HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT ƏROĞLU (1966)

HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT ƏROĞLU (1966) ƏDALƏT ƏROĞLU
AYB və AJB-nin üzvü,
hüquqşünas-şair

(1966)


Ədalət Əroğlu (Ədalət İzzət oğlu Qafarov) - 16 aprel 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 1973-1983-cü illərdə doğulduğu kənddəki orta məktəbdə təhsil alıb. Sonra təhsilini Sumqayıt şəhərindəki 44 nömrəli Texniki Peşə Məktəbində davam etdirib. 1984-1986-cı illərdə Hərbi xidmət borcunu yerinə yetirib. Bir müddət Sumqayıt şəhərindəki 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə işləyib.
Fəhlə işləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib. 02 sentyabr 1994-cü ildən Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildən Məhkəmə İclas katibi vəzifəsində çalışıb. 01 dekabr 2000-ci ildə həmin vəzifədən öz xahişi ilə azad olunub. 10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci ildə “İZZƏT” MMC-ni təsis edib.
Hazırda “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır.
Ailəlidir, 3 övlad atasıdır. Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə - özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
2014-2020-ci illəırdə Milli Məclis və Bələdiyyə seçkilərində bir neçə dəfə qeydiyyatdan keçərək namizəd olub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Yurd” ədəbi-bədii, elmi-publisistik jurnalının Redaksiya Heyyətinin üzvüdür.
“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Turan harayı” və “Oyanan Ruhlar...” şeirlər kitablarının müəllifidir.
“Ədalət işiğinda” Ədəbi Məclisinin sədridir. Eyni adlı almanaxın I hissəsinin Layihə rəhbəri və tərtibatçısıdır. “XX-XXI Əsrin yaradıcı insanları və ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüdür.
“Abdulla Şaiq”, “Zirvə”, Qızıl Qələm” və “Ulu Öndər” mükafatları laureatıdır. “XXI Əsrin ziyalısı” və s. bir çox Fəxri Diplomlara layiq görülüb.
“Mənim Vətənim”, "Zirvə", “Zirvəyə doğru”, “Dünya yalan dünyadı”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşaldı dünya”, “Qeyrətdən gələn haray”, Yaşıl işıq”, “Gözüm yolda, könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya - 880”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, “Tər çiçəklər”, “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12” poeziya antologiyalarında, "Vətən", "Zirvə", "Zəfər", "Qarabağ Azərbaycandır!", "Poeziya çələngi", "Canım Azərbaycanım", “Turan”, “Ləlvər dağı”, "Şahdağı" və s. ədəbi məcmuələrdə, dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar çap olunmuş “Göyərçin əllər” poetik toplusunda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı çap olunmuş “Cahana sığmaran” almanaxının I və II hissəsində, “Yurd” və “Telli Sənəm” jur-nalında, “Azərbaycan gəncləri”, “Kolxozçu”, “Sosialist Sum-qayıtı”, “Ədalət yolu”, “Sabaha İnamla”, “İdeal Market”, “Gündəm xəbər”, “Sabaha inamla”, “XXI ƏSR Ədalətli iş, düz-gün söz”, “365 gün”, “Həkəri” qəzetlərində, bir çox internet por-tallarında, o cümlədən - “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, "turan.info.az", "Zirve.info", “Qərib.az”, “Manevr.az” “Pressaz.az”, “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Press-park.az”, “vetenim-azerbaycandir.az”, “365 gün.info” və s. sayt-larda onlarla şeirləri və məqalələri dərc olunub. Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxışlar edib. Bir neçə şeiri rus və özbək dillərinə tərcümə edilib. Bir neçə şeirinə isə mahnılar bəstələnib.

Biz də Ədalət Əroğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Məlahət SAHİBQIZI,
turan.info.az



ŞUŞA

Sabahların Xeyir, Şuşam, ürəyim!
İki Türk bayrağım dayanıb qoşa.
Artıq azad oldun, buydu diləyim,
El-oba şəninə, mahnılar qoşa.

Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.

Əsməsin üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.

Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.

Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.

Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.

Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.

Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.

Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.


DALĞALANSIN
AZƏRBAYCAN BAYRAĞI!


Dözürəm, nə qədər dözürsə ürək,
Hicran dənizində üzən bu ürək.
Yurda dönək, hamı birgə şənlənək,
Asaq yurda Azərbaycan Bayrağın!

Yollara baxmaqdan gözüm saralıb,
Yurdsuzam, bu dünyam vallah, qaralıb.
Qarabağa gedən yollar daralıb,
Dalğalansın Azərbaycan Bayrağı!

Qalıb yurdda, laləzarlı torpağı,
Bizsiz solub ağacların yarpağı.
Azad edək, o yurdları, torpağı,
Asaq yurda Azərbaycan Bayrağın!

Yurdumuzun işğaldadır torpağı,
Yurddan çıxmaq bilmir qan içən yağı.
Vuraq, əzək, qalmasın o yaltağı!
Asaq yurda Azərbaycan Bayrağın!

Azad edək düşmənlərdən torpağı,
İrəvan, Zəngəzur, həm Qarabağı.
Yurda dönək, hamı igidsayağı,
Dalğalansın Azərbaycan Bayrağın!


KOMANDANIM VAR MƏNİM

Yayımlandı səfərbərlik sədası,
Birləşdi vətənin eli, obası.
Yandı ürəklərdə qisas sobası,
Poladlarım, Mayislərim, Hikmətim.

Şəhid dostlarının qisasın aldı,
Bütün Türk xalqının yadında qaldı,
Qəhrəman adıyla qalxdı, ucaldı,
Poladlarım, Mayislərim, Hikmətim.

Türkün yumruğunun dadı bilindi,
Yenilməz zərbəsi, odu bilindi,
Düşmənin öz yeri, həddi bilindi,
Poladlarım, Mayislərim, Hikmətim.

Əroğluyuq, ərənlərim var mənim,
Dövlətlər içində yerim var mənim,
Ali Komandana şeirim var mənim,
Poladlarım, Mayislərim, Hikmətim.


YAŞA, ALİ BAŞ KOMANDAN!

Bu Vətən səninlə daim öyünür,
Sabaha ümüdlə ürək döyünür,
Parlaq qələbədən düşmən üyünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Qələbə şəninə ellər oynasın,
Muğanlar oynasın, Millər oynasın,
Yağsın nur yağışı, sellər oynasın,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Çox ağır illəri ötürdün, Vətən!
Mübariz igidlər yetirdin, Vətən!
Düşmənin arzusun bitirdin, Vətən!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Bu ürək çırpınır, görün nə vaxtdır?
Şəhidlər öləmməz, ruhu sabahdır,
Sevinci bölməmək özü günahdır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Qəlbin, gözün gülsün, Şəhid anası!
Danış, sözün gülsün, Şəhid anası!
Əl çal, üzün gülsün, Şəhid anası!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Ölkəmə ruh verdin, aləm görünür,
Düşmənin üzündə ələm görünür,
Düşmənin bayrağı yerdə sürünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,
Bir tarix yazırsan Qarabağ adlı,
Ellərim sevincdən toylu, büsatlı,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Əroğlu, ilhamın çağlayır, daşır!
Komandan önündə düşmənlər çaşır.
Müzəffər orduma zəfər yaraşır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!


TURAN SƏRKƏRDƏSİ,
CƏNAB ƏRDOĞAN!


Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!

Sizsiz biz qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə -
Turan sərkərdəsi, Cənab Ərdoğan!


CƏBRAYIL

Mənim and yerimsən, fəxarətimsən,
Hamıdan doğmasan, əziz Cəbrayıl!
Şanım-şöhrətimsən, şərafətimsən,
Müqəddəs məkansan, əziz Cəbrayıl!

Dillərdə əzbərdir ziyarətgahın,
Neçə buz bulağın, qartallı dağın,
Vardır təmiz havan, zəngin torpağın,
Cismimdəki cansan, əziz Cəbrayıl!

Əsarətdə idin, gör, neçə illər...
Kədər içindəydi o, igid ellər,
Axdı torpağında çox qara sellər,
Bu gün şad ünvansan, əziz Cəbrayıl!

Qələbən mübarək, əziz şəhərim!
Səninlə bağlıdır hər bir zəfərim,
Əroğluyam, sənsən parlaq səhərim,
Tarixdən nişansan, əziz Cəbrayıl!


OYANAN RUHLAR...

Qırx dörd gün yaşadıq, ölüb dirildik,
Ayağa qalxmışdıq, hamı bir idik,
Qaldırdıq bayrağı, uca zirvəyə,
Oyanan ruhlarla canı bir idik.

Burdaydı sitəm də, dərd də, bala da,
Köksündən vurulmuş o gənc bala da,
Kəsilmiş Xan Çinar, dərdli qala da,
Oyanan ruhlarla canı bir idik.

Burdaydı Ziyarət, Qaraman Piri,
Hovuslu kəndimdə Şıx şaman Piri,
Tanrının lütfüdür, böyükdür sirri,
Oyanan ruhlarla canı bir idik.

Əl açıb, mən sənə gəlirəm, Allah,
Baş əyib səcdənə gəlirəm, Allah,
Man, indi ürəkdən gülürəm, Allah,
Oyanan ruhlarla canı bir idik.

Şəhidlər qanıyla Vətən ucaldı,
Şair də zəfərdən sanki, güc aldı,
Tarmar yurdu görüb, baxıb sozaldı,
Oyanan ruhlarla canı bir idik.

Zirvəli dağların güldü gözləri,
Zülmətdən ayrıldı, güldü üzləri,
Qovdu düşmənləri, o, dinsizləri,
Oyanan ruhlarla canı bir idik.

Bu şanlı döyüşdə biz nələr gördük,
Düşmənin üzünə sərhədlər hördük,
Qaytardıq yurdları, sevinci böldük,
Oyanan ruhlarla canı bir idik.

Cəbrayıl, Ağdamım, Füzuli, Laçın,
Gəlirəm qoynuna, qəlbimi açım,
Sevindi qardaşım, sevindi bacım,
Oyanan ruhlarla canı bir idik.

Zəngilan, Qubadlı, Kəlbəcərliyəm,
Koroğlu, Babəkəm, həm Həcərliyəm,
Cəsur Türk oğluyam, Vətən dərdliyam,
Oyanan ruhlarla canı bir idik.

Şuşa qalasına taxılan Bayraq,
Natəvan Vaqifin ruhuna dayaq,
Əroğlu keşikdə dayanıb oyaq,
Üzeyir dühası, qanı bir idik.
Oyanan ruhlarla canı bir idik.


***

ANA DİLİM

Ana dilim var olsun,
Qoy aləmə car olsun,
Sanki baldı, şəkərdi,
Sevməyənə ar olsun.

Ana dilim ucadır,
Ulu vətən qocadır,
Bu dünya bir bacadır,
Tanrı bizə yar olsun.

Dilim türkdür, ürəkdir,
Dəmir yumruq, biləkdir,
Haqqa çatan diləkdir,
İstəməyən xar olsun.


MƏN ÖZÜMƏM, ÖZÜM!

Məni kimsəyə bənzətməyin!
Mən buyam, Özüməm, Özüm!
*
Məni nəyəsə bənzətməyin!
Mən nə axan çayam,
nə göydə Ulduz,
nə Günəş, nə də Ayam.
Allahın izni ilə yaranmış payam.
Mən buyam, Özüməm, Özüm!
*
Məni təbiətə bənzətməyin!
Başı qarlı dağlara...
Coşub-daşan çaylara...
Göydə uçan quşlara...
Bəzi yatan başlara...
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Nə açılmış gülə;
Nə saralmış sünbülə;
Nə də ki,
həsrətlə oxuyan bülbülə.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç kimə bənzətməyin!
Mərdiməzar deyiləm,
Kiminsə haqqına girməm,
Haqqını yemərəm.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Məni var-dövlət ilə ölçməyin,
Başıma bir tac qoyub,
Şahsan!-deyib seçməyin,
Boş yerə and içməyin.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç kimə bənzətməyin!
Hər yetənə baş əymərəm,
Bir kimsəni incitmərəm,
Mənəm, Türk oğlu, Türk deyilən.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Mən hər kiməm buyam!
Yeri gəlsə, bir Orduyam,
Canım-gözüm,
Əroğluyam!
Özüməm ki, Özüm!


UCALA BİLMƏZ
(Şəhidlərimizə ithafən)

Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.

Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək, axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.

Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.

Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.


AL-QAN İÇİNDƏDİR TORPAĞIM, DAŞIM

İşğal olub yurdum, zəhərdir aşım,
Şəhid olubdular, qohum, qardaşım,
Axır gözlərimdən acı göz yaşım.
Al-qan içindədir, torpağım, daşım.

Döyüşür əsgərlər, oyanır Vətən,
Şəhid qanı ilə boyanır Vətən,
Poladlar çiynində dayanır, Vətən,
Al-qan içindədir, torpağım, daşım.

Dilbilməz cahildir, düşməndir yağı.
Dağıdıb yurdumu, o cənnət bağı,
Unuda bilmərik, biz Qarabağı,
Al-qan içindədir, torpağım, daşım.

Faciələr gördük, dözdük, qardaşlar,
Şəhidlərim yurda olub sirdaşlar,
Düşmən quduzlaşıb, kəsmir savaşlar,
Al-qan içindədir, torpağım, daşım.

Əsgərim əyilməz, güclüdür Ordum,
Əsir qala bilməz, mənim o yurdum.
Ürəyimdə nifrət, döyüşə durdum.
Al-qan içindədir, torpağım, daşım.

Dözmək olmur, bu alova, bu közə,
Baxa da bilmirəm ağlayan gözə,
Əroğlu ağrıya, de necə dözə?
Al-qan içindədir, torpağım, daşım.


NƏ İDİ

Qarabağ əsirdir, dözürəm, qağa,
Yollar bağlanıbdı, dönübdür dağa,
Düşmənin başına göydən daş yağa,
Bilməzdim bu acı, qəhər nə idi.

Bülbüllər oxuyub, dövrə vurardı,
Cəh-cəh nəğmələri qəlbə dolardı,
Elimdə hər zaman toylar olardı,
Bilməzdim bu acı, qəhər nə idi.

Bir zaman öz elim, obam var idi,
Anam da, Xalam da, hamı sağ idi,
Əmim də, dayım da bir dayaq idi,
Bilməzdim bu acı, qəhər nə idi.

Ədalət, yaşayıb gəldin bu çağa,
Qocalıb dönmüsən körpə uşağa,
Gözümün yaşı da quruyub daha
Bilməzdim bu acı, qəhər nə idi.


ƏDALƏTİN HARAYI

Ədalətəm, səsləyirəm sizləri,
Ruhum gəzir, o dağları, düzləri,
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə xalqımızın üzləri.

Qarabağım haraylayır bizləri,
Dəyişibdir yurdumuzun izləri,
Dağıdıblar imarəti, küzləri,
Təmizləyək, o murdar ilbizləri.

Məzarlarım soraqlayır bizləri,
Su verilmir, quruyub nərgizləri,
Yatmayaq biz, axtaraq evsizləri,
Sevinsin ruhları, gülsün üzləri.

Yurda köçək, ömür keçsin yüzləri,
Dağ başına qaldıracam sizləri,
Dostlar bulaq üstə vursun “yüzləri”,
Xoşa gəlsin Ədalətin sözləri.


NƏ XOŞDUR...

(Millət Vəkillərinə ithaf edirəm)


Nə xoşdur seçilə, Millət Vəkili!
Sevilib xalqına bir yoldaş ola.
Millətin arzusun, istək diləyin,
Çiynində gəzdirən bir sirdaş ola.

Nə xoşdur seçilə, Millət Vəkili!
Vətənə layiqli vətəndaş ola.
Millətin yolunda çıxa haqq yola
Vətənin yolunda torpaq, daş ola,

Nə xoşdur seçilə, Millət Vəkili!
Düşünə həmişə vətən, torpağı,
Sevə ölkəsini, ola dayağı,
Ucalda göylərə, haqqı, bayrağı.

Nə xoşdur seçilə, Millət Vəkili!
Hifz edə, qoruya, dərdli kəsini,
Tanrıya çatdıra o haqq səsini,
Verə töhfəsini, öz müjdəsini.

Nə xoşdur seçilə, Millət Vəkili!
Dünyaya baxışı ədalət ola,
Ürəyində insaf, səxavət ola,
Sözünü deməyə cəsarət ola.

Nə xoşdur seçilə, Millət Vəkili!
Başını əyməyə özgə bir xalqa,
Rəbbimdən güc ala, o qalxa-qalxa.
Hər kəs onu sevə, ucala, qalxa.

Nə xoşdur seçilə, Millət Vəkili!
Kənardan bir anlıq özünə baxa,
Dərdilinin üzünə, gözünə baxa,
Dinləyə oduna, közünə baxa.

Nə xoşdur seçilə, Millət Vəkili!
İsidə qəlbləri söz ocağıyla,
Aləmə nur saça öz qucağıyla.
Bəhrəsini verə bar ağacıyla.

Nə xoşdur seçilə, Millət Vəkili!
Ədalət aynası ola şəkili.
Milləti verməyə yola, Vəkili,
Gücünü millətdən ala Vəkili.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: