Məsələn, Mirzə Fətəli Axundovun nəşinə hörmətsizlik göstərilməsi, meyitinin üç gün ortalıqda qalması ilə bağlı yazılar var.
Bunlar birmənalı qarşılanmır, tanınmış araşdırmaçı və elm adamları tərəfindən belə bir şeyin mümkünsüzlüyünün isbatına çalışılır.
Tanınmış alim Vilayət Quliyev yazır: "Doğrudanmı həyatının son günlərinə qədər yüksək çinli məmur kimi Qafqaz canişinliyində xidmət edən, təkcə Qafqazda, Yaxın və Orta Şərqdə deyil, Avropa ölkələrində də milli dramaturgiyanın banisi - "müsəlman Molyeri", yazıçı və tənqidçi, filosof və ictimai xadim, əlifba islahatçısı və maarifçi kimi tanınan görkəmli şəxsiyyət öldükdən sonra bir an içərisində hamı tərəfindən unudulmuş, tərk edilmişdi? Razılaşaq ki, rəsmi dairələr azərbaycanlı sənətkarın ölümünə etinasızlıqla yanaşmışdılar (vaxtı ilə Mirzə Fətəlinin əsərlərinə səhifələrində geniş yer ayıran hökumət ofisiozunun - "Kavkaz" qəzetinin kiçik bir nekroloq da çap etməməsi bunun nişanəsi idi). Bəs M.F.Axundovun yaxınları, qohumları, dostları harada idi?
Doğrudur, böyük ədib vəfat edəndə oğlu Rəşid vətəndən uzaqda - Belçikada idi. Brüsseldə ali mühəndislik təhsil alırdı. Lakin bu Mirzə Fətəlinin tam tənhalığı təsəvvürü yaratmamalıdır. O, Tiflisdə qohumları, yaxınları və doğmaları arasında yaşayırdı. Şəhərin mərkəzində, Kür çayının kənarında, indi Tbilisi azərbaycanlılarının Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən böyük mülkü vardı. Mülkün birinci mərtəbəsində kirayənişinlər, ikinci qatda isə ailə üzvləri yaşayırdılar. Bir sözlə, fəlakətdən xəbər tutacaq, kədəri bölüşəcək adamlar yetərincə idi.
Onların başında heç şübhəsiz, bəzi sənədlərdə M.F.Axundovun "qardaşı" kimi təqdim olunan Mirzə Mustafa Axundov (1834-1903) gəlirdi. Əslində Mİrzə Mustafa onun qaynı, arvadı Tubu xanımın qardaşı idi. Sənədlərdə həm Mirzə Fətəli, həm də Mirzə Mustafa Axund Hacı Ələsgərin oğlu kimi göstərildiyindən, habelə eyni soyadı daşıdıqlarından rəsmi dairələrdə onları doğma qardaş sayırdılar. M. F. Axundovun Tiflisdə fəaliyyətə başladığı il Şəkidə doğulan Mirzə Mustafa əvvəlcə yerli qəza məktəbində oxumuş, sonra isə bacısının ailəsində yaşayaraq təhsilini Tiflis gimnaziyasında davam etdirmişdi. Rusca mükəmməl savadı ilə birlikdə üç Qafqaz və üç Şərq dilini - Azərbaycan, erməni, gürcü, ərəb, fars və türk dillərini də yaxşı bildiyindən uzun illər canişinliyin hərbi-inzibati aparatının əvəzsiz tərcüməçilərindən olmuşdu. Bunu ilk növbədə M.F.Axundovun qayğı və himayəsi ilə əlaqələndirirdi.
Sual oluna bilər: Mirzə Mustafa yaxın qohumunun meyitinin üç gün ortalıqda qalmasına, yaxud küçədən tutulmuş hambalların çiynində qəbiristanlığa aparılmasına, zəruri dini ayinlər icra olunmadan dəfninə yol verərdimi".
turan.info.az saytı xəbər verir ki, tanınmış tədqiqatçı, publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli Mirzə Fətəlinin dəfni ilə bağlı Gürcüstanın Dövlət Arxivindən maraqlı fotoları üzə çıxarıb. Abid Tahirli bildirib ki, bu yaxınlarda tariximizdə bir sıra sahələrdə ilklərə imza atmış general, yazıçı-publisist, məktəb qurucusu, kartoqraf İsmayıl bəy Qutqaşınlının müəmmalarla dolu həyat və yaradıcılığı ilə bağlı arxiv sənədlərini axtarmaq məqsədi ilə Milli Arxiv İdarəsinin əməkdaşı Natiq Eminovla Gürcüstanın Dövlət arxivində olub: "Tarix arxivinin Fota şöbəsində çağdaş mədəniyyətimizin patriarxı, filosof-yazıçı Mirzə Fətəlinin dəfni ilə bağlı maraqlı fotolara da raşt gəldik. Elə bilirəm ki, həmin fotolar M. F. Axundovun dəfni ilə bağlı uydurulan, lazımsız söz-söhbətlərə son qoyulmasına əsas ola bilər. Vaxt tapıb Mirzə Fətəlinin Tiflisdəki ev-muzeyinə baş çəkdik, arxivdən aldığımız fotoları Tiflisdəki M. F. Axundovun ev-muzeyinə də təqdim etdik".
turan.info.az Abid Tahirlinin üzə çıxardığı həmin nadir fotoları təqdim edir.
turan.info.az
.