Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarətdir. Budəfəki Forumun mövzuları da son dərəcə maraqlıdır. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb ediləcək.
Dövlət başçısı Forumun açılışında nitq söyləyib.
* * *
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa QOLODETS Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və çıxış edib:
-Hörmətli cənab Prezident, əziz həmkarlar.
İcazə verin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin təbrikini oxuyum:
“V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
Hörmətli xanımlar və cənablar!
V Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Sizin Forum nisbətən qısa müddətdə dünyada geniş tanınıb, ən aktual problemlərin müzakirəsi üçün tələbat duyulan məkana çevrilib.
Bu gün Azərbaycan paytaxtı növbəti dəfə, aralarında məşhur siyasətçilər və ictimai xadimlər, müxtəlif sahələr üzrə Nobel Mükafatı laureatları, bir sıra dövlətlərin elmi və yaradıcı ziyalılarının nümayəndələri olan ali qonaqları qəbul edir. Forumun zəngin gündəliyi müasir beynəlxalq münasibətlər üçün humanitar əməkdaşlığın get-gedə artan əhəmiyyətini əks etdirir. Siz qiymətli təcrübə mübadiləsi aparacaq, mədəniyyət, elm və təhsil, ətraf mühitin qorunması sahələrində ikitərəfli və çoxtərəfli əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə edəcəksiniz. Əminəm ki, sizin ünsiyyətiniz maraqlı və səmərəli olacaq, müxtəlif ölkələrin və qitələrin xalqları arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək.
Forumun iştirakçılarına ürəkdən uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.
X X X
Çıxışına davam edən O.Qolodets deyib:
-Əziz dostlar, icazə verin mən də öz adımdan, Rusiya Federasiyası Hökuməti adından Forum iştirakçılarının ünvanına bir neçə söz deyim. Bu gün bu qədər müasir, bu qədər dinamik inkişaf edən Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir. Əlbəttə, Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlər və bu gün haqqında sizin danışacağınız məsələlər bütün bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz oxuyanda, böyüyəndə demək olar aksiom idi ki, humanitar əməkdaşlıq elmi, texniki inkişafı həmişə müşayiət edir. Bu, demək olar ki, aksiom idi. Biz heç vaxt fikirləşmirdik ki, nə üçün belə olur. Bu, az qala ictimai qanun idi.
1990-cı illərdə biz heyrətamiz bir həqiqəti kəşf etdik ki, elmi tərəqqi heç də həmişə layiqli humanitar və ictimai inkişafla müşayiət olunmur. Bu həqiqət bizim hamımızı mürəkkəb vəziyyətə saldı. Həqiqətən bu gün bütün dünyada gah bir, gah başqa yerlərdə milli münaqişələr, hərbi münaqişələr alovlanır, alimlərin, mütəxəssislərin səylərini, bütün iqtisadi firavanlığı heçə endirir. Ona görə ki, insan üçün qarşılıqlı anlaşmadan və dostluqdan daha əhəmiyyətli heç nə yoxdur. Bu mənada, xalqlar arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi xüsusi vəzifədir, bu, bütün siyasətçilərin, bütün ölkələrin missiyasıdır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin rolunu xüsusi qeyd etmək istərdim. Ona görə ki, bu insanların müdrikliyi bizim uzunmüddətli siyasət qurmağımıza, nəticə etibarilə münaqişələrin tənzimlənməsinə gətirib çıxaran uğurlu danışıqlar aparmağımıza imkan verir. Ümidvaram ki, belə insanlar hətta ən mürəkkəb vəziyyətlərdə də yer üzündə bütün insanların gözlədiyi sülhü və ədaləti bərpa etmək üçün dünyaya nümunə göstərəcəklər.
Bizim üçün çox vacibdir ki, dünya siyasətçilərinin müəyyən etdiyi ahəng bütün səviyyələrdə təmin olunmuş mexanizmlərə transformasiya olunsun. Bu günə qədər Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə 90-dan çox saziş imzalanıb. Fikrimcə, bu əməkdaşlıq davam edəcəkdir. Bizim üçün çox vacibdir ki, bu gün burada olan peşəkarlar, mütəxəssislər arasında əməkdaşlıq ilə əlaqədar həqiqətən təhsil, səhiyyə və digər sahələrdə yüksək səviyyədə reallaşan şəxsi əlaqələr də yaransın. Mən fəxr edirəm ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olan adamlar çoxdur. Mənim tanışlarım arasında onların dostluq etdikləri insanlarla şəxsi əlaqələr, fərdi münasibətlər var. Bizi birləşdirən bizim mədəniyyətimizdir. Zənnimcə, bizim missiyamız bu mədəniyyəti gənclərə, böyüməkdə olan nəslə ötürməkdir. Mən ilk növbədə mədəniyyət sahəsində əlaqələrin genişlənəcəyinə ümid edirəm. Bizim gələcəyimiz, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gələcəyi bu əlaqələrdən asılıdır.
Əziz Forum iştirakçıları, sizin üzərinizə çox böyük məsuliyyət düşür – insanların sülh və həmrəylik şəraitində yaşamasına, Yer üzündə bütün insanlar üçün əlyetərli ola biləcək elm və texnika nailiyyətlərindən istifadə etməyə imkan verəcək yanaşmalar hazırlamalısınız.
Sizə uğurlar, Azərbaycana isə firavanlıq arzu edirəm.
X X X
BMT baş katibinin müavini xanım Cihan SULTANOĞLU təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxuyub və çıxış edib. Cihan Sultanoğlu deyib:
-Zati-aliləri cənab Prezident.
Möhtərəm Azərbaycan Respublikasının birinci xanımı.
Hörmətli xanımlar və cənablar.
Bu gün burada olmaqdan böyük şərəf hissi duyuram və V Bakı Beynəlxalq Humanitar Forumuna BMT-nin baş katibi Pan Gi Munun müraciətini oxumaq istərdim:
“Bakı Beynəlxalq Humanitar Forumuna və tədbiri qəbul edən Zati-aliləri Prezident İlham Əliyevə səmimi salamlarımı çatdırıram. Mən may ayında İstanbulda keçirilmiş Dünya Humanitar Sammitində Prezident Əliyevin şəxsi iştirakını yüksək dəyərləndirirəm.
Bu, bir sıra mühüm mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların insan kapitalı ilə bağlı “dəyirmi masa”da olduqca mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür. Ümidvaram ki, bu “dəyirmi masa” Dünya Humanitar Sammitinin nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal iştirakçılar üçün fürsət olacaq.
Davamlı inkişaf, müxtəliflik və inklüzivlik, eləcə də mədəniyyətlərarası dialoqda media ilə bağlı aparacağınız müzakirələr bu məqsədlərin icrasına dəyərli töhfə verməlidir. İqlim dəyişikliyi, əhali artımı, zəif siyasi və iqtisadi sistemlər bu regionda və dünyada insanları təbii və texnogen təhlükələr riski qarşısında qoymaqda davam edir. Əgər biz Dünya Humanitar Sammitində və bəşəriyyət üçün onun gündəliyindəki öhdəlikləri yerinə yetirmək istəyiriksə, onda davamlı inkişafa, fövqəladə hallara hazırlıq və cavab tədbirlərinə daha böyük sərmayələr qoymalıyıq. Dünyada təxminən 130 milyon insanın humanitar yardıma ehtiyacı var. Həmin insanları ağır əzab-əziyyətlərə düçar etmiş böhranların həlli sadə məsələ deyil və vaxt tələb edir. Lakin bizim hamımız mərhəmət nümayiş etdirə bilərik, ədalətsizliyə qarşı səsimizi ucalda və dəyişiklik naminə çalışa bilərik”.
X X X
Çıxışına davam edən Cihan Sultanoğlu deyib:
-İndi isə mən böyük şərəf hissi ilə BMT-nin İnkişaf Proqramı adından sizin qarşınızda çıxış etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə bizi Bakı Beynəlxalq Humanitar Forumuna dəvət etdiyinə və bu tədbiri qəbul etdiyinə görə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu mühüm platformaya çevrilib. Burada bir sıra görkəmli alimlər, tanınmış ziyalılar və şəxsiyyətlər bir araya gələrək mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında qarşılıqlı anlaşmanın daha da genişləndirilməsi məqsədilə toplaşırlar. Bu baxımdan onlar artıq 2030-cu il üçün davamlı inkişaf gündəliyində olan məqsədlərin icrasına öz töhfələrini vermək əzmindədirlər.
Bu ilin əvvəlində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da uğurla keçirilib.
Əlbəttə, bu il, həmçinin Azərbaycan üçün xüsusi bir ildir. Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Yaranmış fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycanın qazandığı gözəl nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.
Azərbaycan 1991-ci ildən müstəqilliyini bərpa etdikdən sonra planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçib və ötən müddətdə çox gözəl iqtisadi artım templəri nümayiş etdirib. Burada xüsusi sosial proqramları, pensiya islahatlarını, “ASAN xidmət”in yaradılmasını qeyd etmək olar. Azərbaycan bu gün həyata keçirdiyi islahatlara görə regionun aparıcı dövlətinə çevrilib.
2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında ən öncül yerlərdən birini tutur. Təbii ki, bütün bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya, Avropa və Orta Şərq regionlarında humanitar məsələlərin həllinə töhfə verib. Azərbaycanın qlobal və regional böhranların həllinə verdiyi töhfəyə gəldikdə isə bu yardımın böyük olduğunu çox yaxşı bilirik. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində iştirak edir, BMT Təhlükəsizlik Şurasının üzvü olub. ECOSOC-da da Azərbaycanın namizədliyi qəbul edilib, təşkilata üzv seçilib. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi - AIDA adlı agentlik yaradıb və öz humanitar yardımını əsirgəmir. Dünyadakı zəif dövlətlərin inkişafına öz töhfəsini verməkdədir.
Əminik ki, 2030-cu ilə olan davamlı inkişaf gündəliyində qoyulmuş məqsədlər Azərbaycan tərəfindən də icra olunacaq. Bu məqsədlər Nyu-Yorkda 103 üzv dövlət tərəfindən qəbul edilib.
Azərbaycan, həmçinin insan kapitalının inkişafı sahəsində də böyük addımlar atır ki, bu da Forumun mövzularından biridir. Biz BMT-də və BMT İnkişaf Proqramı çərçivəsində belə bir fikirdəyik ki, Azərbaycan məhz davamlı inkişaf məqsədlərinin daha da irəli aparılmasında fəal iştirak edəcək.
Çıxışımın yekununda Azərbaycan hökumətinə bu mühüm tədbiri keçirdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, Forum uğurla davam edəcək, burada müxtəlif mövzularda müzakirələr aparılacaq, əməkdaşlıq qurulacaq, sülh yolları araşdırılacaq.
Sizə uğurlu müzakirələr arzulayır və bildirmək istəyirəm ki, sabah keçiriləcək “dəyirmi masa”larda mən də iştirak edəcəyəm.
Diqqətinizə görə sağ olun.
X X X
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİ çıxış edərək deyib:
-Zati-aliləri cənab Prezident İlham Əliyev.
Zati-aliləri Azərbaycan Respublikasının birinci xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Dialoqun və dünyada sülhün təşviq edilməsi istiqamətində göstərilən beynəlxalq səylərin mühüm rəmzinə çevrilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən məmnunam. Təbii ki, ədalət, sülh və bərabərlik ideyalarını yayan insanlar üçün bu Forum mühüm bir tədbirdir. Mən buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Səmimi qəlbdən ona “Çox sağ olun” deyirəm. Çünki onun böyük səyləri və mühüm təşəbbüsləri sayəsində sülh, insanlar arasında qarşılıqlı anlaşma, dinlər və mədəniyyətlər arasında yaxınlaşma meyilləri artır və Azərbaycan da bu yolla gedir. Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.
Mən həmçinin cənab Prezidentə İslam Əməkdaşlıq Təşkilatına və ISESCO-ya verdiyi dəstəyə görə minnətdaram. Bakıda bu təşkilatların bir sıra mühüm beynəlxalq tədbirləri keçirilib. Məhz onun təşəbbüsü ilə sülh, dialoq, insanlar və xalqlar arasında anlaşma daha da dərinləşib. Cənab Prezident öz çıxışında belə gözəl bir paytaxtda, belə əhəmiyyətli bir ölkədə keçirilən beynəlxalq tədbirləri qeyd etdi.
Cənab Prezident, xanımlar və cənablar, bugünkü Forum dünyada sülh və təhlükəsizlik üçün görünməmiş təhdidlərlə səciyyələnən mürəkkəb qlobal şəraitdə keçirilir. Bütün bunlar müharibələrin və onların cəmiyyətlərə sarsıdıcı təsirinin, ciddi siyasi münaqişələrin, sabitliyi təhlükə altına alan geniş yayılmış etnik toqquşmaların, dərin humanitar böhranların, irqçilik tendensiyalarının, qarşısı alınmayan düşmənçilik hərəkətləri nəticəsində beynəlxalq hüququn kobud şəkildə pozulması hallarının azaldılması üçün beynəlxalq ictimaiyyətdən daha effektiv əməkdaşlıq tələb edir. Bu gün dünyanın qarşılaşdığı həssas və çətin vəziyyət bizdən - siyasətçilərdən, akademik və intellektual elitadan, azad humanist düşüncə carçıları, mühüm mədəni dəyərlərin və ali humanitar prinsiplərin keşikçiləri kimi mənəvi məsuliyyəti üzərimizə götürməyi tələb edir...
Dialoq müdriklərin seçimidir. Bununla humanizmə, onun amallarına xidmət etmiş oluruq. Eləcə də beynəlxalq hüquqa əsaslanan yeni dünya nizamının qurulması üçün düzgün yanaşmanı, mədəniyyətlərin prinsiplərini və sivilizasiyaların, dinlərin universal dəyərlərini tətbiq etmiş oluruq. Buna görə də böyük güclər yubanmadan və tərəddüd etmədən lazımi qərarlar qəbul etməlidirlər. Əgər belə olmasa, dünya bir cəngəlliyə çevrilər. Dünyada, ümumiyyətlə, asayiş tam pozular və hüquqa hörmət qoyulmaz. Odur ki, gəlin, səylərimizi birləşdirək.
Mən burada ISESCO adından bildirmək istəyirəm ki, biz öz dəyərlərimizi qoruyacağıq. Biz Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasında onu dəstəkləməkdə davam edəcəyik.
Diqqətinizə görə sağ olun.
X X X
UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA çıxış edərək deyib:
-Zati-aliləri cənab Prezident.
Çox hörmətli birinci xanım, UNESCO-nun xoşməramlı səfiri.
Xanımlar və cənablar, əziz dostlar.
Biz ayrıca sosial transformasiyalar və faciələrdən qurtulmağa çalışan insanların yerdəyişməsi ilə səciyyələnən, sülhə yeni təhdidlər gətirən qloballaşma dövründə yaşayırıq. Yoxsulluq davamlı olaraq qalır, bərabərsizlik dərinləşir. Dünya zəmanəmizin ən ağır qaçqın və məcburi köçkün böhranları ilə üzləşməkdədir. Bütün bunlar milyonlarla qadın və kişini böyük əzablara düçar edən, ən çox ağrı-acısını gənclərin çəkdiyi radikallaşma və zorakı ekstremizm mühitindən qaynaqlanan “mədəni təmizləmə” ilə fərqlənən və daha tez-tez baş verən münaqişələrin birbaşa fəsadlarıdır.
2030-cu ilə qədər davamlı inkişaf gündəliyi BMT-nin dəyərləri və prinsiplərindən ilhamlanan qlobal tədbirlərə yeni sadiqliyi, eləcə də üzləşdiyimiz mədəni, sosial-iqtisadi və ekoloji çağırışlara vahid cavabımızı nümayiş etdirir. 2016-cı ilin mayında BMT-nin İstanbulda keçirilmiş Humanitar Sammitində UNESCO-nun bəyan edilmiş şüarı böhrana məruz qalmış uşaqlar və gənclər üçün təhsil uğrunda mübarizə mövzusuna həsr olunmuş bugünkü müzakirələrimizlə tam üst-üstə düşür. Bu səbəbdən əgər biz ekoloji baxımdan davamlı və inklüziv cəmiyyətləri indiki və gələcək nəsillər üçün təmin etmək istəyiriksə, 2030-cu ilədək yeni gündəliyin qəbul edilməsi tək variant kimi qəbul oluna bilməz. Bu mövqe UNESCO-nun sentyabr ayında təqdim etdiyi 2016-cı il üzrə qlobal təsir monitorinqi hesabatında əks olunub və biz həmin mövqeyi təşkilatın bütün fəaliyyət sahələrində tətbiq edirik.
Zorakı ekstremizmin qarşısını almaq naminə təhsil sahəsində işləmək vəzifə borcumuzdur. BMT-nin jurnalistlərin təhlükəsizliyinə yönəlmiş tədbirlər planının icrası və cəzasızlıq məsələsinin həlli yolu ilə onların müdafiəsinin təkmilləşdirilməsi işimizin bir hissəsidir. Bu, 2016-cı ilin yanvarında BMT-nin baş katibi tərəfindən irəli sürülmüş zorakı ekstremizmin qarşısının alınması üzrə tədbirlər planına uyğundur. Bu baxımdan UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması və mədəni plüralizmin təşviqi strategiyası son dərəcə məqsədəmüvafiqdir...
Cənab Prezident, hörmətli birinci xanım, xanımlar və cənablar, əziz dostlar.
Yekun olaraq, sərhədləri dəf edərək yeni yolların müəyyən edilməsində hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlığın vacibliyini vurğulayıram. Bu, təhsil, elm, mədəniyyət və ünsiyyət vasitəsilə vəzifə borcumuzu nümayiş etdirir və beləliklə, sülh naminə uzunmüddətli planların tərtib edilməsinə, insan hüquqlarının və ləyaqətin, ədalət və çiçəklənmənin təmin olunmasına, eləcə də davamlı inkişaf məqsədlərində qeyd edildiyi kimi, planetimizin qorunması işinə sadiqliyimizi gücləndirir.
Qarşılıqlı anlaşmanın olmaması tarix boyu xalqlar arasında etimadsızlıq yaradıb və nəticədə baş verən ixtilaflar tez-tez müharibələrə gətirib çıxarıb. Savadsızlığa, etimadsızlığa qarşı mübarizə mütəmadi olaraq aparılmalıdır. Sülhsüz davamlı inkişaf, davamlı inkişaf olmadan isə sülh qeyri-mümkündür.
Diqqətinizə görə minnətdaram. Foruma uğurlar arzulayıram.
X X X
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatıb.
Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirib.