Telefonla görüşürdülər. Yalnız telefonla...
Telefon idi onların gizli məhəbbətinin şahidi.
Göz-gözə dayanmasalar da, əllər-əllərə toxunulmasa da, bir vururdu, bir çırpınırdı ürəkləri.
Bu gizli sevinci onlara bəxş edən telefona minnətdar idilər.
Telefona!
-Ah sənsən! Nə yaxşı ki, zəng elədin.
Hər gün zəng elə, gözləyəcəyəm
- deyirdi oğlan.
Vaxtın necə keçdiyini bilməyirdi onlar.
- Di salamat qal. Özünə fikir ver. Gözləyəcəyəm zəngini
Bir gün dözə bilmədilər. Görüşdülər. Bir-birinə uzandı əllər
Çırpındı ürəklər. Qovuşdu istəklilər. Susdu danışan dillər.
-Mənə bir qəzəl oxu. Nizamidən oxu: - dedi qız.
-Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi.
Qıza elə gəldi ki, telefondakı səs deyil bu səs. Ürəkdən gəlmir bu səs.
Səsindəki soyuqluq yaman üşütdü onu. Hər dəfə ayrılanda “Zəng elə” deyən dillər susdu, danışmadı.
Bir gün keçdi. Üç gün keçdi. Qız ürəyi dözmədi. Yaxın dost bildiyi telefona dərdini söylədi.
- Niyə zəng eləmir görən?
-Bəlkə..., bəlkə, mən?
Nə vaxt yığdı nömrəni? Özü də hiss etmədən.
-Bəli...
Ah!bu səsə necə də həsrətəm?!
Düşündü qız.
-Sizsiz?... Bilmirsiniz, vaxtım yoxdur. Daha mənə zəng eyləmə, zəng eyləmə.
Qulağını yandırdı dəstəkdən gələn bu səs...
Axı bu səs idi onun ümidi
Bu səs idi onun pənahı
Həsrətlə baxdı telefona
Nifrətlə baxdı telefona
Telefonun nə günahı?...
Tükəzban Vəli qızı Cahangirova,
LDU müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru
.