Bu günlərdə Tovuz şəhərində ezamiyyətdə olan zaman,
rayon təhsilinin inkişafında xüsusi xidmətləri olan
dəyərli ziyalılarımızla maraqlanarkən, bizə ötən əsrdə yaşayıb-yaratmış, 20 il bundan əvvəl dünyasını dəyişməsinə baxmayaraq, bu günün özündə də adı çəkiləndə həmişə böyük hörmət və ehtiramla xatırlanan qabaqcıl maarif işçisi, uzun müddət Əyyublu kənd orta məktəbinin direktoru vəzifəsində şərəf və ləyaqətlə çalışmış, tanınmış müəllim-pedaqoq, öz dövrünün ən dəyərli və ən savadlı ziyalılarından olmuş Nurəddin Məmmədov haqqında da məlumat verdilər.
Nurəddin müəllimin sorağı ilə Əyyublu kənd orta məktəbində olduq. Məktəbin fizika müəllimi, Nurəddin müəllimin qızı - Mənsurə Məmmədova ilə görüşüb ətraflı söhbət etdik.
Mənsurə xanım atası haqqında ətraflı məlumat verdi,
onunla bağlı unudulmaz xatirələrini bölüşdü.
Söhbət zamanı öyrəndik ki, Nurəddin Aslan oğlu Məmmədov - 1932-ci ildə Tovuz rayonundakı Əyyublu kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi fərqlənmə ilə bitirib, 9 fəndən imtahan verərək, 45 bal toplayaraq, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Hələ institutda oxuduğu illərdə çox savadlı olması ilə tələbə yoldaşlarından
fərqlənirdi. Onu inisitutda müəllim saxlamaq istəyiblər. Amma anası kənddə tək qaldığına görə razılaşmayıb. Orta məktəbdə cəmi bir il müəllim işlədikdən sonra onu məktəb direktoru təyin etmişlər. Deyilənə görə hələ onun şəkili ADU-nin əlaçı şərəf lövhəsində saxlanılır.
Nurəddin Məmmədov məktəbdə direktor olmasına baxmayaraq, şagirdləri ilə daha yaxından məşqul olur, dərs saatlarından sonra da onları fizika, riyaziyyat, hətta kimya fənlərindən hazırlayırdı. Onun hazırlaşdırdığı şagirdlər mütləq ali məktəbə daxil olurdu. Təkcə Əyyublu kəndindən deyil, qonşu rayonlardan, Şəmkir, Qazax, hətta Gəncədən də şagirdlər onun yanına hazırlığa gəlirdilər.
El-oba arasında böyük nüfuz sahibi idi. İnsanların böyük hörmətini qazanmışdı. Onun şagirdləri olimpiadalarında həmişə ilk yerləri tuturdular. Nurəddin müəllim direktor işlədiyi müddətdə bir neçə şagirdi “Qızıl” və “Gümüş” medallarla təltif olunub.
O cümlədən, Nurcamal Məmmədova, Sveta Məmmədova və başqaları "Qızıl medal"a layiq görülmüşlər.
Elə, indinin özündə də Əyyublu kənd cammatı Nurəddin Məmmədovun necə savadlı müəllim, nümunəvi maarif işçisi, bacarıqlı təşkilatçı, təcrübəli məktəb direktoru, kamil insan və dəyərli ziyalı olmasından danışırlar. O, direktor olduğu məktəbdə həyətə daxil olan və ya tənəffüs zamanı dəhlizdə dayanan hər bir şagirdin əlində kitab olarmış. Direktor fəaliyyətində məktəbdə çox ciddi qayda, qanun yaratmışdır. Məktəbdə şagirdlər həm ondan çəkinər, həm də ona dərin hörmət bəsləyirdilər.
Kəndin adlı-sanlı yetirmələrindən olan Əvəz Qoçayev də Nurəddin müəllimin adını daima hörmətlə anır.
Əyyublu kəndi çox savadlı ziyalıları ilə, xüsusilə də müəllim və həkimləri ilə tanınır.
Onların əksəriyyəti məhz Nurəddin Məmmədovun yetirmələridir. Onun şagirdi olmuş Rəna xanım Yusifova "Respublikanın Əməkdar müəllimi" fəxri adına layiq görülüb.
Akif, Asif, İlqar Əlirzayev qardaşları, Nazim və Kazım Əsgərovlar, Aydın və Mehman Məmmədovlar, eləcə də, Qurban Musayev, Seymur Rüstəmov, Elman Mürsəlov və başqaları nəinki Əyyublu kəndinin, eləcə də bütün Tovuz rayonunun tanınmış həkimlərindəndir. Gənc həkimlərdən Elmir Əsgərov Bakı şəhərində uzman-cərrahdır. Cərrah İlqar Namazov Tobçubaşov adına Xəstəxanada şöbə müdiridir.
Nurəddin müəllim həm də gözəl ailə başçısı olmuşdur.
Ömür-gün yoldaşı, rus dili müəllimi Şərqiyyə xanım Məmmədova ilə birlikdə dörd ləyaqətli övlad böyüdüb, boya-başa çatdırmışlar. Övladlarının dördü də ali təhsillidir.
Nurəddin müəllimin ən böyük arzusu sevimli nəvələrini də övladları kimi yüksək təhsilli görmək idi.
Elə də oldu. Arzuları həyata keçdi: İndi nəvələrinin 8-i də ali təhsillidir.
Böyük oğlanları Aslan Məmmədov Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) nəqliyyat fakültəsini bitirmişdi. Keçən il ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin.
Aslanın oğlu Şəmsi “Unibank”da, Məhəmməd isə texniki sahədə çalışır.
Kiçik oğlanları Kəmaləddin Məmmədov isə Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Kəmaləddinin oğlu Emin Məmmədov həkimdir, həm də çox savadlı həkim. Şəmkirdəki Medistar Klinikasının baş həkimidir. Qızı Günel – Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Böyük qızları Nurcamal Məmmədova (Əsgərova) - Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirib. Mingecevirdə Tələbə Poliklinikasının baş həkimidir
Eyni zamanda, Mingəçevir Qadınlar Şurasının sədridir. “Tərəqqi” medalı ilə təltif olunub. Ömür-gün yoldaşı uzun müddət Balıq zavodunda çalışıb. Hazırda təqaüdçüdür.
Oğlanları – “ən böyük nəvə” Hüseyn Əsgərov hüquqşünasdır, Mingəçevir Xalq məhkəməsində hakim işləyir. Qızları Nuranə Əsgərova müəllimdir.
Kiçik qızları Mənsurə Məmmədova atasının yolunu davam etdirir. Azərbaycan Dövlət Pedaqöji İnstitutunun (indiki ADPU-nun) fizika-astranomiya fakültəsini bitirib. Hazırda Əyyublu kənd orta məktəbində müəllim işləyir. Gözəl ailəsi var. Ömür-gün yoldaşı Asif Əlirzayev həkimdir.
Qızları Aygün Əlirzayeva da həkimdir, el arasında savadlı stomatoloq-cərrah kimi tanınır.
Son beşik nəvə olan Ayişə Əlirzayeva isə müəllimdir. O, tez-tez babasının və nənəsinin məzarı üstünə gedir, onların qəbirlərinin üstünə təzə-tər gül-çiçəklər düzür və deyir: Allah Sizə rəhmət etsin, əziz babam və nənəm, qəbriniz nurla dolsun.
Elə biz də Ayişənin sözlərini təkrar edirik: Allah Sizə rəhmət etsin, qəbriniz nurla dolsun...
Ömür vəfa etsəydi gələn il Nurəddin Məmmədovun 90 yaşını qeyd edəcəydik.
Ömür vəfa etsəydi… Amma…
2001-ci ildə o, dünyasını dəyişib. Doğma Əyyublu kəndindəki qəbristanlıqda dəfn olunub.
Allah bir daha Nurəddin müəllimə rəhmət eləsin. Ruhu şad olsun…
Müşfiq BORÇALI,
Məlahət QULİYEVA,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.