ELDƏN GEDƏN SƏNƏTKAR - AŞIQ NURƏDDİN QASIMLI

ELDƏN GEDƏN SƏNƏTKAR - AŞIQ NURƏDDİN QASIMLI Borçalı yurdu ustad sənətkarlar, aşıq Əmrahı, aşıq Hüseyn Saraçlını, aşıq Kamandarı itirəndə nə qədər heyifslənmişdiksə, yalnız təsəllimiz ustad aşıq Nürəddin Qasımlı idi. Nə yazıqlar olsun ki, Borçalımız ustad aşıq Nürəddini saxlaya ilmədi. O ömrünün 71 yaşında haqq dərgahına qovuşdu, sənətin ən uca zirvəsində olan vaxtında həyatı tərk etdi. Indi onun ölümündən bir neçə il keçir. Onu bir daha yada salmaq, xatırlamaq hamımızın borcudur.
... Xeyli vaxt idi ki, beynimdə belə bir səda cövran edirdi. Saz-söz ocağı Usub kişinin nəsl-nəcabəti haqqında geniş bir yazı yazmaq. Bu barədə ustad aşığın sağlığında özü ilə də söhbətim olmuşdur. Axı,aşıq Nürəddinin atası Usub baba da, anası Fatma nənə də adlı-sanlı aşıq olmuşlar. Bu sənətin vurğunu, sinə dəftəri idilər. Usub baba Dollu Abuzərin şagirdi olmuşdur. Ümumiyyətlə Usub babadan sonra onun oğlu və qızları, nəvə-nəticə və kötücələrinin hamısı saz çalıb,oxuyan olublar. Onların ən məşhuru sazı-sözü, avazı ilə yeni bir sənət dünyası açmış, təzə bir saz sənət məktəbinin yaradıcılarından olmuş, nəinki Borçalıda, eləcədə yaxın-uzaq ellərdə Ağbabadan tutmuş Dərbəndə qədər, Bakıdan tutmuş Təbrizə qədər, oradanda türk ellərinə qədər onun sədası gedib çatmış, alqışlanmış, sevilmiş və çoxlarının qəlbinə hakim olmuşdur. Bu hamımızın tanıdığı ustad sənətkarımız aşıq Nürəddin Qasımlıdır.
Sözüm onda deyil, bu nəsildə gözəl səsə, xoş avaza malik olan Usub babanın böyük oğlu Qurban Usuboğlunu qanlı müharibə udmasaydı zəmanəmizin ən görkəmli aşıqlarından biri olardı.
Sözü, havacatı pəsdən deyən, sazı özünə uyğun həvəslə çalan onun ikinci oğlu Rustam Usuboğlunu da əcəl tez apardı.
Sinəsi məşhur aşıqlardan çox zəngin olan, Zəlimxan Yaqubun yaxın dostu Sədi Usuboğlu da aramızdan erkən getdi.
Usub babanın kiçik oğlu Tofik müəllim başqa bir sahənin adamı olsa da sazı heç vaxtı unutmamışdır. Baki şəhərində yaşayan Tofik müəllimin istər idarə kabinetində, isdərsə də yaşadığı evində saz həmişə onun başının üstündə olur.
Usub babanın nəvələri: - aşıq Nürəddinin ikinci oğlu Həvəskar artıq müstəqil aşıqdır. Elat içində sevilən aşıq-xanəndə kimi tanınmışdır. Çoxlu diplom, fəxri fərman və mükafatları var.
Aşıq Sədinin övladları Aşıq Tərmeyxan və Aşıq Telli bütün Azərbaycana səs salıblar. Azərbaycanın televiziya kanalları bu bacı-qardaşa geniş meydan verir, sazını, sözünü bəyan eyləməyə böyük efir vaxtı ayırır.
Bu nəsildə ustad sənətkar səviyyəsinə yüksələn, geniş asimanda nurlu bir ulduz kimi parlayan bu nəslin, eləcə də Borçalımızın ad-sanını göylərə qaldıran, heç bir sənət izi ilə getməyib bu çal-çarpazı yollarda özünə cığır açan, bütün Borçalımızın sevimlisinə çevrilən, özünə uyğun pir kamalı olan, ustad bir aşıq kimi el məclislərində böyük mərifət və hörmət qazanmış bütün aşıqsevərlərin qəlbində özünə əbədi məskan salan məhz ustad aşıq Nürəddin olmuşdur.
İlk vaxtlardan mən onun sazına, sözünə, çalğısına xoş avazına vurulmuşam. Ustad Nürəddin saz çalanda illahi özünü başqa aləmdə hiss edirsən. Onun çalğısı adamı ovsunlayır, sirli-soraqlı özgə bir dünyadan xəbər verir. Saz da var, oxuyan da var, nə çox elimizdə, obamızda, lakin onun oxumağı, çalmağı haqdan gələn Dədə Qorqud mənşəli, qəlbləri riqqətə gətirən, insana oturduğu yerdə layla çalan, beyinlərə həzin-həzin daxil olan məsdedici bir musiqi hıçqırıqlarıdır.
ELDƏN GEDƏN SƏNƏTKAR - AŞIQ NURƏDDİN QASIMLI
Qurbanov Nürəddin Usub oğlu 1939-cu ildə yanvarın 5-də Borçalının Qasımlı kəndində dünyaya göz açmışdır. 1945-ildə Qasımlı orta məktəbinə daxil olub 1955-ci ildə həmin orta məktəbi bitirmişdir. Bundan sonra aşığın geniş əmək fəaliyyəti başlayır. Əvvəlcə o N.Xuruşşov adına Qasımlı kolxozunda traktorçu köməkçisi, sürücü işləyir. Ailəyə qazanc gətirən oğullardan olur. Sonra onu 1958-ci ildə hərbi xidmətə çağrırlar.
O vətən borcunu layiqincə yerinə yetirib, 1961-ci ilin 15 dekabrında evə qayıdır.

Aşıq Nürəddin və ona 6 övlad- (3 oğul, 3 qız) bəxş etmiş onun həyat yoldaşı Tehran xanım.
* * *
- Bu həvəs səndə nə vaxtdan yaranıb?- ilk sualım bu oldu.

O, bir anlıq fikrə getdi, sonra aramla söhbətə başladı:

- Əvvəlcə onu deyim ki, bizim nəsl aşıqlar ocağıdır. Gözümü açandan evimizdə saz görmüşəm. Çox qəribə idi, bizdə hamı çalıb oxuyurdu. Məndə bu sənətə həvəs lap körpəlikdən yaranıb. 1952-ci ildən isə bu sənətə qaynayıb qarışmışam. Hələ orta məktəb illərində saz çalmağı mənə atam Usubdan, ən çox qardaşımdan öynmişəm. Gözəl və məlahətli səsim olduğundan kiçik məclislər idarə edirdim. O dövürdə Qasımlı kənd sovetinin sədri işləyən məşhur Məmmədtağı kişi məni ora-bura göndərirdi, eloğullarım isə bəzi şadlıqlar, qonaqlıqlar məclislərinə dəvət edirdilər. Ilk dəfə böyük məclisim Qasımlı kəndində Alek oğlunun toyu olub. Çox həyacanlanırdım , ancaq məclis çox gözəl keçdi. Aşıq Hüseyn Saraçlı da bu məclisdə iştirak edirdi. Elə oradaca mənim səsim, saz çalmağım, məclisi idarə etməyim ustadın xoşuna gəldi və məni 1962-ci ildə özünə şəyird apardı. İki il böyük ustadın yanında şəyird oldum, bütün aşıqlığın sirlərini, dastançılığı ondan öyrəndim.
Elə bu illərdə onun həyatında daha bir xoşbəxt hadisə baş verir, Qasımı elinin ən gözəl qızlarından biri ilə ailə həyatı qurur. Onların dalbadal 3 qız və 3 oğul övladı olur. Qəribə burasıdır ki, 6 övladın hamısı sazı kamil çalır və özlərinə uyğun səsləri var.
1963-cü ildən sərbəst sürətdə aşıqlıq etməyə başlayan Nürəddin Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonun kəndlərindən dəvətlər alır, aşıqlıq fəaliyyətinə başlayır. Dövlət səviyyəsində keçirilən tədbirlərdə mütamadi iştirak edir və çoxlu fəxri fərmanlar və müxtəlif hədiyyələrə layiq görülür. Sonra ustad sözünə davam edərək dedi:- Bakıda Azərbaycan Dövlət Flarmoniyasında korefey sənətkarlarla (aşıq Sadıq, aşıq Məmməd, Əmrah, Hüseyn, Kamandar, Calal və başqaları ilə) birlikdə 3 dəfə böyük konsert vermişik, dəfələrlə alqışlanmış, bir neçə dəfə səhnəyə qaytarılmışıq.
Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. 1989-cu il yanvarın 26-da Birliyin sədri Hüseyn Arifin özü 36-nömrəli üzvülük biletini şəxsən mənə təqdim etmişdir.
1985-ci il iyunun 25-də Böyük Qələbənin 40-illiyi münasibəti ilə keçirilən konset tədbir proqramında ümumittifaq bədii özfəaliyyət kollektivlərinin tərkibində çıxış zamanı şəhadətnamə almışam.
1999-cu ildə aşıqlıq sənətində fəaliyyətimə görə Gürcüstan prezidenti M.Saakaşvili tərəgindən 123№ li əmrlə 02180 nömrəli “Şərəf medalı” ilə təltif olunmuşam.

Bu söhbət ustad sənətkarın ölümündən bir az əvvəl önun öz həyətindəki iri tut ağacının altındakı stolda pürrəngi çay içə-içə olmuşdur.
Qəfildən ona belə bir sual verdim:
-Ustad nə qədər aşıq havası var?
O, bir az fikirləşib dedi:
- Müasir aşıqların repertuarında daimi işlənib kamilləşən yüzdən artıq klassik hava və onların variantı mövcutdur. Əsrlərdən bəri bu havalarda müəyyən ucalıqlı səs münasibətləri, həmçinin səciyyəvi xal, guşə melodoki vəzn əmələ gəlmişdir.

-Aşıq havaları necə xarakterizə edirsən?
Soruşduqda o sakitcə cavab verdi:
- “Koroğlu”, “Misri”, “Orta Divani”-də mərdlik, cəsurluq, cəsarət, qəhramanlıq, “Qəhramani”, “Gözəlləmə”, “Göyçə gülü”-ndə oynaq, şən əhvalı-ruhiyyə,”Dilqəmi”, “Yanıq kərəmi”, “Təcnis”-də isə lirik məhəbbət duyğuları, qüssə və həsrət motifləri ifadə edilir. “Paşaköçdü”, “Əfşarı”, “Şahsevəni”, havalarında qədimliyin, ululuğun əlamətləri duyulur.
Müasir aşıqların ən çox işlətdiyi şeir formaları Gəraylı, Qoşma, Təcnis, Müxəmməs və s-dir. Bu havaların bir çoxu şeir formalarının(Garaylı, Təcnis, Müxəmməs) və s. başqa qismində dastan surətlərinin adından(Koroğlu, Kərəmi) müəyyən hissəsində yaşadığı yerin adları ilə adlanır, məs: (Nəxçivani, Şərili) və s.göstərilir. Bir şox aşıq havaları isə məşhur aşıqların adı ilə bağlıdır.(Cəlili, Bəhmani, Urfanı).

-Ay ustad yenidən doğulsaydın hansı sənəti seçərdin?
Mənim mayam sazla-sözlə, aşıqlıqla yoğrulub. Beşiyimin başında atam Usub həmişə saz çalıb, o saz gecələr səhərə kimi mənə layla çalıb. Anam Fatma xanım deyir uşaqlıqda çox kür olmuşam, hey ağlamışam, hər vaxt anam atamı yerindən qaldırar və beşiyimin başında saz çaldırardı, mən sazın səsinə sakitləşib yuxuya gedərdim. Indi onun üçün deyirəm ki,sazdan, aşıqlıqdan başqa heç bir sənəti seçə bilməzdim. Beləcə-beləcə saz məni ovsunladı. On iki yaşında sazı kamil çalmağa başladım. Gözümü açıb evimizdə hamını saz çalan görmüşəm. Atam, anam, qardaşım mahir saz ifaçıları idi. Ona görə taleyimi əbədəlik saza bağladım.
Yaxşı yadımdadır mən uşaq vaxtı atam Usub kişi və anam Ftma xanım yatan otaqda yatırdım. Gecənin bir aləmində saz səsinı ayılırdım və görürdüm ki, atam Usub anama dastan danışır. Elə ki, dastanın deyişmə səhnəsi başlayırdı, onda atam anamı yerindən qaldırar, ozü Şah İsmayıl anam Ərıbzəngi, özü Kərəm anam Əsli özü Lətif şah anam Mehriban xanım, özü Məsum anam isə Diləfrüz xanım olardı.
Səhərə qədər çalıb oxuyardılar. Başladıqları dastan sona çatmamış yatmazdılar. Mənimsə yuxum ərşə çəkilər onların bu hərəkətlərinə alüdə olardım. Mən belə şəraitdə böyümüşəm. Di gəl ki, bu ixtiyar qocalar saz-söz vurğunu idilər. Məni də özləri kimi sazın-sözün Məcnunu, Fərhadı etdilər. Belə bir məqamda mən başqa bir sənəti seçə bilərdimmi?

-Ustad sənətini davam etdirən övladın varmı?
Uşaqlarımın altısı da saz çalıb oxuyurlar, elə nəvələrim də onlara qoşulub. Ancaq ikinci oğlum Həvəskar ardıq məşhur aşıqdı. O böyük toy məclisləri keçirir, dövlət tədbirlərində iştirak edir. Həvəskarın oğlu Fəxri gələcəyin məşhur aşığı olacaq ...Bir dəfə böyük bir toy məclisini aşıq Nürəddin və oğlu Həvəskar aparırdı. Bütün rayonlardan hətta qonşu Azərbaycandan (Bakı,Gəncə,Tovuz,Qazax) çoxlu qonaqlar-sazsevərlər var idi. Ustad Nürəddin bu məclisin ortasında əvvəl “Ruhani”,sonra isə “Paşaköçdü” havalarını çalıb oxudu. Bu havaları Bakıdan gələn alim qonaqlar sifariş etmişdilər.
Ay allah bu necə oxumaq idi?!.
Bu anı göylərmi yerə enmişdir, bu necə zəngulə idi, gül həsrətindən bülbülmü fəğan edirdi. Sanki o öz avazı ilə məclisə layla çalırdı.
Məni öz yerimdəcə ovsunlamışdı ay tanrı nə hikmətlər var imiş bu sazda.
Dayana bilmədim elə ordaca bu şeiri yazdım:

Gözəl çaldın ay Nürəddin
Dinən nəyin dilləriydi.
Çağlayan o saz deyildi .
Bu qəlbimin telləriydi.
Öpdü məni yaz nəsimi,
Təngildətdi nəfəsimi,
Bu hay-haray saz nəsimi,
Yoxsa dağlar selləriydi.
Uyğun yandı,haray saldı,
“Ruhani” dən imdad al
“Paşaköçdü” kimlər qaldı,
Köçən kimin elləriydi.

...Payızın soyuq günlərindən birindən bizim qapıda bəyaz rəngli bir maşın dayandı.
Cavan bir oğlan maşından düşüb mənə yaxınlaşdı və gülə-gülə:
- Aşıq Nürəddin sizi evində gözləyir.
- Siz kimsiniz? - deyə soruşdum.
- Mən onun bacısı oğluyam Bakıdan təzə gəlmişəm.
Paltarımı dəyişib onunla ustadın evinə getdim. Böyük bir xəngəl süfrəsi açılmışdır. Rəhmətlik Fatma nənə stolun baş tərəfində əyləşmişdir. Mən hamı ilə görüşdüm, Fatma nənə məni öz əziz doğması kimi bağrına basıb üzümdən öhdü. Bir şeyi xatırladım ki, bu ocaqda həftədə 3-4 dəfə yarpaq xəngəli bişirilirdi, qurudlu xəngəli çox sevirdi bu nəsil. Məclis gözəl keçdi ayrı qonaqlar da var idi. Fatma nənə xeyli bayatı dedi, keçmiş zamanlardan söhbətlər etdi Ustad gözəl havalar çaldı, oxudu. Gəldik əsas məqsədin üstünə. Ustadın bacısı oğlu Çaylı üzünü mənə tutub çəkinə-çəkinə dedi: Mən istəyirəm ki, siz dayım Nürəddin haqqında kitab yazasınız. Mən üzümü aşığa sarı çevirib onun nə fikirdə olmağı ilə maraqlandım. Ustad gülümsəyirdi, demək razılaşıblar. Mən çox məmun oldum, axı belə bir sənətkar haqda kitab yazmaq böyük şərəfli iş idi. Mənim bu sahədə təəccrübəm vardı. Ustad sənətkar, məşhur aşıq Quşcu İbrahim və onu oğlu Oruc haqqında “Borçalının söz xəzinəsi” kitabım çapdan çıxıb geniş ictimaiətə yayılmışdır. Mən o gündən bu işlə məşğul olmağa başladım, aşıq haqda xeyli materiallar da topladım. Bu hadisədən xeyli keçmişdi bir gün ustadın oğlu Həvəskarla rayon mərkəzindən kəndə qayıdırdım. Yol üstü söhbət onun atası haqda kitabdan düşdü. O, buna qəti etiraz etdi. Çaylı kimdi mənim atamın kitabına sponsorluq edir, mən özüm hər köməkliyi edəcəyəm siz kitabı yazın. Çox təssüflər olsun ki, Həvəskarın nə özü kömək etdi, nədə Çaylını yaxın buraxdı. Kitab yazılmadı. Bizim məqsədimiz ustadın 70 illiyinə kitabı hazırlayıb böyük bir yubley tədbiri keçirmək idi. Həm aşıq öz yubleyində iştirak etsin, həmdə kitabını görsün. Lakin bu arzu olaraq ürəyimizdə qaldı. Çox-çox təssüflər olsun. Böyük xalq şairimiz Z.Yaqubdan da gileyim var. Ustad aşıqla möhkəm dost olmasına baxmayaraq Azərbaycan Aşıqlar Birliyinin sədri kimi bu böyük ustadın 70 illiyini aşığın sağlığında keçirə bilərdi. Ölümündən bir az qabaq onu Z.Yaqubun Marneuli rayon mədəniyyət evində keçirilən 60 illik yubley tədbirində gördüm, kef-əhval soruşdum, o ürəyindən şikayətləndi, heç bir məclisə, tədbirə gedə bilmədiyini dedi, keçmiş günlərdən söhbət saldı, xeyli söhbət etdik. Bu vaxtı şair N.Məmmədzadə bizə yaxınlaşdı, aşığın bir neçə şəklini çəkdi. Sonra ustad sözlü adam kimi üzünü mənə tutub dedi:
-Dünya haqda, həyat haqda, qocalıq haqda bir neçə qoşma, gəraylı yazmışam, onları çap etdirmək istəyirəm.
Dedim, göndər mənə qazetlərin birinə verərik.
Bu bizim son görüşümüz oldu.
Sonra may ayının 24-də Binnət Əli oğluna şeirlərimin nə vaxt çap olunması haqda zəng etdim.
Qısa söhbətdən sonra o mənə aşıq Nürəddinin haqq dərgahına qovuşduğunu dedi.
Çox kədərləndim və çox təssüfləndim belə gözəl bir ustad həyatdan getdi və dərhalda onun bu ölümünə 15 bəndlik bir şeir yazdım, onun iki bəndi belədir:

Eşidəndə bu xəbəri,
Dedim bəxdim yatdı aşıq.
Əmrah, Hüseyinin ruhuna,
Öz ruhunu qatdı aşıq...
Dərd yükləndi qəlbə yığın,
Həsrəti çox bu yoxluğun,
Sən gedəli dostun Uyğun,
Qəm, kədərə batdı aşıq.

Aşıq Nürəddin əsl el sənətkarı, müdrik bir el ağsaqqalı idi. Elat içində böyük hörməti-izzəti vardı. Borçalıda və onun ətraf regionlarında yüzlərlə toy məclisləri keçirmişdir. El-oba içində neçə-neçə gənclərə elçi getmiş, onlarla ailənin problemlərinin həll olunmasna kömək etmiş, yüzlərlə küsülünü barışdırmış elin tanınan bir şəxsiyyəti olmuşdur, buna görə də el onu həmişə sevirdi. Doğurdan da ustad sənətkarımız eldən getdi, bütün Borçalıdan getdi, aşıqsevər türk dünyasından getdi. Onun həsrəti uzun müddət aşıqsevərlərin qəlbindən silinməyəcək. El üçün doğulan eldən gedər deyib ulularımız.
Xalq şairimiz Zəlimxan Yaqub demişkən:

Zəlimxan, unutma vaxtı, vədəni,
Tanı ağsaqqalı anla gədəni,
El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

DEYİŞMƏLƏR

I DEYİŞMƏ:


Aşıq Nürəddin:
Əzizim Səyavuş dinlə sözlərim,
Ömür dağlarıma daha çən düşür.
Əzəldən canha can deyən dostlarım,
İndi uzaqlaşıb məndən gen düşür.

Səyavuş Uyğun:
Eşitdim ay aşıq ahı-naləni,
Ömrün payızına bir gülşən düşür.
Sən ki, dözümlüydün belə deyildin,
Qəm yükü qəlbinə yoxsa tən düşür.

Aşıq Nürəddin:
Dərd insanı için-için oyarmış,
Bürüb-büküb tonqallara qalarmış,
İndən belə kimə lazım qocalmış,
Telli sazin simlərinə nəm düşür.

Səyavuş Uyğun:
Məni saz yaşadıb özmü biləni,
Onun sədasiylə ötürün məni,
O qəmli simlərdən axan nəğməni,
Duyuram qəlbimə yaman şən düşür.

Aşıq Nürəddin:
Nürəddinəm məclislərdə ucaldım,
Borçalının torpağından güc aldım,
Heyif oldu günlər keçdi qocaldım,
Yavaş-yavaş saçlarıma dən düşür.

Səyavuş Uyğun:
Qocalmaq şərəfdi yaşayan kəsə,
İnsan əməliylə gələr həvəsə,
Uyğunun gənc qəlbi düşüb məhbəsə,
Dar gündə yadına istəyən düşür.


II DEYİŞMƏ

Səyavuş Uyğun:
Qəm şairi qəmdən yazar,
Qəmə sirdaş olarsanmı?
Ürək dünya könül bazar,
Bu evimdə qalarsanmı?

Aşıq Nürəddin:
Qəmdən yazma cavan şair,
Qəmə şərik olaram mən.
Dünya boyda evin olsa,
Kənardamı qalaram mən.

Səyavuş Uyğun:
Bir fikirə dalasıyıq,
Bir məqsətdə olasıyıq,
Borçalının balasıyıq,
Bu könlümü alarsanmı?

Aşıq Nürəddin:
Şair! Qəlbə kədər dolsa,
Coşqun sinən gül tək solsa,
Fil çəkəsi dərdin olsa,
O, dərdini alaram mən.

Səyavuş Uyğun:
Bülbülə xoş tikan başı,
Çünki yurda var ataşı,
Bir dost üçün bu qardaşı,
Oda-közə salarsanmı?

Aşıq Nürəddin:
Gül bağının bağbanıyam,
Bülbüllərin sarbanıyam,
Öz yurdumun dehqanıyam,
Sənsiz hər an solaram mən.

Səyavuş Uyğun:
Xudam saxlasa nəzərdə,
Təbib qənşər gələr dərdə,
Yuva qursam əgər sərdə,
Gah boşalıb- dolarsanmı?

Aşıq Nürəddin:
Dərd verməsin xudam sənə,
Təbib qalsın axır günə,
Dost yolunda hər çətinə,
Həm boşalıb- dolaram mən.

Səyavuş Uyğun:
Əgər olsan dərdə şərik,
Uyğun gələr görüşərik,
Cüt bülbül tək ötüşərik,
Telli sazı çalarsanmı?

Aşıq Nürəddin:
Nürəddinəm əlimdə saz,
Görüşərik elə bu yaz,
Bir bülbüləm nəğməni yaz,
Telli sazı çalaram mən.

Səyavuş UYĞUN
Şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Borçalı mahalı


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Var ol, Aşıq Ramin BORÇALI!..

Var ol, Aşıq Ramin BORÇALI!..

Mədəniyyət, Tv, Təbriklər
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
SAZIN QALXAN BAYRAĞI

SAZIN QALXAN BAYRAĞI

UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: