2017-ci il iyulun 31-də
"Cabir Novruz"
Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun
akt zalında
"Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz" mövzusunda elmi konfrans keçirib.
turan.info.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər" adlı layihə çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov açıb, konfrans haqqında iştirakçılara qısa məlumat verib və məruzəçi - tanınmış tədqiqatçı Şakir Qabıssanlının elmi fəaliyyətindən danışıb.
Tanınmış kulturoloq, professor Fuad Məmmədov "Cabir Novruz" Mədəniyyət Fondunun fəaliyyətini yüksək dəyərləndirib, Fondun həyata keçirdiyi layihəyə uğurlar arzulayıb və Fondun Qobustan abidələri haqqında hazırladığı video-klipi konfrans iştirakçılarına təqdim edib.
Sonra Şakir Qabıssanlı "Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz" mövzusunda məruzə edib.
Məruzə böyük maraq doğurub və diqqətlə dinlənilib.
Məruzə ətrafında geniş müzakirə olub, professor Murad Baxşıyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Əlilicanzadə, tanınmış kinoşünas Şeyx Əbdül Mahmudbəyov, fəlsəfə doktorları Fikrət Nəbiyev, Firudin Qurbansoy, "Zirvə" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalı və başqaları çıxış edərək, məruzə ilə bağlı öz fikirlərini bildiriblər, Ş.Qabıssanlının əməyini yüksək qiymətləndiriblər.
Tədbirə "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti və layihə rəhbəri, professor Cavanşir Qurbanov yekun vurub, tədbir iştirakçılarına təşəkkür edib və öz minnətdarlığını bildirib.
Konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Fuad Hacızadə, tanınmış rəssam Minayə Feyzullayeva, şairlər Musa Ələkbərli, Gilə Əliqızı, Müşfiq Cabiroğlu və b. iştirak ediblər.
Aytac MƏDƏDLİ,
turan.info.az
.