Bu günlərdə Dünya TV-də Aşıq Pəri məclisinə baxdım. İnanın ki, müəyyən zaman kəsiyində mən bu verilişin xoş aurasına,gözəl,cazıbəli atmosferinə düşdüm desəm yanılmaram. Saza, sözə bu qədər dəyər verilməsi məni həddən-ziyadə qürurlandırdı. Xırdaca bir yazı yazmaq,bir veriliş hazırlamağın nə qədər yorucu, çətin və məsuliyyətli olduğunu bilsək görərik ki,yaradıcı heyətin üzərinə nə böyük məsuliyyət düşür. İştirakçıların hamısının əməyi keçərli, təqdirəlayiqdir. Amma verilişə daha çox can qoyan məclisin rəhbəri, gözəl şairə, əsl layiqli vətəndaş Pərvanə Zəngəzurludur. Veriliş boyu hiss olunurdu ki, Pərvanə xanımın hər bir iştirakçı üzərində əməyi var, hətta çıxış üçün söz verdiyi qızların əvəzində onun ürək çırpintiları hiss olunurdu. Veriliş başdan-başa Dədəm Qorqud yadigarı Saza, Tanrı dərgahında müqəddəs olan sözə,milliliyə dəyər üzərində qurulmuşdu.
Pərvanə xanım təkcə aparıcılıqla kifayətlənmir, o həm də gözəl şairədir.
Qısa arayış: Mustafayeva Pərvanə Hüsü qızı (Pərvanə Zəngəzurlu)
1958-ci ildə Qafan rayonu Acıbac kəndində doğulub.
1980-ci ildə M.Ə.Sabir adına pedoqoji məktəbi bitirib, təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllimə işləyib.
Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ciildən AYB-nin, 2002-ci ildən aşıq Pəri məclisinin, 2003-cü ildən Məhsəti məclisinin üzvüdür.
Kitabları: "Qayıt gəl", "Dağlar yuxuma girir", "Zəngəzur həsrəti", "Tanrım, məni başdan yarat", "Vətən qürbətdə qaldı", "Lal haraylar", "Çoxala-çoxala azalan ömrüm", "Yarı yolda qoyma məni".
Hazırda növbəti kitabı çapa hazırlanır.
"Xan qızı Nətavan", "Qızıl qələm" mükafatlarına layiq görülüb,
2013-cü ildə AYB-nin yəltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Aşıq Pəri məclisinin rəhbəridir.
Ailəlidir,2 övladı var.
Pərvanə xanımın şeirlərindən daha çox bir vətəndaş yanğısı,yurd həsrətlisi olan əsl vətəndaş obrazı boylanır.Şairə elə bu ilhamı da yurd yerindən,doğma təbiətdən alır:
Şair könlüm təb istəyir,
O dağları hardan alım
Sızıldayır təşnə könlüm,
Bulaqları hardan alım.
yaxud,
Həyat şirin,ömür yalan,
Dərdə düşsün ayrı salan.
Yaddaşımda bitib qalan,
O çağları hardan alım.
Pərvanə Zəngəzurlunun boya-başa çatdığı ellər-Qərbi Azərbaycan indi yağı işğalında,yağı tapdağında inləyir.Ağrı elləri,Dərələyəz mahalı,Göycə,Vedi,Zəngəzur elləri axar-baxarını itirib xilaskarını gözləyir indi. Elə bu mənada da Pərvanə Zəngəzurlu yaradıcılığının əsas süjet xəttini doğma yurd,Vətən torpağı,axar-baxarlı Azəri ellərinə məhəbbət təşkil edir.
Pərvanə xanım poeziyamızın minilliklərdən süzülüb gələn ənənəsinə sadiq qalır. Ustad Alı,Dədə Ələsgər,Dirili Qurbani və başqa dahi yazarlarımız kimi hər gülün,hər çiçəyin dəyərini bilir,qədrini bilir,sözü dəyərində işlədir.Çünki hər şey qədərində gözəldir. Yuxarıda sadalananların hamısının bahar gülü "Bənövşə" şeirı var, o cümlədən Pərvanə Zəngəzurlunun da.
Həsrət,niskil hər nə desən məndədir,
Azıb xəyal dumandadır, çəndədir.
Fikrim kol dibində,göy çəməndədir,
Anıram hər bahar, yaz, bənövşəni.
Müasir dünyanın təzadlı problemləri də Pərvanəni bərk narahat edir:
Misal var ki, uzaq görən kişi imiş atalar,
Halal əkmiş, halal biçmiş, halal yеmiş atalar,
Əl tutmaq Əlidən qalıb, bеlə dеmiş atalar,
Əl vеrib, başa qaxırsa, kəraməti boşdu boş.
yaxud da,
Kim imandan danışırsa, imanını satmasın,
Allah yolu müqəddəsdir, özünü allatmasın,
Əldə Quran, içdə şеytan, aralığı qatmasın,
Imanı şеytana vеrib, ibadəti boşdu boş.
Pərvanə xanım yaradıcılığına bələd olduqca əmin olursan ki, onun sənətdə öz səsi, öz nəfəsi,öz dəsti-xətti vardır. Bütün yaradıcılığı bir ümmana bənzəyir Pərvanə Zəngəzurlunun. Poeziyası orijinaldır. Şeirləri bənzərsizdir. Təbii ki, bu kiçicik yazıda Pərvanə Zəngəzurlu yaradıcılığını büsbütün təhlil etmək mümkünsüzdür. Təkcə onu demək yerinə düşərdi ki,onun poetik dünyasına səyahət etdikcə insan daxılən mükəmməlləşir, qəlbən təmizləşir və fikrən ucalır. Böyük Rus yazıçısı L.Tolstoy yazırdı ki,yaxşılığı təlqin etmək üçün əvvəlcə özün yaxşı olmalısan. Yəqin ki, Pərvanə xanım da yaxşı insandır ki,yaradıcılığı başdan-başa bu ideyaya sadiqdir.Və birdə böyük Azərbaycan filosofu Bəhmənyar yazırdı: "Elə adamlar axtarın ki,onlarla söhbət yaxşı kitaba bərabər olsun.Elə kitablar da axtarın ki,mütaliəsi filosoflarla söhbətə dəysin". İnanıram ki, şairə Pərvanə Zəngəzurlunun həm həyatda həmsöhbət olduğu insanlar, eləcə də dəyərli oxucuları bunu təsdiq edərlər.
Pərvanə xanım, teleməkanda da çox gözəl missiya yerinə yetirirsiniz:saza,sözə, söz sərrafına dəyər verirsiniz. Saza dəyər vermək müqəddəs işdir. Allah köməyiniz olsun, uğurlarınız bol,verilişiniz uzunömürlü olsun. Pəri qızlarının da hər birinə sənətlərində sabitqədəm olmalarını arzulayıram.
Son olaraq isə Sizin kimi insanı dəyərləndirdiyinə, eləcə də saz-söz məclisinə xeyir-dua verdiyinə görə Dünya TV-nin rəhbərliyinə, yaradıcı personalına-ümumiyyətlə Aşıq Pəri məclisində əməyi keçən hər bir insana minnətdarlığımı bildirirəm!
Malik Balaşov
publisist