HAVA NƏSİBOVA (1964)

HAVA NƏSİBOVA (1964) Hava İsrayıl qızı Nəsibova - 23 yanvar 1964-cü ildə Qazax rayonun Orta Salahlı kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib, halal çörəklə böyüyüb boya-başa çatıb.
Atası İsrayıl Məmməd oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub. Anası Baxçagül Hüseyn qızı üzümçülük sovxozunda fəhlə işləyib. Ailədə 4 qardaş, 3 bacı olublar. (Qardaşı Çərkəz 60 yaşında bu günlərdə dünyasını dəyişib haqqa qovuşdu. Allah rəhmət eləsin).
Hava İsrayıl qızı 1971-ci ildə doğma Orta Salahlı kəndikdəki orta məktəbinin birinci sinfinə gedib, 1981-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 1982-1983-cü illərdə Gəncədə rabitəçi ixtisasına yiyələnib. 1984-1993-cü illərdə Bakı “Elektromaş” zavodunda avtomobil mühərriklərinin yığılması sexində çalışıb. 1994-cü ildən 2009-cu ilədək Səbail rayonunda yerləşən bir saylı rabitə idarəsində rabitəçi işləyib. 2010-2014-cü illərdə Xocahəsən bələdiyəsində çalışıb. Hazırda Milli Onkoloji Mərkəzdə işləyir.
1983-cü ildə ailə həyatı qurub, Əfsanə, Rəşad adlı iki övladı, Leyla, Nihad, Damla, İsmayıl adlı dörd nəvəsi var.
Hava xanım hələ gənclik illərindən həm də bədii yaradıcılıqla da məşqul olur. Amma təvazökarlıq edib, çap olunmağa maraq göstərməyib. Şeirləri son illərdə “Zirvə” və “Şah dağı” poeziya antologiyalarında, turan.info.az, Zirve.info saytlarında, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində dərc olunub.
Biz də saz-söz adamı kimi tanınan Hava xanıma yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

İlyas Əfəndi VƏFALI,
Şair-publisist
turan.info.az



Qazaxdadır

A dostum, tanışım gəlin söyləyim,
Şairlər diyarı bil Qazaxdadır.
Vurğunun vətəni, Vaqifin eli,
Gəzməli səfası bil Qazaxdadır.

Çıx bir Göyəzənə, veriynən bir ad,
Düş Damcılıya bulağından dad.
Kürün sahilində xəyala dal, yat,
Görməli yerlər bil Qazaxdadır.

Saymaqla doymaram mən sirlərindən,
Vətənpərvər olan igidlərindən.
Vurğunun qədrini bilənlərindən,
İgidlər diyarı bil Qazaxdadır.

Hava, şəlaləsi, dağı, çəməni,
Laləsi, nərgizi həm yasəməni.
Təbiət qoynuna alaçaq səni,
Vurğunun nəfəsi bil Qazaxdadır.


Şəfalıdır əlin sənin

Əllərindən öpürəm mən,
Görüm səni gülərüz, şən.
Nə yaxşı ki, varmışsan sən
Şəfalıdır əlin sənin.

Övladların dər barını,
Sevindir sən dost-yarını.
Gördüm sənin ilqarını,
Şəfalıdır əlin sənin.

Səriyyədir sənin adın,
Dayağısan dostun-yadın.
Nə xoşbəxtdir səntək qadın,
Şəfalıdır əlin sənin.

Ömür sürün xoşbəxt və şən,
Bağın-bağçan olsun gülşən.
Fəxr edirəm səninlə mən,
Şəfalıdır əlin sənin.

Sən Havaya çəkdin zəhmət,
Bəsləyirəm sənə rəğbət.
Baş tacımsan mənim əlbət,
Şəfalıdır əlin sənin.


Qardaş itirdim

Ay ellər siz mənə təsəlli verin,
Bu gün dağdan ağır qardaş itirdim.
Çaxnaşıbdı göyüm, titrəyir yerim,
Bu gün dağdan ağır qardaş itirdim.

Orta Salahlıdan gəldi bəd xəbər,
Özümü itirdim mən səhər-səhər.
Axır göz yaşlarım, boğur qəm-qəhər,
Bu gün dağdan ağır qardaş itirdim.

Ayrıldı köç etdi canımın canı,
Məni tərk elədi qanımın qanı.
O idi nəslimin sultanı, xanı,
Bu gün dağdan ağır qardaş itirdim.

Ağlayır-sızlayır, hıçqırır Hava,
Qardaş-qardaş deyə qışqırır Hava.
Bacın ölsün deyə çıldırır Hava,
Bu gün dağdan ağır qardaş itirdim.


Məni elə sev ki...

Mən elə güləm ki, qoxumdan yoxdu,
Görkəmim, baxışım, duruşum şuxdu.
Mənə aşiq olan bülbüllər çoxdu,
Məni elə sev ki, könlümü verim.

Cənnət qoxusudu qoxum, nəfəsim,
Hər güldən gözələm bu mənim bəsim.
Sevib-sevilməkdi eşqim-həvəsim,
Məni elə sev ki, könlümü verim.

Məni sevmək üçün ürək gərəkdi,
Gördüyün bu Hava, vallah, mələkdi.
O cənnət bağında tər bir çiçəkdi,
Məni elə sev ki, könlümü verim,
Olum ömür boyu mən sənin pərin.


Dilə gəldi

Oxudum nəğməni mən səhər-səhər,
Kökləndi sinəmdə saz dilə gəldi.
Mən günəşdən, aydan aldim ruhumu,
Kökləndi sinəmdə saz dilə gəldi.

Xəyal dogma yurdu gəzdi dolaşdı,
Hara ayaq basdım mənə qol açdı.
Sevincdən ilhamım göylərdə uçdu
Kökləndi sinəmdə saz dilə gəldi.

Oxşadı könlümü yamyaşıl orman,
Ömürlük o yerdə olasan mehman,
Ay Hava, bu yerdən doyarmi insan
Kökləndi sinəmdə saz dilə gəldi.


Qocalmazdım...

Qocalmazdım dərdin-qəmin əlindən,
Qəmə saldı məni fələk qocaldım.
Başım üstən nələr etdi bilmədim,
Qurdu yollarıma kələk qocaldım.

Həsrətimdən düyünlüyəm, dağlıyam,
Ömrüm boyu, ata, sənə bağlıyam.
İnsafdımı qan-yaş tökəm, ağlıyam,
Ürəyimdə arzu-dilək qocaldım.

Mən Havayam sözüm sona yetirdim,
Baxçamda min həsrət gülü bitirdim.
Anam Bağçagülü vaxtsız itirdim,
Əsdi başım üstdən külək qocaldım.


Sənin

Bağçamızdan gül dərmişəm,
Qoy saçına düzüm sənin.
Həsrətinlə yol gözlədim,
Pərvanənəm özüm sənin.

Gül ətirli nəfəsinlə,
Xoş arzuyla, həvəsinlə.
Danışanda beləsinlə,
Əzabına dözüm sənin.

Gücüm yoxdur, qadan alım,
Yar meylimi sənə salım.
Ətrafında özüm olum,
Axşam-sabah, gülüm, sənin.

Dağ döşündə çiçək dərən,
Sevincimə bəzək verən.
Hava ilə bəhsə girən,
Əlindəki sazam sənin.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: