Dilarə Süleyman Zahidqızı: "Ay mənim yuxumu aparan adam..."

Dilarə Süleyman Zahidqızı: "Ay mənim yuxumu aparan adam..." Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk dəfə şeiri 2003-cü ildə "And" "Sərbəst düşüncə"
qəzetlərində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
turan.info.az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım" ədəbi məcmuəsində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda turan.info.az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Zemfira ASLANQIZI,
turan.info.az



Bilmədim

Səbrimin kasası dolana qədər
Qəlbimdə, gözümdə yer boşalıbdi.
Sonuncu ümidim ölənə qədər
Qəlbimin yerində bir daş qalıbdi.

Özümü sevdirə bilmirəm, gülüm!
İnsanlar dildəki bəzəyə baxır.
Bəlkə də xoşuna gəlmirəm, gülüm!
İndi hansı gözlər ürəyə baxır?

Mən uşaq kimiyəm, tezcə küsürəm.
Sən mənim könlümü ala bilmədin.
Gözlərim danışsın deyə susuram,
Sən gözümə nəzər sala bilmədin.

Ay mənim yuxumu aparan adam,
Bir yaşamliq ümid qoyub get bari!
Ruhumu cismində qoparan adam,
Qəlbində nə vardı deyib get bari!

Fəsillər acimir mənim eşqimə,
Saçıma qar yağır, gülumə xəzan.
Bəxtimi bağladin bir sarı simə,
Hər nəğməm sənədir, bəxtimi yazan!


YOX

Dünyanın tavanı sınıb
Beyinləri yel üfürür
Kim oyaqdır, işi qanıb
Gözümüzə kül üfürür.

Yaxşı yamanın nökəri
Nəfs ruhların ağasıdı
Sınıqdı çərxin təkəri,
Nəfs şeytanın çağasıdı.

Ard ətəyim yerlə gedir
Elə bil gözə düşmüşəm
Ölə-ölə ömür edir
Yaşaram, üzə düşmüşəm.

Ürəyim, hisslərinlə sən
Üzümü qara edirsən!
Genişliklə öyünürsən
Köksümü yara edirsən.

Mən qaçıram, fikirlərim
Özümdən uzağa getmir.
Öz içimdə dardı yerim
Ah çəkirəm dağa getmir.

Bir ləçəklik yuxum qalıb,
Son ətrimi alanım yox,
Ölməyə də maraq ölüb
Gözü yolda qalanım yox.


Ya sən də getmə

Yar, həsrətdən bağrım başı qan olmuş,
Neyləmişəm üzün məndən yan olmuş?
Soyuqluğun saçlarımda dən olmuş
Ya məni də apar, ya sən də getmə!

Çarə desəm gülüşünü könlümə,
Dərdə çarə tapılmazmış səndemə!
Göz yaşını yaraşdırma hüsnümə
Ya məni də apar, ya sən də getmə!

üsal nəsib deyil imiş,anladım,
Sevgi istər deyə qəlbi danladım,
Ömür boyu həsrət deyib inlədim
Ya məni də apar, ya sən də getmə!

Ey könlümün görünməyən sahibi,
Sənin neçə qulun vardır mən kimi,
Köç ağırdır, çəkənmirəm yükümü
Ya məni də apar, ya sən də getmə!


YARAŞIR

Həsrət sevgimizə elə yaraşır
Sanki gül yanağa cığa yaraşır
Allah, mən qul kimi yaraşmasam da
Sevgimə sənintək ağa yaraşır.

Yar, verdiyim əhdi pozdu gözlərim
İstəyirdim yağam gələm yanına,
Leysanımla təmizlənsin tozlarım
Nə ölü, nə sağam, gəlim yanına?

Mən rüzgara qapılmış bir buludam
Oyuncağa çeviribdi yel məni
Bircə dəfə demədin ki, ay adam,
Uzaqlarda arama sən gəl məni!

Kipriklərim sahillərin lal daşı
Gəl gəz ayaq izlərini qoyub get,
Sevgin ilə yanır bağrımın başı
Bircə kəlmə sevdiyini deyib get.

Dəli ruhum titrək nanə yarpağı
Xəzan soldurmamış qoparsan yetər.
Cismim ilə məşğul etmə torpağı
Ruhumu götürüb aparsan yetər.


Əzizim

Mən kimə söyləyim ürək sözümü,
Mən itəndə sən tapardın, əzizim!
Yollarımı qarışdırdım, izimi
Cığırımı sən apardın, əzizim!

Buludun göz yaşın Günəş silərdi,
Bir sözümdən dərdlərimi bilərdin
Gözlərinlə, baxışınla gülərdin,
Sevincimə sevinərdin, əzizim!

Mən qorxağam, mən kövrəyəm ,bilirsən.
Uzaqda qeydinə necə qalırsan?
Əzizini heç yadına salırsan?
Qulluğunda necə durdun,əzizim?

Həyat sınaq, mən yığmadım balını,
Tapanmadım taleyimin dilini
Kim soruşsun bu fağırın halını
Xatırlayıb sən sorardın, əzizim!

Sənsiz belə danışıram xəyalla,
Barı yuxularda bir salam yolla
Küləklərə, ulduzlara əl yellə
Yoxluqda da bir sən vardın, əzizim!

Saniyələr illərə dönmüş yenə,
Dolan ürək astaca dinmiş yenə,
Bitmədimi, zaman dayanmış yenə
Həmişə tez qayıdardın, əzizim!

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: