Məlumat üçün bildirmək istəyirik ki, Fəxrəddin Muxtarov Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament üzvüdür. Əvvəllər Dnepropetrovski, hazırda isə Poltava Radasına ən çox səslə seçilən, deputatlar arasında ən reytinqli azərbaycanlı deputatdır. Dnepropetrovsk Aqrar Universitetinin məzunudur.
- Necə oldu ki, Ukraynaya gəldiniz?
- Biz 1988-ildə Dağlıq Qarabağ münaqişəsindən sonra, Ermənistanın Amasiya rayonundan köçməli olduq. Ailəliklə atam-anam və digər ailə üzvlərimiz Ukraynaya köçdük. Əvvəlcə Dnepropetrovskiyə gəldik. Daha sonra ata-anam Bakı şəhərinə köçmək istədilər. Üç qardaş bir bacımız isə buradadır. Bir qardaş iki bacımız Bakı şəhərində yaşayır. Atam dünyasını dəyişib, anam isə Bakı şəhərindədir. Ailəliyəm üç oğlum bir qızım var. Oğlum Ələddin Muxtarov Azərbaycan Dillər Universitetində təhsil alır, qızım isə burada Universitetin idarəetmə fakültəsini bitirib. Digər övladlarım isə hələ balacadırlar.
Mənim iş adamı, fermer kimi Ukrayna dövləti qarşısında da xidmətlərim var. Belə ki, biz YUNESKO-nun “Petrikivskiy Rospisi” nominasiyasında iştirak etmək istəyirdik. BUAK sədri Rövşən Tağıyev bu işdə bizə öz şəxsi əlaqələrindən istifadə edərək xeyli kömək etdi. Belə ki, o bizi YUNESKO-nun eksperti, azərbaycanlı xanım Sənubər Bağırova ilə tanış etdi. Bu işdə xeyli işlər var ki, cüzi bir yanlışlıq bizi nominasiyadan kənarda qoya bilərdi. Sənubər xanımın əzmkar əməyi sayəsində, hazırladığımız sənədlərlə, Fransanın paytaxtı Paris şəhərində olduq. Fransadan Azərbaycana kimi Sənubər xanım bizi müşaiyət etdi. Xatırladım ki, sözügedən nominasiya 2012-ci ilin dekabr ayında Bakı şəhərində keçirilirdi. Mənim bir Ukrayna vətəndaşı kimi bu nominasiyanı qazanmağım nüfuzumu bir qədər də artırdı. Bu işin ərsəyə gəlməsində bizə yardımçı olan BUAK sədri Rövşən Tağıyevə, mədəniyyyət və turizm naziri Əbülfəs Qarayevə və YUNESKO-nun eksperti Sənubər Bağırovaya dərin təşəkkürümü bildirirəm. Həmin tədbir zamanı mən özümlə birgə Bakı şəhərinə bir neçə nüfuzlu qonaq da aparmışdım. Onların arasında Dnepropetrovski şəhər Ali Radasının sədri Udod Yevqeni Qriqoryeviç də var idi. Bundan əlavə xarici işlər nazirinin müavini də bizimlə birgə Bakı şəhərinə getmişdi. Əlbəttə ki, həmin tədbirdən əvvəl bizi, çox hörmətli nazirimiz Əbülfəs Qarayev də qəbul etdi və çox səmimi görüş keçdi, səsvermədə isə bizə öz dəstəyini göstərdi. Bu işdə Azərbaycanın YUNESKO-dakı təmsilçisi Anar müəllimin də əməyi az deyildir.
- Siz xalqımızı radada təmsil edirsiniz, Azərbaycan Ukrayna xalqlarının biri-birini daha yaxından tanıması üçün hansı addımları atırsınız?
- Hər dəfə, əlimizə bir şans düşən kimi, Ukraynadan Azərbaycana iş adamlarını aparırıq ki, vətənimizin gözəlliyini, oradakı inkişafı öz gözləri ilə görsünlər. Dəfələrlə Bakı şəhərinə bir qrup iş adamı aparmışıq, onlar geriyə dönəndən sonra Azərbaycanın təbliğatçısına çevriliblər. Bilirsinizmi, bu həm azərbaycanın təbliğatıdır, həm də oradakı vəziyyəti olduğu kimi, azərbaycanın günü-gündən inkişafını digər ölkələrə çatdırmaqdır. Bundan əlavə Ukrayna iş adamlarının Azərbaycana getməsi, ora sərmayə qoyulması, müxtəlif biznes layihələrin həyata keçirilməsi deməkdir. Azərbaycanda olduğumuz vaxtı, gördüyümüz mənzərə, qonaqlarımızın ölkəmiz haqda yüksək fikirləri isə bizi çox sevindirir, bizə baş ucalığı gətirir. Bu qürur dolu sevinci bizə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
- Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, onun fəaliyyəti bir azərbaycanlı kimi sizi qane edirmi?
- Əlbəttə qane edir, bilirsinizmi, BUAK-ın sədri Rövşən Tağıyevə günün hansı saatında istəyirsən müraciət edə bilərsən. O, öz işini bir kənara qoyub sənin probleminlə məşğul olacaq. Çox sadə, savadlı, Ukrayna dövlətinin ictimai-siyasi sferasında öz dəsti-xətti olan bir siyasətçidir. Bu günədək Azərbaycan diasporuna onun kimi güclü rəhbər gəlməyib. Hesab edirəm ki, Rövşən müəllim Azərbaycan diasporu üçün çox işlər görür və bundan sonra da görəcəkdir.
- Deputat seçilmək, necə oldu ki, bu fikirə düşdünüz?
- Mən yaşadığım şəhərdə aktiv fəaliyyətdə olduğum üçün, şəhər, vilayət radalarına seçkilərdə özümü sınamaq qərarına gəldim. Odur ki, əvvəlcə Dnepropetrovskidə səs toplayaraq deputat oldum. Sonra işimlə bağlı Poltavaya köçdüm və mənim seçildiyim həmin dairədən, qardaşım Qoşqar Muxtarov öz namizədliyini verdi. Eyni güclə, digər deputatları xeyli üstələyərək Qoşqar da radanın deputatı seçildi. Bilirsinizmi, bizim seçildiyimiz dairədə, insanlar soyadımıza səs verirlər. Vaxtında etibar qazanmışıq, odur ki, insanlar bizə ürəklə səs verirlər. Buna görə də qardaşım Qoşqar da radanın deputatı kimi hazırda öz seçicilərinə xidmət edir. O, da çalışır ki, qazandığımız nüfuzu daha da qaldırsın. Mən isə oradan Poltavaya gələn kimi, burada öz namizədliyimi verdim. Eyni vəziyyət oldu, Dnepropetrovskidəki kimi, hamıdan çox səs toplayaraq radanın deputatı oldum. Əlbəttə, çox xoşdur ki, deputatların soyadları sıralanarkən, topladıqları səs çoxluğuna görə Muxtarov soyadı birinci yerdədir. Bu Azərbaycan xalqını, dövlətini, dövlətçiliyini, harada yaşamağımızdan asılı olmayaraq, layiqincə təmsil etmək deməkdir.
- Necə oldu ki, adlı-sanlı fermer kimi məşhurlaşa bildiniz?
- Gəldiyimiz ilk vaxtlardan kənd təsərrüfatı ilə məşğul olmağa başladıq. Torpaqların hamısını icarəyə götürürük. Təsərrüffatımızda işlətdiyimiz texnikanın hamısı özümüzündür. Biz əsasən xammal istehsal edib satırıq. Yeni gəldiyimiz vaxtlarda, əvvəlcə yerli rəhbərliklərlə müqavilə bağlayıb, dövlətdən əlli hektar ərazi götürdük. Daha sonra bu əraziləri beş yüzə və beş min hektara qaldırdıq, bu gün əkdiyimiz sahələrin ərazisi beş yüz min hektara yaxındır. İki təsərrüfatımız var, Xmelniçskiy Dnepropetrovskidə və Poltavada torpaq sahələri icarə etmişik. Poltavada on min hektar torpaq icarəyə götürmüşük. Bu torpaqları bizə, üç min təsərrüffat sahibi verib. İnsanların etibarını qazandığımız üçün çoxları torpaqlarını məhz bizə vermək istəyir.
- Fəxrəddin müəllim, yaşadığınız şəhərin ictimai-siyasi həyatında iştirak edirsinizmi?
- 2010-15 illərdə Dnepropetrovski vilayətindən deputat seçilmişəm. 2015-ci ildən isə Poltavadan namizədliyimi irəli sürdüm və 84 deputat arasında ən çox səs toplayan mən oldum. Mən 43 faiz, yerli millətin nümayəndələri isə 32 faiz səslə radaya deputat seçildilər. Məlumat üçün deyim ki, Poroşenkonun partiyasının xətti ilə seçkilərə getmişik. Onu da xüsusi vurğulamaq istəyirəm ki, fikrimcə müxalifətdə dayananlar heç vaxt əməli işlə özünü göstərə bilmirlər, əksinə xeyli boş vədlər verirlər.
- Seçicilərin etibarını qazanmaq üçün daha hansı işlər görmək lazım gəldi?
- Əlbəttə ki, bütün bunların başında zəhmət dayanır, insanlarla rəftar, onlara qoyduğumuz hörmət, qayğı və s. özünü müsbət mənada seçkidə göstərdi. Əsas prioritetlərimizdən biri harada yaşamağımızdan asılı olmayaraq, qoca və uşaqlara qayğıdır. Çalışırıq ki, ambulatoriyalar, tibb məntəqələri, poliklinikaları, uşaq bağçaları, məktəbləri təmir etdirək və müəyyən problemlərini həll edək. Uşaqlar bizim gələcəyimizdir, odur ki, onların yaxşı oxuması, savadlı olması çox vacibdir.
Mən vətənpərvər bir azərbaycanlı kimi burada, ali radada təmsil olunmağımı dolayısı ilə xalqımızı layiqincə təmsil etmək kimi qiymətləndirirəm. Bütün tədbirlərimiz Ukrayna Azərbaycan xalqlarının dostluğuna xidmət edir. Bundan əlavə xalqımızın qəhrəman oğullarının tanınması üçün də xeyli işlər görürük. Mənim ilk işlərimdən biri də, Dnepropetrovski vilayətində, 1943-cü ildə, 19 yaşında həlak olmuş, milliyətcə azərbaycanlı, Sovet ittifaqı qəhrəmanı Mikayıl Ələkbərovun heykəlinin ucaldılması oldu. Belə ki, bu işin ərsəyə gəlməsi üçün mən həm maddi-mənəvi, həm də təşkilati işlərdə dəstək oldum.
Bilirsinizmi bizdən sonra gələn nəsil daha güclü olmalıdır. Çünki onlar Ukrayna dilində təhsil alır, burada böyüyür, daha çox yerli xalqlara inteqrasiya edir. Biz çalışırıq ki, ali təhsil almış gənclərimizi müəyyən yerlərə işə düzəlməsinə koməklik edək ki, onlar da estafeti bizdən alanda əziyyət çəkməsinlər.
Poltava vilayətində yaşayan soydaşlarımızın Fəxrəddin Muxtarovdan gözləntiləri çoxdur. Belə ki, soydaşlarımızın fikrincə nüfuzu günü-gündən artan Fəxrəddin Muxtarov Ukrayna Ali Radasında Azərbaycanlı deputat kimi olmalıdır və xalqımızı da layiqincə təmsil etməlidir. Poltavada yaşayan həmvətənlilərimiz bu təklifi bir növü təkid kimi də irəli sürürdülər. Onların fikrincə Fəxrəddin müəllim Ukrayna Ali radasına seçilən deputatlar içərisində ən layiqlilərindəndir. Soydaşlarımızın fikrincə əgər F.Muxtarov namizədliyini verərsə Ali radaya da səs çoxluğu ilə seçilə bilər.
Daha sonra Fəxrəddin Muxtarovun kiçik qardaşı Vahid Muxtarovla görüşdük. Vahid müəllimdən xahiş etdik ki, özü və fəaliyyəti haqqında bizə də məlumat versin:
- Mən Çarikanska rayonunun deputatıyam, 2007-15 illər seçilmişdim. Daha sonra növbəti seçkilərdə namizədliyimi yenə irəli sürdüm və bu günədək deputatam. Torpaq komissiyasının sədriyəm, fəaliyyətim isə, qardaşlarımla birgədir. Müəyyən bir torpaq sahəsi vardır ki, fermer təsərrüffatı və s. direktoru mənəm. Əsas işimiz isə əkin-biçin, mal-heyvanla məşğul olmaqdır.
Ümumiyyətlə, kənd təsərrüffatı ilə məşğuluq. Azərbaycanlı olaraq istər matəm günləri, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, istər də Novruz Bayramı, Qurban Bayramı və s. tədbirlərdə çox aktiv iştirak edirik.
Ailəliyəm bir oğlum və bir qızım var. Qızım Aysel Muxtarova Dnepropetrovski Milli Universitetinin “Beynəlxalq Əlaqələr” fakültəsin bitirib. Oğlum Hüseyn Muxtarov isə Kiyev Politexnik Akademiyasının Ədliyyə sahəsi üzrə bitirib. O, oxuduğu sahədə Magistraturanı da yaxşı qiymətlərlə başa vurub.
Daha sonra Muxtarov qardaşlarının digər nümayəndəsi Humayin Muxtarovla görüşüb söhbətləşdik. Humayin də qardaşları kimi kənd təsərrüffatı ilə məşğul olduğunu və onlarla birgə bir çox tədbirlərdə iştirak etdiyini dedi.
Əlmaniz Ələkbərli
SİA-nın Şərqi Avropa Ölkələri və Ukrayna Bürosu
turan.info.az
.