Lalə İSMAYIL (1972)

Lalə İSMAYIL (1972)Lalə İsmayıl (Lalə Barat qızı İsmayılova) - 1972-ci il fevralın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonundakı Yuxarı Yeməzli köyündə doğulub.
Hazırda Bakı şəhərində yaşayıb-yaradır.
Azərbaycan Respublikası Təhsil Nairliyi Bakı şəhəri üzrə Təhsil idarəsinin 2 saylı Xidmət Əməliyyat Mərkəzində çalışır.

Lalə İsmayıl həm də poeziya vurğunudur.
İstedadlı şair kimi tanınır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.

Ailəlidir. Üç övladı var.

Biz də Lalə İsmayıla yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

turan.info.az



DÜNYA

Sıyrılıb, ölümün çıxıb əlindən,
Əcəldən sığındım qoynuna dünya.
Əgər keçəmməsəm bu dərd selindən,
Günahım yazılsın boynuna dünya.

Yenə nə fırlayıb, qarışdırırsan?
Gah isti, gah soyuq, alışdırırsan,
Əlini yaxamla barışdırırsan?
Yoxsa oyuncağam oynuna dünya?!

Daha bezmədinmi Dəccal doğmaqdan?
Bəd nəfis əkməkdən, bəd əl sıxmaqdan?
Ənsənə lənəti bədəl yığmaqdan,
Yaman yoğunlayıb boynun a dünya.

Durulmur suların, süzmür lilindən,
Düzəlmir nə adam, nə daş, gilindən,
Lâ'ləni düşürməz qanan dilindən,
Duzunu halal qoy ununa dünya!
21.01.2021


VAR MƏNİM

Ruhani üstündə çəkin şəklimi,
Dərdimi oxşayan bəmim var mənim.
Mizrab dodaqları toxunan kimi,
Ağlayan bir sarı simim var mənim.

Şaxta qucağında cücərib dözən,
Rüzgarlar oynadan, dolular əzən,
Fələyin nəfəsi üstündə gəzən,
Yamyaşıl biçilmiş zəmim var mənim.

Gərib sinəsini, yelkənlər açan,
Quduz dalgaların üstünə qaçan,
Coşub tufanlarda, qayalar qucan,
Fırtına qoynunda gəmim var mənim.

Tanrı sorağına boylanıb göyə,
Çıxsın iblis oğlu nəfsinə yiyə,
Dönüb haqq yoluna qayıdar deyə,
Səbr edib, dözməyə dinim var mənim.

Şimşək qanadına çaxıb dişimi,
Nifrət damağına taxıb dişimi,
Tutub qırtlağından sıxıb dişimi,
Düşmənə yağmağa kinim var mənim.

Laləyəm, gözü yaş, sinəsi dağlı,
Eşqə sədaqətli, torpağa bağlı,
İsmimi göylərə yaz Qarabağli,
Harayım yetişən ünüm var mənim.
07.03.2021


Lalə İSMAYIL (1972)AYNALANAN GÜLLÜYƏ

Ala gözlüm, aynalanma gəl belə,
Ayna baxıb, cəmalını qısqanar.
Gəl, aşiqi qana salma, gəl belə!
Gün tutular, Ay da səni tərs qanar.

Şahmar ilan, qoşa hörük yola bax,
Mərmər sinə, boğma bilək, qola bax,
Gümüş kəmər incə belə dola, bax,
Uzaq dolan bəd nəzərdən, nəs qanar.

Od baxışı yola qurdun yenə bənd,
Sözü şərbət, dodağı bal, dili qənd,
Ağ buxağa dar sarılıb sinəbənd,
Xumarlanıb, sinən üstə yaslanar.

Nökərinəm, bu sevgidə sən ağa,
Zülm eyləmə Tanrı yazan qonağa,
Həsrətindən çat - çat olmuş dodağa,
Versən əgər bircə busə, islanar.


AYRILIR

Nə vermişdin, nə də alım,
Ruhuma dustaq olanım,
Cismimi tərk edib canım,
Qopub, sol yandan ayrılır.

Bülbül nalə çəkib gedir,
İzində qəm əkib gedir,
Fələk qəddin büküb, gedir
Gül xiyabandan ayrılır.

Sevgi həsrət salır, niyə?
Yarı yolda qalır, niyə?
Məcnun Leyli deyə-deyə ,
Çöl-biyabandan ayrılır.

Dünya sirlə dolu saray,
Buludlardan qopur haray,
Göy səmada dolanıb Ay,
Süb çağı dandan ayrılır.

Nakam qalsa ömür yarı,
Olmaz çarə dünya varı,
Üzü yaradana sarı,
Lalə cahandan ayrılır.


DURNALAR

(Qardaşım İsmayıl Barat oğlu İsmayılov ilə birgə
Yeddi İtgin Şəhid Polisimizin Əziz Xatirəsinə)


Çözülüb sərt buzlar, dənərlənib qar,
Qalıbdır geridə ayaz, durnalar.
Taptayın yolları, bitsin intizar,
Dönün Yeddi Qardaş bəyaz durnalar.

Tez oyat, gecənin yuxusunu böl,
Aynadır dağlara üzdüyünüz göl,
Endiyiniz çaylar, gəzdiyiniz çöl,
Dəyişib libasın bu yaz durnalar.

Ruhumu bələyib mavili ağa,
Bükərlər cismimi yaşıl yarpağa,
Qoyarlar qanınız düşən torpağa,
Qazarlar qəbrimi dayaz durnalar.

Laləyəm, bağrı qan Vətən gülürəm,
Haqqın carçısıyam, ötən diliyəm,
Düşünmə acizəm, sanma ölüyəm,
Canımdır həm nəzir, niyaz, durnalar.
04.11.2020

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: