uğurları arzulayıram...
Tanrı bizə pay veribdi,
Gah nəşəylə, gah ələmlə.
Yaradırıq nə yaratsaq
Sən fırçanla, mən qələmlə.
Gedək doğma kəndimizə,
Bərəmizə, bəndimizə,
Fəhmimizə, fəndimizə,
Sən fırçanla, mən qələmlə.
Bulaqları qatar-qatar,
Ağacları kölgə satar,
Qoyun otar, quzu qaytar,
Sən fırçanla, mən qələmlə.
Nə gözəldi bizim "Tala",
Armud, zoğal, əzgil əla.
Gəl döndərək qəndə, bala,
Sən fırçanla, mən qələmlə.
Çək "Səngər"i daş yanında,
"Qaşqa öynə" qaş yanında,
Çoban, alabaş yanında,
Sən fırçanla, mən qələmlə.
"Qoyun yatan", "Qara qaya",
Bənzəyirlər əkiz taya.
Gəl səs salaq bu dünyaya,
Sən fırçanla, mən qələmlə.
Aşıq Lətif çala "Cəngi",
Havalana "Güləşəngi".
Bir nərə çək, sonra səngi,
Sən fırçanla, mən qələmlə.
"Göl yeri"dir çıxıb başa,
"Göyrüctala" durub qoşa.
"Kirəşdi"yə et tamaşa,
Sən fırçanla, mən qələmlə.
"Qara suyun dərəsi"ni,
"Dingiləxuç" bərəsini,
Təsvir edək hərəsini,
Sən fırçanla, mən qələmlə.
Ot biçini, "Kömürxana",
Susuzluqdan yana-yana,
Qaç "Bəkirin bulağı"na,
Sən fırçanla, mən qələmlə.
Hanı "Çullu təpə" çulu?
Birgə gedək "Quzey yolu".
Seyr eləyək sağı, solu,
Sən fırçanla, mən qələmlə.
Məğrur durur "Altı ayaq",
Sıldırımdır ona dayaq.
"Soyuq bulaq"da susayaq,
Sən fırçanla, mən qələmlə.
Əlçatmazdı "Mijə yalı",
Lövbərdi "Saldaş"ın salı.
Gəl yaradaq memorialı,
Sən fırçanla, mən qələmlə.
Sən Sabirsən, mən Qəzənfər,
Vətən bizə oğul deyər,
Tökəriksı sənətdə tər,
Sən fırçanla, mən qələmlə.
MƏNİM TUNAR BALAM
Tunar nəvəmin 8 yaşı tamam oldu.
Yel qanadlı illər necə də sürətlə gəlib keçir.
Deməli ona həsr etdiyim şeirin də 8 yaşı tamam oldu...
Hər övlad payının öz dadı olur,
Oğul dadı olur, qız dadı olur.
Amma bir nəvənin yüz dadı olur,
Mənim Tunar balam, bəxtiyar balam.
Tanrıdan bəxtimin ağı gəlibdi,
Arxamın vüqarlı dağı gəlibdi,
Yaşımın babalıq çağı gəlibdi,
Mənim Tunar balam, bəxtiyar balam.
Nuray, Tural, Turan, Məryəm var olsun,
Dedim bu nəvəm də qoy Tunar olsun.
Arzumdu adına bəxtin yar olsun,
Mənim Tunar balam, bəxtiyar balam.
Vallah, nəvələrlə gözəldi dünya,
Ulu babalardan əzəldi dünya.
Gəldin, gəlişinlə düzəldi dünya,
Mənim Tunar balam, bəxtiyar balam.
Xalqıma oğulam Qəzənfərimlə,
Yaşadım ömrümü alın tərimlə.
Azərbaycan qurdum nəvələrimlə,
Mənim Tunar balam, bəxtiyar balam.
BAŞIM SƏNƏ QARIŞIB
Həm şahsan, həm vəzirsən,
Taxt-tacıma nəzirsən.
Xəyalımda gəzirsən,
Başım sənə qarışıb.
Ruhum müdam yanında,
Açılıram danında.
Yaşayıram canında,
Yaşım sənə qarışıb.
Vüsal eşq meynələri,
Həsrət qəlbin nələri?
Keçilməz zirvələri
aşım, sənə qarışıb.
Ay əsmərim, bəyazım,
Həm bürküm, həm ayazım,
Yazım, yayım, payızım,
qışım sənə qarışıb.
BƏNZƏRSİZ SƏHƏR
Zöhrə də gözəldi, Dan da gözəldi,
Səhərin bənzərsiz çağıdı indi.
Qəlbimdən keçənlər gövhərdi, ləldi,
Gələn -fikirlərin agıdı indi.
Camalın nur saçır qaranlıqlara,
Gecə yatağına çəkilər, itər.
Çöllərdə ətirli nərgiz, bənövşə,
Könlümdə vüsalın çiçəyi bitər.
Gözlərin yuxulu gözəl görünür,
Yuma əl-üzünü, yuxun duyulsun.
Qoy gəlim yanına, ay qara gözlüm,
Əlindən, üzündən öpüm, yuyulsun...
O Y A N A
Təcnis
Küsdürmüşəm, bir gəl alım könlünü,
"Bəlkə mənim yatmış bəxtim oyana".
Min naz ilə keçmə belə yanımdan,
Zülüm olmaz bu zülümdən o yana.
İlk görüşdə könlün alan o yaram,
Qopart gözün, təzələnsin o yaram.
Neştər alıb bağrım başın oyaram,
Uzaq düşsən məndən bir az o yana.
Çəkmə, gözəl, Qəzənfərə bu dağı,
Sındırmazlar çiçək açmış budağı.
İstəyinlə dağıdaram bu dağı,
Addıyaram Büsütundan o yana.
SÖZƏ
BƏLƏNƏN ŞAİR
Mərhum
şair dostum
Elbəyi Cəlaloğlunun
əziz xatirəsinə...
Dəli şimşək çaxışlı, kövrək bulud baxışlı,
Özü öz dünyasına yağan, ələnən şair.
"Şahsevəni" sədalı, qoşma, təcnis naxışlı,
Sazdan doğulan aşıq, sözə bələnən şair.
Qatı qaranlıqları aydınladan nur idin,
Könüllər açılardı sözünlə, söhbətinlə.
Susmayan vicdan idin, sınmayan qürur idin,
Nadanlar qarşısında şair dəyanətinlə.
Dindirırdi sazını mizrabın pərdə-pərdə,
Sirli barmaqlarınla simləri daranardı.
Məcnun gəzdiyi çöldə, Kərəm yandığı yerdə,
Neçə Məcnun sevdalı Kərəmlər yaranardı.
Qolu sınsın Fələyin, necə qıydı ömrünə,
Məclislər şuxlanırdı bircə şuxluğun ilə.
Ahlar, nalələr qalxdı ədalətsiz əmrinə,
Barışa bilmirdilər o gün yoxluğun ilə.
Sevənlərin gəlmişdi ən kədərli anına,
Hərə öz xəyalında bir Elbəyi tapardı.
"Mansırı" sədaları yol oldu karvanına,
Qara libaslı sarvan səni bizdən apardı.
HƏSRƏT YAĞIŞI
Yenə buludlar ağlayır
sevgimizin çəməninə.
Bilirsənmi nə bağlayır
bu yağışa çəməni, nə?
Bu yağış göz yaşımızdı,
Qəmi ağır, dərdi dərin.
Tale acı aşımızdı,
Yeməliyik şirin-şirin.
Demə -şər xeyiri yıxar,
Haqqı götür, gey, yerində.
Yağış kəsər, günəş çıxar,
Üzü gülər göylərin də.
Tanrım, bir sevinc bəxş elə,
Göylə yerin arasına.
Məlhəm kimi vüsal ələ,
Sevənlərin yarasına!
XIZI DAĞLARI
Sənət beşiyidi, ocaqdı, pirdi,
Dahilər yurdudu Xızı dağları.
Murovla, Kəpəzlə qoşadı, birdi,
Tara qardaş bilir sazı - dağları.
Soyuqda, şaxtada qar qəfəslidi,
İstidə, bürküdə qumru səslidi,
Çiçək arzuludu, gül həvəslidi,
Qışından çox sevir yazı - dağları.
Əzəldən sonanın göl sevdası var,
Leylisiz Məcnunun çöl sevdası var,
Məşuqun aşiqə kül sevdası var,
Kərəmə Əslinin nazı - dağları.
Görmüşəm, dadmışam ağrı-acımdan,
Kim deyir istədim ehtiyacımdan?
Bəxtimin həsrətdən olan tacından,
Ömür dəftərimdə yazı - dağları.
Odur Qəzənfəri gətirən dilə,
Müşfiqi qoynunda döndərən lələ.
Bəlkə milyon dəfə igidlər ilə
Boşalıb dolubdu azı, dağları.
AĞLAMA, ŞƏHİD ANASI
Bu qara daşlar qaralıb,
Ürəyində dərd yer alıb.
Bilirəm, səbrin daralıb,
Ağlama,şəhid anası!
Həmin qanlı qışın dadı,
Gözlərinin yaşındadı.
Dodağında yaşın dadı,
Ağlama, şəhid anası!
Dilində bala göynəyi,
Əlində qanlı köynəyi.
Aldı nəyi, verdi nəyi?
Ağlama, şəhid anası!
Solun düşmən, sağın düşmən,
Çəkdi bizə dağı düşmən.
Qan qusacaq yağı düşmən,
Ağlama, şəhid anası!
Ağlayırsan nə zamandı,
Göz yaşından torpaq yandı.
Qisasımız qana-qandı,
Ağlama, şəhid anası!
BOYLANA-BOYLANA
Hüseyn Cavanın və aşıq Pənahın
eyni adlı şeirinə nəzirə...
Səhər yarın küçəsindən,
Keçdim boylana-boylana.
Öz dünyamdan dünyasına,
Köçdüm boylana-boylana.
Xoş hal oldum yarasından,
Xallarının qarasından.
Gözəllərin arasından
Seçdim boylana-boylana.
Bəzəmişdi odasını,
Dedim alım qadasını.
Verdi eşqin badəsini,
İçdim boylana-boylana.
Sevdasından ad aldı can,
Həsrətindən od aldı can.
Köynəyini alovumdan,
Biçdim boylana-boylana.
Qəzənfərəm, sevgi şahı
eyləməyə kaş günahı!
Gah Hüseyni, gah Pənahı
Açdım boylana-boylana.
SALAMAT QALIN
Gəldim sevginizə bələnmək üçün,
A sevgili canlar, salamat qalın.
Yağıb ruhunuza ələnmək üçün,
Məni axtaranlar, salamat qalın.
Qönçə duyğularım gül açar bir-bir,
Rəngləri möcüzə, ləçəkləri sirr.
Qəlbləri məbədgah, ürəkləri pir,
Mehriban insanlar, salamat qalın.
Sözlərim təbimin toyu, büsatı,
Hələ açılmayan təzə-tər qatı.
Tanrıdan verilən şeiriyyatı
özütək duyanlar, salamat qalın.
Kim ölər, kim qalar,-Yaradan bilər,
Kimi götürəcək aradan, bilər.
Bir gün getməyimi sıradan bilər,
"Ay hayıf" -deyənlər, salamat qalın.
Qəzənfər, oxuna kaman olmadı,
Kef-damaq görməyə zaman olmadı.
Bəlkə son məqamda aman olmadı,
İndidən çəkim car - salamat qalın.
BU GECƏKİ YUXUM
Bu gecə yuxumda yuxu görmüşdüm,
A gözləri qaram, yanımda idin.
Sevgidən boynuna çələng hörmüşdüm,
İşvənlə, qəmzənlə canımda idin.
Köhnə evimizdə bərabər idik,
Sən təzə gəlindin, mən təzə bəydim.
Üz-üzə, göz-gözə, səra-sər idik,
Eşq dərsi öyrənən bir tələbəydim.
Çiçəyi açmışdı arzularının,
Ətrindən bihuşdu ürəklərimiz.
Bağbanına həsrət qalan barının
Dadına bələndi ümidlərimiz.
Bu yuxu nə gözəl yuxuydu, Allah,
Bilmədim, bu görüş qəfildən oldu.
Oyandım, gördüyüm yoxuydu, Allah,
Gecə keçdi getdi, qəfil dan oldu.
Səcdəyə gəlmişdin, san ki, pirindi,
Çırağı yandırdın, ocağı çatdın.
Bu gecəki yuxum elə şirindi,
Bu gecə sən mənim yuxumda yatdın.
DOĞMA, ƏZİZ ANA DİLİM
Bu gün Azərbaycan dili və əlifbası günüdür.
Sözümüz kəsərli, dilimiz şirin olsun!
Nə şirindi, nə gözəldi hər sözü,
Torpaq sözü, Vətən sözü, yar sözü.
Ürəyini açmaq üçün var sözü,
Mənim doğma, əziz ana dilimin.
Bir mücrüdür, qiymətlidir, atılmaz,
Mətah deyil, bazarlarda satılmaz.
Yer üzündə bərabəri tapılmaz,
Mənim doğma, əziz ana dilimin.
Sehrlidir keçidləri, bərəsi,
Şimşəklərin gurultusu-nərəsi.
Qanadları- buludların hərəsi,
Mənim doğma, əziz ana dilimin.
Məlhəm olur, yanar qəlbi səngidir,
Rəngi təbiətin min bir rəngidir.
Hər kəlməsi bəstələnmiş cəngidir,
Mənim doğma, əziz ana dilimin.
Dədəm Qorqud haray çəkdi, hayladı,
Ad eylədi, ərənlərə payladı.
Soyu, kökü bayatıdı, layladı,
Mənim doğma, əziz ana dilimin.
turan.info.az
.