Kamran Karani: Mən səni keçmişdən oğurlamışam, Ümidim gizlənən sabahlaradır...

Kamran Karani: Mən səni keçmişdən oğurlamışam, Ümidim gizlənən sabahlaradır...Kamran Karani (İsayev Kamran Vidadi oğlu)
- 12 Avqust 1993-cü ildə dünyaya gəlib. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin il ali məktəbə daxil olub. 2015-ci ildə İqtisad Universitetinin Turizm və Otelçilik ixtisası üzrə bakalavr təhsili başa vurduqdan sonra, həmin ildə eyni ixtisas üzrə Turizm və Menecment Universitetində - magistr təhsilini qazanıb. Özünün təbilincə desək, şeiriyyata 6-cı sinifdə yazdığı “kiçik həcmli cızma-qara” ilə başlayıb. Sonralar onun təbini çoşduran hadisə universitet həyatı ilə bağlıdır. Ali məktəbdə qarşılaşdığı bir xanıma aşiq olmuşdur və bu hadisə onun şeir yaradıcılığında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Ən çox sevdiyi şair Nüsrət Kəsəmənlidir.

Bir qadın

Mənim dünənimdə bir qadın yatır,
O sakit, o gülən, o dəli bəzən.
Keçmişin xatirə dəftərçəsinə
Yazılmış bir qadın bir eşqi üzən.

Küləklər qoynuna atılan hər tel,
Zamanla rəqs edir xəzəl misalı.
O qumral gözlərin içindəki od
Həm ömrün, həm eşqin sadə timsalı.

Bir qadın gizlənir dünənlərimdə,
Məni bugünlərdən qoparır hələ.
Tarixin silinməz vərəqlərinə,
Ömürlük bir qonaq yazılır belə.

Kiçik bir yaddaşa dönüb arabir,
Axır damla-damla mürəkkəbimdən.
Bir qadın gizlənir qəlbimdə mənim,
Dünyanı seyr edir bəbəklərimdən.

O bugün oxuyur dünənlərimi,
Qatılır sözlərim nəfəslərinə.
Bir qadın gizlənir sətirlər boyu,
Bu mənəm söyləyir qadın özünə.

O sakit, o susqun obrazlı qadın,
Bugün bu şeirdə dünəndə qalır.
İndi bir özgənin sevgisi olmuş
Mənim dünənimdə bir qadın yatır...


Qaranlıq oda

Keçmişin sallanır kirpiklərindən,
Çatılıb qaşların, solub yanağın.
Məgər bir zamanlar dönüb getdiyin
Mənim yollarıma qaçır ayağın ?

Gözəl gözlərində təbəssüm hanı ?
Qanlı göz yaşların çəkir adımı.
Bilirsən nələri yadıma saldı ?
– O son sözlərini, o son addımı.

Keçmişin dilənir barmaqlarında,
Çatlayır dodaqlar nəfəs içində.
Döyünmür deyəsən ürəyin sənin,
Ya da buz bağlamış qəfəs içində.

Titrəyən əllərin sarıldı mənə,
Soyuq yanaqların sinəmə dəydi.
Qəlbimə yollanan nəfəsin kimi,
Saçların bir anda əlimə dəydi.

İlahi, nə olmuş bu gözəl qıza,
O kimdən qaçırdı ? Kimə qaçırdı ?
Bəlkə də ən böyük məhəbbətindən
Ən kiçik gördüyü qəmə qaçırdı..

Ayrılıb azacıq üzümə baxdı,
Əlvida söylədi bir anlıq o da !
Yox oldu gözlərim önündəki qız,
Xəyaldan ayıldım,
Qaranlıq oda.

Ayaqlamısan!

Salam, ey gözəllər yurdumun gözü,
Bəlkə də ayrılıq yıxıb səni də.
Əlvida kəlməsi ağırdır, düzü,
Qətl edir ürəkdən sevənləri də.

Soruşma ayrılıq nələr gətirdi,
O gecə səmada ay göründümü ?
Bilmədim bu eşqi nələr bitirdi,
Bilmədim gözündən yaş süzüldümü ?

Bənövşə boynunu bükdü o anda,
Səmanın rəngi də qaraldımı nə ?
Sən məni həsrətə yola salanda,
Sinəndə bir hava daraldımı nə ?

Sanki istəmədin ayrılaq elə,
Sənin də əlində mesaj izim var.
Üstəlik fərqinə varmasan belə,
Bəlkə də qəlbinə enən sözüm var.

Bəlkə də bu dünya səni də yıxdı,
Ayrılıq dünyanı dar etdi sənə.
Ürəyin özündən məni də çıxdı,
Gizli bir boşluğu var etdi sənə.

Ayrılaq sözünü deyən ki sənsən,
Sorğusuz-sualsız kəsib atmısan.
Ey gözəl sevgini tapmaq istəyən,
Mükəmməl sevgini ayaqlamısan !

Çırpınış

Mən hələ keçmişi unutmamışam,
Bütün xatirələr yaddaşımdadır.
Mən səni keçmişdən oğurlamışam,
Ümidim gizlənən sabahlaradır.

Sən gedən o andan məhəbbətimiz,
Qanadı qırılmış simurq kimidir.
Bizə çox yadlaşan bizim səsimiz
Taleyin ayrılıq əsintisidir.

Ayrılıq ölümdür deyirlər, yalan,
Bu ölüm deyil ki, ölüm qurtulum.
Vəfasız bir eşqdən sevdaya qalan,
Sadəcə puç olmuş xəyali yolum..

Çırpınış yaşamaq sayılmır axı,
Ölən bir məhəbbət ayıla bilməz.
Mən ki yaşatsam da bu ayrılığı,
Sənsizlik yaşamaq sayıla bilməz.

Nə dərdim var idi?
Sən də yüklədin,
Bu eşqi mənimlə daşımadın ki.
Sən mənim yanımda qala bilərdin,
Sən buna cəhd edib çalışmadın ki.

Çalışdım, can atdım bir yolu olsun,
Hər dəfə görürdüm elə qaçırsan.
Bizim məhəbbətə bir ad qoyulsun;
‘Sən mənim sevgimə yaraşmamısan.’


Mənə demədilər

Mənə dedilər ki sevmə heç zaman,
Gedəcək – beləcə üzüləcəksən.
Mənə demədilər zaman gələcək
Mənəvi dünyadan silinəcəksən.

Dedilər göz yaşın gedəcək hədər,
Mənə demədilər yuxun qarışar.
Üzündən gülüşlər solacaq deyən
Mənə söyləmədi bahar qış olar.

Azacıq dünyadan xəyala keçsən,
Dedilər xəyalən əsir düşərsən.
Mənə demədilər vəfasız yarın
Yolunda kövrəlib köks ötürərsən.

Mənə dedilər ki, bil eşqin sonu ,
Hüsrandı,
həsrətdi,
dərddi həyatda.
Mənə demədilər elə bir an var,
Ölümlə tanışlıq qurarsan hətta,

Dedilər könüldən yaralanmayan,
Həsrətin dadından danışa bilməz.
Mənə demədilər həqiqi eşqdə
Ayrılıq sevgisiz yaşaya bilməz.

Dedilər barışmaq xoş olar amma,
Çətin ki ayrılıq düzələ bilsin.
Mənə demədilər ürəklər gərək
Elə ilk nöqtədən sevilə bilsin!

Mənsiz də həyat

Bugün xatirələr gəzirdim evdə,
Adının keçdiyi vərəq tapmışam.
İlk dəfə qarşıma çıxır bu yazı,
Mən yenə səninlə qarşılaşmışam.

Çox da əzilmişdi ad olan yeri,
Bəlkə bu taleyin işarəsidir ?
Mənim həyatımda qalan bu vərəq
Bir qara sevdanın nişanəsidir.

Adımız tarixə yazılmaz yenə,
Alın yazımızda qoşa deyilsə,
Gülürəm, deyirlər dəlisən, nəsən,
Dəliyəm, özgəylə qoşa gəzirsə !

Deyirdim olmasaq həyat olarmı ?
Deyirdim gəl bizi qəlbində yaşat.
O getdi.. Biz öldük.. Başa düşmüşəm,
Onsuz da həyatdır,
Mənsiz də həyat..

İstəyirəm!

Oxu və dəyişmə bunu heç nəyə,
Oxuyub sevinclə gül istəyirəm.
Mən səni qəlbimə səsləyim deyə,
Sözlərin bağından gül istəyirəm.

Gəl yaşa qəlbimi, güc al mənimlə,
Gəl uçaq səmada, ucal mənimlə,
Gəl evlən mənimlə, qocal mənimlə,
Mənimlə bu eşqdə öl istəyirəm.

Bir zaman qəlbimi rahat tutardım,
Dərdimi özümə unutdurardım,
Bir zaman dərdinə ortaq olardım,
İndi bir heç nəyəm, bil istəyirəm.

Bu eşqdən sənə də pay düşəsidir,
Mənə də, sənə də tay düşəsidir,
Gecə pəncərənə ay düşəsidir,
Mənəm o, dərdini böl istəyirəm.


Küsmədimi ?

Sözün varmı
O könlündə atəş açan tətiklərə?
Baxıb-baxıb göz yaşımı
Tanış etdim rəsimlərə.
Küsmədimi dünya bizə?
Bizim kimi
ayrılığa qaçaq düşən,
Sonra boş-boş
çarəsizcə
həsrət qalan könlümüzə?
Küsmədimi günlər bizə?
Bəlkə bizi qarşılayıb
Xoş gəldiniz deyəcəklər?
İndi bizi görməyəndə
Oturub qəm yeyəcəklər.
Küsdü bizə görüşlər də..
Görüşlərə uzaq olduq.
Biz onları
bir ömürlük qarşılardıq,
Biz onlara
Nədən belə qonaq olduq?
Eşitmişəm
Ürəyində biri varmış.
Xəyaına ortaq olub
Eşqinə yar olacaqmış..
Var olacaq həyatında
– Dua .
– Arzu .
– Bir də istək..
Gülər gözlər,
Coşar ürək..
Sevinc ilə keçər zaman.
Xoş günlərin rəsmini seç
Düşünmə keç;
Küsmədimi sənə Kamran?
– Küsərmi heç?



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: