ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİŞirvan şəhərindəki B.Aslanov adına
16 nömrəli tam orta məktəbin
“Tərəqqi” medallı riyaziyyat müəllimi
Aygün Ələsgər qızı Qənbərova


“Gənc nəslə verilən təlim və təhsil
ana vətənin gələcəyini görmək imkanı verir”

(A.Mirzəcanzadə)


Aygün Ələsgər qızı Qənbərova Şirvan şəhərinin
qabaqcıl riyaziyyat müəllimlərindən biridir.
O, peşəsini ürəkdən sevən, məktəbə, təhsilə
qəlbən bağlanan bir pedaqoqdur.


A.Qənbərova
1967-ci il aprel ayının 18-də Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olub. 1984-cü ildə indiki Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbi gümüş medalla bitirib.
1989-cu ildə isə o, indiki Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini müvəffəqiyyətlə bitirib, avtomatika və telemexanika üzrə mühəndis ixtisasına yiyələnib. Həmin ildə də o, qiyabi yolla aspiranturaya qəbul olub. 1989-cu ildə Əli Bayramlı şəhər Avtomatika və Telemexanika zavodunda mühəndis vəzifəsinə işə qəbul edilib. 1990-cı ildə Əli Bayramlı Sənaye Texnikumunda laborant-müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.
1992-ci ildən isə pedaqoji fəaliyyətini indiki Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdə davam etdirir.
1995-ci ildə o, irəli çəkilərək, B.Aslanov adına 16 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib və 1997-ci ilə kimi həmin vəzifədə işləyib.
Aygün Qənbərova işləyə-işləyə həm də indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika fakültəsinin qiyabi şöbəsində ali pedaqoji təhsil alıb. 1998-ci ildə ali məktəbi əla qiymətlərlə bitirib.
O, eyni zamanda 2009-2012-ci illərdə Şirvan şəhər 1 nömrəli məktəb-liseydə ixtisası üzrə müəllim işləyib.

Aygün Qənbərova hazırda V, VI, XI məktəbdə riyaziyyat, cəbr, həndəsə fənlərini tədris edir. Məktəb üzrə riyaziyyat və informatika fənni üzrə metodbirləşmə sədri olan Aygün müəllimə şəhər Təhsil Şöbəsində riyaziyyat və informatika bölməsinə də rəhbərlik edir.

Aygün müəllimə həm də işlədiyi məktəbin qabaqcıl sinif rəhbərlərindən biridir. Rəhbərlik etdiyi 11 c sinifdə 16 nəfər şagird təhsil alır. 2017-2018-ci dərs ilində rəhbərlik etdiyi təbiət təmayüllü sinfi bitirən 19 məzundan 19-u da müxtəlif ali məktəblərə qəbul olub.
Aygün müəllimə 2018-ci ildə Pedoqoji mühazirələrin respublika yekun mərhələsində fərqlənərək təhsil nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir. Təhsil sahəsində səmərəli pedoqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Aygün müəllimə, 2018-ci ilin oktyabr ayının 5-də “Tərəqqi” medalı ilə təltif edilmişdir. Aygün müəllimənin dərs dediyi şagirdlər olimpiadanın məktəb,şəhər və zona turunda uğurla iştirak edirlər.Onun dediyinə görə müxtəlif vaxtlarda şagirdlərdən 2 nəfəri informatika fənni üzrə şəhər və zona turlarında 1-ci və 2-ci yerlərə çıxmış, 4 nəfər şagirdi isə riyaziyyat fənni üzrə olimpiadanın şəhər turunda qalib adına layiq görülərək Şirvan şəhər Təhsil Şöbəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.
A.Qənbərova tədrisin keyfiyyətini yüksəltmək məqsədilə təkcə dərs məşğələsi ilə kifayətlənmir.,bu sahədə sinifdənxaric tədbirlərin imkanlarından da bacarıqla istifadə edir. Onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilən riyaziyyat gecələrində məktəbin “Gənc riyaziyyatçıları” həvəslə iştirak edir, özlərinin bilik və bacarıqlarını nümayiş etdirirlər. Aygün müəllimənin riyaziyyat vı informatika fənləri üzrə açıq dərsləri də həmişə yüksək səviyyədə keçir. O,tədris prosesində yeni təlim metodundan bacarıqla istifadə edir,tədris etdiyi fənləri şagirdlərinə yüksək səviyyədə mənimsətmək üçün bütün qüvvə və bacarığını sərf edir. 2019-2020-ci dərs ilində onun dərs dediyi 11 a sinfinin şagirdi Səkinə Əlizadə respublika üzrə buraxılış imtahanlarında 3-cü yeri tutmuş, riyaziyyat fənnindən maksimum 100 bal toplamışdır. Digər şagirdi Riyad Əhmədov isə blok imtahanlarında maksimum 150 bal toplamışdır. Ötən dərs ilində məktəbin 6 nəfər şagirdi 600-dən yuxarı , 8 nəfər şagird isə 500-600 arasında bal toplamışdır. 600-dən yuxarı bal toplayanlardan 3 nəfəri, 500-600 arası bal toplayanlardan da 3 nəfəri Aygün müəllimənin dərs dediyi şagirdləridir.
A.Qəmbərova 1977-1982-ci illərdə Əli bayramlı, indiki Şirvan şəhər Uşaq Musiqi Məktəbinin tar şöbəsini fərqlənmə ilə bitirmişdir. 1983-1984-cü illərdə xalçaçılıq kursunu, 2004-2005 ci illərdə isə əlavə olaraq kompyuter kursunu əla qiymətlərlə bitirərək şəhadətnamə və sertifkat almışdır.
Aygün müəllimə yaxşı işi ilə şagird və valideynlərinin hörmətini qazanmışdır. Bunu onun ünvanına deyilən xoş sözlər bir daha təsdiq edir. O, həm də fəal ictimaiyyətçidir. Aygün müəllimənin səmərəli pedaqoji fəaliyyəti məktəb rəhbərliyi və Şirvan şəhər Təhsil Şöbəsi tərəfindən fəxri fərmanlrla qiymətləndirilmişdir. Haqqında dövrü mətbuatda və A.Rzayevin 2009-cu ildə çapdan çıxmış “Müəllim ömrü” kitabında yazı dərc edilmişdir. Azərbaycan Təhsilinin inkişafındakı xidmətlərinə görə A.Qənbərova “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Aygün müəllimənin dediyinə görə keçmiş şagirdlərindən 14 nəfəri şərəfli müəllim peşəsini seçmiş, onlardan 3 nəfəri hazırda sevimli müəllimləri ilə çiyin-çiyinə çalışırlar.

Aygün müəllimənin dediklərindən:
“Bir pedaqoq kimi üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıram. Mənim əsas vətəndaşlıq mövqeyim,milli qürurum,vətənpərvərliyim,prinsipiallığım,xalqıma olan tükənməz məhəbbətim,humanistliyim,xeyirxahlığım mənə əsl mənəvi qida verir. Həyatda nəyə nail olmuşamsa bunun üçün valideynlərimə və müəllimlərimə minnətdaram”.

Yeni Azərbaycan Partiyasının üzvü olan Aygün müəllimə iftixar hissi keçirir ki, ömrünü şərəfli bir işə,gənc nəslin təlim tərbiyəsinə həsr edir. Aygün Qənbərova həm də qayğıkeş anadır. Ömür-gün yoldaşı İsrail Səmədov neftçidir. Oğlu Vüqar 2018-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş, hazırda 2-ci kursda təhsil alır. Dərs əlaçısıdır.

Alik Rzayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: