Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV

Həyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOVHəyatını xalqına həsr etmiş dahi - AYVAZ HƏSƏNOV Əziz oxucular!..
Bu dəfə sizlərə haqqın dərgahına qovuşaraq, cənnətməkan olan, əməlixeyir, əməksevər bir dahi şəxsiyyət ömrü barədə məlumat verəcək, ömür dolaylarından boylanaraq onun həyat yolunu səhifələyəcək, mənalı yaşanmış bir ömrün məqamlarından bəhs edəcəyik.


Əvvəla qeyd edim ki, dahilər haqqında söz demək həm asandır, həm də çətin. Asandır, çünki onların fəaliyyətləri o qədər geniş, əməlləri möhtəşəm, qəlbləri isə böyük olur ki, istənilən qədər fakt tapıb danışmaq heç də çətinlik törətmir. Lakin qeyri – adi zəka sahibləri barədə söz söyləməyin məsuliyyəti də böyükdür. Xatırladım ki, dahilər çox zaman müasirləri tərəfindən sonadək dərk olunmurlar. Bu, müəyyən müddət, zaman tələb edir. Digər tərəfdən, dərk olunanları belə sözlə ifadə etmək, bütün əzəməti ilə qələmə almaq asan sayılmır. Borçalı mahalının müdrik və uzaqgörən şəxsiyyəti, hələ sağlığında əfsanəyə çevrilən Ayvaz Həsənovun dahiliyi hamı tərəfindən birmənalı şəkildə qəbul olunmuşdur. Amma bu qüdrət sahibinin tam dərk olunub onun əzəmətli mahiyyətinin açılmasına həmişə ehtiyac duyulub. Borçalı mahalının yetişdirdiyi və tarixə bəxş etdiyi dahi şəxsiyyətləri, mütəfəkkirləri, ictimai – siyasi xadimləri, alimləri, ziyalıları, şairləri, aşıqları və.s. həmişə azərbaycan xalqına bir töhvə, bir örnək olub.
Hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss var. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır. Vətəni sevmək və bu sevgi uğrunda canından bele keçməyə hazır olmaq isə hər bir vicdanlı vətən övladının borcudur. İstənilən xalqın tarixində elə maraqlı və mürəkkəb dövrə rast gəlinir ki, toplumun o taleyüklü anında vətən uğrunda canından keçən güclü şəxsiyyətə, intellektual düşüncə sahibinə böyük ehtiyac duyulur. Bu mənada ilk öncə bütün ömrünü dövlətinin və millətinin firavanlığına, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, Borçalı mahalı üçün böyük xidmətləri olan, xalqımızın yaddaşında silinməz izlər qoyan şəxsiyyətlərdən biri, görkəmli ictimai xadim Ayvaz Dursun oğlu Həsənovun həyat və fəaliyyəti gözümüzün önünə gəlir. Təbbi ki, belə güclü və əvəzolunmaz şəxsiyyət haqqında söz demək, danışmaq asandır, lakin onun həyat və fəaliyyətini bütün əzəməti ilə qələmə almaq asan iş deyil. Çünki Ayvaz müəllim işlədiyi illər ərzində inkişaf və tərəqqi sahəsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç vaxt tükənməyəcəkdir.
Məlumdur ki, keçən əsrin 70-ci illərinə qədər Gürcüstan Respublikası da bir sıra digər respublikalar kimi kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə görə keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı torpaqlardan səmərəli istifadə olunmurdu, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi, elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Kənd təsərrüfatının inkişafı haqqında heç düşünən də yox idi. Əlbəttə, belə yüksək nailiyyətlərin əldə edilməsi üçün öncə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edilməli idi. Bu artım isə Ayvaz Həsənovun yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı, məsələni daim nəzarətdə saxlaması və problemə dərindən nüfuz edərək onun elmi əsaslara söykənən həllini təşkil etməsi sayəsində mümkün oldu. Ayvaz müəllim respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında reallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və buna da yetərincə nail oldu. Qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi.
1929-cu ilin mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı (Alget) kəndində dünyaya göz açan Ayvaz müəllimin ömür salnaməsi, doğma kəndindən başlayaraq, bütün Gürcüstanı əhatə edə biləcək nadir şəxsiyyətlərə layiq bir tarixi dövrü əhatə etmişdir. Onun cismani yoxluğundakı varlığı, əbədiyyətə qədər sönməz bir yolun yolçuluğunda üzü haqqa doğru hər gün yol gedən pak ruhların arasındadır.
Alın təri, iti ağlı, çevik düşüncə tərzilə seçilən adi işçi Ayvaz Dursun oğlu Həsənov ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. Buradakı nailiyyəti onu tez bir zamanda rayonun ictimaiyyətinə tanıtdırmış və qazandığı uğur sayəsində respublika rəhbərliyinin diqqətini cəlb etmişdir. 29 yaşında bir gəncin o vaxt üçün belə tez populyarlaşması o qədər ağılabatan olmasa da, Ayvaz Dursun oğlu Həsənov üçün heç vaxt heç nə çətin olmamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmiş və vəzifənin zirvəsini 1975-ci ildə haqlaya bilmişdir. Adətən onu ilk uğurundan sonra daim geridə qalmış təsərrüfatlara rəhbər göndərərdilər ki, düzəltsə, bunu bircə Ayvaz müəllim düzəldə bilər. Respublikada qabaqcıl təsərrüfat adını almaq istəyənlər mütləq onunla məsləhətləşər, göstərdiyi yolla gedib şan-şöhrətə çata bilərdilər. Ayvaz Həsənovun böyüklüyü onda idi ki, o, heç kəsi ümidsiz qoymağı bacarmırdı. 1975-ci ildə Ayvaz müəllim Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunanda artıq onu hamı tanıyırdı. Ən çətin maneələri səbrlə aşmağı bacaran bu əvəzolunmaz insan həm də, sanballı bir şəxsiyyət kimi nüfuz sahibi olmuşdur. Artıq kənd təsərrüfatının bütün sahələrinə nəzarəti əlinə alan Ayvaz müəllimin bu nailiyyətləri xəbis, vəzifə düşkünü olanları narahat etməyə bilməzdi. Onun uğurlarını sinirə bilməyənlər, gözü götürməyənlər bu inkişafın qarşısını almaq, gələcəkdə daha uğurlu nəticələrin əldə olunmasına yol verməmək üçün müxtəlif yollar və vasitələrdən istifadə etməyə başladılar. 1981-ci ildə bu vəzifədən azad edilən Ayvaz müəllimə qonşu respublikadan doğma Azərbaycandan daha böyük vəzifə təklifi gəlmişdir. Belə ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev də onun necə yüksək keyfiyyətlərə, idarəetmə qabiliyyətinə malik olduğunu bilərək ona Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsini təklif etmişdir. Ayvaz müəllim bu hörmətə və sayğıya görə Ulu Öndərə öz dərin minnətdarlığını edir və bildirir ki, o, getsə həmvətənləri bu çətin vaxtda burada sahibsiz qalacaqlar.
1989-cu ilin qorxulu, təhlükəli dövründə onu vəzifədən uzaqlaşdıran hökumət, nəhayət, peşiman olaraq onu geri Marneulu rayonuna İcraiyyə Komitəsinin başçısı təyin etmişdir. O, 1981-1989-cu illərdə yenə də əlindən gələn köməyi xalqından, dövlətindən əsirgəməmişdir. Ayrı-ayrı təsərrüfatlara rəhbərlik edən Ayvaz müəllim əvvəlki kimi yenə də zəif sovxozlara direktor təyin edilmişdir ki, həmin təsərrüfatda çalışanların da güzaranı yaxşılaşsın, dövlətin büdcəsi də kəsirdə qalmasın. Bu qədər gərgin işlə məşğul olan Ayvaz müəllim həm də elmi fəaliyyətindən qalmamışdır. Belə ki, o, zəngin təcrübəsini nəzəriyyə formasında elmə gətirmiş, kənd təsərrüfatı elmləri namizədi-alimlik dərəcəsi almışdır. O, bir neçə dəfə Qurultay nümayəndəsi və Ali Sovetə deputat da seçilmişdir. Zəhməti Gürcüstan dövləti tərəfindən bir neçə dəfə yüksək səviyyədə qiymətləndirilmiş, ona dövlətin ali mükafatları təqdim edilmişdir.
Gürcüstan Respublikasının mərhum, sabiq prezidenti bu dahi şəxsiyyət barədə belə demişdir: “Yadımdadır, biz tez-tez görüşürdük, məsləhətləşirdik. O, heyrətamiz dərəcədə prinsipial adam idi. Əgər öz sözünü dedisə, onu fikrindən döndərmək həddən artıq çətin idi. Tez-tez səmimi yoldaşlıq şəraitində mübahisə edirdi, dəlil-sübutlarını öyrənirdim, əksər hallarda Ayvazın fikrilə razılaşırdım. O, çox işgüzar, ağıllı, düşüncəli, təşəbbüskar insan, gözəl təsərrüfatçı idi. Belə şəxsiyyətlər çox da tez-tez yetişmir”.
Onun xarakterik xüsusiyyətləri işini dərindən bilməsi, yenilik axtarma həvəsi, müasir texnologiyanı və idarəetmə metodlarını təsərrüfata tətbiq etməsi idi. O, kəndlinin həyatı ilə yaşayırdı, kəndlinin ağrısı onun ağrısıydı. Rəhbər xadimlərlə münasibəti heyranedici olmaqla, onun şəxsiyyəti gürcü və azərbaycan xalqlarının qardaşlıq və dostluq etalonu idi. 1975-1981-ci illərdə Gürcüstanın sabiq Kənd Təsərrüfatı Naziri işləmiş Nodar Çitanava Ayvaz müəllimi belə xatırlayır: “Kənd Təsərrüfatı Nazirlyində apardığımız iclaslarda müəyyən danışıqlarda onun bir rəhbər kimi sanballı və özünəməxsus mövqeyi vardı. Onda olan belə xüsusiyyətlər bizim ümumi işimizə çox yarayırdı. O, öz mövqeyini axıracan müdafiə etməyi sevərdi. Dediyini yerinə yetirirdi. Ayvaz Həsənov indi aramızda yoxdur. Onun oğulları bu görkəmli şəxsiyyətin yolunu davam etdirirlər. Bilirəm ki, onun balaları da özü kimi şərəfli mövqe tuturlar və mən bu yolda onlara uğurlar diləyirəm. Gələcək nəsillər Ayvaz Həsənovu yaxşı tanıyacaqlar, çünki onun özü yaşamasa da, gördüyü təqdirəlayiq işlər qalır, ən başlıcası isə, onun həmişə qoruduğu Gürcü və Azərbaycan xalqlarının büllur kimi saf olan dostluğu qalır. Bu dostluğu babalarımızdan bizə yadigar kimi Ayvaz Həsənov da qoruyurdu və biz də onu qorumağa çalışaçağıq”.
Borçalıların hər zaman adını fəxr və qürurla çəkdiyi Ayvaz Həsənov millətini, torpağını sevən bir ziyalı, əsl insan, dövlət xadimi olub. O, hər zaman milli kadrları, cavan azərbaycanlı mütəxəssisləri irəli çəkərək, hər zaman gənclərə öz tövsiyəsini verib, onların hərtərəfli yetişməsində böyük rol oynayıb. Ayvaz Həsənovu gürcülər də hər zaman prinsipiallığına görə çox yüksək dəyərləndiriblər. Hətta o vaxt ona təklif ediblər ki, sən çox gözəl, savadlı mütəxəssissən, gəl soyadını dəyişib gürcü soyadı götür, səni daha yüksək vəzifəyə qoyaq. Bu təklifi ona Eduard Şevardnadze edib, o da buna kəskin şəkildə etiraz edib "mən vəzifəyə görə Həsənovu Asanidze edə bilmərəm" deyib. Göründüyü kimi, Ayvaz Həsənov ömrünün sonuna qədər xalqına, borçalılara vicdanla, məsuliyyətlə xidmət edib. Borçalılar çox şey üçün ona borcludur.
İnsan yeganə varlıqdır ki, onun ağlı, düşüncəsi vardır. Hər bir insan bu dünyada etdiyi əməllərlə yaşayır kimisi yaxşı, kimisi pis əməllərlə insanların yaddaşında qalır. İnsanın əməlləri ilə yaşaması onun etdiyi yaxşılıqlar onun dünyaya etdiyi gözəlliklərdir. İnsan geriyə həsrətlə boylananda, arxada qalan illərə nəzər yetirdikdə, ömrünü hədər yaşamayan şəxsiyyətlərin keçmişində saysız-hesabsız xeyirli əməllərin olduğunun şahidi olursan, görürsən. Bu xeyir əməllər insanı daim yaddaşlarda yaşadır, sevgisi ilə qəlblərdə məskunlaşdırır. O, çox insana kömək edərək onların dayağı olmuşdur, buna görə də Ayvaz müəllim haqq dünyasına köçsə indi də o yaddaşlarda yaşayır və həmişə də yaşayacaq.
Ayvaz Həsənovun Saraclı sovxozuna rəhbərlik etdiyi dövrdə qonşu Faxralı üzümçülük sovxozunda iqtisadçı işləyən Allahverdi Kərimov onunla ilk görüşü belə xatırlayır: “ Ayvaz Həsənov sovxoz direktoru idi, bundan başqa, partiya, dövlət xadimi, Gürcüstan Ali Sovetinin deputatı idi. O, çox prinsipial, işgüzar, kənd təsərrüfatını bilən, xalqa, torpağa bağlı bir şəxsiyyət olmaqla bərabər, həm də çox zəhmli və ciddi adam idi. Bütün hadisələr gözümün qarşısında baş verib. Bir gün müəyyən işlərlə bağlı qonşu Saraclı sovxozuna getmişdim. Sovxozun inzibati binasına daxil olanda Ayvaz müəllimlə üz – üzə gəldik. Salamlaşdıqdan sonra gəlişimizin məqsədi ilə maraqlandı, sonra isə “narahat olmayın, tapşırmışam sizin işinizi həll edəcəklər, mənim vacib işim var, təcili nazirliyə getməliyəm” - deyib bizimlə xudafizləşdi. Heç bir beş addım uzaqlaşmamışdı ki, geri dönüb mənə: “Yaxşı iqtisadçısan, sənin tərtib etdiyin sənədlər mənim qovluğumdadır, baxıb yoxlamışam, hər şey qaydasındadır, onu özümlə nazirliyə aparacam” – dedi. Bax Ayvaz müəllim belə sözübütöv, işinibilən insan idi. Kömək üçün ona müraciət edənləri heç vaxt ümidsiz qoymazdı”.
Ayvaz müəllimlə eyni zamanda Bolnisi rayonunda KTN – nin Bitkilərin Mühafizəsi İdarəsində baş inspektor vəzifəsində işləyən Fətulla Fətullayev mənimlə söhbətləşərkən, o, dahi şəxsiyyət barədə bunları dedi: “ Qətiyyətlə deyə bilərəm ki, həmin illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur  dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi. Həmin ərəfədə digər sovxozlara nisbətən geridə qalmış Saraclı sovxozuna direktor təyin olunan Ayvaz müəllim qısa müddət ərzində bir sıra mühüm qərarlar qəbul etdi və islahatlar apardı. Belə ki, o nazirlikdə məsələ qaldıraraq planı dolmuş briqadaların işçilərinə sövxozun əldə etdiyi xalis gəlirdən pul mükafatlarının verilməsinə nail oldu. Bundan ruhlanan briqadalar və işçilər əmək haqqlarından əlavə pul mükafatı almaq üçün dövlətin qoyduğu planı artıqlaması ilə dolmaq üçün sanki bir – biri ilə yarışa girmişdilər. Məhz müdrik rəhbərin bu qərarı sayəsində “Saraclı kartofçuluq sovxozu” faraş kartof istehsalına görə regionda birinci yerə, o cümlədən qabaqcıl sovxoz layiq görüldü. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı.
Sözü ilə əməli vəhdət təşkil edən, Ayvaz müəllim bir alim kimi respublikada geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yollarını müəyyən edirdi. Ayvaz Həsənov elmin nailiyyətlərinin və kənd təsərrüfatında struktur dəyişiklikləri edilməsi, yeni ehtiyat mənbələrinin meydana çıxarılması və istifadə edilməsi yolu ilə kənd təsərrüfatında geriliyə son qoyulmasına, onun inkişaf etdirilməsinə nail olan yeganə şəxsiyyət idi. O, kənd təsərrüfatı məhsulları istehsalında böyük imkanlara malik olan üzümçülüyün geridə qalmasından ciddi narahat olur, bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər həyata keçirirdi. Qeyd edim ki, respublikada ilk dəfə üzüm bağlarında alaq otlarına qarşı herbisitin tətbiqini də Ayvaz müəllim reallaşdırdı.”
O, həyata ilk qədəm basdığı andan ömrünün sonuna qədər hansı vəzifədə işləməsindən asılı olmayaraq Borçalı sakinlərinin qəlbində işıq, ümid, nur heykəlinə çevrildi. Ayvaz müəllimin həyatı düzlük, ləyaqət, əyilməzlik, kişilik, vətənpərvərlik kredosu idi və o, ömrünün sonuna qədər bu amallara sadiq qaldı. Hamıya ağıllı məsləhətlər verib doğru yol göstərən, haqqın-ədalətin, düzgünlüyün keşiyində duran adlı-sanlı el ağsaqqalıydı. Ayvaz müəllim bu gün də yüksək insani keyfıyyətləri ilə müdriklik zirvəsində dayanan ağsaqqal, alim, qeyrətli vətən oğlu, ehtiyacı olan köməksiz insanlardan köməyini əsirgəməyən, yüksək mənəvi dəyərləri özündə birləşdirən müdrik el atası kimi yaddaşlarda yaşayır.
Ayvaz Dursun oğlu Həsənov cəsarəti, hünəri, ağlı, zəkası, namusu, halal əməyi ilə, ən başlıcası isə xalqa, Vətənə əvəzsiz xidməti ilə nəinki Gürcüstanın bütün bölgələrində, həmçinin SSRİ məkanında da böyük hörmət və nüfuz qazanmaqla, onun mənalı ömrünün əsrə bərabər olan hər anı, hər günü, ayı, ili canlı tarixə çevrilərək yaddaşlara əbədi həkk olunub. O, həmişə ağlının gücünə, vicdanının səsinə, ürəyinin təpərinə, sözünün kəsərinə güvənib. Ayvaz Həsənov təfəkkürünün məntiqliyi, natiqliyi, işdə düzgünlüyü və xeyirxahlığı, fəaliyyədə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdrik və dahi insanlara nəsib ola bilər. Onun zaman etibarilə Borçalı mahalı üçün etdiklərini yalnız universal bir nazirliyin öhdəsindən gələ biləcəyi iş həcmi ilə müqayisə etmək mümkündür.
Borçalı xalqının dahi oğlu Ayvaz Həsənovun həyatı, keçdiyi çətin mübarizə yolu gələcək nəsillər üçün böyük bir məktəb və unudulmayan vəsiyyətdir. Ayvaz müəllimin yaşadığı sovet dövründə çox çətin idi. O, heç vaxt kimsənin qarşısında əyilməyib, yeri gələndə ən yükşək tribunadan qorxmadan, çəkinmədən öz sözünü deyib. Onun ağlı, məntiqi, düzlüyü və yüksək siyasi biliyi, idarəetmə qabiliyyəti, təşkilatçılıq bacarığı onu pillə-pillə ucaldıb. Ayvaz Həsənov dərin biliyə, geniş dünyagörüşünə, yüksək zəkaya sahib olan böyük şəxsiyyət olub.

Zamanın bütün sınaqlarına mərdliklə sinə gərən bu cəsarətli insan gözəl ailə başçısı, qayğıkeş ata olmaqla, bütün mənalı həyatını xalqına həsr etmiş dəyərli ziyalı, el ağsaqqalı, alim, cəfakeş - fədakar vətən oğlu, xeyirxah bir insan kimi yüksək dəyərlərə malik şəxsiyyətdir. Bütün Borçalılar Ayvaz müəllimlə bağlı həmişə xoş xatirələrini ürəklərində yaşatmış, elinin böyük oğlu, uzaqgörən şəxsiyyət haqqında həmişə xoş sözlər, xatirələr söyləmişlər. Xatırladım ki, bu böyük insanın xeyirxah əməllərindən, şəxsiyyətindən məqalə və xatirələrlə söz açmaq hər birimizin müqəddəs - mənəvi borcudur. O, dünyasını dəyişsə də, özündən sonra böyük bir məktəb yaratdı. Kişilık, mərdlik, saflıq, fədakarlıq məktəbi. O, vətənsevən insan, ziyalı və bir şəxsiyyət kimi, Ayvaz Həsənov sevənlərin işində, əməlində, yaddaşında əbədi yaşayacaq. Doğrudan da Borçalımızın bu kimi şəxsiyyətləri ilə öyünməyə haqqı var, onun həyat və fəaliyyəti isə mən də daxil olmaqla, hər bir Borçalı övladında təbii qürur hissi doğurur.

Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar bir şəxsiyyət olaraq dünyanın bəzəyidir. Biz Borçalılar üçün isə əbədi olaraq Ayvaz Dursun oğlu Həsənovun ruhu – milli varlığımız, məzarı – and yerimizdir.

Çingiz Haley oglu Qasımov
turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu  ...

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Rəsmi Xəbərlər, Gürcüstan, Tiflis, Təbriklər, Diaspora
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Təbrik edirik, hörmətli Dursun müəllim!..

Təbrik edirik, hörmətli Dursun müəllim!..

Gürcüstan, Tiflis, Borçalı, Təbriklər, Diaspora
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə -  ...

MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə - ...

AzTU
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

Bolus, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81

Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81

Borçalı
Zirvələri fəth edən şəxsiyyət

Zirvələri fəth edən şəxsiyyət

MEDİA, Bolus
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
ƏLİ HACIYEV:

ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Poeziya, Borçalı
Unudulmaz təhsil naziri LİDİYA RƏSULOVA

Unudulmaz təhsil naziri LİDİYA RƏSULOVA

UNUTSAQ, UNUDULARIQ!....
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
Rəy yazın: