Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU (1956): Rübailər...

Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU (1956): Rübailər... "ƏN YAXŞI RÜBAİLƏR" MÜSABİQƏSİNƏ !


RÜBAİLƏR

BƏSİRƏT GÖZLƏRİN BAĞLANIBSA BİNADAN,
NƏFSİN DOYMAYACAQ NƏ MEYDƏN, NƏ ZİNADAN.
FƏQƏT, GÜN GƏLƏCƏK, ÇƏKƏCƏKSƏN KÖÇÜNÜ,
QOYMAĞA MİZANA DE, NƏYİN VAR, EY NADAN?!
*****
HAQQIN DƏRGAHINA GETSƏN BOŞ QABIN İLƏ ,
BAŞ - BAŞA QALARSAN ORDA ƏZABIN İLƏ .
ÜZÜNDƏN QARANI, SAĞ İKƏN ,SAVABLA YU,
ÖLƏNDƏ YUYULMAZ NÖVBƏNÖV SABUN İLƏ .
*****
TANRI YARADIBDIR BƏŞƏRİ MƏCHULDAN ,
GEDİRİK MƏCHULA , KİMİ QUL , KİMİ SULTAN .
SAVABDIR - BU GÖDƏK ÖMÜRDƏN QAZANCIMIZ ,
ÖLDÜKDƏ NƏ FƏRQİ AĞANIN QARA QULDAN ?!
*****
FƏLƏK ZİLDƏ ÇALIR BƏMLƏRİNİ DÜNYANIN,
GÖRMƏDİM BİR YOL XOŞ DƏMLƏRİNİ DÜNYANIN !
GƏL AĞLAMA, BƏSDİR, GÖZÜNÜN YAŞINI SİL,
GÖZ YAŞLARI YUMAZ QƏMLƏRİNİ DÜNYANIN.
*****
GƏR ARASAN TƏSƏLLİNİ MEYXANƏLƏRDƏ,
BAŞIN QALAR QEYLÜ- QALDA,YAXAN ƏLLƏRDƏ.
QOY AÇILSIN HAQQA DOĞRU BƏSİRƏT GÖZÜN,
QURTULUŞU ORDA TAPIR DİVANƏLƏR DƏ.
*****
QULAQLAR ALDADIR ÇOX VAXT İNSANI,
HƏM ŞEYTANI DİNLƏR, HƏM DƏ RƏHMANI.
QƏLBİNİN SƏSİNİN OLMA ƏSİRİ ,
AĞILDIR SONUNDA VERƏN FƏRMANI .
*****
XALQINI ZİLLƏTDƏ SAXLAYAN ŞAHI ,
TUTACAQ GEC , YA TEZ , MƏZLUMUN AHI !
İŞTAHLA QUL HAQQI YEYİRSƏ , DEMƏK ,
BAŞININ ÜSTÜNDƏ SAYMIR ALLAHI !
*****
VƏZİFƏ HEÇ KİMƏ ƏBƏDİ DEYİL,
KÖPƏK TƏK , YAL GÖRÜB, EYLƏMƏ MEYL !
DOLDUR ZƏHMƏTİNLƏ RUZİ TƏKNƏNİ ,
BAŞDAKI TACA YOX , AĞILA ƏYİL.
*****
SİNƏM DƏRDLƏRİMƏ HƏBSXANƏDİR,
ONLARDAN QURTULMAQ ƏBƏS YANƏDİR .
ŞEŞ ÜÇÜN ATIRAM TAXTAYA ZƏRİ,
DÜŞÜR YEK TƏRƏFİ , NƏ PİS XANƏDİR !
*****
DÜNYANIN DƏRZİSİ ALDANMIR VARA.
GAH ZƏR GEYİNDİRİR BİZƏ , GAH QARA.
NƏ SƏRVƏT, NƏ ZÜRYƏT, YOLDAŞIN DEYİL
ON QOLAC BEZ GEDİR SƏNİNLƏ GORA !
*****
DAİM ŞƏR TOXUMU SƏPƏRSƏN ,ƏGƏR ,
ÖZ XEYİR BAĞÇANDAN PAYIN ƏKSİLƏR .
ŞEYTANA XİDMƏTDƏ KEÇƏRSƏ ÖMRÜN ,
YARADAN ÜSTÜNDƏN NƏZƏRİN ÇƏKƏR .
*****
HƏYAT MƏKTƏBİNDƏN HƏR AN DƏRS GÖTÜR,
ZƏKANLA YOLUNA AYDINLIQ GƏTİR .
İNSANA XİDMƏT ET XEYİR ƏMƏLLƏ ,
ALNININ TƏRİNDƏN MEYVƏLƏR BİTİR .
*****
NƏFSİNƏ QUL OLMA , TOX OLSUN GÖZÜN,
XALQIN ÜRƏYİNDƏ YAŞASIN SÖZÜN .
UNUTMA KƏLMEYİ - ŞƏHADƏTİNİ ,
RÜKUDA, SƏCDƏDƏ BÜKÜLSÜN DİZİN .
*****
HƏYATDA ÇALIŞ Kİ , DÜZ SÖZÜN OLSUN ,
ƏSLA ÇOX DANIŞMA , NƏ DƏ Kİ , ÇOX SUS.
YA YAXŞI ,YA YAMAN , BİR ÜZÜN OLSUN ,
ÇOXÜZLÜLÜK HƏNDƏSİ CİSMƏ MƏXSUS !
*****
ZƏHMƏTLƏ YEYİLƏN ACI SARIMDSAQ,
YAXŞIDIR ,MİNNƏTLƏ YEYİLƏN BALDAN .
YAVAN DUZ - ÇÖRƏYİ ÇƏTİN DƏ TAPSAQ,
DADLIDIR TƏNƏLİ YAĞLI QOĞALDAN !
*****


TİBBİ RÜBAİLƏR


ACLIQ SARMAYINCA TA Kİ BƏDƏNİ,
TƏLƏSİB DOLDURMA YAZIQ MƏDƏNİ.
SÜFRƏDƏN DOYMAMIŞ DURMASAN ƏGƏR,
AZAR BÜRÜYƏCƏK BÜTÜN GÖVDƏNİ.
*****
TÜTÜNDƏN OLMAMIŞ BİR FAYDA DUYAN,
ÇƏKƏNLƏR SONUNDA OLUR PEŞİMAN.
HƏR DƏFƏ HAVAYA QALXAN TÜSTÜDƏ,
UÇUR SAĞLAMLIĞIN, EY QAFİL, OYAN !
*****
QİDANI ÇEYNƏYİB UDMASAN ƏGƏR.
O, SƏNİ İÇİNDƏN ÇEYNƏYİB DİDƏR.
AĞIZ İŞLƏMƏSƏ SÜFRƏ BAŞINDA,
DİŞLƏRİN YÜKÜNÜ MƏDƏNİZ ÇƏKƏR.
*****
NƏFSİNİN HAKİMİ OLMASAN, ƏGƏR,
QAPINI DAİMA XƏSTƏLİK DÖYƏR.
MƏDƏNDƏ YER SAXLA, SUYA, HAVAYA,
YOXSA BAĞRIN BAŞI ŞİŞƏR, GÖYNƏYƏR.
*****
BİR ZİBİL QABI TƏK BAXSAN MƏDƏYƏ,
QALARSAN BAŞINA HEY DÖYƏ-DÖYƏ.
ƏLİNƏ KEÇƏNİ ATSAN ORAYA,
QOXUSU DƏRD VERƏR BÜTÜN GÖVDƏYƏ.
*****
AXTARMA QİDADA ÇOX DA GÖZƏLLİK,
ƏSASDIR, SADƏLİK, BİR DƏ TƏZƏLİK.
HƏR KƏS YEDİYİNƏ VERSƏYDİ FİKİR,
ÖMÜR QAZANARDI, AZI YÜZİLLİK.
*****
DAİM OTURMAQLA KEÇSƏ GƏRDİŞİN,
XƏSTƏLİK İÇİNDƏN GÖRƏR ÖZ İŞİN.
SAĞLAM YAŞAMAQSA AMALIN ƏGƏR,
GÜNBOYU HƏRƏKƏT OLSUN VƏRDİŞİN !
*****
SAĞLAMLIQ NƏ MEYDƏ, NƏ ŞƏRBƏTDƏDİR,
NƏ YAĞLI PLOVDA, NƏ DƏ ƏTDƏDİR.
BƏSİRƏT GÖZÜNLƏ BAXSAN, GÖRƏTSƏN,
XƏSTƏ O KƏSDİR Kİ, ƏTALƏTDƏDİR.
*****
TANRIDAN ƏMANƏT OLAN BİR CANA,
XƏYANƏT EDƏNLƏR DÜŞƏR ZİYANA.
SÜFRƏYƏ NÖVBƏNÖV TƏAM DÜZƏNLƏR,
YOLDAŞDIR NÖVBƏNÖV ACI DƏRMANA.
*****
BİR ŞEYTAN XİSLƏTİ VARSA NƏFSİNDƏ,
CAN RAHAT OLARMI ÖZ QƏFƏSİNDƏ ?!
RUHUN QİDASINI ARASAN, ƏGƏR,
TAPARSAN BİR HƏZİN AZAN SƏSİNDƏ.
*****

Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU
(XƏLİLOV MALİK AĞAGÜL OĞLU),
həkim, şair, Hacı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
AYB-nin XII Qurultayının nümayəndəsi,
PREZİDENT Təqaüdçüsü,
ŞABRAN Rayon Mərkəzi Xəstəxanasının
ALİ DƏRƏCƏLİ həkim-terapevt-kardioloqu.


turan.info.az




T Ə R C Ü M E Y İ – H A L

Mən – XƏLİLOV (HALİLOV) MALİK AĞAGÜL OĞLU (ədəbi aləmdə təxəllüsüm - MALİK XƏLİL (HALİL) AĞAGÜLOĞLU ) 08.12.1956-cı ildə Azərbaycan Respublikasının Dəvəçi (indiki adı: ŞABRAN) rayonunun PİRƏMSƏN kəndində( köyünde) anadan olmuşam. Orta məktəbin 8-ci sinif təhsilini 1972–ci ildə doğulduğum kənddə bitirdikdən sonra, Bakı şəhərindəki 8 saylı Musiqi Təmayüllü İnternat məktəbində (indiki: Milli Konservatoriyanın Tərkibindəİncəsənət Gimnaziyası) 9-10 cu sinif təhsilimi almışam və 1974 -cü ildə oranı bitirmişəm. Kimya - biologiya fənnlərindən “Fərqlənmə diplomu“ almışam. Elə həmin ili də N . Nərimanov ad. Azərbaycan Tibb İnst- na imtahan vermşəm . Müsabiqədən keçə bilmədiyim üçün 1974–cü ildə Bakı Soyuducular Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışam. Bu zavodda işləyərkən həm də yorulmadan , biliklərimi təkmilləşdirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna hazırlaşırdım. 1976 – cı ildə həmin təhsil ocağının hazırlıq şöbəsinə ( o vaxt bu şöbəni Fəhlə Fakultəsi də adlandırırdılar) daxil oldum. 1977 – ci ildə həmin institutun Müalicə - profilaktika fakultəsinə daxil oldum. 1983 - cü ildə Tibb İnstitutunu “yaxşı” və “əla” qiymətlərlə başa vuraraq həkimlik diplomunu aldım. 1983-1987 – ci illərdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanası nəzdində Aşağı – zeyid Kənd Həkim Ambulatoriyasının baş həkimi işləmişəm. 1987-1989 –cu illərdə Quba Rayon Mərkəzi Xəstəxanasın nəzdində Alpan Kənd Xəstəxanasında həkim – terapevt kimi çalıçmışam. 1989-cu ildən etibarən indiki Şabran ( köhnə adı : Dəvəçi ) Rayon Mərkəzi Xəstəxanasında həkim – terapevt kimi işləyirəm. Bu illər ərzində dəfələrlə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya və Kardiologiya kafedralarında təkmilləşmə kurslarında olmuşam.

2011-ci ildə Həkimlərin Sertifikasiyası İmtahanından könüllü olaraq keçmişəm və yüksək bal ( 100 )toplamışam. Həmin ilin Dekabrında ,yenə də könüllü olaraq, Həkimlərin Attestasiyası İmtahanından keçərək “ALİ DƏRƏCƏ “almışam. Hazırda Şabran Rayon Mərkəzi Xəstəxanasında ( həm Poliklinikada, həm də Terapiya şöbəsində) həkim – terapevt – kardioloq kimi fəaliyyət göstərirəm.

Bədii yaradıcılıqla – poeziya ilə hələ zavodda fəhlə işlərkən ara –sıra maraq -lanırdım. Şeirlər yazırdım. İlk şeirim – “Əmək” adlı şeir olub. İnstituta daxil olduqdan sonra dərslərin ağırlığı – çoxluğu ucbatından poeziya ilə bir neçə il məşğul ola bilmədim. Nəhayət ki , 1981-ci ildə yenidən poetik duyğularım oyandı , məni qələmə sarılmağa sövq etdi. Ədəbiyyat aləminə bu dəfəki qayı- dışım “ANA”şeirim ilə oldu. Bu şeir, cavan ikən ( 28 yaşında) , dünyasını dəyişən- üzünü xatırlamadığım, laylasına həsrət qaldığım ( mənim 4 yaşım olub) ANAMIN əziz xatirəsinə həsr olunub.Sonralar, yeni –yeni poetik nümunələrimlə dövri mətbuatda ara – sıra görünməyə başladım. 1987 – ci ildə ATAM dünyasını dəyişdi . Onun ölümündən həddən artıq sarsıldığım üçün lirik , şən poeziyadan uzaqlaşdım. Bir neçə il mətbuatla əlaqəni kəsdim. Ruh düşgünlüyündə olduğum üçün tək- tək qəmli şeirlər yazırdım. Bu minvalla yazdığım şeirlər elə evdə- arxivimdə yatıb qalırdı. Nəhayət ki , 2000- ci ildə özümü toparlayıb yazılarıma sahib çıxdım və ard-ardıyca 2 kitabımı nəşr etdirdim :

1 “BƏXTİMİN SORAĞINDA“ – şeirlər kitabı ( Azərnəşr, 2000-ci il, 1000 nüsxə);

2 “KAŞ Kİ QAYITMAYAYDIM...” – xatirə - povesti( Azərnəşr, 2000-ci il,1000 nüsxə)
Sonralar yaradıcılıqla sıx məşğul olmağa başladım.Dövri mətbuatda, həm ədəbi – bədii , həm də tibbi (sağlamlıq mövzusunda) yazılarım dərc olunmağa başladı. 2003 – cü ildə folklor janrında yazdığım (bayatılardan, qəzəllərdən, yanıltmaclardan ,aforizmlərdən və s. ibarət ) yeni - 3-cü kitabım nəşr olundu.

“ŞABRAN BAYATILARI VƏ...” ( OZAN nəşriyyatı, 2003-cü il, 500 nüsxə,) adlanan bu kitabıma böyük yazıçımız, professor – mərhum ƏZİZƏ CƏFƏRZADƏ ön söz yazmışdır. Həmin kitabım oxucular tərəfindən çox böyük maraqla qarşılandı. Sonralar 4 -cü kitabım- “BİZƏ İTKİN DEMƏYİN !..” – povestim( Azərnəşr 2005-ci il , 500 nüsxə ) çap olundu. Əsərimə ön sözü mərhum alimimiz – filologiya elmləri doktoru , professor VAQİF ARZUMANLI yazmışdır .

5 – ci kitabım - “GÖRƏN GÖZLƏR GÖZƏL GÖRSƏ“ adlı şeirlər kitabı ( Zərdabi LTD nəşriyyatı, 2016 – cı il , 500 nüsxə ) ;
6 –cı kitabım - “HƏKİM ADAMSAN ...”- adlı satirik – yumoristik hekayələr kitabı ( Çap ərəfəsindədir ).
“ Herba Flora “ tibbi jurnalında, “ Tibb “ qəzetində ara – sıra tibbi mövzularda yazılarım çıxır. “ Ədəbiyyat “ qəzetində , “Azərbaycan “, jurnalında ŞABRANDA çıxan “ Şabran “ qəzetində poeziya nümunələrim dərc olunur ! Televiziya proqramlarına tez -tez çıxmaq çətin məsələ olduğundan ara- sıra efirlərdə yer alıram.

Adım “AZƏRBAYCAN YAZIÇILARI XX - XXI YÜZİLLİKDƏ”adlı Ensiklopediyada ( “NURLAR”nəşriyyatı, 2011 – ci il ,BAKI) yer almışdır.
Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayının nümayəndəsi olmuşam !

Şeirlərim Türkiyədə nəşr olunan “ Avrasiya Şairləri Antolojisi” kitabında da yer almışdır .

AYB – nin təqdimatına əsasən 2017- ci ildə Prezident təqaüdünə layiq görülmüşəm !

ƏLAVƏ : Rus , Türk dillərində sərbast danışmağı , yazmağı və oxumağı bacarıram . Musiqi ilə çox maraqlanıram . Milli musiqilərimizi , muğam və təsniflərimizi ürəkdən sevirəm . Şəriət qaydaları ilə yaşayan, UCA ALLAHIN buyurduğu fərzlərə, MƏHƏMMƏD peyğəmbərin (S.Ə.V.) qoyduğu sünnətlərə bacardığım qədər riayət etməyə çalışan, oruc tutan , namaz qılan bir mömin bəndəyəm.

Müsəlman olmağın 5 vacib şərtlərindən biri də HƏCC ziyarətinə səfər etməkdir ki ,bunu da ALLAH mənə 2014 – cü ildə nəsib etdi . HACI adini daşidiğim üçün özümü çox xoşbəxt hiss edirəm. Hazırda yeni kitabımın üzərində çalışıram .

Ömür –gün yoldaşım – ASƏFLİ TURAN – həkim – ginekoloq kimi xalqımıza öz köməyini əsirgəmir və həm də həyatda mənim ən yaxın dostum və dayağımdır !
Əsasən qoşma , gəraylı , təcnis , müxəmməs və bayatı janrlarında yazıram . Xüsusən də bayatılar yazmağı çox sevirəm . Hazırda 400-dən çox bayatıla- rım var . Qəzəl janrında da bir neçə nümunələrim var . Lakin qəzəlin ağır janr olduğunu , onun məsuliyyətini dərk etdiyim üçün bu sahədə qələmimi geniş sınamağa ehtiyat edirəm . Yanıltmaclar , aforizmlər , alqışlar ,qarğışlar yazmağı da çox xoşlayıram .Bunların çoxusu , “ Şabran bayatıları və...” kitabımda dərc olunub. Amma yeni – yeni fikirlərim toplanıb ki , onları çap ərəfəsində olan kitabıma daxil etmək fikrindəyəm!


turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: