Şair Məmməd Məcidoğlunun əziz xatirəsinə

Şair Məmməd Məcidoğlunun əziz xatirəsinə Mavi Xəzər Qürub günəşinin qızılı şəfəqlərinə bürünmüşdü. 1993-cü ilin qalmaqallı günlərindən biri idi. 701 saylı quyuda işə başlamaq mənim başçılıq etdiyim briqadaya həvalə olunmuşdu. Bu elə bir vaxta təsadüf edirdi ki, respublikada mövcud olan, fəaliyyət göstərən istehsal sahələrinin avadanlıq və materiallarla bağlı təminatı sıfra bərabər idi. İnsanlarımızda gördükləri işin nəticəsinə inamsızlıq yaranmışdı. Məvacibin verilməsi 3-4 ay yubadılırdı. Bu hal yurdumuzda yaşayış səviyyəsini minimuma endirmişdi. Mağzalarda ərzaq qıtlığı mövcud idi. Cəmiyyətdə nizam-intizam pozğunluğu hiss olunurdu. Ancaq neft sənayemizdə çalışan fəhlə və qulluqçularımız öz vəzifələrini vicdanla yerinə yetirirdi. Çünki hər kəs vətənin ağır günlərində gecə-gündüz çalışmağı, emosiyalara qatılmadan vətəni qara qızılla təmin etməyi özünə bir borc bilirdi. Bunula belə Səngəçal Dəniz Qazma İşləri İdarəsində fəaliyyət göstərən 25 qazma qurğusu briqadasından 6 briqada qalmışdı. Səbəbi də işçilərin əksəriyyətinin çətinliklərə dözməyib başqa iş sahələrinə üz tutması olmuşdu.

Gecə saat 12-yə işləyirdi. Briqadamıza məxsus mədəni məişət evciyində “Azərbaycan” jurnalından istedadlı şairimiz Baba Vəziroğlunun “Müsəlman qəbiri” hekayəsini oxuyurdum. (Bir neçə il idi ki, “Azərbaycan” yurnalının abunəçisi idim. Jurnalın bir neçə nömrəsini özümlə işə götürüb, istirahət saatlarında oxuyardım). Bu vaxt evciyin qapısı açıldı. İsmayıl içəri girərək həyəcanla məlumat verdi: “Usta, qurğunun elektik mühərriyində qısa qapanma baş verdi. Elektrik çilingəri Qurban mühərriki açıb-söküb düzəldə bilmir, işimiz dayanıb”. – Yaxşı, get indi “buruğa” gəlirəm. Ratsiya vasitəsi ilə mərkəzə - mühəndis növbətçimizə məlumat verdim. Cavab belə oldu ki, gözləyin kömək göndərəcəyik.
1 saatdan çox vaxt keçmişdi. Növbətçi maşın elektrik çilingərini gətirdi. Məmməd Abdullayev soyadlı qarayanız, orta boylu, qara qalın qaşlı bu işçi qısa bir zaman kəsiyində öz işinin öhdəsindən məharətlə gəldi. Beləliklə, briqada işə başladı.
Yaxınlaşıb, “əllərini yu, gedib çay dəmləyəcəyəm, gəl içək, bir az söhbət edək” dedim. Bir müddət keçmişdi, qapını döyüb içəri girdi. “Gəl-gəl ürəyin istədiyi yerdə əyləş, eloğlu” dedim. Çay süzdüm, içdi. Yemək də təklif elədim, “sağ ol”, deyərək boyun qaçırtdı. Çay içə-içə söhbət etdik. Yay gecəsi mavi Xəzərin qoynu əsil romantika idi. Neftçi dostlarımız bunu yaxşı bilirlər. Söhbət əsnasında hiss etdim ki, Məmmədin maddi çətinliyi var. Ürəyimdən bir sızıltı keçdi. Neynəmək olar, “bu vəfasız dünyanın yoxuşu həmişə enişindən çox olur” fikri xəyalımdan keçdi. Əlbəttə, o dövrlərdə çətinliklər əksər ailələrdə tüğyan edirdi. Ürək-dirək verdim; “Darıxma, eloğlu, zülmət gecənin bir parlaq günəş şəfəqlərinə bələnmiş günləri olacaq” dedim. Gedəndə stolun üzərində gördüyü jurnallardan birini ona verməyimi xahiş etdi, verdim, apardı. Məmmədlə ilk tanışlığım belə oldu.
İllər bir-birini əvəzlədikcə imkanlarımız yavaş-yavaş güclənib boy atmağa başladı. 2003-cü ildə aldığım bir yurnalda Məmməd Məcidoğlu imzasıyla ruhumu oxşayan bir neçə şeir oxudum. Çox sevindim və qürurlandım. Yaxşı yadımdadır hətta gözlərim nəmləndi. Çay içdiyimiz anlar yadıma düşdü. Bəli, xatirələr dillənəndə, gözlər nəmlənər.
2005-ci ildə məni Duvannı qəsəbəsinə toya dəvət etmişdilər. Toy həyətdə qurulmuş mağarda idi. İçəri daxil olub göstərilən yerdə əyləşdim. Toyun şən keçdiyi məqamlardan birində tamada elan etdi ki, indi də usta Xəlil gəlib bir söz desin. Bir anlığa çaş-baş oldum. Tez özümü ələ alıb mikrofona yaxınlaşdım və səbəbkarları təbrik etdim. Sözümü: “Ellərimizdə həmişə toy, şənlik olsun, qəmə yer qalmasın” cümləsi ilə bitirərək, rəhmətlik şair B. Vahabzadənin

Nə dünya qocadır, nə də zəmanə,
Zamanın əlində qocalan bizik.
Odunu, közünü verib ellərə,
Oddan külə dönüb qocalan bizik.

şerini sonacan dedim. Və sonda “Gecələr” rədifli öz şeirimi söylədim:

Yığıb şəfəqini günəş gedəndə,
Gün batar, ömrümə gələr gecələr.
Bir həsrət sızlayar, göynər sinəmdə,
Ağlayar gecələr, gülər gecələr.

Ümid yox ki, görəm bitən həsrəti,
Yaxamdan əl çəkib bitən həsrəti.
Kim çəksə mənim tək Vətən həsrəti,
Mənim çəkdiyimi bilər gecələr.

Yuxuda öz elin, obasın görüb,
Viranə bağlardan solmuş gül dərib.
Xəlil tək didərgin Vətəndə qərib,
Dirilər gündüzlər, ölər gecələr.

Şeirim cəmi məclis əhlini tutduğunu hiss elədim. Doğrusu, özüm də öz şeirimdən təsirlənmişdim. Sonda işlətdiyim: “İlahi heç kəsə Vətən dərdi çəkdirməsin” cümləsini işlətmişdim ki, bir də gördüm Məmməd mənə tərəf gəlir. Mikrafon əlimdə boynumu qucaqlayıb, mağarın ortasında üzümdən öpdü. Məmmədin gözlərinin nəmləndiyini gördüm. Sanki ani bir vaxtda toyda başqa bir səhnə yaşandı. Mikrofonu tamadaya verib birlikdə mağardan çıxdıq. Hiss etdim ki, Məmmədlə iştirakımız toyda tamamlanıb. Məmməd məndən soruşdu: “Yazı-pozun varmı?” “Hə, Məmməd, varımdı dedim. Bir qəmli notlarla dolu povest yazmışam, bitirmək üzrəyəm. Bilmirəm necə alınacaq? Vədələşdik. Povestin əl yazmasını götürdüm. Növbəti günlərdən birində “Fəvvarələr bağı”nda görüşdük. Səmada qaşqabağını sallayan bulud tayaları yallı getsə də hava çox xoş idi. Əlyazmalarımı açıb iki vərəq oxumağım oldu, Məmməd körpə kimi hıçqırıb ağladı və məni də ağlatdı. Ani bir vaxtdan sonra asfalt üzərinə iki-üç damcı bulud göz yaşları düşdü. Qəribə mənzərə idi. “Sənin nakam taleyinə buludlar da ağladı ay Xəlil” dedi Məmməd. O zaman Məmməddə poetik duyğuların daha güclü olduğunu duydum.
02.07.2007-ciil tarixdə o, “Məni qınamayın sevirəm deyə” kitabını mənə hədiyyə etdi. Belə yerdə deyiblər:

Könül nə mey istər, nə meyxanə,
Könül dost istər, mey bəhanə!

O vaxtdan Məmmədlə daha yaxından dostlaşdıq, doğmalaşdıq. “Hə qardaş, dur gedək, sənin bu balaca ürək çırpıntılarınla doldurduğun kitabını çimizdirək” dedim. İkimiz də eyni hissləri yaşayırdıq. Yerimizdən durub söhbət edə-edə, gəzə-gəzə “28 May” metrosunun qarşısında yerləşən bir restoranda (indi ora restoran sökülüb) birgə nahar etdik. Xudafisləşəndə cibinə 100 manat qoydum – “bu kitabının nəməridi, şair”, dedim. Söhbətlərindən böyük ailə başçısı olan Məmmədin öz kitablarını maliyyə baxımından necə çətinliklə çap etdirdiyini anlamışdım.
Məmməd Məcidoğlunun şeirləri oxucunun könlünü tez ovsunlayır. Bayatılardan başlamış ta təcnislərə kimi. Yeri gəlmişkən 2008-ci ildə çap etdirdiyi “Dünyam vardı...” kitabında getmiş bir təcnisi sizə təqdim edirəm, əziz oxucu:
Atalar sözü

Fizuli babamız verib qiymətin,
Daim uca tutub atalar sözü.
Oğul, çoxalıbdı cıcma qaraçı,
Götürüb qələmi, atalar sözü.

Kimin sözü haqsa sus dura bilməz,
Haqqı heç fələk də susdura bilməz.
Çənə-boğaz etmə, sus dura bilməz,
Müqəssir kimdirsə, at, alar sözü.

Fikir ver həmişə sözdə sanbala,
Sözü hətta dağdan ağır san, bala.
Şair gəzməz şöhrət, nə ad-san, bala,
Qoymaz ayaqlara atalar sözü.

Məmməd, söz gülşənim açıb, güllədi,
Şeirim söz çələngi, çiçək-güllədi.
Hər biri hədəfə dəyən güllədi,
Deyilsə yerində “Atalar sözü”.

Və yaxud miniatür şeirlərindən nümunələrə diqqət yetirək:

Pis qonşuya

Qonşunun toyuğuna,
Ya itinə daş atdın.
Söylə hansı məqsədlə,
Bu arzuya sən çatdın.

Həyat tərzi

Acın güzəranını,
Soruşan vrmı toxdan?
Necə pis yaşayırıq,
Desək, ölmüşdük çoxdan.

Əl aşağı olanda

Dünya belə dünyadı,
Gah boşalar, gah dolar.
Əaşağı olanda,
Qohum-qardaş yad olar.

Qəhrəmanlıq

Həyatda igidliyə
Olsa da yer nə qədər,
Çətinlik bizi çox vaxt,
Məcbur qəhrəman edər.

Neçə müəlliflərin əsərlərinə redaktor olmuşdur. Bəzi şeir növlərinin “təcnis”ə, “qəzəl”ə çevrilməsi Məmmədin bacarıqlı şair olmasından xəbər verirdi.
Aşıq Alının “Birisinə” rədifdə belə bir gəraylısı var:

Seyrangahda cüt gözəlin,
Mayıl oldum birisinə.
Dərd məndədi, dərman onda,
Biri ləbdi, biri sinə.

Sordum, adı Gülxar oldu.
Gül dərəndə gül xar oldu.
Biri dedi: “gül xar oldu”,
Bilməm dedi: - birisi nə.

Ziba gördüm qu cağını,
At əsvədin quc cağını.
Zalım açmır qucağını,
Alı, sinə bir isinə.

Ustada rəhmət. Eyni rədifdə Məmməd Məcidoğlunun təcnisi var:

Bilmədim, sirrimi etibar etdim,
Açdım ürəyimi mən birisinə.
Pünhan dərdim faş eylədi cahana,
Qoymadı qəbində o, bir isinə.

Mənim kimi sən ağlama, bilmə nəm,
Şadlıq nədir, sevinc nədir, bilmənəm.
Eşqin səbəbkarı biri, bil, mənəm,
Aşkardı birisi, bəs birisi nə?

Məmmədin yolunu kəsmə, bağlama,
Dərdim xaral-xaral, dərdim bağlama.
Açımmı sirrini, bu nə bağlama?
Biri camalındır, o biri sinə.

Şair Məmməd Məcidoğlu ilahi sözə incəliklə, hörmətlə yanaşıb, gözəl əsərlər yaratmışdır. Klassik şeir növlərində də müxtəlif şeir və qəzəllər yazmışdır. Bu qəzəllərdən birini Sizə təqdim edirəm:

Bizdən qala bir ülvi məhəbbət yeni nəslə,
Eylər elə billəm bu kifayət yeni nəslə.

Sevdim, məni eşqimdi cavan saxlayan ancaq,
Sabitqədəm olmaq özü ibrət, yeni nəslə.

Öyrətdi bizə canı fəda etməyi Məcnun,
Örnək olacaqdır belə adət yeni nəslə.

Çox vəslə həvəs aşiqi qəflətdə qoyar, bil
Məndən də qalar böylə nəsihət yeni nəslə.

Tərk eyləyərik biz də bu dünya evin əlbət,
Aqil deyəcək qaldı bu sərvət yeni nəslə.

Yazdım neçə Divan kitabı, etsə qiraət,
Məmməd, olar əlbət bu, hidayət yeni nəslə.

Vaxtı ilə AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Yazılı abidələr və folklor şöbəsi”nin aparıcı elmi işçisi mərhum Vaqif Paşayev şairin 2005-ci ildə çap olunmuş ilki olan “Təcnislər” kitabının redaktoru olmuş, şair və onun təcnisləri haqqında kitaba yazılmış “ön söz”də xoş sözlər yazmışdır. Həmin “ön söz”dən bir cümlə: “Məmməd Məcidoğlunun bir neçə kitablıq mənəvi xəzinəsi bizə yadigar, ata-baba sərvəti kimi əmanətdir”. Görkəmli xalq şairimiz Söhrab Tahir bu kitabın çap olunmasında məsləhətçisi kimi iştirak etmiş və Məmməd haqqında dəyərli fikirlər söyləmişdir. Həmin fikirlərdən ikisini siz oxuculara da çatdırmaq istərdim: “Çox maraqlı orijinal deyim tərzi yaradıcı bir insan qəlbininsaflığından doğan misralar qəlbimi oxşadı, kövrəldim, acılı-ağrılı talyimi xatırladım, ona görə ki, bizim nəslə Tanrı dədi-ələmi vermiş onu yaşamağa, yaşatmağa məhkum etmişdir”. “Məmməd Məcidoğlunun lirik qəlb çırpıntılarının ilk çələnginin oxuculara çatdırılması mən deyərdim ki, vacib, təxirəsalınmaz ədəbi bir hadisə kimi təqdirəlayiqdir”.
3 kitabıma redaktorluq eləmişdi. 3-cü kitabımda mübahisəmiz olsa da, münasibətlərimiz isti olaraq davam edirdi. Təbii ki, hər bir kitabın məsuliyyətini müəlliflə bərabər redaktor da daşıyır. Nə isə...
Azərbaycan Yazıçılar birliyində keçirilən tədbirlərdə və təqdimatlarda bir yerdə olardıq. Yadımdadır bir dəfə Xalq yaradıcılığı evində keçirilən şeir məclisində idik. Yanaşı əyləşmişdik. Universitetin folkloşünas fakultəsində təhsil alan bir gənc qız yazdığı şeiri söylədi. Təbii ki, şeirdə axıcılıq olsa da, nöqsan da var idi. Məclisin sədri (Allah ona rəhmət eləsi) Hacı Rafik: “ Hə, qızım, yaxşıdı” dedi. Məmməd çönüb mənə tərəf baxdı. Hiss etdim ki, əsəbiləşib Əyilib, qulağıma: “dur gedək” – dedi. “Yaxşı olmaz, qoy məclis tamamlansın, gedərik” deyib onu sakitləşdirdim. Yaş fərqində o, məndən beş yaş kiçik idi. Həmişə məni eşidərdi. Məclis qurtarandan sonra o gəncə yaxınlaşıb, şeirdə olan nöqsanı elə izah etdi ki, onun qəlbi sınmasın. Belə izahetmələrdə qıcıqlandırıcı ifadə işlətməməyə çalışırdı. Doğrusu, əksəriyyətimiz poeziya məclislərində püxtələşə-püxtələşə inkişaf etmişik. Həmin o məclisdən sonra bir daha o məclisə getmədi. Təkcə ona görə yox ki, məclislərdə rastlaşdığı qeyri obyektivliyi sevməzdi. Səbəblərdən biri də bu idi ki, məclislərə gəlməklə vaxt itirdiyini, şeir yazmağa az vaxtı qaldığını deyirdi. Bir dəfə “Dirili Qurbani” məclisində bir təqdimatda idik. Məclis qurtarandan sonra Haci Rafik “daha poeziya məclisinə gəlmirsiniz, şair olub getmisiniz desə də Məmməd incikliyini biruzə vermədi.
Bir dəfə yenə mənim təkidimlə poeziya məclisinə getmişdik. Ədəbiyyatımızda öz dəsti xətti olan rəhmətlik Ənvər Nəzərli də məclisdə idi. Bakının hansı kəndindənsə, xatirimdə deyil, Vaqif adlı bir nəfər yazdığı qəzəli oxuyub yerində əyləşdi. Növbə mənə çatdı. Yeni yazdığım bir qoşmanı oxudum. Hələ yerimdə əyləşməmiş Vaqif irad tutdu ki, zəif şeirdi. Mən özümə tənqidi yanaşıram deyə, “iradınızı qəbul edirəm” dedim. Rəhmətlik Məmməd Məcidoğlu yerindən durub, “Vaqif müəllim, sənin yazdığın şeiri heç bir gənc oxumayacaq, çünki o, Fizuli dilində yazılıb. Ancaq Xəlilin şeirini oxuyacaqlar”. Bu çıxışdan sonra rəhmətlik Ənvər Nəzərli və Hacı Rafik də eyni sözü dedilər. Bəli, şair Məmməd Məcidğlu şifahi xalq yaradıcılığının bilicisi olmaqla çox gözəl şair-qəzəlxan idi.
Məmməd Məcidoğlu öz üzərində çalışan, tələbkar, haqsızlıqla barışmayan şair idi. İnanıram ki, ədəbiyyat sahəsində hər hansı bir mükafat uğrunda yarışmaya qatılsaydı, qalib yerlərdən birini tutardı. Fəqət o, heç vaxt özünü “gözə soxmazdı”. Ruhu şad olsun şairin.
Amiranə insan, məhsuldar qələm sahibi, şair-qəzəlxan Məmməd Məcidoğlu qısa zaman kəsiyində ədəbiyyatımızda bir salnamə yaratdı. Təbii ki, mən tədqiqatçı deyiləm. Şairlə 30 ilə yaxın müddət ərzində dostluq etmiş, onun bir çox kitablarının, xüsusilə 7-ci və 8-ci “Divan” kitablarının onun qəfil ölümündən sonra işıq üzü görməsində zəhməti olmuş şair Əli Zirəlinin 8-ci “Divan” kitabında yazdığı ön sözdə yazılanlardan məlum olur ki, şair ümumilikdə 5206 şeir nümunəsi yaratmışdır. Bunlardan 3066-sı qəzəl, 446-sı təcnis, 64-ü Şeyx Nizamidən tutmuş üzü bəri əruz vəznində yazmış müasir ustad şairlərin qəzəllərinə yazılmış təxmislər, digərləri müxtəlif üslubda yazılmış, əsasən lirik məzmunlu şeirlərdən ibarətdir.
O, vətənpərvər şair idi. Mən inanıram ki, gələcəkdə tədqiqatçılarımız və ədəbiyyatşünaslar tərəfindən şair-qəzəlxan Məmməd Məcidoğlu yaradıcılığına bir baxış olacaq. Yəqin ki, o zaman o, öz layiq olduğu titulu alacaq. Onun xatirəsi nəinki Məmməd Məcidoğlu yaradıcılığını sevənlərin qəlbində, həmçinin ədəbiyyat tariximizin yaddaşında əbədi yaşayacaq.
Əziz oxucular, Məmməd Məcidoğlu ilə bağlı xatirələrdən ibarət yazımın sonluğunu ona həsr etdiyim şerimlə bitirirəm.

XƏYALIM ŞAM

Mən ruhunla danışıram,
Səyyah təki dağ aşıram.
Qatı dumanda çaşıram,
Sən məşəlsən, xəyalım şam.

Ruhun bizə qonaq gəlir,
Gah kövrəlir, gah da gülür.
Əllərim gözümü silir,
Sən məşəlsən, xəyalım şam.

Əsil vətənpərvər idin,
Təlatümlü Xəzər idin.
Həm ər oğlu, həm ər idin,
Sən məşəlsən, xəyalım şam.

Məmməd, səni yad edirəm,
Xəliləm, söhbət edirəm.
Yol üstəyəm, mən gəlirəm,
Sən məşəlsən, xəyalım şam.
Şair Məmməd Məcidoğlunun əziz xatirəsinə

Xəlil Zeynalov,
şair-publisist

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: