Tarixdən məlumdur ki, Basqal Azərbaycanın ən qədim, unukal yaşayış məskənlərindən biridir. Bu məkanın hər bir daşının, qayasının üzərində ulularımızın izlərini görmək mümkündür. İsmayıllının lap girəcəyində yerləşən Basqal, qədim dövrlərdən özünün tarixi keçmişinin şöhrəti ilə nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınırdı. Sənətkarlığı, ticarəti, məişəti, adət-ənənələri ilə məşhur olan Basqal şəhərtipli kənd(qəsəbə) idi. Bir zamanlar ticarət məskəni olmuş, hal-hazırda isə istifadə olunmayan bazar meydanı adlandırılan sahədə sadaladıqlarımızın güclü inkişafı mövcud idi. Bu ticarət meydanına nəinki basqallılar, hətta qonşu kəndlərdən də alış-veriş və ticarət etmək üçün insanlar gəlirdilər. O da məlumdur ki, Azərbaycan kəndlərində ilk kanalizasiya sistemi də məhz Basqalın tarixinə yazılmışdır. Neçənci ildə və kim tərəfindən çəkildiyi məlum olmasa da, bu sistemin əsrlərdən üzü bəri heç bir problem yaşamadan işlədiyi məlumdur. Basqal əhalisi hər zaman öz tarixi abidələrini qoruyub saxlamağa çalışıbdır. Lakin, təbiətin amansız şıltaqlığı bu abidələrin zaman-zaman korroziyaya uğrayaraq, uçulub-dağılmasına səbəb olmuşdur.
Cənab Prezidentin məlum sərəncamından sonra layihənin gerçəkləşməsi Basqal əhalisinə sevinc gətirmişdir. Bu münasibətlə 06.05.2019-cu ildə İsmayıllı İcra Hakimiyyətinin göstərişi ilə İsmayıllı Mədəniyyət Mərkəzində layihənin təqdimatınına həsr edilmiş böyük bir tədbir keçirildi. Tədbirə Bakıdan deputat və ziyalılarla yanaşı, İsmayıllıdan və qonşu kəndlərdən də qonaqlar dəvət olunmuşdur. Əksəriyyəti basqallılar olsa da, dəvət olunmuş qonaqların hər biri üçün bu tədbirin keçirilməsi maraqlı idi.
Cənab Prezidentin ayırdığı böyük məbləğdə vəsait, Basqalda abidələrin təmir-bərpa işləri və böyük bir Turizm Mərkəzinin yaradılması üçün nəzərdə tutulmuşdur. Görüləcək bütün bu işlər, Azərbaycan Dövlət Turizm Agentliyinin İsmayıllı Rayon İcra hakimiyyəti ilə birgə həyata keçirəcəkləri layihə əsasında görüləcəkdir.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açdı. O, yaradılacaq Turizm Mərkəzinin böyük bir sahəni əhatə edəcəyini və bu mərkəzdə həm Basqal əhalisi, həm də turistlər üçün hər cür şəraitin yaradılacağını
qeyd etdi.
M.Sadıqov ilk olaraq tədbir iştirakçılarının nəzərinə,
8 noyabr 2019-cu ildə imzalanan sərəncam əsasında 432 şagirdin təhsil ala biləcəyi yeni məktəb binasının inşasına bir milyon manat ayrıldığını və sonradan bu məbləğin artırılacağını çatdırdı və artıq məktəb binasının inşasına başlandığını, mümkün qədər avqust ayına kimi başa çatdırılacağını qeyd etdi. Köhnə məktəb binasının isə sökülməyəcəyini, ya peşə məktəbi üçün, ya da başqa bir iş üçün istifadə ediləcəyini söylədi. M.Sadıqov onu da qeyd etdi ki, turizmin inkişafı ilə bağlı, Basqala yaxın on kənd də bu layihədə yer almışdır. Həmin kəndlərə yolların çəkilişi bu məktəbə qonşu kəndlərdən də şagirdlərin gəlməsinə şərait yaradacaqdır.
Cənab başçı, daha sonra öz çıxıçında qeyd etdi ki, böyük bir ərazini əhatə edəcək bu Turizm Mərkəzində yaradılacaq-iaşə obyektlərinin, turistləri qəbul edə biləcək yüksək səviyyəli qonaq evinin, Basqalın qədim xalq sənətkarlığının özünə qaytarılması-kələğayı toxuculuğunun bərpa edilməsi üçün sexin fəaliyyət göstərəcəyinin, tibb məntəqəsinin və s. obyektlərin açılışının, bunlarla bərabər yeni iş yerlərinin açılmasının, əhalinin məşğulluğunun təmin edilməsi deməkdir. Bu konsepsiya-layihədə qədim abidələrin bərpası, bazar meydanın genişlənməsi, uçulub dağılmaqda olan evlərin, balkonların, hasarların, daş döşənmiş küçələrin korlanmış hissələrinin düzəldilməsi, məscidin təmir edilməsi, bulaqların, kürəbəndin bərpası və yenilənməsi ilk görülən işlərdən olacaqdır. Bərpa işləri beş mərhələdə aparılacaqdır. Belə ki, birinci mərhələdə məhz Basqalın qədim hissəsinin, tarixi abidələrinin bərpası nəzərdə tutlmuşdur.
Bütün bu qeyd olunanlar söz yox ki, Basqalın görkəminə yeni bir gözəllik gətirəcəkdir.
Daha sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək, qeyd etdi ki, möhtəşəm turizm mərkəzinin layihəsində cənab prezident İlham Əliyevin tarixi keşmişimizə, bu günümüzə, milli-mənəvi, maddi, qeyri-maddi irsimizə verdiyi qiymət əsas götürülərək, göstəriş və tapşırıqları mütləq nəzərə alınmışdır.
Bu layihənin 3-4 il müddətində başa çatdırılacağını, yəni, belə layihələrin təkcə Basqalda deyil, ölkəmizin bir çox bölgələrində həyata keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Fuad Nağıyev onu da qeyd etdi ki, layihədə əhalinin gəlirlərinin artması, yeni iş yerlərinin açılması əsas məqsəd kimi götürülmüşdür.
Azərbaycan Dövlət Turizm Agentliyinin hazırladığı video çarx, tədbir iştirakçılarına təqdim olundu.
Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin direktoru Azadə xanım Hüseynova video çarxda tədbir iştirakçılarına layihədə qeyd olunan layihənin, yeni yaradılacaq infrastrukturun bütün istiqamətlərini monitorda nümayiş etdirməklə, praktiki təhlilini və görüləcək işlərin indiki və bərpadan sonrakı vəziyyəti haqqında çox geniş, aydın məlumat verdi.
Qonaqlardan əslən Basqaldan olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruz Aslanov da öz çıxışında, göstərilən bu qayğı və dəyərə görə,
ölkə başçısı cənab İlham Əliyevə öz adından, eləcə də basqallılar adından minnətdarlığını bildirdi. O, bir basqallı kimi bu layihənin həyata keçirilməsindən nə qədər qürur duyduğunu və əlimdən gələn köməyi əsirgəməyəcəyini söylədi.
Daha sonra çıxış edənlərdən, Basqal inzibati ərazi üzrə icra nümayəndəsi Novruz Əsədov, kənd ağsaqqallarından Əbdüləhəd Tağıyev və jurnalist Nadir Şəfiyev də bu möhtəşəm layihəyə öz münasibətlərini bildirərək, Basqalda görüləcək işlərin gələcək üçün çox dəyərli olduğunu bildirdilər.
Cənab Prezident İ.Əliyevin imzaladığı bu sərəncam həqiqətən də vaxtında verilmiş bir sərəncamdır. İsmayıllının tarixi siması olan Lahıc və Basqala dövlət tərəfindən göstərilən xüsusi qayğı, milli-mənəvi, qeyri maddi-mənəvi irsə, xalqımızın keçmişinə, zəngin etnoqrafiyasına, şəhərsalma mədəniyyətinə, eyni zamanda da gələcəyimizə verilən ən yüksək qiymətdir. İcra başçısının dediyi kimi bu layihənin həyata keçirilmısi Basqala beynəlxalq status gətirəcəkdir.
Ölkə prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın tarixi keçmişimizə, milli-mənəvi, maddi və qeyri-maddi irsimizə, etnoqrafiya və şəhərsalma mədəniyyətinə son dərəcə diqqət və qayğı göstərməsi, həssaslıqla yanaşması həqiqətən də təqdirəlayıqdir. Bu gün biz bunun bir daha bariz nümunəsini Basqalda həyata keçiriləcək yenidənqurma işlərində görə bilirik.
Çıxış edənlər göstərilən bu dəyər və qayğı üçün cənab prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya bütün tədbir iştirakçıları adından təşəkkür ünvanladılar. Azərbaycan Dövlət Turizim Agentliyinin nümayəndələri təqdimat mərasimindən sonra görülən işlərə baxmaq üçün Basqala getdilər.
Biz də ümid edirik ki, növbəti görüşümüz Basqalda, yeni yaradılacaq Turizim Mərkəzində olacaqdır.
Və bu işdə əməyi olan hər kəsə, eləcə də bütün basqallılara uğurlar diləyirik.
PƏRİXANIM MİKAYILQIZI,
“Elm və Təhsil” qəzetinin
Baş redaktoru
turan.info.az
.