Qəlbimdə inamım, əhdə ilqarım,
Dilimdə düz sözüm varımdı mənim.
Kim deyir kasıbam, dövlətim-varım,
Həyatda tox gözüm varımdır mənim...
* * *
Nə varım var, nə dövlətim, nə yarım,
Kömək eylə qürbət eldə, ay Allah!.
İki körpəm qanadlarım, vüqarım,
Gözəl bəxti qismət elə pay, Allah!...
* * *
Ümidsiz olmayaq dünyada gərək,
Hər dərdə əlacı verən Allahdı.
Bəndədən yox, haqdan gələcək kömək,
Hər şeyi göylərdən görən - Allahdı.
* * *
Ey könül, qəm etmə, illər ötəcək,
Hər diləkdən necə pöhrə bitəcək.
Qəlbi təmiz, saf olan hər insana,
Uca Tanrı özü kömək edəcək
* * *
Çırağbana dönsün ömür yolları,
Kimin ürəyində gözəl hisslər var.
İstəmirəm yadlar açan qolları -
Öz yarım olaydı ömrümdə bahar...
* * *
Hərdən ümidlərim tükdən asılır,
Ögeydüşüncələr qırıq, naşıdır.
Üç nöqtə bağlayan fikir yarımçıq,
Ürəkdə ağırlıq - hicran daşıdır...
* * *
Mənimçəkdiyimi bilən olaydı,
O, üccə nöqtəni silən olaydı.
De, eşqin sonumu, sənin gedişin?...
Səngedən yollardan gələn olaydı...
* * *
Ağır fikirləri qova bilsəydim! –
Könlü vüsal ilə ova bilsəydim!
Bir quş tək qürbətdən uçub gələrdim,
Qəlbini özümə yuva bilsəydim…
* * *
Hardasan, sən tənha qoymusan məni?
Yoxdur bu qürbətdə könül həmdəmi.
Vətən laylasına həsrət qalmışam,
Gəl götür, Vətənə apar sən məni!
* * *
Üzü qara olsun qəmin-kədərin,
Qalmışıq əlində bəxtin, qədarin.
Ağrılı-acılı düşüncələrin
Niyə sevinci az, çox olur qəmi?
= * =
Ürəyi üzəcək, qəlbi üzəcək,
Sirdaş bilmə dərdi, dərd üz görəcək.
Tənhalıq çətindi, sirdaş insan tap,
Nə versə könlünə dostun verəcək.
* * *
Qismət də bizlərə gəc baxır bəzən,
Bilmir ki, nə günah sahibisən sən.
Ardınca düşübsə canını ondan
Heç zaman qurtara bilməyəcəksən.
* * *
Düşdüm qürbət elə, yad oldum, orda,
Dərd dolu ürəyi od oldum opda.
Adi gileylərdi hərdən dillənir,
Sözə dönüb axir, göl tək göllənir...
* * *
Ömrü həsrətlərə xırman eylədin,
Gedənə gəlməzi dərman eylədin.
Yaxşını min dərdə mehman eylədin.
Dost oldun cığala, dünya, a dünya...
* * *
Vətən həsrətimiz hey sızlar, ağlar,
Gözlərdən fışqırar şəlalə kimi.
Axıb söz çələngi, bir buta bağlar,
Sıra dağlar kimi, sülalə kimi.
* * *
Son anda da ümid vardır gözündə,
Bu dünyanı çox sevirlər insanlar.
Bilirik ki, sonu bir gün gələcək,
Son gündə də olur insan ümidvar...
* * *
Xoşbəxtlik aradıq fani dünyada,
Bilərək gələcək bir zaman sonu.
Ömrümüz kəpənək ömrü – aynada
Gördük sevincləri, al-əlvan donu.
* * *
Əl qatma fələyin işinə insan,
Səsimiz, ünümüz hardan gəlmədi.
Kimi qərib oldu, həsrəti yaman,
Kimi şən yaşadı, kimi gülmədi.
* * *
Bu əsri də belə vurduq biz başa,
Ötənlər babalar yadigarıydı.
Gələcək - nəvələr üçün tamaşa,
Bəlkə xatırlarlar, biz də varıydıq.
* * *
Durub öz ömrünün astanasında
Hərə bir diləyin intizarında.
Kimi səadətlə xoş təmasında,
Kimi qayğılarda, ahu-zarında...
* * *
Könlümün bir az da vahiməsi var,
Oynaya yerindən, çıxa yerindən.
Qürbətdə yaddaşı xatirə sıxar,
İncidib qəlbimi yuxa yerindən.
* * *
Əldə kaman tutur həsrətim, ahlı,
Ağrısı-acısı inləyib dinir.
Qəribin hər günü tutqun sabahlı,
Xəfif səhər mehi küləyə dönür.
* * *
Əl yetməz - “göy uzaq, yer qatı” kimi,
Bir ümid közərir hər dəm içimdə.
Həsrətim çiynimdə - yük, çatı kimi -
Ağrıyar, sızlayar, çatmaz gücüm də...
* * *
Alışıb ürəyim, odda, dayanmaz,
Ürəyi daş olsan heç od da yanmaz.
O qədər dərd edib, qəm edib könül,
Pərvanə də olsa o, odda yanmaz.
* * *
Şölədə yanmaq bir peşə deyilmiş,
Hər sınacaq könül şüşə deyilmiş,
Yanandan sonra anlayır pərvanə,
Yanmaq ölüm imiş, nəşə deyilmiş...
* * *
Sağalmaz yaradı sinəmdə dərdim,
Qəribəm, qürbətə mən sinə gərdim.
Əgər mən olmasam görən dünyada
Mənə güşən dərdlər kimə düşərdi?...
* * *
Çəkdiyim əzablar sevgimə təndir,
İllər ötür, sevda ötmür, nədəndir?
Nə sonu görünür bu məhəbbətin,
Hicran bitməz, nə vüsalı yetəndir...
* * *
Ürəyinin sədasını kim duyar,
Səsi sərin, özü dərin eşqinin.
Küskündü ürəyim, yandırdın, ey yar,
Bir də sevəmmədi daha heç kimi.
* * *
Şair ürəyi ki, şair ürəyi -
Tənha buraxmadı çöldə çiçəyi.
Qorudu şaxtadan, qardan, yağışdan,
Güldanda açılar dedi, ləçəyi...
* * *
Hara getdin, döndün günə, aya sən,
Yerə batdın, ya da çıxdın göyə sən?
Tale mənə necə yazdı qisməti -
Ayrılığın butasıyam deyəsən...
* * *
Məhəbbətin sevdaların ən kürü-
Sinəm altda kədər olub, hönkürür.
Könül həsrət ocağıdır, ayrıldıq,
Hicran gəlib talemizdə şöngüdü...
* * *
Hamının ömründə belə gün olsun,
Xoşbəxt insanlardı həyat quranlar.
Qoy dünyada hər dəm toy-düyün olsun,
Qovuşsun ürəyi qoşa vuranlar!
* * *
Səndən üz görmədi heç zaman eşqim,
Özünü qəlbimdə dara çəkdi o.
Ürəyimi didən o yaman eşqım,
Gülsəydin üzünə güləcəkdi o...
* * *
Səni seçdi eldən, obadan zalım,
Sənə gətirmişdi inamı qəlbim.
Sənsə zərbə vurdun o başdan, zalım,
Bumu oldu payı, ənamı qəlbin?...
* * *
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.