Mənə həyat verdin, canımsan Ata,
Damarımda axan qanımsan Ata.
Sən gülər gözümsən, min bir sözümsən,
Elə mənim özüm, özümsən Ata!
Enişli-yoxuşlu yolunda elmin,
Qartal kimi neçə zirvə fəth etdin.
Dünyaya səs salan uğurlarınla,
Başını dik tutub heç öyünmədin!
Körpətək saf qəlbli, müdrik Xocasan,
Əsl ziyalıtək təvazökarsan.
Sadəliyin sənin böyüklüyündür,
Böyüklüyün qədər sadə bir Insan!
Mayaktək sən yanıb yol açdın mənə,
Günəş kimi işıq saçdın ömrümə.
Hər zaman arxamda olasan, Ata,
Dağ kimi söykənim, güvənim sənə!
Dilində hər zaman dürüst kəlməsi,
Sən paklıq, təmizlik mücəssəməsi,
Ədalət aşiqi, səmimi İnsan,
Daim dinləyirsən vicdanın səsin!
Aylar, illər keçib dəyişib dövran,
Ağarıb saçların, sən yaşlanmısan.
Bircə tükənməyib gənclik həvəsin,
Bir də əqidənə sadiq qalmısan!
Vətənpərvər insan, məramın aydın,
Neçə ixtiraya sən imza atdın.
Umsan da küsməyib laqeydliyinə
Vətənin adını daim ucaltdın!
Şərəfli bir ömür dövlətin, malın,
Səmimi təbriklər orden, medalın.
Başqa hədiyyəyə nə ehtiyac var,
Yetər açıq alnın, gül kimi adın!
Zəmanə adamı ola bilmədin,
Səni qınadılar, susub dinmədin,
Çünki, uzaqgörən baxışlarınla
Vaxtı qabaqladın qırıb tilsimin!
Gözütox, nəfsi yox, fədakar İnsan,
Sənə layiq olmaq deyildir asan.
Fəxr edirəm sənlə, qürur duyuram,
Bir də xoşbəxtəm ki, sənin qızınam!
Sən mənim dünənim, bugün, sabahım,
Əyilməz sultanım, həm Qibləgahım,
Canın sağ, kefin kök, 100 yaşayasan,
Budur dilədiyim, eşit Allahım!!!
Gülşən RAFİQQIZI,
Azərbaycan Texniki Universitetinin dosenti.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.