Sentyabrın 27-dən etibarən Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatları dünya gündəmindədir. İyul ayından başlayan bu təxribatın Ermənistan - Azərbaycan sərhədi boyunca baş tutduğu, hazırki hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində baş verdiyi hamıya məlumdur. Mülki əhalinin məskunlaşdığı ərazilərin bombalanması nəticəsində dinc sakinlərin, azyaşlı uşaqların, hərbçilərin qətlə yetirildiyi, xeyli sayda yaralılarımızın olduğu bildirilir. Azərbaycanın hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan ərazilərin düşmən əsarətindən azad edildiyi barədə xəbərlərin gəlməsi bizi bir millət olaraq çox sevindirir.
Ermənistanın başladığı silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdə biri işğal olunub, təxminən hər səkkiz adamdan biri qaçqın və ya məcburi köçkünə çevrilib. Bu münaqişə zamanı ən ağır beynəlxalq cinayətlər törədilib. Ermənistan Azərbaycanın ərazisini işğal etmiş, həmçinin siyasi, hərbi, iqtisadi dəstək sayəsində ölkəmizə hərbi güc tətbiq etmişdir. Beynəlxalq səviyyədə qəbul olunub ki, Azərbaycanın əraziləri işğal altındadır, müvafiq beynəlxalq hüquq normalarına əsasən Ermənistan işğalçı dövlətdir. Son bir neçə ay ərzində Ermənistan tərəfindən çoxlu insan tələfatı ilə nəticələnən atəşkəsin ardıcıl pozulmasının və onun nəticələrinin məsuliyyəti atəşkəs rejiminin qorunub saxlanılması barədə ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmüş Ermənistan Respublikasının üzərinə düşür.
Üç onillik tarixi olan Qarabağ münaqişəsi, nəhayət, dünyanın diqqət mərkəzinə gəlib. BMT, NATO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası vəziyyətdən narahatlıq ifadə edərək təcili tədbirlər haqqında müzakirələrə başlayıb, münaqişə tərəflərinə atəşkəs çağırışları edilir. Bu, Azərbaycanın xeyrinədir, çünki ölkənin təxminən beşdə biri – BMT tərəfindən tanınmış əraziləri işğal olunub, Ermənistan bütün diplomatik, siyasi cəhdlərə, beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, indiyədək işğaldan əl çəkməyib. Hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin Azərbaycan torpağı kimi qəbul etdiyi
ərazilərdə gedir və buna Azərbaycanın tam haqqı çatır. Keçirilən hərbi əməliyyat BMT Nizamnaməsinə uyğundur.
BMT-nin Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini, Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etmişdir. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsi və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyi hamıya məlumdur. Ermənistan prezidenti Nikol Paşinyanın həyat yoldaşı Ana Hakopyanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərilməsi, azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirməsi bütün bunlar onu göstərir ki, Ermənistan hər zaman sülhü rədd etmiş, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdur.
İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Lakin dünya birliyi Ermənistanı işğalçı dövlət qismində qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən çıxmayıb.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu dəfələrlə qeyd etmişdir.
Biz Ali Baş Komandanına, ordusuna, əzminə, gücünə, vətən sevgisinə, Qarabağ eşqinə güvənən, qəlbi qalibiyyət yanğısıyla çırpınan əzəmətli millətik. Bu millətə də qələbə yaraşır. İnanırıq ki, cəbhədən hələ daha çox sevindirici xəbərlər alacağıq. Üzümüzə gələn ilk bayramı əlimizdə Azərbaycan bayraqları ilə Qarabağda qeyd edəcəyik.
Ölkə başçımızın dediyi kimi, “Qarabağ Azərbaycanındır! Nöqtə yox, nida işarəsi!”
Pərvin Abdullayeva
Azərbaycan Texniki Universitetinin
“Azərbaycan dili və pedaqqogika”
kafedrasının müəllimi
turan.info.az
.