Diasporla İş üzrə Dövlət Komitəsindən turan.info.az -a bildiriblər ki, Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib. Verilişdə Azərbaycanın uğurları ilə yanaşı, müstəqillik illərində üzləşdiyi çətinliklər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistanın əsassız torpaq iddiaları nəticəsində ölkəmiz münaqişəyə cəlb olunub, dinc insanlarımız erməni silahlı qüvvələri tərəfindən doğma yurdundan didərgin salınıb, minlərlə soydaşımız qətlə yetirilib və girov götürülüb. Hələ də münaqişə şəraitində yaşamasına və beynəlxalq qurumların səylərinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyünün indiyədək bərpa olunmamasına rəğmən Azərbaycan bu 25 ildə böyük uğurlara imza atıb.
Azərbaycannın müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə bəhs edən qonaqlar 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni xüsusi vurğulayıb. Bildirilib ki, “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan yaradıb və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edib. Verilişdə Azərbaycanın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkə olduğu xüsusi qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edildiyi bildirilib.
“25 illik inkişaf yolumuzun ən parlaq nəticəsi isə Azərbaycanın tam müstəqil ölkəyə çevrilməsidir. Ölkənin siyasəti Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir” – deyə vurğulanıb.
Verilişdə televiziyanın prodüseri Kazuyasu İşidanın şəxsən iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə də müzakirələr aparılıb.
Proqramda Azərbaycanın inkişafından bəhs edən videoçarx və V Bakı Beynəlxalq Humanitar Forumu barədə fotolar nümayiş olunub.
.