Gürcüstandakı Azərbaycan mətbuatına, ədəbiyyatına, mədəniyyətinə və ümumiyyətlə, Gürcüstandakı
Azərbaycan ictimaiyyətinə
ağır itki üz verib.
Gürcüstanda Azərbaycan dilində nəşr olunan və həm də dövlət səviyyəsyində yeganə milli mətbuat orqanımız olan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Hacı oğlu Əliyev
21 dekabr 2019-cu ildə
72 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırladırıq ki, İslam Hacı oğlu Əliyev - 1947-ci il
iyunun 1-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Ambarovka kəndində
anadan olub.
İlk təhsilini Ambarovkada, sonra Keşəlidəki 7 illik məktəbdə alıb.
Daha sonra Kəpənəkçi orta məktəbini bitirib.
Bir il Alget üzümçülük sovxuzunda fəhlə işləyib.
1965-ci ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub.
1970-ci ildə həmin ali təhsil məktəbini fərqlənmə diplomu ilə bitirib.
İ.Əliyev tələbəlik illərində ictimai işlərdə fəal çalışıb, kurs komsomol komitəsinin sədri və fakültə həmkarlar ittifaqı təşkilatının sədri olub.
İnstitutu bitirən kimi “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") respublika qəzetinə işə qəbul edilib.
Həmin ildən indiyə kimi elə həmin qəzetdə çalışır. O, ilk öncə korrektor, sonra baş korektor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb.
İ.Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin baş redaktor müavini təyin edilib.
O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən AzərTAc-ın Gürcüstan müxbiri vəzifəsində çalışıb.
İslam Əliyev 2014-ci ilin avqustundan “Gürcüstan” qəzetinin baş redaktorudur.
İ.Əliyev uzun müddət redaksiya həmkarlar ittifaqı təşkilatının sədri, redaksiya partiya bürosunun katibi olub.
O, iki dəfə Tiflis Şəhər Kalinin Rayon Partiya Komitəsinin üzvü seçilib.
1985-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
İslam Əliyev iki dəfə Gürcüstan Jurnalistlər İttifaqının keçirdiyi müsabiqədə iştirak edərək mükafata layiq görülüb.
Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və Gürcüstanın “Şərəf” medalı ilə mükafatlandırılıb.
O, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc müdalına və pul mükafatına layiq görülüb.
2015-ci ilin fevralında Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə
Gürcüstanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
İslam Əliyev gənc yaşlarından ədəbi fəaliyyətlə də məşqul olub.
Gürcüstanın və Azərbaycanın çeşidli mətbu orqanlarda hekayələri, novellaları, bədii-publisistik və publisistik yazıları dərc olunub. Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və və s.
Ailəlidir. İki oğlu, bir qızı, nəvələri var.
P.S.:
SONDA MƏN HƏM ÖZ ADIMDAN, HƏM AİLƏMİZ ADINDAN,
XÜSUSİLƏ DƏ, PROFESSOR MƏDƏD ÇOBANOVUN ADINDAN,
ELƏCƏ DƏ RƏHBƏRLİK ETDİYİM "ZİYA" QƏZETİNİN VƏ
"ZİM.AZ" SAYTININ YARADICI HEYƏTİ
VƏ ÇOXSAYLI OXUCULARIMIZ ADINDAN
ÇOX HÖRMƏTLİ İSLAM MÜƏLLİMİN VƏFATINDAN KƏDƏRLƏNDİYİMİZİ BİLDİRİR,
ONUN AİLƏSİNƏ, YAXINLARINA, DOĞMALARINA DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİR
VƏ BİLDİRİR İK Kİ, İSLAM MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ ONU TANIYANLARIN QƏLBİNDƏ
DAİM VƏ ƏBƏDİ OLARAQ HƏR ZAMAN YAŞAYACAQDIR!..
ALLAH RƏHMƏT ELƏSİN!.. RUHU ŞAD OLSUN!...
"ZİYA" qəzetinin və "ZİM.AZ" saytının
BAŞ REDAKTORU,
turan.info.az
Qeyd:
"Gürcüstan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, görkəmli ziyalımız İslam Əliyev
2019-cu il dekabrın 22-də doğma ata yurdunda - Marneuli rayonunun Ambarovka kəndində dəfn olunub.
.