Mənalar dünyası qaranlıq deyil. Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil”.
(S.Vurğun)
Cəmiyyətin inkişafında, məktəblilərin dünyagörüşünün formalaşmasında, onların elmə, savada yiyələnməsində müəllimlərin rolu əvəzsizdir. İşlədiyi məktəbin qabaqcıl müəllimlərindən biri olan Mənzər Abdulla qızı Abdullayeva təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində fəal iştirak edir. Respublikamızda təhsilə göstərilən dövlət qayğısı onu daha yaxşı işləməyə ruhlandırır.
Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq onun çoxdankı arzusu idi. Hələ orta məktəbdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat fənninə böyük maraq göstərirdi. Şeir əzbərləmək,bədii əsərləri təhlil etmək bacarığı ilə də o, həmyaşıdlarının çoxundan fərqlənirdi. Güclü yaddaşa və məntiqli danışıq qabiliyyətinə malik olan Mənzər Abdullayeva hələ o zaman gələcək peşəsi,ixtisası haqqında qəti qərarını vermişdi. Mənzər müəllimə mənimlə söhbət zamanı bunları söylədi: “Orta məktəbdə oxuyarkən bütün fənləri yaxşı öyrənməyə çalışırdım. Azərbaycan dili və ədəbiyyat fənlərinə isə xüsusi marağım var idi. Məktəb kitabxanasının fəal üzvlərindən biri idim.Klassik və müasir yazıçıların,şairlərin, xüsusi iləhəmyerlimiz, qohumum Zivər Ağayevanın əsərlərini oxuyurdum. Bəzən sinif yoldaşlarımı başıma toplayıb, Zivər xanımın yaradıcılığından danışar və əzbərlədiyim şeirlərini onlara söyləyirdim. Azərbaycan dili və ədəbiyyat müəllimi olub, dilimizi, ədəbiyyatımızı şagirdlərə öyrətmək mənim ən böyük arzum idi”. Mənzər müəllimə ilə söhbətdən öyrəndim ki, o, 1956-cı il fevral ayının 2-də Hacıqabul şəhərində anadan olub.1973-cü ildə Hacıqabul şəhər indiki İlqar Ələkbərov adına 1 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə də indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə sənəd verən Mənzər Abdullayeva müsabiqədən keçməsə də, ruhdan düşmür, öz üzərində ciddi səylə çalışır, növbəti ildə yenidən biliyini sınamaq qərarına gəlir.Növbəti ildə imtahanlarda uğurlu nəticə göstərərək, universitetin Azərbaycan dili və ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olur və 1979-cu ildə təhsilini uğurla başa vurur. Mənzər müəllimə 1974-cü ildən 1982-ci ilə kimi məzunu olduğu məktəbdə laborant, kitabxanaçı və müəllim işləyir. Keçmiş müəllimləri ilə çiyin-çiyinə işləmək onun üçün nə qədər fərəhli idisə, bir o qədər də məsuliyyətli idi.Bu məsuliyyəti dərindən dərk edən Mənzər müəllimə yaxşı işi ilə qısa müddət ərzində şagird,valideyn və müəllim yoldaşları arasında hörmət və nüfuz qazanır. 1982-ci ildə o, iş yerini dəyişərək, indiki Hacıqabul rayonu Muğan qəsəbə Vüqar Məmmədov adına tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. 10 il bu təhsil ocağında çalışan M.Abdullayeva 1992-ci ildən Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbdə işləyir. Hazırda Mənzər müəllimə 8,9-cu siniflərdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. O, həm də 8-ci sinfin rəhbəridir. Onun rəhbərlik etdiyi sinifdə 24 şagird təhsil alır.
M.Abdullayeva tədris etdiyi fənləri şagirdlərinə tələb olunan səviyyədə öyrətmək üçün bütün qüvvə və bacarığını sərf edir. O, dərsin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayır. Bu məqsədlə dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır.
Mənzər müəllimə şagirdlərinin dilimizə və ədbiyyatımıza olan marağını daha da artırmaq üçün sinifdənxaric tədbirlərin imkanlarından da bacarıqla istifadə edir. Onun şagirdləri məktəb və rayon üzrə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Mənzər müəllimənin dediyinə görə, şagirdi Aysel Hacıyeva rayon üzrə keçirilən inşa müsabiqəsində fərqlənmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olan M.Abdullayeva işlədiyi məktəbin ictimai həyatında fəal iştirak edir. Mənzər müəllimə keçmiş orta məktəb müəllimlərinin zəhmətini həmişə yüksək qiymətləndirir,onları həmişə xoş duyğularla xatırlayır. Söhbət əsnasında o, keçmiş müəllimlərindən Ağaqulu Zülfüqarovun, Bibiqız Məmmədovanın, Yasəmən Muxtarovanın, Rahim Əliyevin, Cəmilə Rzayevanın, Oktay Bayramovun adlarını çəkdi. Dünyasını dəyişənlərə Ulu Tanrıdan rəhmət dilədi, təqaüddə olanlara isə uzun ömür, can sağlığı arzuladı. Mənzər müəllimə söhbət əsnasında onu da bildirdi ki, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasını seçməyində Azərbaycan dili və ədəbiyyat müəllimi və sinif rəhbəri olmuş Yasəmən Muxtarovanın böyük rolu olub. Mənzər müəllimə həm də mehriban və qayğıkeş anadır. O, ömür-gün yoldaşı Sabir Novruz oğlu Ağayev ilə iki övlad böyüdüb tərbiyə etmişdir: Elvin, Lalə. Elvin Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Bakı şəhərində yaşayır və orada işləyir.Lalə Sabirabad Humanitar Kollecini bitirib. İxtisasca texnologiya müəllimidir. İndi Mənzər müəllimə azyaşlı nəvələri Elgünün və Zümrüdün qayğıları ilə yaşayır. Mənzər müəllimə haqqında olan bu yazını onunla görüşərkən əzbər söylədiyi mərhum şairə Zivər Ağayevanın “Çətindir” adlı şeiri ilə tamamlayıram:
Bu yerin, bu göyün öz qanunu var,
Ya qarlı qış olsun,ya da ilk bahar.
Göz açıb dünyaya gəlməyə nə var,
Dünyanı dünyatək görmək çətindir.
Könlüm çağlayanda söz həvəsində,
Qəlbim ovsunlanar öz barəsində.
Qəhqəhə çəkərək gülməyə nə var,
Dost tapıb kədəri bölmək çətindir.
Zirvələr dumansız,çənsiz olmasın,
Çəməndə çiçək də vaxtsız solmasın.
Zivər,vaxt çatanda ölməyə nə var,
Dünyadan insantək köçmək çətindir.
Nahidə Nailqızı,
turan.info.az-ın xüsusi müxbiri
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.