Təsadüfi deyil ki, turnir başa çatdıqdan sonra ölkənin bir sıra aparıcı idman və sosial-ictimai saytları yarışın nəticələri barəsində geniş məlumatlar yayımladılar.
Turnirin təşkilatçısı, feysbukda Gürcüstan azərbaycanlılarının aktiv görüş və ünsiyət məkanı olan “Gürcüstanlılar” səhifəsinin yaradıcısı və admini Zöhrab Məmmədov sözügedən çempionat və gələcək planlarla bağlı müsahibə verib.
- “Gürcüstanlılar” səhifəsinin admini Zöhrab necə oldu ki, birdən-birə bu qədər məşhurlarşdı?
- Kənardan populist çıxış kimi görünə bilər, amma səmimiyyətimə inanın. Mən ürəyimdə vətən, torpaq sevgisi böyüdən bir adamam. Daim düşünmüşəm ki, öz xalqıma xidmət etməliyəm. Təbii ki, qarşılıqsız. Bu yol uzun bir yoldur. 7 ildir ki, “Gürcüstanlılar” səhifəsini yaratmışam. Amma açıq deyim ki, futbol mövzusu populyarlaşmağımız baxımından sözün əsl mənasında partlayış oldu.
- Futbol ideyası hardan gəldi? Və niyə məhz futbol? Digər idman növləri ola bilməzdimi?
- Əgər uğura nail olmaq istəyirsə, insan mütləq xəyal qurmağı bacarmalıdır. Xəyal etmədən uğur qapılarını aralamaq qeyri-mümkündür. Lap uşaqlığımızdan Gürcüstanda dağlardan enirdik gürcü qəsəbələrinə - Bolnis, Kazret və digər qəsəbələrdə gürcü uşaqları çox yaxşı futbol oynayırdılar. Sözün düzü uduzurduq adətən. Onu da deyim ki, mənim psixologiyamda “uduzmağı bacarmaq lazımdır” fikri keçmirdi. Həmişə düşünürdüm ki, bir gün bunlara mütləq qalib gəlməliyik. Zaman keçdi, müəyyən ailə səbəblərindən Bakıya köçdük. Burada da küçə futbolunun məhşurlarından olmuşam. 8-ci km qəsəbəsində futbol aləminin tanıdığı ETO (Elvin), Rəşad (“King” FK) və mən. Lakin həyat elə gətirdi ki, zədələndim, uzun illər oynamadım və bu üçlünün yolları ayrıldı.
Zədədən sonra ara-sıra oynasam da, bir az sağaldıqca MFL liqasını yaxından izləməyə başladım. Burada yaşıl meydanlardan tanıdığım küçə futbolunun bir çox “əfsanə”ləri var idi. “Kimin qolundan tutdub hal - əhval soruşdumsa” Borçalıdan çıxdı. Orxan qardaş, sən Qubadan idin? - Xeyr əzizim, Borçalıdanam. Polad onun kimi, Nemət həmçinin. Beynimdə avtomatik “Borçalı” FK qurulurdu. Və təbii ki, o komandaya gedən yol çempionatdan keçirdi. Səhifədən elan verdim, yaxşı reaksiyalar aldım və bildiyiniz kimi çox uğurlu alındı.
- Çempionata başlayarkən nəyə ümid edirdin, nə qazandın?
- Açığı bu qədər qısa müddətdə bu qədər çox sayda komandanın yığılacağını və bir statusla həmrəy olacağımızı gözləmirdim. İlk çağırışımızda artıq 8 komanda var idi. Ümid edirdim ki, ilk dəfə elə 8-10 komanda olacaq. Lakin bildiyiniz kimi yekunda 20 komanda iştirakını təsdiqlədi. Mənim qazancım Borçalı gənclərinin dostluğu, qardaşlığı oldu. Ümumilikdə isə ölkə idmanına, Azərbaycan futboluna “Borçalı” FK qazandırdıq. Tezliklə bu klubdan çox adam danışacaq.
- “Borçalı” FK haqqında söhbətimizin irəliləyən vaxtlarında danışacağıq. Hələlik məni maraqlandıran başqa bir sual verim. Zöhrab, bildiyim qədər turnirə start verməmişdən əvvəl təşkilati məsələlərdə dəstək üçün bəzi ictimai cəmiyyətlərə müraciət etmişdin, hansı ki, onların yaranma məqsədi, qayəsi sırf Borçalı ilə bağlıdı. Amma rədd cavabı aldın. O prosesi danış zəhmət olmasa...
- Ağır sualdır (gülür). Lakin istəmərəm ki, kiminsə ağlında bu sual cavabsız qalsın. Bəli, mən bir çox yerlərə müraciət etdim. Bəzi iş adamları heç yaxına buraxmadı. Söhbət Borçalı əsilli iş adamlarından gedir. Çempionatın qayəsi, reqlamenti sırf mənim şəxsimə aid olduğu üçün bir çox təşkilatlar “bunu sən niyə keçirməlisən?” dedilər. Bu, normal hal idi, incimədim. Çünki gözləyirdim. Gözləmədiyim bir şey olsaydı inciyərdim, küsərdim. Amma hazır idim buna. Psixoloji olaraq özümü buna hazırlamışdım. Mən hesab edirəm ki, “uğursuz” olacağını düşündükləri üçün dəstək olmadılar. Başqa tərəfdən ola bilər maddi vəziyyətləri buna imkan vermədi. Hər şey ola bilər. Lakin bir qərar vermişdim, addım atmışdım. Və çiyinlərimdəki yükün ağırlığı məni bir az çökdürən kimi çiynimdə bir çiyin hiss etdim. Döndüm, baxdım, bayaq da dediyim kimi, Borçalı gəncləri. Dedilər ki, öz hesabımıza, öz “cibimizə” edək bu çempionatı. Çox qürurlandım. Başlayaq dedik və başladıq. Çempionatın ilk turunda artıq stadionun əhatəsində maşın saxlamağa yer yox idi. Azarkeşləri meydanda yerləşdirməyə çətinlik çəkirdik. Bir sözlə qəpiyinə kimi öz cibimizdən maliyyələşdirdik çempionatı.
- Səncə, necə olur ki, siz – sən və ətrafındakı bir qrup gənc o potensialı görürsüz, Borçalı gənclərinin fikirlərini oxuya bilirsiz, amma əsl işi məhz bunu etmək olan təşkilatlar, cəmiyyətlər bunu gözdən qaçırırlar. Səni onlardan fərqləndirən nədir?
- Siyasi sualdır bu da. Siyasətdən hər zaman uzaq qaçmışam. Və bir çıxışımız olmuşdu kütlə qarşısında, orada da qeyd etdim ki, “mən heç bir zaman Borçalı gəncliyini siyasətə qurban verməyəcəm. Üzərimizdən oyunlar oynanıla bilməyəcək heç bir zaman. Xislətimizdə zərrə qədər olsun bu gəncliyin üzərindən iş görüb pul qazanmaq, şan – şöhrət əldə etmək şükür olsun Allaha ki, yoxdur. Bir filmdə də deyildiyi kimi, biz əlimizin tərsi ilə pulu geri itələdikcə, pul özü axıb gəlir. Mən şan – şöhrəti, məhşurluğu daraltdıqca, adımız daha da yuxarılara gedib çatır. Bu gün artıq kimsə bizə “uşaq-muşaq” deyə xitab edə bilmir. Siz bu sualda konkret kimləri nəzərdə tutursunuz bilmirəm, amma mən öz xislətimin təmizliyinə, vicdanıma güvənərək tutduğum yolda irəli getməyə çalışıram.
- İndi isə keçək digər məsələyə. Bu çempionatda fərqlənən oyunçulardan ibarət “Borçalı” FK yaratmısız. Məqsədiniz nədi?
- Bir daha əvvəldə dediyim “xəyal qurmağ”a gəlib çıxırıq. Bu, mənim uşaqlıq xəyalım olub. Və bu arzu bu gün gerçəkləşib. Bizim heç bir siyasi marağımız yoxdur bu işdə. Məqsədimiz sadəcə idman, futbol sahəsində irəliləmək və dostluqların, qardaşlarımızın sayını artırmaqdır. Digər tərəfdən isə “Borçalı” FK-nın var olub olmayacağı, uğurları mənim timsalımda bütün Borçalı insanına məxsusdur.
- Ali məqsədi başa düşdüm, bəs cari məqsəd nədir? Bildiyimə görə turnirə qatılmısız. Real hədəfiniz nədi, hansı yeri tutmaq istəyirsiz?
- Bəli. Ölkənin ən böyük mobil operatorlarından birinin sponsorluq etdiyi “Alfaliqa”da yarışacağıq. Bu turnirdə qalib komanda Sloveniyada keçiriləcək Avroliqaya yollanacaq və orda ölkəmizi təmsil edəcək. İnşallah ki, hədəfimiz çempion olub, Azərbaycan bayrağını Avropada dalğalandırmaqdır. Komandamız qapalı şəraitdə ciddi məşqlər edir. Baş məşqçimiz Azərbaycanda uşaq futbolunda tanınan şəxsdir. Hər kəsə “sürpriz” olacaq bir adamdır. Hansı ki, Ruslan Abışov kimi milli futbolçularımızın futbolda ilk addımlarını atmasında ciddi rolu olub. Adı hələlik gizli saxlayaq.
- Bundan sonrakı planlar necədi? Bu turniri ənənə halına salmağı düşünürsənmi?
- Yaxın günlərdə səhifədən rəsmi şəkildə açıqlama verəcəm. Uğurlu bir yarış keçirdik və bundan sonrakı planlar da odur ki, ardı mütləq gələcək. İl ərzində 2 dəfə turnir təşkil etməyi planlaşdırırıq. Yəqin ki, bunlardan biri liqa sistemi ilə olacaq. Planlar çoxdu, üzərində işləyirik. Boş durmuruq. Mən nə qədər ki, özümdə güc hiss edirəm, birlikdə bacarırıqsa, bunu ənənəvi şəkildə keçirəcəyik. 2 il, 3 il, 5 il və inşallah ki, yaxı gələcəkdə bayrağı bizdən sonrakı nəsilə verəcəyik və onlar da bu birliyi, bu həmrəyliyi yaşadacaqlar.
- Qorxmursunuz ki, əvvəl uğura inanmayıb sizdən uzaq duran bəziləri, ideyanın uğurlu olduğunu görüb bu işə girişsinlər? Axı bu həm də onlar üçün yaxşı piar məkanı ola bilər...
- Yenə deyirəm, mən el üçün, millət üçün, xalq üçün edirəm. O zonanın gənclərinin həmrəyliyi, birlikdə vaxt keçirmələri mənim üçün hər şeydən dəyərlidi. Öz şəxsi mənafeyim naminə etsəydim, zərrə qədər maddiyat güdsəydim, əlbəttə ki, qorxardım. Əgər bu işdən qazanc götürsəydim, çoxdan canıma vəlvələ düşmüşdü. Bütün gürcüstanlılar, Borçalıdan olan, məni tanıyan hər bir kəs nəfsimi də gözəl bilir, xarakterimi də. Elə məhz buna görə də arxamda durdular. Başqa digər məsələlər artıq təfərrüatdır. Kim nə istəyir, onu da etsin.
Zaur XUDİYEV,
turan.info.az
.