Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız... Ruhun şad olsun,
Nəsib Qurban oğlu Hacıyev!..
(13.11.1916 - 4.08.1976)


Nəsib Qurban oğlu Hacıyev - 1916-cı il noyabrın 13-də qədim Borçalı mahalında - Gürcüstan Respublikasının Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlıda, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə ona kənddə müəllimlik etməyə icazə vermişlər. 1934-cü ildə Tbilisi Pedaqoji Texnikumunu bitirmişdir. Elə həmin ildə də Saraçlı yeddillik məktəbinə direktor təyin olunmuşdur. Sonra bir müddət Bolnisi Rayon Xalq Məhkəməsinin sədri işləmişdir.

Böyük Vətən müharibəsi illərində XDİK (NKVD) qoşunları sırasında müxtəlif vəzifələrdə xidmət etmişdir. Müharibə qurtardıqdan sonra Qardabani şəhərində məktəb direktoru işləməklə yanaşı həm də Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnmişdir. 1947-1950-ci illərdə Qardabani rayonunun prokuroru, sonra isə 12 il ərzində Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

1962-ci ildə Gürcüstan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin üzvü təyin edilmiş, 1968-ci ildən isə Ali Məhkəmənin Xüsusi İşlər üzrə Kollegiyasının sədri olmuşdur. 1971-ci ildə "Sovet cinayət hüququ üzrə şərti məhkumluq" mövsunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız... Nəsib Hacıyev Gürcüstan vətəndaşları arasında ən tanınmış və nüfuzlu azərbaycanlılardan biri hesab olunurdu. O, rus, gürcü, erməni və türk dillərini mükəmməl bilirdi. SSRİ-nin müxtəlif ordenmedalları ilə təltif olunmuşdur. Gürcüstanın Əməkdar hüquqşünası idi.
Övladları Eldar – kənd təsərrüfatı elmləri doktoru (Moskva), Elşad polis polkovniki (Tbilisi) və Janna tibb elmləri namizədidir (Tbilisi).

Nəsib Qurban oğlu Hacıyev - 1976-cı il avqust ayının 4-də
Tbilisi şəhərində vəfat etmişdir.
Məzarı Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"dədir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: