Körpə xəyallarım könül güldürür,
Dolaşır hər bahar yar, Qara arxacda.
Uşaqlıq izlərim köksündə qalıb,
Çox arzum, nisgilim var, Qara arxacda.
Anidən, çən-duman sarır,bürüyür,
Küləklər qarları gava kürüyür.
Öldürmə,heyifdi,qoşalaş,yüyür,
Ceyranı, cüyürü yor, Qara arxacda.
Qırdağı, Əyriqar, Çatax kürsümüz,
Mehralı, Atilla, Mete irsimiz.
Vaxtında keçilib qeyrət dərsimiz,
Öyrədilib namus, ar, Qara arxacda.
Sonsuzluq içində bütövləş,çoxal,
Elmə vaqif olmaz əqli kəm, kahal.
Mövlanədən, Şəmsdən, İmrədən ruh al,
Haqqın dərgahına var, Qara arxacda.
Qaçaqlar yurdudur, yanı gavların,
Keçidi ordandır, gələn ovların.
Sarı kazakların, pristavların,
Ələnib başına qor, Qara arxacda.
Vicdan durulaşar, çıxanda dağa,
Şindidən əl eylə Ortabulağa...
Haqdan mədəd istə,qara torpağa,
Şeytanın sırtını vur, Qara arxacda.
Günəşmi,üfüqdə saçını hörən,
Nə vaxt parlayacaq bəxtimiz, görən?
Təbiət hüsnünə yaraşıq verən,
Ziya Qara arxacda, nur Qara arxacda.
Əzəldən olmayıb aram,sarayla,
Savaşdım, vuruşdum ötən hər ayla.
Boylan, Şam düyədən səslə,harayla.
Təbrizi Sərxandan sor, Qara arxacda.
XALQIM
Sevilin, sevinin ey əziz xalqım,
Soyunuzla, kökünüzlə siz həmrəy olun.
Ətriniz götürsün bütün aləmi,
Aşiqlər yurdunda tər çiçək olun.
Nur verin küskünlər çöhrələrinə,
Ağılın,idrakın pöhrələrinə,
Üzlü ayran süzün nehrələrinə,
Yoxsullar canında daim hey olun.
Arıya çevrilin bal almaq üçün,
Yaltaqlıq etməyin xal almaq üçün.
Tanrı dərgahına yol almaq üçün,
Nə xain, nə xəsis, nə təlxək olun.
Yönü geri dönməz gedən bu köçün,
Torpaq uğurunda hər şeydən keçin.
Ruhunuz alışsın qələbə üçün,
İşıq sürətindən bir az yey olun.
DOSTLAR, VƏTƏN AMANATI
Saçları dən-dən oluruq,
Ağlımızın başındaca.
Yaman erkən qocalırıq,
Elə cocuq yaşındaca.
Elə cocuq yaşındaca
Qapımızı döyür kədər.
Yaşayası döyülük ha,
Bu dünyada dünya qədər.
Bu dünyada dünya qədər,
Ömür sürən təbiətdir.
Ucalsa da,dağılsa da
Susuz torpaq cana gəlməz.
Göz yaşında boğulsa da,
Anamızdır,həqiqətdir.
Havamızı verən odur,
Suyumuzu verən odur.
Yuvamızı quran odur,
Ömrümüzün tamamında,
Sinəsini yaran odur.
Yaza-yaza bağır basıb,
Toprpaqdan allam baratı.
Yüküm ağır,yolum yoxuş,
Çən çöysüyüb,duman qatı,
Əgər bir gün ölər olsam,
Dostlar, vətən amanatı.
BÜKÜLƏCƏK DÜŞMƏNLƏRİN DİZLƏRİ
Gəl yarama sığal çəkmə ey ələm,
Qaşındırır şirin-şirin əllərin.
Kaş ki, mənim mərəzimə tutula,
Yaraları qaysaq atan ellərin.
Kaş ki, mənim əsəbimtək oyana,
Mışıl-mışıl mürgüləyən gözləri.
Hikkəsindən qızıl qana boyana
Xəyalları sərgiləyən gözləri.
Qığılcımım bəsdir sarsın hər yanı,
Ocaq-ocaq, alov-alov yayılsın.
Vətənimin ən müqəddəs ünvanı,
Bəlkə qəflət yuxusundan ayılsin.
Ayılsın da kökü, zatı bəllilər,
Boyunduruq bu millətə yaraşmaz.
Qartalları qıvraq olan dağların,
Zirvəsinə qarğa, quzğun daraşmaz.
Çək yarama,çək,sığal çək,ey ələm,
Eşq atəşi qoy bürüsün bizləri.
Millətimi məst etdikcə piyaləm,
Büküləcək düşmənlərin dizləri.
MƏNSİZ
Necə qoyub gedim kəndi,
Bulaqlar çağlamaz mənsiz.
Perik salar el-obanı,
Qoynunda saxlamaz mənsiz.
Könül, köklə zili, bəmi,
Gəlib oxumağın dəmi.
Çəkilər döşlərin nəmi,
Qayalar ağlamaz mənsiz.
Gedərəmmi bilə-bilə,
Etibar yox aya,ilə.
Bülbüllər bağ-bağat ilə,
Əhd-peyman bağlamaz mənsiz.
Haqq aşiqi Təbriz İman,
Murad alar Haqdan uman.
Dərələrdə yatan duman,
Dağları yoxlamaz mənsiz.
İÇİNDƏ
Kişilər qınağa dönür, qınanır,
Kişi adlı nazıların içində.
Pələng hədələnir, aslan yananır,
Qotur düşmüş tazıların içində.
Bəzi məmurların rüşvət vərdişi,
Tərsinə fırlanır dövrün gərdişi.
Baş sındırar, baş çıxarmaz hər kişi,
Mollaların, qazıların içində.
Hər yarpağın sonu çürük xəzəldi,
Bivəfa dünyada qanan düzəldi.
Yaşamaq necə də xoşdu,gözəldi,
Taleyindən razıların içində.
Təbriz, niyə pak ürəyin sıxılır,
Duysan, hər gün bir can evi yıxılır.
İlhamım coşanda yanır-yaxılır,
Yazılmamış yazıların içində.
O XƏBƏRİ MƏNƏ DEMƏ
O xəbəri mənə demə
Qardaş, ruhu dincə deynən.
Ürəyimi parçaladın,
Onca, yüzcə, mincə deynən.
Bəm ömründə zil yaşayıb,
Qəm altında fil yaşayıb,
Milyon-milyon il yaşayıb,
Qəlbi,ruhu gəncə deynən.
Bir gün olsan şah, ağlarsan,
Gah gülərsən, gah ağlarsan.
Gözlərimə bax, ağlarsan,
Gözlərimnən gencə deynən.
Təbriz Təbriz üçün xəstə,
Qarabağsız dönməz məstə.
Borçalıdan lap ahəstə,
Qazax, Tovuz, Gəncə deynən.
BİLMƏM
Məni dinləyəndə mən dinləmirəm,
Qəlbimin şiddətli odu var, bilməm.
Qarda da, buzda da sərinləmirəm,
Arada çox dedi-qodu var, bilməm.
Ələmdən biçilib, tikilib donu,
Görən nə vaxtsa da olarmı sonu.
Könül həsrət ilə inlədir onu,
Kamanı, rübabı, udu var, bilməm.
Pak,halal cisimdə döyünməz yalan,
Yanmazmı bülbültək qəfəsdə olan.
Gözlərtək, xəyaltək əzizi olan,
Qohumu,qardaşı, yadı var,bilməm.
Təbriz, duyanlara xoşdur seyirlər,
Hər səhər torpağa yağsın xeyirlər.
Vüsalsız bir eşqə nədən deyirlər,
Dəhanda şipşirin dadı var, bilməm.
BÖYÜYÜM BİR, ŞAHIM BİR
Mövla, gəl rəhm eyiə,Nolar,döndər qəmin başını.
Yeriməsin üzərimə,qəlbim birdi, ruhum bir.
İçim ağlar için-için,zahir tökməz yaşını,
Diyarımda kimsəsizəm,dostum birdi,qohum bir.
Deyirlər ki, kafir olar cəfalara dözməyən,
Ağrı varmı, acı varmı ürəkləri üzməyən.
İlahinin qapısını kəsdirməkdən bezməyən,
Qibləsinə əllər açan ünüm birdi,ahım bir.
Şikatcı mən, hakim sənsən, düz başlarsan davayı,
Mən Təbrizəm, çörək yeməm tər tökməmiş havayı.
Bir kimsəyə baş əymərəm, öz şahımnan savayı,
Hər arzuma qucaq açan böyüyüm bir, şahım bir.
TƏKƏM,TƏK
(DİVANİ-TƏCNİS)
Açıldı ərşin qapısı, məlakələr yerişdi,
Seyr eylədi öz taxtından Xudam dedi təkəm, tək.
Ruhların göz yaşlarını dodaq açdı, yer içdi,
Əmri-fərman söylədi ki, rızqı ey yer tək əm, tək.
Mən neynərdim hər duamı Xaliq tək-tək almasa,
Qəlb yükünü qoymaq üçün götür dəftər, al masa.
Qismətinə xəstə vaxtı düşəydi turş almasa,
Nuş eləyib yanmayaydı susuzluqdan təkəm-tək.
Dar ayaqda arxa durar, ağıl verər başa baş,
Gör Təbrizi nə günlərə qərq edibsən baş, a baş.
Həbibim gəl, təbibim gəl ələmlərlə başa-baş,
Dayanmışam öz xanəmdə, görürsənmi təkəm, tək.
HAQQA QUL OLAN KƏSƏM
Ey qüdrətin, qüvvətin, mərhəmətin sahibi,
Yatammırm, gözlərim xəyallar sürəyində.
Keçmiş özünə çəkir, hər an mən mücahidi,
Mən sənə boylanıram, sən isə ürəyimdə.
Səni görmək üçün mən gərək qəlbimə baxam,
Suyu dumduru, şəffaf bulağa dönəm axam.
Bu gün var olan kəsəm,bu gecə bəlkə yoxam,
İmkan ver öz yurdumu bir azad görəyim də.
Hal əhliyəm, dağların halına yovuşmuşam,
İldırımdan, şimşəkdən, qəzadan sovuşmuşam.
Qətrədən başlayıb da, ümmana qovuşmuşam,
Məhəbbət lövbər salıb qanımda, iliyimdə.
Haqqa qul olan kəsəm, nə fitnəm,nə fəndim var,
Məhəmməd ümmətiyəm, peyğəmbər əfəndim var.
Borçalım, Qarabağım, Təbrizim, Dərbəndim var,
Türkəm, qoy türk yazılsın millətim kimliyimdə.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.