ONUN SÖHBƏTİ ÖTƏN DƏRS İLİNDƏ RAYON TƏHSİL ŞÖBƏSİ XƏTTİ İLƏ GÖRÜLƏN İŞLƏR VƏ ƏLDƏ OLUNAN NAİLİYYƏTLƏR BARƏDƏDİR.
Ötən dərs ilində Hacıqabul rayon Təhsil Şöbəsi üzrə 33 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 11864 nəfər şagird təhsil almış və onların təlim-tərbiyəsi ilə 1009 nəfər təhsil işçisi məşğul olmuşdur. Rayon müəllimlərindən 7 nəfəri “Əməkdar müəllim”, 5 nəfəri “Tərəqqi” medalı, 8 nəfəri “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, 2 nəfəri “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.
Vətən Müharibəsinin başlanması ilə əlaqədar “Hərbi vəziyyət elan edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli fərmanı, “Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə” Təhsil Nazirliyinin 30.09.2020-ci il tarixli F-460 nömrəli əmrinə uyğun olaraq rayonun təhsil müəssisələri tərəfindən distant (məsafədən) formada tədrisin təşkili təmin edilmiş, bu zamanı internet provayderlərinin göstərdiyi xidmətlərdən istifadənin məhdudlaşdırılması nəzərə alınmışdır.
Respublikamızda həyata keçirilən "Əsgərə məktub" layihəsində rayon üzrə bütün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin fəal iştirakı təmin edilmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca əhəmiyyətli rol oynayan layihə çərçivəsində şagirdlər Azərbaycan Silahlı Qüvvələrində xidmət edən mübariz əsgərlərimizə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıqlarını və səmimi arzularını bildirmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının icrası ilə bağlı rayonda bir sıra işlər görülmüşdür.
18 noyabr 2020-ci il tarixdə RTŞ üzrə rayonun təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Virtual iclasda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə eləcə də, yuxarıda qeyd olunan əmrin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə məktəb rəhbərlərinə ətraflı məlumat verilmişdir.
Təhsil Nazirliyinin Fəaliyyət Planında qeyd olunmuş hədəflər əsasında Hacıqabul rayon Təhsil Şöbəsi və rayonun ümumtəhsil məktəblərinin aylar üzrə konkret tədbirləri əhatə edən genişləndirilmiş birgə iş planı hazırlanmış və RTŞ-nin 17 noyabr 2020-ci il tarixli 50 nömrəli əmri ilə təsdiq edilmişdir.
Təsdiq olunmuş birgə iş planına uyğun olaraq 2020/2021-ci tədris ili ərzində:
- rayonun ümumtəhsil məktəbində “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası təmin olunmuş, bu məqsədlə onlayn dərslərdə bu mövzuya geniş yer verilmiş;
- şagirdlərin Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri barədə müxtəlif mövzularda şagird və fənn müəllimləri tərəfindən təqdimatlar hazırlanmış, şagirdlərin bu istiqamətdə maarifləndirilməsi həyata keçirilmiş;
- rayonun 11 ümumtəhsil məktəbində vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliğinə həsr olunmuş video mühazirələr keçirilmiş və şagirdlərin bu istiqamətdə maarifləndirilməsi təmin edilmiş;
- rayonun ümumtəhsil məktəblərində “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, rayonun 18 ümumtəhsil məktəbində ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsinə həsr edilmiş müxtəlif mövzularda onlayn “Dəyirmi masa”lar keçirilmiş;
- şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması məqsədilə SHXÇDX-nin Hacıqabul rayonu üzrə şöbəsi və rayonun ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlərin iştirakı ilə onlayn görüş keçirilmiş;
- şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə rayondakı “N” saylı hərbi hissə ilə əlaqələr davam etdirilmiş, əsgər və zabitlərlə onlayn görüşlər təşkil edilmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlərin və yuxarı sinif şagirdlərinin onlayn iştirakı təmin edilmiş;
- rayonun 23 ümumtəhsil məktəbində “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları və videoçarxlar hazırlanmış, şagirdlərin bu istiqamətdə maarifləndirilməsi həyata keçirilmiş;
- rayonun 21 ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması həyata keçirilmiş;
- rayonun ümumtəhsil məktəblərində “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Hacıqabul rayon Təhsil Şöbəsinin 17 noyabr 2020-c il tarixli 50 nömrəli əmri ilə təsdiq edilmiş RTŞ və ümumtəhsil məktəblərinin aylar üzrə birgə iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi vəziyyəti barədə onlayn Təhsilyanı Şura iclasında seçmə yolla rayonun ümumtəhsil məktəblərin rəhbərlərinin hesabatları dinlənilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər “Biz zəfər qazandıq” onlayn rəsm , "Qarabağ uşaqların gözü ilə" onlayn videoçarx, "Qarabağa gedən yol" onlayn şeir müsabiqələrində və "Zəfər Tariximiz" adlı onlayn respublika intellektual yarışmasında fəal iştirak etmişlər.
Bir nəfər şagirdimiz "Qarabağa qayıdış" layihəsini uğurla başa vurmuş və sertifikatla təltif olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən təşkil edilmiş "Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri"nin basketbol, minifutbol və atletika idman növləri üzrə zona mərhələsində iştirak edən yeniyetmələrimiz basketbol və minifutbol idman növləri üzrə üçüncü yerə layiq görülmüşlər.
44 günlük Vətən müharibəsində 10 nəfər təhsil işçisi iştirak etmişdir. Təhsil Şöbəsində Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş təhsil işçilərilə görüş keçirilmiş, onlara Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur. Vətən müharibəsində iştirak etmiş təhsil işçilərini ictimaiyyətə tanıtmaq məqsədi ilə məlumatlandırıcı posterlər hazırlanmış və rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində paylaşılmışdır. 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Hacıqabul rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və müharibə zamanı arxa cəbhədə fəallıq göstərən idman ictimayətinin bir qrup üzvü Fəxri Fərmanla təltif olunmuşdu. YAP Hacıqabul rayon təşkilatı, rayon Təhsil Şöbəsi və fəal gənclər tərəfindən şəhid ailələrinin ziyarəti həyata keçirilmişdir.
Yola saldığımız 2020/2021-ci tədris ilində Dövlət Proqramlarının icrası da diqqətdə saxlanılmış və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmişdir.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Hacıqabul rayon ümumtəhsil müəssisələrində “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir və inşa müsabiqələri keçirilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”na uyğun olaraq rayonun ümumtəhsil müəssisələrində "ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri", “gənclərin fövqəladə hallarda davranışı”, “insan alveri və zorakılıq halları”, "reproduktiv sağlamlıq və ailə planlaşdırılması" və düzgün peşə seçimi kimi mövzularda mühazirələr, seminarlar, videkonfranslar və “dəyirmi masa”lar təşkil edilmişdir.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq lazımi işlər görülmüşdür.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2020-ci ilə dair “İş Planı”na uyğun olaraq narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə işləri aparılmış, bu məqsədlə rəsm və inşa müsabiqələri təşkil edilmişdir.
Ötən tədris ilində "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq rayonun bütün ümumtəhsil müəssisələrində "dəyirmi masa"lar, mühazirələr, inşa və şeir müsabiqələri təşkil olunmuş, Nizami Gəncəvinin əsərlərindən hazırlanmış səhnəciklər nümayiş etdirilmişdir. Eyni zamanda şagirdlərimiz "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" rəsm və inşa müsabiqəsində, "Nizami Gəncəvi-880" onlayn rəsm, "Söz dünyasının günəşi" və "Nizami Gəncəvi əsərləri təsviri incəsənətdə" respublika baxış müsabiqələrindən uğurla iştirak etmişlər. Rayon Təhsil Şöbəsi tərəfindən ötən tədris ilində VIII sinif şagirdləri arasında onlayn formada "Nizami Gəncəvi - 880 illik dəyər" adlı intellektual bilik yarışması keçirilmişdir.
Yola saldığımız tədris ili ərzində rayonun təhsil müəssisələrində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən onlayn seminar müşavirələr təşkil edilmişdir. Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi məqsədi ilə rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavinləri ilə (təşkilatçılarla) "Məktəbdə psixoloji işin təşkili" mövzusunda maarifləndirici vebinar keçirilmişdir.
Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə təhsil müəssisələrində çalışan gənc müəllimlərlə onlayn görüş təşkil edilmiş, gənc mütəxəssisləri düşündürən fəaliyyət istiqamətləribarədə fikir mübadiləsi aparılmışdır.
2020/2021-ci tədris ilində buraxılış imtahanlarına hazırlığın mövcud vəziyyətini öyrənmək, şagirdlərin faktiki bilik səviyyəsini müəyyənləşdirmək, və nəticələri daha da yaxşılaşdırılması üçün fəaliyyətin planlaşdırılması məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən 13 mart 2021-ci il tarixdə rayonun ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərilə onlayn sınaq imtahanları aparılmış, nəticələri təhlil olunmuş və məktəb rəhbərlərinə müvafiq metodiki istiqamətlər verilmişdir.
Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. 2020/2021-ci dərs ilində XI sinfi bitirən 386 nəfər şagirddən rayon üzrə respublikanın ali və orta ixtisas təhsil müəssisələrinə 247 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 166 nəfər (43%) qəbul olunmuşdur. Əvvəlki illərin məzunlarından 2021-ci ildə 15 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bütövlükdə, bu il rayon üzrə 181 nəfər ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 5 nəfəri 600-dən yuxarı, 24 nəfəri 500-dən yuxarı bal toplamışdır.
Yola saldığımız 2020/2021-cu dərs ilində rayon üzrə tam orta təhsil səviyyəsinin təmayüllər üzrə davam etdirilməsi diqqətdə saxlanmış, 5 məktəbdə təmayül sinifləri yaradılmışdır.
2020/2021-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Müsabiqənin rayon mərhələsində qalib seçilmiş Hacıqabul şəhər 8 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ağayeva Aydan Ramil qızı “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür.
Ötən dərs ilində şəhər 5 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılmış, bütün yeni zəruri inventar avadanlıqlarla təchiz edilmişdir.
Yeni dərs ilinə hazırlıq dövründə Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün 136 adda 31385 nüsxə dərslik göndərilmiş və məktəblərə çatdırılmışdır.
Facebook sosial şəbəkəsi üzərindən rayon Təhsil Şöbəsi tərəfindən canlı yayım keçirilmiş təhsil sahəsində həyata keçirilən yeniliklər, əldə olunmuş nəticələr barədə ictimaiyyətə məlumat verilmiş və prosesdə yaranan suallar cavablandırılmışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin, müharibə veteranları, əlillər və onların ailə üzvləri, həmçinin hərbçi ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə cəmi 5 vəzifə üzrə vakant yerə 16 nəfər təyin olunmuşdur.
COVİD-19 pandemiyasına qarşı mübarizədə ən effektiv vasitənin insanların mütəşəkkil olaraq peyvəndləmədə iştirakının təmin olunması məqsədilə ümumtəhsil müəssisələrində çalışan 1351 nəfərdən 1218 nəfərin (90,16%) birinci doza, 1113 nəfərin (82,38%) isə hər iki dozanı alması təmin edilmişdir. Hal-hazırda bi istiqamətdə işlər davam etdirilir.
Rayonumuzun təhsil işçiləri bundan sonra da əzmlə çalışacaqlar, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Söhbəti yazdı: Alik Rzayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı
turan.info.az
.