Rüxsarə Adil: "NİZAMİ İLİ"

Rüxsarə Adil: "NİZAMİ İLİ" Rüxsarə Adilqızı – Qərbi Azərbaycanın Çəmbərəkənd (Krasnoselo) rayonunun Qaraqaya kəndində anadan olub, həmin rayonun Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbini bitirib.
1987-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib və əmək fəaliyyətinə başlayıb.
1996-cı ildə biologiya elmləri uzrə fəlsəfə doktoru,
2005-ci ildə isə dosent elmi adına layiq görülüb.
Hazırda Bakı Dövlət Universitetinin dosenti vəzifəsndə çalışır.

“Yollar məni yurda apar”“Vətən adlı sevgilim” şeir kitablarının müəllifidir. Şeiləri “Haqqa dayaq olmaq üçün birləşək” kitabında, müxtəlif mətbuat orqanlarında dərc olunub və bir neçə şeirinə mahnı bəstələnib.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İçşiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” Media Mükafatı ilə təltif olunub.
Azərbaycan Respublikası”Təhsil” Mərkəzinin “Elm və Təhsil” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “Abdulla Şaiq” mükafatı ilə, “XXI əsrin Ziyalıları” Cəmiyyətinin “Şərqin səsi” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “XXI Əsrin ziyalısı” fəxri adına layiq görülüb.

Biz də Rüxsarə Xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

turan.info.az



NİZAMİ İLİ

Nizami Gəncəvinin 880 illik yubileyinə


Millətimin qürur yeri, məncə də,
Sönməz bir Günəş tək doğdu Gəncədə,
Balaca İlyasım - ulu Nizami,
Adına yaraşıq oldu Gəncə də!

Xariqə yaratdı Nizami irsi,
Şeir dünyasının nadir incisi,
Dövrün sınağını yarıb keçərək,
Şeir-qəzəl rəmzi, həm birincisi!

Odur, hər kəlməyə qanadlar taxan,
Dünyaya, cahana sevgiylə baxan,
Zəhmət, insanlığa təriflər deyib,
Qanmazı, haqsızı yandırıb yaxan!

Kamalı insana dost, arxa sayan,
Ağlın qüdrətini dünyaya yayan,
İnci kəlmələrdən saray toxuyub,
Uzunçu olmağa sədd, sərhəd qoyan!

Odur, naxələfə sirrin verməyən,
Gecənin yanında gündüz görməyən,
Dilin qüdrətiylə, sözün gücüylə,
Məhəbbət artıran, nifrəti əyən!

Nizami qüdrəti Xəmsə yaratdı,
Şeir xəzinəsi zirvəyə çatdı,
Əsrlər, qərinələr ötsə də belə,
Sənət şahlığında daim yaşatdı!

Sənət  dünyasında olmaz ərazi,
Ondan bəhrələnmiş Hafiz Şirazi,
Neçə milyonlardan Mövlana kimi,
Cəlaləddin Rumi, Sədi Şirazi!

Gərəkdir, hamımız Nizami kimi,
Əyək şəri, olaq haqqın hakimi,
Bütün tikanları gülə dəyişək,
İlimiz adlanıb, "Nizami ili"!


ŞAİR ÖLƏRMİ

Qığılcımı şimşəkdən,
Dolanmağı küləkdən,
Yaratmağı fələkdən,
Alan şair, ölərmi?

Qərinələr keçsə də,
Bu dünyadan köçsə də,
Ruhu bizlərdə, səndə,
Qalan şair, ölərmi?

Şam edib ömrü-günü,
Şəkib elin yükünü,
Könüllərdə mülkünü,
Salan şair, ölərmi?

Ruhu gəzər sətirdə,
Könül alan ətirdə,
Simlərdə pərdə-pərdə,
Olan şair, ölərmi?

Əyib dar ağacını,
Udub ağrı-acını,
Bacarmasa, saçını
Yolan şair, ölərmi?

Nizamidən bu yana,
Külliyyatı qalana,
Nəzər salaq yan-yana,
Yalan, şair ölərmi?


ŞEİRLƏR

Ürəkdən süzülən, inci şeirlər,
Dillərə düşərək, gəzəsən gərək,
Sevinc, təsəllini sözlə deyirlər,
Könülləri oxşa, qəlbə sığal çək!

Kimini ucaldan, kimini yıxan,
Duyana, bilənə həyat güzgüsü,
Hərdən, kimliyi tək önünə çıxan,
Qayəsi, əməli, izi, cizgisi.

Həsrətin yanğısı, Şəhid laylası,
Ürəklər dağlayan, üzən şeirlər,
Sevinci paylayan ümman dalğası,
Eşqin göylərində süzən şeirlər!

Arifə işarə, qanmaza xəncər,
İlahi qüdrətli kəlam, şeirlər,
Hər sözü yerində işlənsə əgər,
Düşməni çevirib, yaxın dost eylər!


ADİL ATAM

Günəş kimi əziz atam,
Qəlbi aydan təmiz atam,
Geniş ümman, dəniz atam
Ümmanına qurban olum!

Evimizə sən çıraqsan,
Qəlbimizə od-ocaqsan,
Sən vüqarlı uca dağsan
Vüqarına qurban olum!

Baxmayaraq coxa-aza,
Nə lazımsa, hansımıza,
Qanad gərdin hamımıza,
Qanadına qurban olum!

Sinəmdəki ürək atam,
Polad kimi kövrək atam
El-obama kömək atam
Ad-sanına qurban olum!

Sən düşmənə əyilmədin,
Qorxu nədir, yox bilmədin,
Allah! Deyib sinə gərdin,
Allahına qurban olum!

Ey möhtərəm, Adil atam,
Məsləhətli, aqil atam
Həyat dərsli, kamil atam
Həyatına qurban olum!

Mehribansan, həm də mətin,
Qayğılardan sən bezmədin,
Rüxsarəni heç üzmədin,
Ay canına qurban olum!


ÖYÜDDƏN ANLAMAZ BAŞI BOŞ BƏDƏN

Qorxmadım acizə zülm edənlərdən,
Həmişə mən haqqın dayağı oldum,
İtin hücumuna baş qoşmadım mən,
Həddini aşanda, çomağı oldum.

Dərdə həmdəm olub, eyiblər örtdüm,
Bununla fəlakət, alovlar söndü,
Könüllər oxşayan bülbül tək ötdüm,
Çətində pələngə, aslana döndüm.

Kamillər axtardım həmsöhbət kimi,
Özümü taparaq bütövləşdim mən,
Zehniyyət odunda əritdim kini,
Ruhum uzaq oldu nifrətdən, şərdən.

Cahillə, qanmazla uğraşmaq hədər,
Boşuna itirdim vaxtımı bəzən,
Kütbeyin burnunun ucunu görər,
Öyüddən anlamaz başı boş bədən.


HALINA YAZIQ

Ey axmağa tabe olan ağıllı,
Sənin kamalına, ağlına yazıq...
Gündə neçə dəfə ölüb-dirildin?
Yetişmədən düşən kalına, yazıq.

Ağıl üsyan edib, hey didər səni,
Əmr edib əyərlər, düz düşüncəni,
Etdiyin yanlışlar üşüdər səni,
İsidə bilməyən şalına, yazıq.

Doğrunu desən də, sözün keşməsə,
Yanlışlar, doğrunun yolunu kəssə,
Əlacsız qalaraq, hey əsə-əsə,
Tərsinə fırlanan valına, yazıq.

Bu tale yuvarlar dərəyə səni,
Çevirər, bir yazıq fərəyə səni,
Beləcə salaraq, tələyə səni,
Sonda ləkələnən alnına, yazıq.

Səxavətli olsa, xəsisə möhtac,
Qüvvətli, gücsüzdən gözləsə əlac,
Allahım, bunlara Sən özün yol aç,
Açmasan, bəndənin halına yazıq...


NƏ ANLAMI VAR

Kədərə yüklənmə, gülməyi bacar,
Demirəm, arsız ol, amma arzular,
Zülmətdən işığa Sənə yol açar,
Bayquş tək ötməyin, nə anlamı var?

Çalış, bu dünyada bir izin qalsın,
Bacarsan, dəyərli ad, sözün qalsın,
Çox yemə, dalınca qoy, gözün qalsın,
Tıxıb da köpməyin, nə anlamı var?

Özgə kölgəsində yatma, amandı,
Bununla öyünmək daha yamandı,
Neçəsi nəfsinin oduna yandı,
Dabanlar öpməyin, nə anlamı var?

Xoş olar, sevincim sevincin bilsən,
Dosta şərik olub, ürəkdən gülsən,
Paxıllıq eyləyib, içindən ölsən,
Yaşarkən ölməyin, nə anlamı var?


Sən əyİlmə, sınma könül!

Arxasız haqqı görəndə,
Sən əyilmə, sınma könü l!
Haqlı nahaqqı görəndə,
Sən əyilmə, sınma könül!

Məddahlığın üzü belə,
Gecəsi, gündüzü belə,
Yaltaqları görüb elə,
Sən əyilmə, sınma könül!

Şan-şöhrətin zirvəsinə,
Qalxanlar var sinə-sinə,
Məhəl qoyma beləsinə
Sən əyilmə, sınma könül!

Məqsədini qüllə seçib,
Dost başını pillə seçib,
Şər-böhtanı güllə seçib,
Sən əyilmə, sınma könül!

Doğru qalıb, çöl düzündə,
Yeri yoxdur, düz sözün də,
Yalan uçur göy üzündə,
Sən əyilmə, sınma könül!

Dünyamızda, haqsız nadan,
Haray salır utanmadan,
Halal seçilmir haramdan,
Sən əyilmə, sınma könül!


SEVİNC PAYI

Sevinəndə bölüşərlər sevinci,
Sevinc payı, kimlərəsə qəm olar,
Nanəciblər, dönüb şərlər sevinci,
Sızlayarlar, yuxuları kəm olar.

Dost sevinər, fərəhlənib şad olar,
Pay götürüb o, sevincdən özünə,
Ürəyinə könülaçan söz dolar,
Dodaq gülər, işıq gələr gözünə!

Sevinc bunu bir imtahan sayırdı,
Xəlbirlədi, yelə verdi boşunu,
Çalxaladı, yağı şordan ayırdı,
Təmizlədi zibilini, daşını.


UYĞURUMUN HARAYI

Doğu Türküstanım yaralı yerim,
Dərdi böyük, gözü yaşlı məmləkət,
Yurd yuvası talan olan ellərim,
Türkün şahlığına az qalır, əlbət!

Neçə ildir göz yaşı sel tək gedir,
Oğurlanan uyğurlarım ünvansız,
"Çin zülümü" insanlığa görk edir,
Körpələri "çinləşdirir" imansız.

Bu zülümlər Türkçülüyə qalx deyir,
Suçluları Yer üzündən təmizlə,
Birləş deyir, Haqq işinə bax, deyir,
Kiçik qollar, çay birləşsin dənizlə!!!

Yalnız onda Türkün səsi duyular,
Gözlər görər, kar qulaqlar eşidər,
Ədalətin, Haqqın himi qoyular,
Dünya gülər, xeyir bitər, şər itər!


QAŞQAYI TÜRKÜM

Türküstanım parça-parça bölünüb,
Coğrafi ərazi ayırmaz bizi,
Harda olsaq, Türk soyuyla öyünüb,
Qoruyub saxladıq öz dilimizi.

Türk birliyi qorxu xofu yaradıb,
Yad toxumlar əkilibdi araya,
Aramıza çəpər çəkib, sədd atıb,
Məqsəd birdir, - yetisməyək haraya!

Böyük Türküm neçə qola ayrılıb,
Yüz fitnə-fel ilə ayrı düşüblər,
Çindən Avropaya bir kəmər salıb,
Neçə dövlət, neçə oba düzüblər.

Qaşqayı türkümün şirin ləhçəsi,
Lay-lay deyir İsvahandan Əhvaza,
Yad bayraq altında titrəyir səsi,
Qardaş məhəbbəti çatsın Şiraza!

Dilimiz bir, bir millətik, qardaşım,
Əlifbanın fərqliliyi, siyasət!
Turanacan öləzıməz savaşım,
Güc birlikdə, bərpa olar ədalət!

Xoş ləhcəniz çox doğmadır bizlərə,
Əzizləyib, qulaq asdım on kərə,
Yol üstündə, salam!- deyin, Əhərə,
Təbrizimdə, Ərdəbildə türklərə!

* * *

VƏTƏN ADLI SEVGİLİM

Dəyişilib öz ünvanın, öz adın,
Tapdağında əzildinmi, sən yadın,
Haray çəkdim, sənə çatsın fəryadım,
Şirin dilli, xoş ləhcəli ay elim,
Sən ey, mənim Vətən adlı sevgilim?!

Uca dağlar çəndən yaşmaq geyibmi,
El niskili vüqarını əyibmi,
Uzun həsrət xatirinə dəyibmi,
Yaralarım, ay qübarım, nisgilim,
Sən ey, mənim Vətən adlı sevgilim?!

Tərsə çayı məcrasından çıxırmı,
Çağlayırmı, susqundumu, fağırmı,
Quraqlıqdı, yağış, dolu yağırmı,
Necə keçir fəsillərin, hər ilin,
Sən ey, mənim Vətən adlı sevgilim?!

Zaman-zaman sən hərraca qoyuldun,
Zalımlara şikar oldun, ov oldun,
Oba-oba, oymaq-oymaq oyuldun,
Daş-torpağın yerindəmi, de bilim,
Sən ey, mənim Vətən adlı sevgilim?!

Söylə mənə, nərgiz gülün açırmı,
Bənövşələr yad baxışdan qaçırmı,
Ah-naləsi dərə-təpə aşırmi,
Gül həsrətli, yanıq səsli bülbülün,
Sən ey, mənim Vətən adlı sevgilim?!

Şahə qalxın, tər çiçəyim, tər gülüm,
Tikan olub, hər birininz bir zülüm,
Yada qarşı, bir ox olub düzülün,
Bağ-bostanım, qızıl-sarı sünbülüm,
Sən ey, mənim Vətən adlı sevgilim!!

Mən əminəm, qalib gəlib düşmənə,
Ellik ilə dönəcəyik biz sənə,
Amin! - deyib, səsimə səs versənə,
Dualarım, “Amin!” – söyləyən dilim,
Sən ey, mənim Vətən adlı sevgilim!


Rüxsarə Adil: "NİZAMİ İLİ" ŞAİR KİMDİR

Şair bir rəssamdır, fırçası qələm,
Gözlə görünməyən rəng çalarları,
Şairin könlünə süzülüb gələn,
Rənglərin səsidir, yazır onları.

Şair müəllimdir, şeirləriylə,
Qaranlıq qəlblərə nur, işıq saçar,
Sərrast kəlamlarla, xeyir-şəriylə,
Anladıb "Bəsirət" gözünü açar.

Şair bir həkimdir, sağaldar ruhu,
Şeir sevməyənlər ruhdan əlildir,
Nəzmlə göndərmiş Quranı, Nuhu,
Ona küfr eyləyən qəlbən zəlildir.

Şair bir hakimdir, hökmü qərəzsiz,
Həqiqət, ədalət onun şüarı,
Doğru yol seçməkdə rolu əvəzsiz,
Haqdan gəlir, yönəldər Haqqa sarı.

Şair Yaradanın "Seçilmişlər"i,
Poetik ruhunun daşıyıcısı,
Haqdan verilibdir, qüdrət, hünəri,
Qəlbinə dəyənin bitməz acısı.

Ehtiyac duyanın könül sirdaşı,
Ağlayan gözlərin yaşı şairlər,
Sevən ürəklərin eşqi, sevdası,
Vətənin çınqılı, daşı şairlər!


BİRCƏ SUSMA AMANDI

Dinməyirsən, nədən sən,
Söylə, görüm necəsən?
Danış mənə, özündən,
Söhbətindən, sözündən...
Əlindəki işindən,
Dünyanın gərdişindən...
Havadan, sudan danış,
Necədilər, dost-tanış?
Bircə susma amandı,
İndi, ayrı zamandı,
Bu qədər susdun, yetər,
Susqunluq dərddən betər!

- Nə danışım, axı mən,
Vətən keçir, könlümdən,
Dərdim, kədərim çoxdu,
Çarə tapanı yoxdur...
Vətən, el harayında,
Dəyirman öz hayında,
Kirkirə baş aparır,
Dinən dili qoparır...
Yalan, doğrudan üstün,
İtiririk günbəgün,
Qəbirlər “əsir” düşüb,
Ruhları bizdən küsüb...
Deyiləm mən, daş, dəmir,
Axı, ömür gözləmir,
Səbr çatıb son həddə,
Hücum çəkək sərhəddə!

Nə deyim, boş-boşuna,
Zəhər qatıb aşıma,
Düşmən çıxsın qarşıma,
Daş ələyim başına!
Dərə keçim, dağ aşım,
Vətənlə qucaqlaşım,
El-obama qarışım,
Sonra dinim, danışım!


HARDASAN

Cismim mənlə olur, ruhum sizinlə,
Göz açdığım oylaqlarım, hardasan?
Barı məni eşit, bir məni dinlə,
Gül-çiçəkli, yaylaqlarım, hardasan?

Şirin səsin qulağımda zümzümə,
Xoş nəfəsin hey toxunur üzümə,
Bir baxışın məlhəm olar gözümə,
Mavi gözlü bulaqlarım, hardasan?

“Taylı tayın”, su çuxurun taparmış,
Nədən tale məni kökdən qoparmış,
Dağ çiçəyin şoranlığa aparmış,
Qəribsəyən, a dağlarım, hardasan?

Yandı könül, harayıma gəlmədiz,
Keçir ömür, sizsiz necə, bilmədiz,
Bəlkə, siz də bir ürəkdən gülmədiz,
Qonşularım, qonaqlarım, hardasan?

Sərrast atan bir ovçuya ov oldum,
Həsrətindən oyum-oyum oyuldum,
Mən özümü ovutmaqdan yoruldum,
Elim-obam, o çağlarım, hardasan?


DAĞIN QABAĞINDA KİM DURA BİLƏR

Bu gecə yuxuma gəlmişdi dağlar,
Köksündə ətirli cicəkləriylə,
İşvəli, tər qöncə acan budaqlar,
Mənə sığal cəkdi ləcəkləriylə.

Zirvəsində qarı, döşündə çəni,
Secə bilim deyə, Ay gətirmişdi,
Cəmənindən dərib nazlı süsəni,
Üstundə bülbülü pay gətirmişdi.

Şır-şır bulaqlardan axan şərbəti,
Lilpar yarpağına süzüb gəlmişdi,
Min bir dərdə dərman, bütün sərvəti,
Şəfalı otlardan üzüb gəlmişdi.

Həsrətdən göz yaşım sel tək ələndi,
“Dağ da yeriyərmiş...”- bu “tutdu” məni
Atılıb qoynuna, şehə bələndim,
Köksünə sıxaraq, ovutdu məni.

Dağa ayan olub kədərim, qəmim,
Qovuşmaq istəyim, “tökülən dillər” ,
Özü görüşümə gəlibdi, mənim,
Dağın qabağında, kim dura bilər?


ŞƏHİDLƏR

Unutmaq olarmı heç Şəhidləri,
Bayrağımda qanı, Cənnətdə yeri,
Millət iftixarı, ərəni, əri,
Şərəfidir yerin, göyün Şəhidlər!

Ölümün gözünə dik baxıb onlar,
Düşməni silahsız, əllə boğublar,
Özü gənc, biləyi aslan oğullar,
Qürurudur kökün, soyun Şəhidlər!

Adı busə olub dodağa qonar,
Ruhu qartal kimi dağı dolanar,
Bir Şəhid əvəzi mini doğular,
Yenidən yaranar, o gün Şəhidlər!

Əməli gözdə yaş, ürəkdə qürur,
Məqamı ucadır, zirvədə durur,
Eşidib ruhları tapacaq hüzur!
-"Azaddır dağların, düzün, Şəhidlər!"

Neçə arzuları ürəkdə qalan,
Neçə könüllərə alov, od salan,
Şəhadəti doğru, ölümü yalan,
Əbədi yaşarlar bütün Şəhidlər!


KAMİL OLAN ADAMLA

Aqillər məclisi bir ortam ola,
Sözün qüdrətinə ehtiram ola,
Yanlış həqiqətə, düzə ram ola,
Söz mülkünə hərə ata bir damla,
Xoşdur mənə, Kamil olan adamla!

Ağa ağ söylənə, qaraya qara,
Qərəzi dilindən çəkələr dara,
Qartal tay olmaya bayquşa, sara,
İşim yox, dilbilməz, əyri, nadanla,
Xoşdur mənə, Kamil olan adamla!

Bülbül mehman ola çiçəyə, gülə,
Çiçəklərdən "vüsal balı" süzülə,
Nəzakətlə, incə, zərif söz ilə,
Səhvim olsa, öyrət mənə, ya danla,
Xoşdur mənə, Kamil olan adamla!


ŞƏHİD ÇİÇƏK

Ala gözlər, gözəl əl,
Sual verdim: Ay gözəl,
Doğrusunu söylə sən,
Bu gül gözəl, sən gözəl?

Anam xəfifcə güldü,
Üzündən nur töküldü,
Ürəyimə tuşlanan,
Qaş, yay kimi çəkildi.

Sonra gülü götürdü,
Sığalladı, üfürdü,
Gülün ləçəklərindən,
O, arabir öpürdü.

Qıyqacı baxıb mənə,
Dedi: Özün desənə,
Sən kənardan baxırsan,
İnanıram mən sənə.

Qəfləti sual oldu,
Çox qəribə hal oldu,
Anamın öpüşündən,
Gül də, halbahal oldu.

Gül bəzədi göz, əli,
Qısqanaraq gözəli,
Söylə, hansımız gözəl?-
Bərəlmişdi gözləri.

Qorxdum xətrinə dəyə,
Çiçək küsə, inciyə,
Öz ananın xətrinə
Niyə qopardın?- deyə.

Köksümün çırpıntısı,
Yarpağın pıçıltısı,
Bir-birinə qarışdı,
Xəzəlin xışıltısı.

Cavab verə bilmədim,
Çiyin çəkdim, dinmədim,
Yoxsa, o tər çiçəyi,
Üzdüm günah eylədim?

Külək tufan eylədi,
Əsdi, fəqan eylədi,
Tər üzülən çiçəyi,
O, yarıcan eylədi.

Ləçəklər ucdan yandı,
Boynun büküb, sallandı,
Bunu görüb anamın,
Gül çöhrəsi allandı:

-“Məst olmuşdum ətrinə,
Solan gülün ətri nə?
Bir də çiçəyi üzmə,
Bir kimsənin xətriinə!”

Bu olay məni üzdü,
Mənlə dolandı, gəzdi,
O, kimsəni xətrinə,
Bacardıqca dəyməzdi…

Vuruldum gündən-günə,
Onun böyüklüyünə,
Çiçək qurban getmişdi,
Bir xəfif gülüşünə.

İndi onun qəbrinə,
Tər çiçəklər düz, yenə!
Qoy çiçəklər yüksəlsin,
Şəhidlik zirvəsinə!


OĞULLARIMA

Tanrının payına şükürlər olsun!
Pərvin bir gözümdü, Elvin bir gözüm,
Bu qoşa ulduzu Allah qorusun,
Onları daima parlayan ğörüm!

Ey məni həyata bağlayanlarım,
Mən bir ümmanam ki, dibi bilinməz,
Mənə qulaq asın, qadanız alım,
Böyüyün sözündən ziyan çəkilməz.

Siz mənim qəlbimin bir parçasısız,
Sizinlə baxıram bu dünyaya mən,
İstərəm həmişə uca olasız,
Hamı ibrət ala, dərs ala sizdən!

Bu həyat gur sulu bir dağ çayıdır,
Çırpır, döyəcləyir sıldırımları,
Əyrini-üyrünü kökdən ayırır,
Dağıdır, düzəldir ildırımvarı.

İnsan da fərqlidir, yaxşı, pisi var,
Ağıllı, tədbirli, kamil olanlar
Yaxşıyla dost olar, yaxşını tapar,
Minüzlü əyridən uzaq olarlar.

Düz olun həyatda, düzlük əyilməz,
Açıq gözlə baxın, bu dünyaya siz,
Elmli olanlar aldana bilməz
Odur ki, hər elmi öyrənməlisiz.

Əyilsəz, əyrilər sizdə “yurd” salar,
Təmiz adınıza ləkələr dəyər,
Əyrilər sürüşər, yeri qurd salar,
O qurdlar, sizləri içindən yeyər.

Heç kəsi qoymayın aldada sizi,
Şirin dilə, hər sifətə uymayın,
Min kərə sınayın dostlarınızı,
Nadürüstün əl-üzünü yumayın!

Meşşanlardan uzaq durun amandı,
Namusu, qeyrəti olmur onların,
Düşüncəsi dayaz, sözü yalandı,
Gedin arxasınca dürüst olanın!

Danışanda ağzınızdan dürr axsın,
Adınıza yaraşdırın sözləri,
Ətrafdakı dinləyənlər qoy baxsın,
Qınamasın, tərifləsin sizləri.

Dərindən öyrənin sevdiyinizi,
Yoldan ötən hər gözəli almayın,
Təmiz məhəbbətlə sevsinlər sizi,
Sizlər də diqqətsiz, laqeyd olmayın.

Baxın, elə seçin, sevin onları,
Qardaşına bacı, bizə qız olsun,
Mən də qızım kimi sevim onları,
Anatək sevsinlər, sözü düz olsun!

Həm də xoş siması sizə yaraşsın,
Böyüyün-kiçiyin yerini bilsin,
Həmişəlik ulduzunuz barışsın,
Bizə dəyər versin, sevinc gətirsin.

Mehriban, gülərüz, şirindil olsun,
Dindirəndə dodağından bal axsın,
Sizinçün ətirli, solmaz gül olsun,
Ədəbi-ərkanı sizə yaraşsın.

Oğullarım, biz köküksə, ağacsız,
Yarpaqlı, çiçəkli cavan budaqsız,
Qoy olmasın, çiçək barsız, şah tacsız,
Rüxsarəyçün hərəniz bir ocaqsız!


QARĞA GÜLƏ, BÜLBÜL ÇÖPƏ ALIŞMAZ

Hər kəs fitrətinə uyğun adamla,
Özünə layiqli yerə tələsir,
Bəzisi sadəcə yaşayır, amma,
Qüruru gödənə olubdu əsir...

Kiminin öz yükü, özünə bəlli,
Gözündəki tiri görsə də belə,
Təkəbbür qoymur ki, tapıla həlli,
Dəni yelə verir, torpağı selə...

Qəflətdə uyuyan bir başqasında,
Beyin oyaq qədər çalışa bilməz,
Çalışsaq, nə qarğa gül baxçasına,
Bülbül zibilliyə alışa bilməz!

Kamil insan seçər, doğru hədəfi,
Bəsirət gözünü heç zaman yummaz,
Daha üstün tutar qürur, şərəfi,
Haqqa üz çevirib, nahaqqa cummaz!


GÜLÜMSƏ MƏNƏ

Sənsiz ayım doğmaz, günəşim çıxmaz,
Barı, bircə dəfə gülümsə mənə,
Qaranlıq gecədən səhər açılmaz,
Barı, bircə dəfə gülümsə mənə.

Gəl ötmə yanımdan səssiz, ahəstə,
Ürək tez barışar sevilən kəsdə,
Yoxsa cəlladımsan, durmusan qəsdə?
Barı, bircə dəfə gülümsə mənə.

Alışan gözlərin odu sönübdür,
Qaşların gərilib, oxa dönübdür,
Bütöv ürəyimi iki bölübdür,
Barı, bircə dəfə gülümsə mənə.

Dodaq düymələnib, dil qıfıllanıb,
O lalə yanaqlar düşüb, sallanıb,
Səsimi qulağın, yad səsi sanıb?
Barı,bircə dəfə gülümsə mənə.

Sənin gülüşünü şəfa bilərəm,
Kədərini soğub, qəmin silərəm,
Ay ürkək baxışlım, gülsən gülərəm,
Barı, bircə dəfə gülümsə mənə.

ZİM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: