İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..

İnsanlığa, təbiətə vurğun, könlü tox insan!..
Professor
Rafiq MEHDİYEV - 80
TƏBRİK EDİRİK!..


Deyilənlərə görə, Makedoniyalı İsgəndər uzun sürən qələbələrindən sonra vətəninə qayıdır. Günlərin birində şəhərə çıxıb özünün necə qarşılanacağını görmək istəyir. Hər yerdə camaat hay-küy, gül-çiçək, sevinclə qarşılayır. Şəhərin bir yerindən keçərkən görür ki, bir nəfər çəmənlikdə uzanıb, bu hay-küyün ona təsiri yoxdur...

Yaxındakılara deyir ki, görün o kimdir? İsgəndəri müşayiət edənlər Diogeni onun yanına gətirirlər. Diogen deyir: Sən kimsən, niyə qoymursan istirahət edək? İsgəndər özünü təqdim edir, neçə məmləkəti fəth etdiyini, Yunanıstana nə qədər var-dövlət gətirdiyini deyir. Onda Diogen cavab verir ki, ay bədbəxt daha de ki, sən mənim qullarımın qulusan. İsgəndər soruşur: Necə yanı sənin qullarının quluyam? Deogen cavab verir: Məndə də o hisslər var, o da mənim olsun, bu da mənim olsun, oranı da tutum, buranı da tutum. Amma mən onları özümə tabe etmişəm, sən isə o hisslərin quluna çevrilmisən, onların əlində acizsən.
Həqiqətən də professor Rafiq İsrafil oğlu Mehdiyev könlü tox, taxt-tac, var-dövlət hərisliyindən uzaq, ömrünü həsr etdiyi elmin, sənətin aşiqi, kamil bir mütəxəssis kimi fəaliyyət göstərən bəşər övladıdır.


Rafiq müəllim Daxili Yanma Mühərrikləri (DYM) sahəsində Azərbaycanın ən qüdrətli və beynəlxalq aləmdə tanınmış alimidir. O, fəaliyyət göstərdiyi sahədə nəinki Azərbaycanda, eləcə də ABŞ, Almaniya, İtaliya, Fransa, Rusiya, Türkiyə, Hindistan və digər ölkələrdə həmkarları arasında dərin hörmətə layiq bir alim kimi tanınır. Onun respublikamızda və xarici ölkələrdə hazırladığı onlarla mütəxəssislər də elmin bu sahəsində öz töhfələrini verirlər.
O, uzun müddət Azərbaycan Texniki Universitetinin (AzTU) Daxili Yanma Mühərrikləri kafedrasının rəhbəri olmuş, bu sahəyə öz elmi töhfəsini vermiş, bir çox mütəxəssislər yetirmişdir.

Professor Rafiq Mehdiyevi AzTU-nun görkəmli alimi kimi 1973-cü ildən tanısam da, onunla yaxın münasibətim 1987-ci ildən başlamışdır. Belə ki, həmin dövrdə “Təhsil” cəmiyyətinin yaradılması ilə bağlı respublika ziyalılarının rəyi öyrənilirdi. Bu barədə Rafiq müəllimə məlumat verildikdən sonra, təşəbbüs qrupuna qoşularaq bu işin təbliği ilə məşğul oldu. Rafiq müəllim təşəbbüs qrupu ilə “Bilik” cəmiyyətində, Təhsil Nazirliyində, müxtəlif təhsil ocaqlarında keçirilən tədbirlərdə yaxından iştirak edərək, öz tövsiyələrini verirdi. Beləliklə aparılan uzunmüddətli təbliğat işlərindən sonra 1989-cu ilin oktyabr ayında “Təhsil” cəmiyyətinin təsis konfransında seçilən İdarə Heyətinin 15 üzvündən biri də Rafiq Mehdiyev oldu.

Professor Rafiq Mehdiyev “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi həyata keçirilən bütün tədbirlərin və layihələrin təşkilində öz məsləhətlərini vermişdir. O, cəmiyyətin təsis etdiyi, Beynəlxalq qeydiyyatdan keçmiş “Texnika” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Vətəninin, xalqının, dövlətinin vurğunu olan bu insan son illər millətinin ayrılmaz hissəsi olan Türkiyə Respublikasında öz elmi fəaliyyətini davam etdirir və töhfələrini verir. Onun Türkiyədə elmə verdiyi töhfələr həmkarlarına və onu sevənlərə fərəh gətirir.

Hörmətli Rafiq müəllim!
Azərbaycan “Təhsil” cəmiyyəti ağsaqqallar şurası, idarə heyəti və bütün təhsil sevərlər adından Sizin 80 illik yubileyinizi təbrik edir, can sağlığı, elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq. Əmin ola bilərsiniz ki, Sizi yaxından tanıyanlar və həmkarlarınız Sizi sevir və Sizdən yeni-yeni müvəffəqiyyətlər gözləyirlər.


Nuğay ƏLİYEV,
Azərbaycan “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri.



REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, turan.info.az-ın bütün yaradıcı heyəti adından çox hörmətli professor Rafiq Mehdiyevi anadan olmasının 80 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: