ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova“Ağıllı tərbiyə, hünər, nəzakət
Ağıla nur verər, ürəyə qüvvət”.

Nizami Gəncəvi.


Müəllim adının məsuliyyəti böyükdür. Bu adı daşımaq üçün təkcə bu sahədə təhsil almaq kifayət deyil. Gərək bağlanasan bu ada. Aidə müəllimə sevib-seçdiyi peşə ilə fəxr edir. Çalışır ki, müəllim və direktor müavini kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin.
Aidə Natiq qızı Əsədova 1975-ci il oktyabr ayının 5-də indiki Şirvan şəhərində anadan olub. 1982-1992-ci illərdə indiki Şirvan şəhər M.İsrailov adına təbiət, humanitar təmayüllü məktəb-liseydə təhsil alıb. 1992-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinə qəbul olub. 1997-ci ildə ali məktəbdə təhsilini uğurla başa vurub. Həmin ildə də Şirvan Peşə Liseyində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Qısa zaman kəsiyində işgüzarlığı, bacarığı və təşkilatçılıq qabiliyyəti ilə pedaqoji kollektiv üzüvlərinin, şagirdlərin hörmətini qazanıb.


Aidə müəllimə 2001-ci ildən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində pedaqoji fəaliyyətini davam etdirir. 2019-cu ildə Aidə müəlliməyə etimad göstərilmiş o, kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Aidə müəllimənin rəhbərliyi altında kollecdə müxtəlif xarakterli tədbirlər keçirilir. Tələbələr belə tədbirlərdə fəal iştirak edirlər. Aidə Əsədova çalışır ki, tələbələrin asudə vaxtı maraqlı və səmərəli keçsin. Kollecdə intellektual oyun klubu, intellektual gənclər birliyi, tələbə gənclər təşkilatı fəaliyyət göstərir.

Aidə müəllimənin dediyinə görə tələbələr arasında keçirilən bilik yarışları tələbələrin daha çox marağına səbəb olur. Bilik yarışlarının sonunda fərqlənənlər rəğbətləndirilir.
A.Əsədova uzun illər fənn komissiyasının sədri kimi də səmərəli fəaliyyət göstərib. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi kollecin ictimai həyatında fəal iştirak edir. Aidə müəllimə sadə, mehriban və qayğıkeş, səmimiliyi sevən bir pedaqoqdur. Məhz bu xüsusiyyətinə görə tələbələr onu çox sevirlər. Həyatda hər kəs bir peşəyə, sənətə yiyələnməklə, ölkəmizin hərtərəfli inkişafına əməli töhvəsini verməyə çalışır. Aidə müəllimə bu gün iftixar hissi keçirir ki, sevib-seçdiyi və qəlbən bağlandığı peşəsi ilə dövlətimiz üçün müxtəlif ixtisaslı layiqli kadrların yetişməsində müəllim yoldaşları ilə yanaşı o, da iştirak edir. A.Əsədovanın səmərəli pedaqoji fəaliyyəti fəxri-fərman və diplomlarla qiymətləndirilmişdir. Aidə müəllimə həm də mehriban və qayğıkeş anadır. Ata, babasının adını daşıyan İsmayıl adlı bir oğul övladı var.

Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü
“Qızıl qələm” mükafatı laureatı


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: