AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova turan.info.az-a bildirib ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə
Kürdəmir rayon
MKS-nin müdir əvəzi
İradə Mahmudova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.
Sonra Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Xatirə Soltanova çıxış edərək Sərəncamın əhəmiyyətini vurğulayıb, sənədə əsasən ölkəmizin hər yerində böyük şairə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib.
Şairin yaradıcılığına dair məruzə edən X.Soltanova qeyd edib ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıb. O, ölməz və həmişəcavan Müşfiqin daim ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz sənət incilərinin yaddaşlara əbədi həkk olunduğunu söyləyib.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə poeziya həvəskarları şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri M.Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa ediblər.
Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı
turan.info.az
.