1994-cü il aprel ayının 12-də
Astara rayonunda
anadan olub.
İlk təhsilini
Astara rayonundakı
2 nömrəli rus məktəbində alıb. Sonra təhsilini
Lənkəran Özəl Türk Liseyində davam etdirib.
Daha sonra isə Xəzər Universitetində ali təhsil alıb; Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) fakültəsini bitirib.
Bir müddət "BamBella" adlı İran Malları və Quru Meyvə Topdansatışı Biznesi ilə məşğul olan Barat Əlizadə,
hal-hazırda fəaliyyətini özünün Təsisçisi və Baş Direktoru olduğu “Interforce Tourism Company” adlı şirkətində davam etdirir.
-Barat bəy, iş həyatında motivasiyanın önəmi nə qədərdir?
- Motivasiya həddən çox önəmlidir. Belə izah edim, bir çox insanın həyatdan heç bir gözləntisi yoxdur. Çünki, onu yaşamağa vadar edən bir şey də yoxdur. Məqsədi yoxdur, arzuları yoxdur, istəkləri yoxdur. Bəlkə yanında insanlar var, amma, əlaqə qurmağı sevmir. Heç kimə inanmır, güvənmir, başqaları haqqında danışır, qısqanır, paxıllıq edir və.s. Bunlar hamısı məqsədin yoxluğundan irəli gəlir. Ancaq, elə insanlar da var ki, onlar özlərini müxtəlif yollarla motivasiya edə bilirlər. Nə istədiyini aydın bilir, və buna uyğun davranırlar. Onlar ümidsizliyə düçar olan kimi, hər hansı yollarla, bunu aradan qaldırırlar. Buna görə də, heç vaxt ruhdan düşmürlər.
Şəxsən mən, həyatdan zövq alıram. Çalışmaqdan, arzulamaqdan, xəyal qurmaqdan, başqaları yatarkən ayıq qalmaqdan zövq alıram. Gündə 16 saat işləmək mənə həddən çox zövq verir. Çünki, işimi də, həyatımı da sevirəm. Mən çalışdıqca, özümü daha xoşbəxt hiss edirəm.
-Siz özünüzü necə motivasiya edirsiniz?
- Mən artıq öz ruhumu da , bədənimi də, beynimi də, ürəyimi də idarə etməyi bacarıram. Ən çox ürəyimlə problem yaşayıram. O da normaldı. (Gülür)
Ümumiyyətlə, mən planlarla yaşayan insanam. Ömrümün son 3 ilini, hansı ki, yaxşı mənada dəyişildiyim və həyatımın əsas məqsədini kəşv etdiyimdən bəri, - yazaraq və planlı bir şəkildə yaşayıram. Ümidsizliyə düçar olduqda, kitablarım, planlarım, məqsədlərim köməyə gəlir. Özümə yaxşı vərdişlər aşılayıram.Ən əsası da odur ki, tez-tez təkrar edilən hərəkətlər vərdişə keçir, mən isə onun quluna çevrilirəm. Uşaqlıqda mən öz ehtiraslarımın qulu idim, indi isə bütün böyük adamlar kimi vərdişlərimin quluyam!
Bu vərdişlərin arasında, hər səhər 6-da oyanmaq, gün ərzində fasilələrlə 4 dildə (rusca, ingiliscə, azərbaycanca, türkcə) kitablar oxumaq, meditasiyalar etmək var. Hər yeni bir günüm, əgər dünənimdən yaxşı deyilsə, o zaman özümü pis hiss edirəm. Məsələn, əgər dəftərçəmdə yazılan gündəlik kiçik məqsədlərə əməl etməsəm, günüm çox pis keçir. Çünki, beynimi günlük məqsədlərimin üstündən xətt çəkməyə proqramlaşdırmışam. Əgər xətt çəkirəmsə, deməli hər gün daha güclü oluram.
Bundan əlavə də, həftəlik, aylıq, 1 illik və 35 illik plan-programlarım var. Hər bir insan kimi öləcəyimi düşünərək yaşasam da, ölməyəcəkmiş kimi işləyirəm!
- Hansı kitabları oxuyursunuz?
-Keçən müsahibəmdən mənim həyatımı dəyişdirən kitab haqqında təsəvvürləriniz var. Artıq o kitabı müəyyən qədər izləyicilərimə aldırıb, oxutdura bilmişəm. Ümid edirəm ki, mənim həyatımı dəyişdirdiyi kimi, digərlərinin də həyatını dəyişər. Çünki, o kitab buna qadirdir!
İndi isə, zövq aldığım digər kitablar barəsində ümumi məlumat verim.
Mən ən çox biznes kitabları oxumağı xoşlayıram. Amma, şəxsi-inkişaf kitablarını da qaçırmıram. Çünki, xarakterimin güclənməyə başladığını oxuduğum şəxsi-inkişaf kitablarını tətbiq etməyə başladıqdan sonra görmüşəm. Brayan Treysi, Napoleon Hill, Robert Kiosaki, Oq Mandino, Bodo Şefer və.s insanların bestseller olan kitablarını oxuyuram. Özü də bir dəfə yox. Bu kitabları ən azı 4 dəfə oxuyuram. 5-ci dəfə oxuduqdan sonra isə həyatıma tətbiq edirəm. Bu kitabda yazılanlar həyatımda tətbiq etmədiyim müddətcə mənə heç bir faydası ola bilməz. Eləcə də, digərlərinə. Mənim həyatımda tətbiq etdiyim heç bir kitab da mənə faydasız ola bilməz.
-Bəzi insanlar hər hansı bir işi görmək üçün özlərində motivasiya tapa bilmirlər. Onlara nə məsləhətlər edərdiniz?
-İnsanlar, sadəcə olaraq qorxurlar. İnsanı addım atmamağa sövq edən şey qorxudur. Pul itirməkdən, sevdiyini itirməkdən, qocalmaqdan qorxur insanlar. Bu qorxuların üstünə getmədikcə heç bir işə başlamağın bir faydası yoxdur.
İnsanlar özlərinə sual verməlidirlər. - Mən bu dünyaya niyə gəlmişəm?!
Əgər doğurdan da bu dünyaya sadəcə vaxt keçirməyə gəldiyini düşünürlərsə, boşu-boşuna çalışmasınlar. Çünki, onlar heç bir şeyə nail olmayacaqlar. Bu dünyaya nə məqsədlə gəldiyini bilən bir insan üçün isə uğur qazanmamaq ehtimalı yoxdur.
Mən onlara xəyal qurmağı məsləhət görərdim. Amma, balaca xəyallar deyil, əl çatılmayacağını düşündürəcək dərəcədə böyük xəyallar. Hətta, onları qorxudacaq dərəcədə böyük.
O xəyallarını sadəcə boş bir A4 vərəqinə yazsınlar. Böyük hərflərlə yazılan o böyük məqsədi oxuduqda, özləri-özlərinə gülsələr, demək ki, doğru yoldadırlar. Əgər o xəyalı başqalarına göstərsələr, və onlar da o xəyala gülsələr, demək ki, daha doğru yoldadılar. Bu yoldan dönməsinlər!
Ondan sonrası, insanın o xəyala doğru necə çatacağını ətraflı bir şəkildə yazması ilə davam etməlidir. Düşünmək yox, sadəcə yazmaq. İstəmək və oxumaq yox, sadəcə yazmaq!
Yazmaq mənim kəşvim deyil. Əsrlərdən bəri uğurlu olan və ya olmaq istəyən hər bir insan bu yola baş vurub. Və, yazmadan heç bir insan, yüksəkliklərə çıxmağı arzulamasın. Bunu edən hər bir insan da, uğur qazanmağa layiqdir. İş təkcə bununla da bitmir. Bu yazılan böyük məqsədi hər gün ən azı 30 dəqiqə gözündə canlandırmalıdırlar. Və, ona 5 duyğu orqanını da əlavə edərək, onu doğurdan da yaşayırmış kimi hiss etməlidirlər. Ancaq belə mümkün olacaq bir insanın arzuladığı o böyük xəyal.
Bundan sonrakı proseslərdə, çətinlik çəkən və köməyə ehtiyyacı olan bir insanın, sadəcə bir mesaj qədər uzağındayam. Məni çox rahat tapa bilərlər. Hər zaman dəstəyimi göstərə bilərəm. Əsas bir insanın özündə o gücü hiss edə bilməsi və bir işə başlamasıdır. Ki, mənim də bunda kiçik bir payım olduğunu bilməkdən zövq alaram.
Qaldı ki, bunlar haqqında lap çox danışa bilərəm burada. Amma bu işlərə o qədər maraqı olmayan digər insanları da bunu oxumaq məcburiyyətində qoymamaq üçün müsahibəmizi burda sonlandırsaq yaxşı olar. (gülür)
Müsahibələrimə maraq göstərən hər kəsə, - ailəmə, dostlarıma, müştərilərimə, məni tanıyan və ya tanımayan hər bir insana əvvəlcədən təşəkkürümü bildirirəm. Səbr edib müsahibəmin tamamını oxuyan insanlara axıra qədər oxuduqlarına görə təşəkkür edirəm. Məni izlədiyiniz və bəyəndiyiniz üçün sizə minnətdaram.
Təşəkkür; çox gözəl bir şeydir. Etmək, və ya almaq, fərq eləməz!
İnşAllah insanlara o qədər faydalı olaram ki, təşəkkür yağışına tutularam bir gün.
Məni tanımaq istəyən hər bir insanı da öz ofisimdə görməkdən və tanış olmaqdan məmnun olardım.
Hər kəsi çox sevirəm!
Bir daha təşəkkür edirəm!..
Və sonda mənimlə əlaqə saxlamaq stəyənlər üçün şəxsi facebook səhifə profilim: https://www.facebook.com/baratalizadehofficial/
instagramda Barat: https://www.instagram.com/barat_alizade/
- Biz də Sizə yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.