İstedadlı şagird

İstedadlı şagird İstedadlı şagirdləri görəndə çox sevinirəm. Çünki onlar bu günümüz və parlaq sabahımızdırlar. Vətən övladları əla və yaxşı oxuduqca, həyatı yaxşı dərk etdikcə qürur hissi keçirirəm. Onlarla fəxr edirəm, afərin sizlərə deyirəm. Vətənin gələcək qurucularına yolunuz açıq olsun, mənim balalarım, söyləyirəm. Belə şagirdlərdən biri də Fərəh İsgəndərovadır.

Fərəh Hikmət qızı İsgəndərova - 2006-cı il fevralın 10-da Bərdə şəhərində anadan olub. S.C.Pişəvəri adına Bakı Humanitar Fənlər Gimnaziyasının 6 a sinfində oxuyur. Dərslərindən əla və yaxşı qiymətlər alır. Olduqca istedadlı bir şagirddir.
-Hansı fənni daha çox sevirsən?
-Şübhəsiz coğrafiyanı çox sevirəm. Maraqlı fəndir. Respublikamızın coğrafiyasını öyrədir. Coğrafiya fənnini Cavid müəllim tədris edir, çox savadlı müəllimdir, hər ikimiz dolça bürcündənik.
-Sinifinizdə neçə şagird var?
-Sinifimizdə 21 şagird oxuyur. Sinifimizin gözü Eltac və mənəm.
-Kim olmaq istəyirsən?
-Qalmışam üç yol ayrıcında, rəssam, pianist, coğrafiya müəllimi.
-Fərəh qızım, bir əldə üç qarpız tutmaq istəyirsən?
-Axı, neyləyim rəssamlığı da çox sevirəm, gənc rəssamam. Təbiət mənzərələrini çəkirəm, potret çəkirəm, natürmot çəkməyi çox sevirəm 2013-2014-cü illərdə Bakı Rəsm Qaleriyasında fərdi sərgim keçirilib, 2 sertifikat və diploma layiq görülmüşəm. Piano kurslarına getmişəm və hal-hazırda da gedirəm. Fikrət Əmirovun əsərlərini ifa etməyi sevirəm, etüdlər çalıram. Coğrafiya fənnini də çox sevirəm.
-İndi de görüm atanı çox sevirsən, yoxsa ananı?
-Hər ikisini çox sevirəm, onlar mənim hər şeyimdirlər. Onlarla nəfəs alıram. Allah onları başımın üstündən əskik etməsin. Onlar mənim həyatımın mənasıdırlar.
-Deyirsən Bərdə də doğulmuşam, de görüm Bərdənin ən məşhur insanı kimdir?
-Şübhəsiz Hökmdar Nüşabə və bir də mənim sevimli nənəm Nailə xanım (gülür, Nailə xanım ana nənəsidir).
-Bəs ədəbiyyatı necə sevirsənmi?
-Əlbəttə, ədəbiyyatı da sevirəm, xüsusən Əhməd Cavadı (Milli himnimizin sözlərini o yazıb), Mirvarid Dilbazini, Kamal Turanı sevə-sevə mütaliə edirəm.
-Respublikamızın hansı şəhər və rayonlarında olmusan?
-Bakını, Bərdəni, Gəncəni, Xaçmazı gəzmişəm, bütün Azərbaycanı gəzmək istərdim. Bakıda Qız qalasını, mavi gözlü Xəzəri, bulvarı, H.Əliyev Mərkəzini seyr etməkdən doymuram. Alov binaları da Bakımıza xüsusi bir gözəllik verir. Şəhərimiz günü-gündən gözəlləşir.
-Valideynlərin haqqında nə deyə bilərsən?
-Atam Hikmət özəl inşaat sahəsində çalışır, anam Zülfiyyə kiçik tibb bacısı işləyir.
-Fərəh qızım, sevimli müəllimlərinin bir neçəsinin adını çəkə bilərsənmi?
-Əlbəttə çəkə bilərəm. Tarix müəllimi Vüqar Qasımovun, coğrafiya müəllimi Cavid müəllimin və fizika müəlliməsi Səidə müəllimənin adlarını xüsusi ilə çəkə bilərəm. Onların hər üçündən çox razıyam. Öz bilik və bacarıqlarını biz şagirdlərdən əsirgəmirlər. Bizim savadlı və bilikli yetişməyimiz üçün əllərindən gələni edirlər. Bu cür müəllimlərim olduğu üçün özümü xoşbəxt sayıram və çalışıram ki, hər üç müəllimin etimadını doğruldum. Vətənimə, Millətimə layiqli vətəndaş olum, müəllimlərim də mənimlə fəxr etsinlər, qürur duysunlar.

Arzularına gün doğsun Fərəh qızım, gün o gün olsun ki, sənin adın, səsin daha uca zirvələrdən gəlsin.
Valideynlərinə, Vətənə və Xalqına layiqli övlad olasan. Hamı baxıb bu Fərəh Hikmət qızı İsgəndərovadır desinlər. Amin...

İlyas Əfəndi VƏFALI,
"Şərqin səsi" qəzeti,
07 mart, 2018-ci il, N: 35 (335), səh. 14


turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: