Yaz müjdəçisi - Xıdır Nəbi bayramı

Yaz müjdəçisi - Xıdır Nəbi bayramı “Xıdır Nəbi” bayramı türkdilli xalqların folklorunda, adət-ənənəsində mövsüm mərasimidir. Yazın dörd mühüm çərşənbə axşamlarının yaxınlaşmasıyla bağlı keçirilən şənlikdir. Bu mərasim Xıdır Nəbi, Xızır İlyas, Xızır, Xıdır kimi mifik obraz adlarıyla bağlıdır. İnanclara görə, Xıdır (Xızır) odun, istiliyin, qüvvətin rəmzi idi. Təbiətin canlanması üçün istiliklə yanaşı su da vacibdir.

Ona görə də mifik Xıdır (Xızır) obrazı su Tanrısı Nəbi (İlyas) ilə qaynayıb qarışmış - Xıdır Nəbi, Xızır İlyas kımi işlənmişdir. Beləcə, xalqın mifik təfəkküründə bu adlar Xıdır Nəbi, Xızır İlyas kımi yaşamışdır. Qışın oğlan çağında - kiçik çillənin ortasında (yəni, fevral ayının 10 -11 - 12 - si tarixlərində) “Xıdır Nəbi” bayramı başlardı. Ən azı bir həftə bu bayramın ovqatında dolanardıq. Göyçənin Xıdır Nəbi bayramının təəssüratını belə xatırladım: payızın son ayında çöldən bütün əl-ayaq yığılar, toplanan məhsullar (meyvə, kartof, taxıl, tütün və s.) kolxoza - anbara təhvil verilərdi. Sonra həmin məhsullar əməkgünü hesabı ilə kənd, el-oba camaatı arasında paylanardı.

Taxıl bölgüsü zamanı isə bir detal xüsusilə izlənərdi: “Xıdır Nəbi”lik üçün ayrıca buğda – ən yüksək keyfiyyətli - iri dənəli buğda pay verilərdi (ailə üzvlərınin sayı nəzərə alınmaq şərtilə). Bu pay I, II növ un üyütmək üçün olan buğdalara bənzəməzdi. Bayram isə əslində üç gün idi. Xəlbirlənmiş iri, qırmızı buğdalar sacda qovrular, sonra isə dəstərdə (kirkirədə) çəkilərdi (üyüdülərdi). Qovrulmuş buğdaya qovurğa deyilərdi. Qovurğa qovurmaq üçün ayrıca təndir çatılardı, təndirin alovu bir az səngiyən kımi sac dörd çatax (dayaq) üstə qoyulardı və ikı-üç qadın buğdanı qovurmağa başlardı, qıpqırmızı qovurğalar süfrələrə təpələmə tökülərdi. (Əslində qovurğa qovurmaq işi ikı-üç qonşu arasında köməkli görülərdi). Bu iş gün axşama enincə ancaq başa çatardı. Həmin gün hökmən nehrə çalxalanar, təndirə lavaş çəkilərdi ki, qoy bərəkət üstdə bərəkət olsun, üzü yaza gələn təbıət də insanların üzündən-qəlbindən doğan ruzi sevincindən maya tutsun. Səhəri gün qovrulmuş buğdanın-qovurğanın dəstərdə çəkilməsi başlardı. Yenə də qonum-qonşuyla birgə. Sonra bölünərdi, kimin payı nə qədərdisə, o qədər də öz qovut payını götürərdi. Qovut isə qovurğanın dəstərlə çəkilməsinə deyilirdi. Qovut bal şərbətində hazırlananda daha ləzzətli olardı, çox vaxt südlə də hazırlanardı.

Beləcə, “Xıdır Nəbi” bayramı süfrəsınin şah yeməyi qovut olardı. İlk qovut gecəsi daha maraqlı olardı.
Evdə hər kəs gecə yatmazdan əvvəl təknəyə yığılmış qovutun üstünə ehmalca əl basardı. Səhər oyananda kimin əl izi gecə böyüyübsə, demək o əlin sahibi həmin il çox ruzili olacaqdır. İnama görə gecə Xıdır Nəbi baba (Xızır İlyas) gəlib əlini elə həmin əl izınin üstündə qovuta basıb gedib. Bu, o deməkdir ki, eyni zamanda ilimiz ruzulu, bərəkətli olacaq. Darda qalanların xilaskarı, butalıların hayançısı Xıdır Nəbi (Xızır İlyas) elə bu sevinclə gözümüzü, könlümüzü üzü bəri gələn yaza bağlardı.


Almaz ÜLVİ,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: