Bu günlərdə hörmətli həmkarımız, istedadlı qələm dostumuz, tanınmış jurnalist və publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, eyni zamanda, "Elm və təhsil" qəzetinin baş redaktor müavini Xanım Bilalqızına ağır itki üz vermişdir.
Onun bacısı, Ağsu rayonunun tanınmış ingilis dili müəllimi, təcrübəli pedaqoq və xeyirxah insan Kimya Bilal qızı Məsimova (Sultanova) 2023-cü il avqustun 3-də 65 yaşında dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin.
Qeyd edək ki, Kimya Bilalqızı 1957-ci il noyabrın 12-də Ağstafa şəhərində anadan olmuşdur.
Orta təhsilini doğma Ağstafada, ali təhsilini isə Bakıda almışdır.
İndiki Azərbaycan Dövlət Dillər Universitetininin İngilis dili fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra, təyinatla Ağsu rayonuna göndərilmişdir.
2 saylı Ağsu şəhər orta məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Qısa bir müddətdə pedaqoji kollektivin və dərs dediyi şagirdlərin böyük hörmət və rəğbətini qazanmışdır.
Bir müddət həmin məktəbdə çalışdıqdan sonra, elə Ağsuda ailə həyatı qurmuş, taleyini həmişəlik bu şəhərə bağlamışdır. Paralel olaraq, eyni zamanda, Ağsu rayonunun Çiyni kəndindəki orta məktəbdə də ingilis dili müəllimi işləmiş, bir müddət həm də direktor müavini vəzifəsində çalışmışdır.
Kimya müəllimə ümumi olaraq düz 45 il şərəf və ləyaqətlə pedaqoji fəaliyyət göstərmişdir.
İşlədiyi müddət ərzində həmişə müəllim həmkarlarının, eləcə də, dərs dediyi şagirdlərinin sevimlisi olmuşdur.
Ailəli idi. İki övladı: Emin və Ramin adlı oğulları var.
***
Bütün yaradıcı heyətimiz adından bir daha hörmətli həmkarımız Xanım Bilalqızına, əziz bacısı Kimya müəllimənin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, övladlarına, doğmalarına, yaxınlarına, pedaqoji həmkarlarına və şagirdlərinə dərin hüznlə başsağlığı veririk.
Kimya müəlliməyə Allahdan rəhmət diləyirik. Məkanı cənnət, ruhu şad olsun.
Amin.
Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
“turan.info.az” İnformasiya Mərkəzinin
baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.