Yedəyi itli xanım hakim imiş...

Yedəyi itli xanım hakim imiş... Səxavət TAĞLAR,
Əməkdar müəllim, yazıçı-publisist


===========

(Xatirə-hekayə Əməkdar müəllim,
yazıçı-publisist Səxavət Tağların Xankəndi şəhərində
tələbəlik illərinin yaddaş çözüntüləri silsiləsindəndir.)


... Bayramov Cəmil Baxış oğlu. Tələbəlik illərinin acılı-şirinli xatirələrinin mərkəzində dayanan bir insan!
O insan ki, rus və erməni dillərini bilməsinə görə institutda hörmət-izzət sahibi idi.
Açığını desək, biz Cəmilin bu qabiliyyəti ilə fəxr edirdik.
Çox məsələlərin həllində, bəzi müşkül işlərdə onun bu istedadı köməyimizə gəlirdi.
Bu dəfə isə əksinə oldu...


Nəzərinizə çatdırım ki, Cəmil Bayramov Xocavənd (Hadrut) rayonunun Tuğ kəndində, bəli, o məşhur Tuğ kəndində dünyaya göz açmış və o kənddə böyümüşdü. Yəqin ki, indi bildiniz onun bu qabiliyyəti hardan idi.
Şıltaq tələbəlik həyatının adi günlərindən biri idi. Tələbə yataqxanasında nəzarətçi işləyən Jannanın mənzilində qonaqlıqdan sonra dördüncü mərtəbinin balkonunda tələbə yoldaşlarım İlhamla İsmayıl nərdtaxta oynayırdı. Balkondan şəhərin yaz mənzərəsini seyr edirdik. Bu küçədə həmişə yedəyində it olan, zəhmli və qaraqabaq bir qızın növbəti gəzintisi qeyri-ixtiyari hamımızın diqqətini çəkdi. Dördüncü mərtəbədən uşaqlar “Con-con”, “Vaska-vaska” deyə replika atdılar. Tələbəlik həyatımızın bir gününü bizimlə olan ev sahibinin oğlu, X sinif şagirdi Slavikin hərəkətləri isə öz macərasını aşdı. Onun dördüncü mərtəbədən atdığı kartof zəhimli və qaraqabaq o qızın yedəyindəki itin kəlləsinə elə dəydi ki, avtobus dayanacağındakı insanların hamsının diqqəti itin səsindən qıza yönəldi. Qız başını qaldırıb çox ciddi və əsbi halda bizə baxdı, başını bulayıb heç nə demədən getdi... Axşamçağı düşüncələrim məni rahat buraxmadı: “Hər gün rastlaşdığımız bir qadına, bir insana qarşı bu nə hərəkət idi”, “Qarşılaşanda o bizi tanısa...”. Və bir də fəhmlə hiss edirdim ki, bu qadın, bu qız adi bir insan deyil...
Tələbəlik həyatının o qədər belə qeyri-adı günləri olub ki...
...Bir gün də dostum Cəmil bizə--kirayə qaldığımız evə gəlmişdi. Mən bazar başında yaxın qohumum Vahid Tağıyevlə erməni alimi Davidyan Karonun evində qalırdım. O,mənə dedi ki, buralarda Ermənistan siqaretləri satırlar. Salyut, arinberk, ararat və s. Nə qədər xoşagəlməz və təəccüblü olsada o vaxtlar 30 qəpiyə olan bu siqaretlər “Qara bazar” da 1 manata tüğyan edirdi. Biz axşamdan xeyli keçəndən sonra siqaret satılan yerə getdik. Evə girib, orta yaşlı bir qadından 10 ədəd “Salyut” siqareti alıb çıxdıq. Deyir sən saydıgını say, gör fələk nə sayır. Sən demə, elə bu axşam siqaret satılan bu ev polisin nəzarətində imiş.
Gecə saat 800 olardı. QAZ-69 markalı maşından 4 nəfər düşüb bizi saxladı. İkisi polis formasında idi. Özlərini təqdim etdilər. Əlimizdəki bağlamanın nə olduğunu soruşdular. Biz siqaret olduğunu danmadıq. Sən demə... Bizi siqaret aldığımız evə gətirdilər. İştirakımızla evdə axtarış aparıldı. Evdən çıxan onlarca qutu siqaretləri maşına yükləyib şöbəyə yollandıq. Yolda öyrəndik ki, əməliyyata DQMV DİŞ-nin SƏDM bölməsinin inspektoru, polis kapıtanı Akopiyan rəhbərlik edir. O,bizi də məsuliyyətə cəlb edəcəyi barədə hədə-qorxu gəlirdi. Şöbəyə çatanda saat 1030 olardı. İş otağında bizdən izahat aldı. Sonra bizi növbətçiyə “təhvil verib” getdi. Biz ac-susuz növbətçinin yanında oturduq. O, tez-tez telefon zənglərinə cavab verir, aldığı məlumatları kitaba yazırdı. Ara səngiyən kimi:
--İcazə verərsiniz bir yerə zəng edim? – deyə, soruşdum.
O cavabında:
--Darıxmayın, bu dəqiqə sizi buraxıram-- dedi. Sonra əlavə etdi:
--Rəis gedəndə tapşırıq verib ki, 1200 da tələbələri buraxarsınız. Mən isə elə indi sizi azad edirəm.
Biz evə gəldik. Oyuna düşdüyümüzü hiss etdik. Bir həftə kecmişdi ki, rektorun katibəsi mühazirə otağından hər ikimizi rektorun yanına çağırdı. Bu otaqda mən çox “məzəmmət” olunmuşdum. Çox “dərs” almışdım. Ancaq öz qürurumu, öz vüqarımı hər şeydən üstün tutmuşdum. Rektor Sokrat Xalatıryan məni ğörən kimi əlindəki kağızı yelliyə-yelliyə “Hə bu da sənin axırıncı oyunun, indi sözün nədir?! Polis bu boyda məktub yazıb. Möhtəkirlik, alver...” . Hər şeyi olduğu kimi danışdıq. O, heç nəyə inanmadı “Gedin valideynləriniz gələr danışarıq” dedi.
... Hələ bu harası imiş. Bir gün siqaret aldığımız qadın küçədə bizi görüb “ Başınıza dönüm, bir təhər zaminə çıxmışam, heç olmasa məhkəmədə üzümə durmayın” - deyə, yalvarmağa başladı.
Cəmillə sözləşdik ki, ev axtarışındakı izahatımızı məhkəmədə danaq. Qadının üzünə dürmayaq. Bu münvalla bir gün məhkəmədən bizə çağrış gəldi. Bir-birimizi bərkitdik ki, eyni söz deyək. Məhkəmə başladı. Biz zalın arxasındakı otaqda gözləyirdik. Birdən polisin səsi gəldi:
--Cəmil Bayramov kimdir? Keçsin zala.
Cəmil zala keçdi. Qapı açılanda zala baxdım, hakim kim olsa yaxşıdır? Yedəyində iti olan zəhmli, ciddi görkəmli, uşaqların sataşdığı o qız.
Öz-özümə təsirləndim: “Görəsən bizi tanıyacaqmı?!” Birdən yadıma düşdü ki, axı, Cəmillə sözləşmişik ki, eyni ifadə verək. Ona görə zalın qapısına yaxınlaşdım və qulağımı qapıya söykədim. Cəmil hadisəni danışırdı. Hakimin və prokurorun suallarına cavab verirdi. Hamsı da erməni dilində.
Mən heç nə başa düşmədim.
Elə buna və ciddi görkəmli, gündəlik rastlaşdığım, qaraqabaq, yedəyi itli hakimin gözünə görünməmək üçün izahat verməmiş məhkəmədən yayındım...



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: