10 May - Beynəlxalq
Psixoloqlar Günüdür.
2020-ci il bizim üçün həm sevinc, qürur ili oldu, həm də təəssüf ki, qəhrəman övladlarımızın itkisi ilə yadda qaldı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Azərbaycanın mərd oğulları, ağır döyüşlər nəticəsində işğal altında olan torpaqlarımızı azad etdilər. 44 günlük müharibədə Vətən uğruna, torpaq uğruna neçə-neçə oğullarımız qəhramancasına şəhid oldu. Ruhid İslamlı da o qəhrəmanlardan biri idi.
Ruhid haqqında danışmağa sözlər yetmir. Həyatda elə nəsnələr var ki, onları sözlə ifadə etmək çox çətindir. Qısa zamanda böyük bir ömrü özündə ehtiva edən Qəhrəmanlar kimi, Ruhid kimi.
Ruhid istedadlı, mehriban, çalışqan, hər kəsə daim əlindən gələn köməyi edən, qəlbi Vətən eşqi ilə alovlanan biri idi. Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasını bitirmişdi. Fəaliyyətini də təhsili istiqamətində aparırdı. Psixologiyaya çox böyük marağı var idi. Peşəkar bir psixoloq kimi yetişmək istəyirdi. Ona görə də bacardığı qədər konfranslara, kurslara, tədbirlərə qatılırdı. Ruhid həm institutdakı, həm də institut xaricində işlərdə aktiv bir gənc idi. Ruhidlə tanışlığımız, 2018-ci ildə, o hələ tələbə olan vaxtlarda, elə onun psixologiyaya böyük marağı olduğu üçün baş verdi. O, özünü daim təkmilləşdirirdi, öyrənmək istəyi məni valeh etmişdi. Kurslarla, konfranslarla maraqlanırdı, onlarda aktiv bir şəkildə iştirak edirdi.
Hətta tətillərdə instituta gəlib, könüllü olaraq fəaliyyət göstərirdi.
Yaxşı xatırlayıram, 2019-cu ildə “Psixologiya Zirvəsi – 1” konfransında çox böyük aktivlik göstərərək, iştirak etmişdi. Qardaş Türkiyə Respublikasından gələn professor, dossent heyəti ilə sıx təmaslar qurmuşdu. Hocalar ondan sonra mənə Ruhid haqqında xoş təəsüratlarını paylaşmışdılar. “İyi bir psikoloq olacaq!”, “Başarılı bir psixoloq olacaq” kimi fikirlər səsləndirirdilər.
Ruhid eləcə də, Azərbaycandan olan mütəxəssislərlə sıx əməkdaşlıq qurmağı bacarmışdı. İndi də “Zirvə” konfransında Ruhidlə çəkilən şəkillərə baxdıqda, eləcə də hocalarla şəkilə baxanda onun məğrur duruşu qəribə bir mistika oyadır məndə. Arzusu institutda çalışmaq idi. Zarafatla, hər zaman ona, “tələsmə, institutu bitir, inşallah bərabər çalışarıq deyirdim”. Açığı o zaman bilmirdim Ruhid nəyə tələsir. Ancaq tələsdiyini görürdüm…
Yadımdadır, 4-cü kursu bitirdiyi ildə mənə yazmışdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq kimi fəaliyyət göstərmək istəyirdi. Universiteti bitirdiyini və iş təcrübəsinin olduğunu da bildirmişdi mənə. Düzü, çox təqdir etdim onu. Vaxt itirmək istəmirdi, ona görə də bütün işlərini tez-tez edirdi. İnstitutda işləyəcəyi günü sanki “ip ilə çəkirdi”. Mənə elə gəlir ki, o, gücü çatan qədər çox insana kömək etmək üçün tələsirdi. Hətda döyüşdə belə, o, döyüş yoldaşlarına psixoloji dəstək də göstərirmiş.
Bunu eşidəndə, çox qürurlanmşdım və kövrəlmişdim. Çətin şəraitdə belə, onun başqalarını düşünməyi, insan, Vətən sevgisinin göstəricisidir. Məhz Ruhid ona görə insanların sevimlisi ola bilmişdi.
Ruhidin arzuları çox idi, amma heç bir arzusu Vətən sevgisinin, torpaq sevgisinin qarşısına keçə bilmədi. Psixologiya elminə verə biləcəyi töhfələr çox idi, savadı ilə, dünya görüşü ilə fərqlənirdi.
Konfransda söhbət etdikdən sonra xatirə şəkilləri çəkilmişdi. Həmişə olduğu kimi üzündə gülümsəməsi ilə, həkk oldu şəkillərə. İndi o günləri xatırlayanda görürəm ki, Ruhid, sanki, tələsirdi. Ölümə də tələsdi. Ruhid o qədər möhkəm xarakterə malik idi, hətta əhvalı olmayanda, özünü pis hiss etsə belə, üzündə onu əks etdirmidi ki, başqaları da pis olmasın və ona görə həmişə gülümsəyirdi.
Ruhidi gələcəyin istedadlı, savadlı psixoloqu olaraq görürdüm. Ruhidin isə psixoloq olmaq arzusu ilə yanaşı, hətta ondan daha böyük arzusu torpaqlarımızı işğaldan azad olunmuş görmək idi və qismət belə gətirdi ki, ən böyük arzularından birinin gerçəkləşməsində digər qəhrəman övladlarımız kimi, Ruhidin də payı oldu.
Ruhid çox insanın həyatına, qəlbinə toxundu, çox insana, böyük-kiçik hər kəsə köməyi oldu. Ruhid mənə, bizə, bütün xalqımıza çox şey öyrətdi. Həm Ruhid həm də bütün şəhidlərimiz, Vətən müharibəsi iştirakçıları bizə çox şey öyrətdilər. Çətin anda belə, başqalarını fikirləşməyi, bir-birimizə hər zaman dəstək olmağı, Vətən uğrunda edə bilməcəyimiz heç nə olmadığını və ən əsası qorxusuzluğu, mərdliyi. Torpağ uğruna canından keçən, qəlbi elm və Vətən eşqiylə yanan qəhraman psixoloqumuzla fəxr edirik və onu həmişə qəlbimizdə yaşadacağıq. Onu unutmayacağıq və daim ruhunu yad edəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
İnanıram ki, gələcəkdə Ruhid haqqında çox kitablar yazılacaq, psixoloqlar onun xatirəsini hər zaman əziz tutacaqlar. Onun adı ilə bağlı konfranslar, simpoziumlar, müsabiqələr keçiriləcək. Axı, o bizim Şəhid psixoloqumuzdur. Psixoloq adını Şəhidlik Zirvəsinə Ucaldandır. O ucalıqdan bütün psixologiya camiəsi tam şəkildə görünür.
Elnur Rüstəmov,
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri,
fəlsəfə üzrə fəlsəfə doktoru
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.