6 may 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. O, Çinarlı qəsəbəsindəki Mikayıl Müşfiq adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnib, Şəmkir rayonuna təyinat alaraq, həkimlik fəaliyyətinə başlayıb və hal-hazırda da həkimlik fəaliyyətini davam etdirir.
Rəfiqə Qasımqızı eyni zamanda ədəbi yaradıcılıqla məşğul olur.
"Yaşanan ömrümdə yeni ömürsən", "Payız dodağında oxunan nəğməm", "İlmələnən arzular","Xatirələr əl edir", "Zaman əlimdən düşür", "Körpə balalar üçün", "Utancaq bənövşələr ", rus dilində "фиалка", həmçinin Təbrizdə nəşr olunmuş "Yubanmış sevgi" adlı şeirlər kitabının müəllifidir.
Mütəmadi olaraq, dövrü mətbuatda, o cümlədən, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, bir sıra jurnallarda, eləcə də, turan.info.az, Zirve.info, Borcali.org və s. internet saytlarında şeirləri dərc olunur, həmçinin "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı", "Ləlvər dağı", "Şah dağı", "Poeziya çələngi", "Buta" və s. poeziya antologiyalarında, ədəbi məcmuələrdə şeirləri dərc olunur.
"İraq-Türkmən Ədəbiyyatı və Yazarları "Birliyinin üzvüdür. 2020-ci ildə Mərkəzi Asiyanın "Yeni avaz" Yazıçılar və Tarixçilər birliyinin və ƏMİR-TEYMUR OBF-nin təsis etdiyi "Turan birliyi" medalı ilə mükafatlandırılıb və 2020-ci ildə Azərbaycan Respublikası KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.
Ailəlidir. 3 övladı, 6 nəvəsi var.
Biz də Rəfiqə xanıma ədəbi-bədii yaradıcılığında, şərəfli həkimlik fəaliyyətində, eləcə də, şəxsi həyatında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının redaktoru,
AYB-nin və AJB-nin üzvü,
"Abdulla Şaiq", "Xurşidbanu Natəvan", "Zirvə",
"Zəfər", "Xarıbülbül" və "Qızıl qələm" mükafatları laureatı
turan.info.az
AZƏRBAYCAN, SEVDIM SƏNİ
Azadlığın qoxusu var,
Vətənin hər qarışında.
Millətimin, bayrağımın,
Baş əyirəm qarşısında.
İndi azad vətəndaşam,
Sonu çatdı zillətimin.
Adı yaşar tarixlərdə,
Öz qəhrəman millətimin.
Əsrlərcə bu ad yaşar,
Arzu kimi dünənimdə.
Həqiqəti car eyləyər,
Sevinc ilə bu günümdə.
Düşmən hərdən azar yolun,
Əl uzadar torpağıma.
Qıymaram ki, əli dəysin,
Bir saralmış yarpağıma.
Mən adicə vətəndaşam,
Belə sadə görmə məni.
Tarixlərdə bir yaddaşam,
Azərbaycan, sevdim səni.
HƏR İGİD ÜRƏYİ ÖZÜ BİR VƏTƏN
Vətənin bu günki haqq savaşında,
Əsgərim vurulub düz ürəyindən.
Vətən oğulları gözün qırpmadan,
Keçib arzusundan, yüz diləyindən.
Bir söz ürəklərə hakim kəsilib,
Vətəni qorumaq, Vətən dardadır.
Hər igid ürəyi özü bir vətən,
Erməni nə bilir vətən hardadır.
Şəhidlik adlanan uca zirvəyə,
Vətən sevdalısı ucala bilər.
Başını dik tutan bu ana Vətən,
Oğul biləyindən güc ala bilər.
Gül-çiçək içində yatan oğullar,
Şad olsun ruhunuz qələbə bizim.
Qızıl gül ətrinə batan oğullar,
Qələbə naminə zirvələr sizin.
Qələbə sevinci yaşadan oğul,
Qazanıb zəfəri can bahasına.
Düşmən sinəsinə çökən igidlər,
Bayrağı qaldırıb qan bahasına.
***
Şuşa ilimiz mübarək!
Sən bu gün azadsan, azad, ay Şuşam
Vətənin bir parça daşına qurban,
Daim qalda olan başına qurban,
Həsrəti bitirən yaşına qurban,
Sən bu gün azadsan, azad, ay Şuşam.
Dağların, düzlərin şəhid yuxulu,
Cənnət yuxulular çiçək qoxulu,
Çaş-baş qalan düşmən yumruq qorxulu,
Sən bu gün azadsan, azad, ay Şuşam.
Suyu həminkidir, havası həmin,
Daha quruyacaq gözlərdə nəmin,
ALİ BAŞ KOMANDAN edibdi yəmin,
Sən bu gün azadsan, azad, ay Şuşam.
Səssiz gəlişinə qurbanam, ANA
Gecələr yuxuma qonaq olursan,
Səssiz gəlişinə qurbanam,ana.
Boyuna "qurban" deyib - dilindən axan,
Bal dadan sözünə qurbanam, ana.
Ətrimi çiçək tək köksünə çəkən,
Ayrılıq dəmində göz yaşı tökən.
Gün-gündən şam təki əriyib çökən,
Heysiz dizlərinə qurbanam, ana.
Gözünə baxanda gözüm gülərdi,
Ürəyim gülərdi, üzüm gülərdi.
Sənə addımlayan izim gülərdi,
İtmiş izlərinə qurbanam, ana.
Yaşadıq bir ömrü həm sənli, mənli,
Arxa-dayaq idin, bu mənə bəlli,
Çətin müşküllərin asanca həlli,
Dürlü sözlərinə qurbanam, ana.
Dünyaya gələndən duyduml ətrini,
Öyrətdin laylanın hər bir sətrini.
Mən uca tutmuşam əziz xətrini,
Qəmli gözlərinə qurbanam, ana.
Qadın
Bir dünya gəzdirər saf ürəyində,
Dünyanın özünün bəzəyi qadın.
Çiçəkdən zərifdir,dağdan vüqarlı,
Sevgisinə möhtac doğmanın, yadın.
Gündüzə günəş tək,gecəyə ay tək,
Ən zərif naxışlı bəzəkdir qadın.
Zülməti tapdayıb səhər danının,
Sevgi sütununda özəkdir qadın.
Zəriflik önünü bəzər adının,
Dünyanın yükünü daşıyar qadın.
Özünü düşünməz,daim narahat,
Ömründən pay verib,yaşıyar qadın.
Məhəbbət simvolu,sədaqət rəmzi,
Oxunan maraqlı kitabdır qadın.
Ağlına,könlünə zamanla hopan,
Vəfaya,ilqara xitabdır qadın.
İmkan olsa cavab yaz
Tələsik keçib getmə,
Bir azca gözlə məni.
Bəs bu nə qaçaqaçdı,
Aldatma sözlə məni.
Ayağına daş dəyər,
Təmizləyim yolunu.
Bu qeylü-qal içində,
Bağlama əl-qolumu.
Tələsmə belə, ömür,
İnsafın olsun bir az.
Nimdaş arzularıma,
İmkan olsa cavab yaz.
Hardan əlinə keçib,
Tapdığın qara kömür.
Cızma qara etmisən,
Adını qoyub ömür.
Heç olmasa sən gözlə,
Gəl dönmə yel atına.
Bəlkə məlhəm olasan,
Ürəyimin çatına.
Sözmü taxtından düşüb,
Dən yemirmi sərçələr.
Dağa,daşa çırpdığım,
Ömür çətin dirçələr.
19.12.2021
Ömür qatarı
Bir ömür boyunca səssizcə,sakit,
Bir ömür qatarı yüklənib gedir.
Sürünür yorulmuş, usanmış kimi,
Eniş, yoxuş demir təklənib gedir.
Qatarlar çatanda mənzil başına,
Yükünü boşaldıb qayıdar geri.
Ömürdən yükünü tutan qatarın,
Naməlum səmtdədir boşalan yeri.
Bir ömür qatarı sürünər yavaş,
Fələk öz atını dördnala çapar.
Nə sola boylanar,nə sağa baxar,
Ahəstə sürünən qatarı tapar.
Yolların sonunda ömür qurtarar,
Bəzən də yarıda qırılar yollar.
Gözləməyə nə hey, nə də güc qalır,
Bu fani dünyadan yapışan qollar.
Fikrim qarışır
Hər səni görəndə yuxularımda,
Beynim dumanlanır,fikrim qarışır.
Sınıram arzunun qanadlarında,
Halımla nə ürək,nə dil barışır.
Sənsiz ötən günü ömür saymıram,
Sən şah damarısan şirin yuxumun.
Sənsizlik dərdimə çarə tapılmaz,
Lap həsrətindəyəm lətif qoxunun.
Düşər ürəyimə kədər düyünü,
O sənli günlərim əl çatmaz olar.
Ana itirmişəm mələk timsallı,
Dolu döyən bağın gülləri solar.
İllərdir qurumur gözümün yaşı,
Məsum gülüşlərdə gəzirəm səni.
Sən belə laqeyid deyildin axı,
Dərdimlə təkbətək qoymusan məni.
Heyif çıxar
Dərd sinəmdə oyma-oyma,
Tanrı mənə qəmi qıyma,
Gülüşümü kəsir qoyma,
Dodaq məndən heyif çıxar.
Silkələmə dağı,daşı,
Yolmu azıb, dərdmi naşı,
Gözlərimdə boğma yaşı,
Yanaq məndən heyif çıxar.
Zaman-zaman, pərdə-pərdə,
Əyilmərəm gələn dərdə,
Çatlayacaq başqa yerdə,
Çanaq məndən heyif çıxar.
Yerlə yeksan olub qalam,
Dərd önündə süstəm, lalam,
Sinsitməsin məni balam,
Dalaq məndən heyif çıxar.
Ruhmu qalıb, ruh nə gəzir,
Bir canım var, o da nəzir,
Bimar sultan, loğman vəzir,
Qınaq məndən heyif çıxar.
Sevdamın qalmayıb, bitib sözləri
Payız nəğməsinin nəqarətində,
Dil niyə unutsun şirin sözləri.
Sevdadan dilənçi payımı olar,
Bir sevgi möhtacı dolan gözlərim.
Yadımda pıçıltın,xoş danışığın,
Əlini öpərdi qapqara telim.
Odlu nəfəsini çəkib sinəmə,
Sevirəm deməzdi bağlanan dilim.
Bir kəlmə ürəkdən mənimsən sözü,
Kaş ki,eşidəydim ,sənin dilindən.
Belə inciməzdi,bəlkə ürəyim,
Tuta bilərdimsə,şəstlə əlindən.
İndi yağış yağır,üşüyür səhər,
Titrəyir ürəyim soyuq baxışdan.
Elə bezmişəm ki,usanmışam ki,
Taleyin vurduğu solğun naxışdan.
Ağladıb,sızladıb zərif ürəyi,
Biləsən batırsan necə günaha?
Duymursan mən necə qarsalanıram,
Qarışıb tüstüm də çəkdiyim aha.
***
BƏNÖVŞƏ
Əssə də ruzigar,olsa qar-boran,
Ala gözü gülər, tər bənövşənin.
Həyadan başını əysə köksünə,
Artar gözəlliyi hər bənövşənin.
Bəd əsən yellərdən qorunmaq üçün,
Qısılıb kollara bitib bənövşə.
Hər yetən əllərə düşməmək üçün,
Kolların içində itib, bənövşə.
Bəlkə bəyaz qardan seçilmək üçün,
Bənövşəyi rəngi seçib,bənövşə.
Baharla qol-boyun yaşamaq üçün,
Şaxtadan, borandan keçib bənövşə.
Gözəl qamətinə yaraşıq verən,
Boynunu həsrətdən əyib,bənövşə.
Yol çəkən gözlərin yaman dolubdur,
Yollarmı xətrinə dəyib, bənövşə.
DEYƏN AŞİQ OLUB
Dərdim buludlarla qol-boyun olub,
Tökülür aramsız hər an başıma.
Deyən,aşiq olub dərd buludlara,
Çoxdan şahidiyəm, baxma yaşıma.
Yuyulan dərdlərin rəngi qarışar,
Buludun leysan tək göz yaşlarından.
Dərdlərim özünə qurubdur qala,
Bəxtim itirdiyi daş-qaşlarından.
Əl atdım bir ölçəm dərdin boyunu,
Öyrəndim, dərd elə dözüm boydaymış.
Qurmadım dərdimə mizan-tərəzi,
Sən demə dərdim də özüm boydaymış.
Nə gözəl söyləyib Füzuli babam,
Dərdimi götürüb dağlara çıxdım.
Dedilər bəxtəvər durub kefindən,
Səfa sürmək üçün yaylağa çıxdı.
PAYIZ
Payız sığallayır, yenə saçımı,
Həzin laylasıyla könlümü alır.
Dərdli təbəssümlər, həzin laylalar,
Qəmli zümzümələr payızdan qalır.
Bu gələn payızın kədəri, qəmi,
Yatanda yuxuma dolur hər gecə.
Havası çiskinli, dumanlı, çənli,
Yaş tökür buludun gözləri necə.
Elə bil, həyatda sən son ümidsən,
Sapsarl rəngin də yadigar qalır.
Sadəcə öyünmə, sevinmə çox da
Həyatın sonunda qış zəfər çalır.
SƏNSİZ QOYMA MƏNİ YUXULARIMDA
Yenə də bu gecə gəldin yuxuma,
Pəncərə döymədən, qapı döymədən.
Çox qəmli dəyirdin, yenə gözümə,
Səssiz çıxıb getdin, heç nə demədən.
Bilmirəm məqsədin, amalın nədir,
Gözümdən yuxumu alıb qaçırsan.
Gah dilin dolaşır, ürəyin əsir,
Çah da ürəyimi çalıb qaçırsan.
İstəmirəm,ancaq bir xəyal kimi,
Axtarım mən səni yuxularımda.
Hardansa hər gecə gəl gir yuxuma
Sənsiz qoyma, məni yuxularımda.
NEYLƏYİM
Hərdənbir keçmişi seyr eliyəndə,
Dünəni bu günə qatım, neyləyim.
Sinəmdə dərdlərim qövr eliyəndə,
Silib,birdəfəlik atım, neyləyim.
Hərdən sızıldayır, ağrıyır solum,
Dərdimin boynuna dolanır qolum,
Dərgahına qədər uzanır yolum,
Baş atıb dərdlərə yatım, neyləyim.
Gecələr gündüzdən pay da umuram,
Yatacağam deyə gözü yumuram,
Ürəyim,"keşik"də özüm dururam
Gecəni gündüzə qatım,neyləyim.
EYLƏMİŞƏM
Qırx çiçək dərmişəm, ömür bağından,
Dəstə bağlamışam, tağ eyləmişəm.
Acılı-şirinli xatirələri,
Bir-birinə qoşub, çağ eyləmişəm.
İllərim sürüşüb, gənclik çağından,
Görünür zirvəsi qarlı dağından,
Bizi keçiribdir, öz sınağından,
Dərdi, intizarı yox eyləmişəm.
Soyuqda, istidə əsən yelləri,
Dağları oynadıb, axan selləri,
Ay ötən illərim, qara telləri,
Hər günə dəyişib, ağ eyləmişəm.
Deməyin, dostlarım ömrü talaylb,
Ocağı ömrümdə çatıb, qalayıb,
Gecəylə gündüzü qatıb, calayıb,
Hər tingdən, fidandan bağ eyləmişəm.
Qlrx illik görüşdə ürəklər coşa,
Bir ömür yaşadıq, sənətlə qoşa,
Çox şükür illəri vermədik boşa,
Sevgini böyüdüb, dağ eyləmişəm.
Yaşayıb bir ömür, sürmüşük səfa,
Çəksək də bu yolda əziyyət, cəfa
Neçə xəstələrə vermişik, şəfa
Yolun solunu da sağ eyləmişəm.
QONAQ GƏL DEYİR
Yurdumun dağları məni çağırır,
Qonaq gəl, bizi də yada sal deyir.
Çiçəkli yaylağı, yamacları gəz,
Cənnətin qoynunda bir az qal deyir.
Sinəmdə çox sirli xatirələr var,
Gəlim, xatirələr oyatsın məni.
Buzlu bulaqlardan doyunca içim,
Əynimə geyinim dumanı, çəni.
Gəlim, ürəyim də ovunsun bir az,
Ruhumu oxşasın, dağın nəfəsi.
Ötən günlərimi yada salım, mən,
Dağları bəzəsin könlümün səsi.
İNTİZAR
Kirpiyimdən qopan bir damla yaşda,
Alışıb odlanan közüm intizar.
Başımda yaranan sirli dünyanı,
Damlaya döndərən gözüm intizar.
Sevinc, gülüş qalıb, qapıdan dalda,
Arzular pərişan, yarımcan halda,
Can qalıb, həyatla lap qeylü-qalda,
Yarımçıq cümləmdə sözüm, intizar.
Qalmayıb ürəyin təpər, dözümü,
Pozulub, saçlmın qara düzümü,
İllər sığallayıb, nəmli üzümü,
Bir isti əllərə üzüm, intizar.
Tökdüyüm yaşıma, çəkdiyim aha,
Günümə qaralıb demərəm daha,
İllər səbri satıb, mənə çox baha,
Səbrimdə hövsələm, dözüm intizar.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.