Əslən 1952-ci ilin aprel ayında departasiya olunmuş Zəngibasar mahalının Masis rayonunun
Böyük Şöllü kəndindəndir.
1972-1976-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun
(indiki Gəncə Dövlət Universitetinin)
Dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır.
1977-ci ildən ömrünün sоnuna qədər yaşadığı Kətəlparaq kəndində ədəbiyyat müəllimi işləyib.
Səyyad Vəliоğlu istеdadlı şair оlsa da əsərlərindən yalnız 33 şеiri əldə оlunmuşdur.
Halbuki оnun pоеmaları, qоşmaları, təcnisləri, gəraylıları və digər şеirləri оlmuşdur.
Səyyad Vəliоğlu 1994-cü ildə Şamaxı şəhərində müəmmalı şəkildə vəfat еtmiş və Bərdə rayоnunun Kətəlparaq kəndində dəfn оlunmuşdur.
2009-cu ildə Səyyad Vəliоğlunun "Məni divanə bil" adlı ilk şeirlər kitabı çap olunub
(Bakı, "Vеktоr nəşrlər еvi", 2009, 36 səh., 200 nüs.).
Bu günlərdə həmkarımız Sədaqət ŞAHBAZOVA (PAŞAYEVA) mərhum qardaşı Şahin Bərdəlinin
"Atəşlə doludur küllərim mənim" adlı ilk şeirlər kitabını nəşrə hazırlayarkən,
əlyazmalar arasından tapdığı - vaxtilə Bərdənin Kətəlparaq kəndində yaşamış
Səyyad Vəlioğlunun 1972-ci ildə öz xətti ilə "Xatirə dəftəri"nə yazdığı
“Qardaşım Şahinə ithaf edirəm” - epiqraflı üç şeirini
ilk dəfə olaraq dərc etmək üçün redaksiyamıza təqdim etmişdir.
Biz də Səyyad Vəlioğluna və Şahin Bərdəliyə Allahdan rəhmət diləyir,
Sədaqət xanıma bütün oxucular adından təşəkkür edir və aşağıda
həmin şeirləri turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.
Müşfiq BORÇALI,
turan.info.az
SƏN
Eşit, sözlərimi bir yaxşı dinlə,
Dostu qarşılama qəzəblə, kinlə,
Əzəldən qardaşam mən, düzü, sənlə,
Bir bülbül nəğməli söz kitabımsan.
Düzə əyri deyib, əyriyə də düz,
Günəşə ay deyib, gecəyə gündüz,
Vəfasız nigara gəl sən vermə söz,
Qaytarma dostuna pis cavabı sən.
Zülmət qaranlığa işıq ol, yaşa,
Aldanma gözəldə olan göz-qaşa,
Eşqin şüşəsini vurma sən daşa,
Düşün nəticəni, haqq-hesabı sən
“Sevirəm” sözünü de için-için,
Doğrult qəzəbini düşmənlərinçün.
Vəfasız, daşürək, zalım yar üçün
Çəkmə bu əzabı, iztirabı sən.
ŞAHİNİM
Sənətkar hünərli, şair hünərli,
El üçün şam kimi yanan Şahinim.
Sən sənət yolunda axtarmamısan
Nə şöhrət, nə mənsəb, nə şan Şahinim!
Qələmin qılıncdan itidir, iti,
Ürəkdən sevmisən şeiri, sənəti.
İnsana məhəbbət, dosta hörməti
Bayraq tək yüksəkdə tutan Şahinim!
Gözünə baxıram, gözün yol çəkir,
Üzünə baxıram, qəm-qüssə, fikir,
Qəlbində dolaşır min duyğu, min sirr,
Səyyadı qardaşı sanan Şahinim!
ŞAHİNİM
Sirli xəznələrə açar olmusan,
Sevdalı dərdlərə düçar olmusan,
Könüllərə işıq saçar olmusan,
Kədərli, ələmli gəzən Şahinim!
Unut, bu kədəri, ahı-zarı sən,
Amandır, az dinlə nazlı yarı sən,
Gözəl bir nigarın vəfadarısan,
Sözləri nizama düzən Şahinim!
Səyyad çox düşübdür dərdə, ələmə,
O da vurulubdur nazlı sənəmə,
Belədir vəziyyət, qardaş, qəm yemə...
Yox olsun gözündən o çən Şahinim!
turan.info.az
.